KÖHNƏLMƏYƏN
DƏRSLƏR
Sanki yol başlamamış bitmişdi. Paytaxta böyük ümidlərlə,
ali təhsil almaq, yüksəliş
arzuları ilə gəlmiş gənc yenidən geri
qayıtmışdı.
1941-ci il başlanırdı və gənc Heydər
Əliyevçün zahirən hər şey tamamlanan kimi idi.
Doğrudur, işsiz qalmayacaqdı, ən azı əlində
Pedaqoji texnikumun attestatı vardı, aşağısı,
ibtidai siniflərdə dərs deməyə başlaya bilərdi.
1941-ci
ilin əvvəlləri idi, bu təzə il
ağappaq vərəq kimi idi. Dünya narahat
olsa da, bizlərdə nisbi sakitlik idi. Kimsəyə
bəlli deyildi ki, zaman hansı çalxantılara,
dünyanı dəyişəcək necə köklü hadisələrə
hamilədir.
Tarixdə
izi qalan böyük şəxsiyyətlərin ömür
yolunu seyr edəndə buna da şahid olursan ki, hansısa təsadüflər
lap əvvəldəcə onların səmtini dəyişə,
qismətlərini başqa yana
çöndərə bilərmiş və gəlişləri
ilə tarixə təsir etməli (və etmiş) olan
insanların ümumi axında əriyib-itməsi də
mümkünmüş.
Ancaq o
cür məşhur ömürləri izlədikcə alın
yazısı deyə biləcəyimiz bu mübhəm
qanunauyğunluğu da müşahidə edirsən ki, Tarix bir
Mələk sayaq elə bil seçdiyi, böyük məqsədlərə
hazırladığı bu insanları həm də qoruyur,
maneələrdən adladır, daha yüksək üfüqlərə
dikəlməyə yardımçıya çevrilir.
18
yaşlı Heydər Əliyevin də ali
təhsilini yarımçıq qoyaraq Naxçıvana
qayıtması, indi illərin hündürlüyündən
baxarkən görürük ki, sən demə, ona qanad verəcək
əsas uçuş meydanına, təkan nöqtəsinə
dönüşüymüş.
1941-ci ildə onu Naxçıvan Xalq Daxili İşlər
Komissarlığında işə götürürlər.
Az sonra
dəhşətli müharibə qopacaq. Ancaq atəşlərin
gurladığı döyüş meydanlarından savayı,
hələ dramatik səhnələri üzdən baxanda
görünməyən gizli bir savaş da başlanacaq. Və gənc Heydər Əliyev həmin gizli cəbhənin
əsgərinə çevriləcək.
1930-cu illərin sonlarından İran, xüsusən də
Güney Azərbaycan Sovet İttifaqının diqqət mərkəzində
idi. İranda
başlanan güclü Həmkarlar İttifaqı hərəkatında
azərbaycanlılar öndə idilər və səbəbsiz
deyil ki, 1945-ci ilin 21 Azərində - 12 dekabrda Təbrizdə
elan edilən Milli Hökumətdə aparıcı simalardan
birinə dönəcək, maarif naziri vəzifəsini
daşıyacaq Məhəmməd Biriya həmin
qovuşdurucu, səfərbəredici, yönəldici
qasırğa siqlətli cərəyanın liderləri
sırasında idi.
1941-ci ilin avqustunda sovet hərbi qüvvələrinin İrana
girməsi ilə dünənəcən pərdə
arxasında qalan mənzərə daha aydın görünməyə
başladı.
Təbii ki, o dövrdə Xalq Daxili İşlər
Komissarlığının öhdəsinə də bu istiqamətdə
mühüm vəzifələr düşürdü və
sıraları uyğun kadrlarla zənginləşdirmək də
vacib idi. Əlbəttə ki, həm də İranın
"iki addımlığındakı" Naxçıvanda.
Gənc Heydər Əliyev Naxçıvan Xalq
Daxili İşlər Komissarlığının Arxiv
şöbəsində işə başlamışdısa
da, çalışdığı bölməyə uyğun
müvafiq işləri görürdüsə də, əslində
bu, hazırlıq mərhələsi idi.
1941-ci ilin 20 avqustunda ayrıca qurumlar kimi fəaliyyət
göstərən Xalq Daxili İşlər
Komissarlığı ilə Xalq Dövlət Təhlükəsizliyi
Komissarlığı birləşdirilərək vahid nazirliyə
- XDİK-ya çevrilmişdi. Bir müddət sonra bu qurumlar
işinin xüsusiyyətləri nəzərə alınaraq
yenidən ayrılacaq, amma sözün canı budur ki, Heydər
Əliyev elə əvvəldən məhz iş həyatının
vacib mərhələsi olan təhlükəsizlik şəbəkəsində
çalışmağa başlamışdı.
Ona görə də adlar təzədən dəyişiləndə
ona 1944-cü ilin 27 yanvarında Dövlət Təhlükəsizliyi
Xalq Komissarlığında işləmək
üçün ərizə yazmaq təklif edilir.
Və qısa müddət sonra, artıq mayda leytenant
rütbəsi verilirsə, demək, onun bu sıralarda daha əvvəlki
xidməti də nəzərə alınır.
Heydər Əliyev həmişə çevrəsindəkilərdən
bir boy uca idi və onu görməmək mümkün deyildi. Onu
bütün Azərbaycanın tanıdığı
çağlardan çox əvvəl, ilk gəncliyində də
belə olmuşdu. Təbii, həyatda
çox şahidi olmuşuq və oluruq ki, bəzən sanki
görülüb etiraf edilməməsi mümkün olmayan
parlaqları da hərdən təkidlə görməzliyə
vururlar. Beləcə, cılız hisslərə
əsir olanların vecinə də gəlmir ki, bununla əslində
millətə, yurda pislik etmiş olurlar. O
çağlarsa - 1920, 30, 40-cı illərdə sanki vəziyyət
başqaymış. Adamların şəxsi
hisslərindən daha öndə zamanın, gedişatın tələbləri
gəlirmiş və səlahiyyətləri olan hər kəs
də özünü vaxtın umacaqlarına tabe edirmiş.
Bacarıqlarıyla, müəyyən keyfiyyətləri
ilə fərqlənənləri dərhal görürlərmiş,
irəli çəkirlərmiş, onlardan bacardıqca
çox yararlanmağa səy göstərirlərmiş. Söz yox,
ümdə səbəb belələrinin vaxtın diləməsi,
dövrün çağırışları, günün səsinə
gərəyincə cavab vermək zərurəti idi. Amma
ümumi iş naminə dəqiq riayət edilən seçim ədalətliliyi
də gərək unudulmaya.
Seçkin Heydər Əliyevi də seçdilər, yol
açdılar və o da ömrünün ən coşqun gənclik
illərini bu qurumdakı yorulmaz fəaliyyətlərə həsr
etdi.
Bunu da fərz edin ki, Heydər Əliyev kimi bir əzəmətli
şəxsiyyət elə karyerasının sonunacan orada
işləsəydi, o təşkilat nə qədər
qazanacaq, biz - millətimiz və yurdumuz nə qədər itirəcəkdik. İlk
növbədə o mənada ki, belə bir
böyüyümüzdən, belə bir fövqəladə Vətən
övladından gərəyincə xəbərdar olmayacaqdıq.
Heydər Əliyev əsrin dörddəbiri qədər
müddətdə dövlət təhlükəsizliyi
sistemində çalışdı. Və bu illər onun
ömrünün cavan, enerji ilə, həvəslə,
sağlamlıqla, yeni ideyalarla dolu illəri idi. Azərbaycanda bu sahədə çalışan əməkdaşın
çata biləcəyi ən yüksək məqama da
ucaldı. Azərbaycan Sovet
İttifaqının tərkib hissəsi idi və Mərkəzdə
- Moskvada da bu sahəni idarə edənlər Heydər
Əliyevi yaxşı tanıyırdılar, nəyə qadir
olduğundan yetərincə agah idilər. Bakıda
Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə
irəli çəkilmişdi və oradan Mərkəzi Komitənin
Birinci katibi vəzifəsinə gətirilməsəydi də,
Bakıda uzun müddət qalmayacaqdı, elə işlədiyi
sahədə onu İttifaq miqyasında bir az
da böyüdəcəkdilər. Yenə də,
həmişəki kimi, ikiqat, üçqat səylə
çalışacaqdı, hətta o sahədəki ən
yaxşıların bir çoxunun öhdəsindən gələ
bilmədiyi işləri görəcəkdi.
Və belə
bir istedad, belə bir fövqəladə qabiliyyətli insan
övladı olduğu bu millətə, nəinki millətə,
lap elə öz ailəsinə də əsl
böyüklüyü ilə bəlli olmayacaqdı, ümumən
hər kəsə naməlum qalacaqdı. İfrat məxfilik,
həqiqətləri yeddiqat möhür altında saxlamaq o
idarənin iş tərzidir və Heydər Əliyev nə
özü danışacaqdı, nə də onun hünərləri
ilə bağlı məlumatlara əl çatacaqdı. Beləcə, bir ulduz səssiz-soraqsız əriyib
itəcəkdi. Hansısa həmkarları
hansısa müsahibələrində, xatirələrində
onun misilsizliyi haqqında qısa cümlələr deyib
keçəcəkdilər.
Tarixin indisindən, keçilmiş yolun bu
başından baxarkən biz Heydər Əliyevi
bütövlüyü ilə görürük, onun hansı
gücə, hansı intellektual səviyyəyə, hansı
yaradıcı imkanlara malikliyindən və bütün bu
imkanların hansı bəhrələr verdiyindən də xəbərdarıq. Ancaq bu təşkilatın
Beyin Mərkəzi də vardı, ən mühüm ölkələrdə
rezidentləri, onlara da ağsaqqallıq etməyə,
lazımi tövsiyələr verməyə qadir rəisləri
də vardı. İndi təsəvvür edin ki,
"soyuq müharibə" dönəmində - İkinci
Dünya hərbindən sonra Yer kürəsinin ikinci
superdövləti kimi, həm də ən güclü Dövlət
Təhlükəsizlik nazirliklərindən birinə sahib
olmuş SSRİ-nin bu vacib təsisatının insanlara
qapalı dərinlərində nə qədər nadir istedad
sahibi, hər hansı digər sahədə
çalışarlarsa, aləmin etiraf edəcəyi nəhəng
intellektuallar külüng çalırmış.
Və hərdən fikirləşirəm ki, gör
xüsusi xidmət orqanları nə qədər müstəsnaları,
dahiləri udub. Hər hansı başqa sahədə
çalışsaydılar, o istedad, o bacarıqlar ki onlarda
olub, ən yetilməz zirvələrə də ucalardılar.
Həmin görünməz qəhrəmanlar
heç ağıl və şücaət göstərib
qazandıqları mükafatların, təltiflərin sevincini
də çox zaman başqaları ilə bölüşmədən,
xəlvəti yaşayıblar.
Xidməti
həyatları məxfilik örtüyü altında ötənləri
düşünürkən ilk yada düşən illərcə
yalnız kürəyini gördüyümüz həmvətənimiz,
hansı vəzifəni tutduğundan, nə qədər
yüksək məqam sahibi və hansı xidmətləri
olduğundan bixəbər qaldığımız, yalnız əsas
işindən ayrılandan xeyli müddət sonra adını
eşidib-bildiyimiz sovet kosmik proqramlarının banilərindən
biri, 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq
uçuşları üzrə dövlət
komissiyasının sədri, general-leytenant Kərim Kərimov
olur.
Yaxud Sovet
İttifaqı dağılmasaydı, Azərbaycanın
dövlət müstəqilliyi bərpa edilməsəydi, Heydər
Əliyev təzədən qayıtmasaydı, istər Azərbaycan
Sovet Sosialist Respublikasının başçısı, istərsə
də sovet liderlərindən biri kimi o, ətrafındakı rəhbərlərin
hamısından nə qədər seçilsə də,
müstəqil dövlətimizin öndəri kimi onun əsl
parlayışlarını, millətə və yurda misilsiz
xidmətlərini görməyəcəkdik.
Nə
yaxşı ki, YAZI beləymiş və ehtimal oluna bilən
gedişatlar yox, məhz şahidi olduğumuz hadisələr
baş verdi.
Heydər Əliyevi həmişə gördülər,
daim onun olduğundan daha yüksək mərtəbəyə
layiqliyini hiss etdilər, həmin səbəbdən də
addım-addım irəli çəkdilər.
Kimlərsə görmək istəməyəndə, ya
görüb maneçilik törədəndə də onu
Əlahəzrət Vaxt gördü, yolunu açdı.
Elə həmin uzaq 1940-cı illərdə
Naxçıvanda gənc Heydər Əliyevin ümidvericiliyinə
inandılar, bu minvalla da hələ möhtəşəmliyi
kimsənin ağlına gəlməyəcək böyük
yol başlandı.
Heydər
Əliyevin əsrin dörddəbiri uzunluqlu vaxt kəsiyində
işlədiyi dövlət təhlükəsizliyi şəbəkəsi
ilk növbədə SSRİ-ninki idi, o dövlətin ali məqsədlərinə xidmət edirdi. Elə sonralar Sovet Azərbaycanına
başçılıq edəndə də, Sovet
İttifaqının rəhbərləri cərgəsində
olanda da öndə dayanan yenə sovet dövləti və
ideolojisinin maraqları idi. Fəqət Heydər
Əliyev həmin şərtlər çərçivəsində
işləyərək nümunəvi olmaqla bərabər milləti,
yurdu üçün nələr edə bildi və həm də
bir şəxsiyyət olaraq necə heyrətamiz keyfiyyətlərini
ortaya qoya bildi, - indi o böyük Vətən övladı
haqqında düşünərkən əsas olan məhz bunlardır.
Və Heydər Əliyevin dövlət təhlükəsizliyi
şəbəkəsində olduğu iri zaman ərzində bu
mənadakı hünərlərinin rəvayətləri bir
deyil, beş deyil. Heyiflər
ki, həmin olmuşların əksəri də adını
eşidib hələ tamaşa etmədiyimiz çox maraqlı
filmlər kimidir. Gərək insanlarımız o
"filmləri" görə!..
Sədası
DTK-nın qalın divarlarından kənara yol tapmamış
Heydər Əliyev xidmətlərinin sayı az
deyil: onun misilsiz məharətlə həyata keçirdiklərinin
sənədli-sübutlu gerçək hekayətləri də
var, bu sahədəki müstəsna bacarıqlarının təsiri
ilə heyranlarının yaratdığı əfsanəyəbənzər
söyləmələr də.
Onlar da maraqlıdır, bunlar da. Əfsanələr
doğulursa, onları danılmaz həqiqət
daşıyıcısı deyil sayaraq biganə keçmək
də olmaz. Heç bir hekayət boşuna
yaranmır. Əlbəttə ki, od
varsa, təməlində qığılcım olmamış
deyil. Əfsanələrdə gerçəklik payı nə
qədər az olsa belə, söz yox ki,
belə söyləmələrin təkançısı
şəxsin qeyri-adilikləridir.
Heydər
Əliyevin bir kəşfiyyatçı, əməliyyatçı,
çekist, sonra da siyasətçi, dövlət adamı
olaraq ən üstün keyfiyyətlərindən biri mahir
danışıqçı (ruscada bu deyim oturuşmuş bir
trmin kimidir: "pereqovorşik") olması,
qarşısındakını ələalma, öz təsirinə
salabilmə gücü idi.
Heydər
Əliyevlə bağlı bunu da danışırlar ki, onunla
görüşə gedən görkəmli dövlət
adamlarına, siyasətçilərə tövsiyə
edirmişlər ki, çalışın beş
dəqiqədən artıq onunla bir otaqda tək qalmayın. Özünüzdən asılı olmayaraq təsiri
altına düşəcəksiniz.
Nə dərəcədə doğrudur bu söyləmə,
həqiqətənmi kimsə kiməsə belə məsləhəti
verib? Bunu yoxlamaq imkanımız yoxdur, amma Heydər
Əliyevin qısa zaman kəsiyində bir insanla necə
danışıb onu özününkü edə bilməsinin
silsilə sübutları ortadadır ki, elə bircəsini
yerli-yataqlı nağıl etsək, yetər.
...Sabir
bağı o vaxt indiki təhər, ovuc içərisindəkiymiş
qədər açıq deyildi, daha ağaclı idi və
kölgəli ağacların arasında, böyürdəki
Kommunist (indiki İstiqlaliyyət) küçəsindən
keçənlərin nəzərini cəlb etməyən xəlvət
guşələr də vardı.
Və
1965-ci il sentyabrın 7-də, gecə saat
2-də milis işçiləri həmin xəlvət guşələrdən
birində mazaqlaşan cütlüyə
yaxınlaşırlar.
İctimai
yerdə, gecə yarısı hisslərini cilovlaya bilməyən
bu kişi ilə qadını şəxsiyyətlərini
aydınlaşdırmaq üçün yaxınlıqdakı
26 Bakı komissarı (indiki Səbail) adına rayonun milis
şöbəsinə aparırlar. Bəlli olanda ki, milliyyətcə
rus olan qadın yerli, kişi isə Bakıya turist səfərinə
gəlmiş Almaniya Federativ Respublikasının vətəndaşıdır,
qadını saxlayır, əcnəbini isə Dövlət Təhlükəsizlik
Komitəsinə hadisə barədə xəbər verdikdən
sonra oradan gələn əməkdaşa təhvil verirlər.
DTK əməkdaşı
xeyirxah adam "çıxır",
alman qonağın ondan dəfələrlə bu məsələnin
açılıb-ağardılmaması xahişlərindən
sonra: "İş milisdə qeydiyyata düşüb, ona
görə vəziyyət bir qədər mürəkkəbdir.
Gərək Moskvadakı Almaniya səfirliyinə
məlumat verilə. Ancaq mən sabah
səhər şefimlə danışım, məncə, o, nəsə
köməklik göstərə bilər", - deyərək
taksi ilə onu qaldığı "İnturist"
mehmanxanasına yola salır.
Əslində
həmin alman vətəndaşı milis işçiləri
adı ilə saxlayan da, günlərdən bəri onu izləyən
və nəhayət, bu gün götürməyi qət edən
də Dövlət Təhlükəsizlik Komitəsi idi və
komitə sədrinin müavini, polkovnik Heydər Əliyevin rəhbərlik
etdiyi bu əməliyyat bir neçə gün əvvəldən,
xarici vətəndaşın addım-addım izlənilməsindən
başlanmışdı.
Əlbəttə,
sovet dönəmində Bakıya başqa ölkələrdən
gələn istər turist ola, istər hər
hansı başqa məqsədlərlə təşrif gətirən,
hər birini bu və ya digər dərəcədə DTK diqqət
dairəsində saxlayırdı və olsun ki, onların
arasından kimlərisə ələ almaq səmtində
iş də aparırdı. Ancaq budəfəki
qonağın kimliyi barədə ilkin məlumatları əldə
edəndən sonra həmin şəxsin əhəmiyyətlilik
dərəcəsini nəzərə alaraq polkovnik Heydər
Əliyev onunla bilavasitə özü məşğul
olmağı qərara almışdı. Həm
də yalnız əməliyyatın planını tərtib etməmişdi,
yekunda alman turistlə nəzərdə tutulan söhbəti də
şəxsən özü aparmağı qət etmişdi.
Aradan xeyli vaxt keçib, yəqin, o şəxs
çoxdan həyatda yoxdur. Çünki hadisə
baş verən zaman o, artıq 70 yaşında idi. İndi onun adını Helmut yazaq, ya Hans, soyadını
Hoffman göstərək, ya Fişer, - təfavütü
yoxdur, elə şərti olaraq B.Verner deyək. Əsas olan gerçək ad-soyad deyil, önəmlisi
budur ki, bəhs etdiyimiz təfərrüatların
hamısı sırf həqiqətdir və sözbəsöz
sənədlərə əsaslanır.
...Verner
kapitalist ölkəsinin vətəndaşı idi və Azərbaycan
DTK-sının elə bir səlahiyyəti yox idi ki, Moskva ilə
razılaşdırmadan belə bir əməliyyatı
aparsın. Çünki əcnəbi ilə
ehtiyatsız davranışın siyasi qalmaqala gətirib
çıxarması da istisna deyildi. Ona görə də
həyata keçirəcəyi əməliyyatın nəticə
etibarilə Mərkəzi məmnun edəcəyinə əmin
olan Heydər Əliyev Azərbaycan DTK-sının sədri,
general-mayor Semyon Kuzmiç Sviquna (1917-1982) təqdimat
yazır, o da, öz növbəsində, Moskvaya müraciət
edir və SSRİ DTK-sı İkinci Baş İdarəsinin
general-mayor rütbəli rəis müavininin
sanksiyalaşdırmasından sonra hərəkətə
keçilir.
Həbsetmə gününə qədər almaniyalı
turist fasiləsiz nəzarətdə saxlanmışdı və
onun haralara getməsi, təsadüfi, ya məqsədli olaraq
kimlərlə görüşməsi, kiminlə, nədən
danışmasının ən xırda ayrıntıları
da sənədləşdirilmişdi.
Üstəlik, həmin yazılara əlavə etməkçün
bəlkə heç o Vernerin ömrü boyu çəkdirmədiyi
qədər fotolar əlavə edilmişdi.
(Burasını
da fikirləşirəm ki, şübhəsiz, həmin çəkilişlər
tam gizli aparılmışdı və prinsipcə ayıq,
bişkin adam olan Verner də qətiyyən
duyuq düşməmişdi. Baxıram həmin fotolara,
hamısı aydın, keyfiyyətli, hiss də olunur ki,
çox da uzaqdan lentə alınmayıb. İndi fərz edin,
o çağlar Azərbaycan DTK-sının belə mükəmməl
texniki imkanları varmışsa, gör Moskvanın, Londonun,
Vaşinqtonun... həmin günün adamlarına fantastika kimi
gələ biləcək, camaatın geniş istifadəsinə
təqribən 25-30 il sonra çıxacaq hansı çəkmə
və yazma qurğuları varmış (Və hazırda həmin
imkanlar adi adamlarçün də əlçatandırsa,
görün xüsusi xidmətlərdə indi nələr
var!
Hər hərəkətinizdə ehtiyatlı olun -
görən, eşidən var!).
...Vernerin
çox adamla ünsiyyətə girə bilməsinin əsas
səbəbi o idi ki, ruscanı yaxşı bilirdi, köhnə
jurnalist kimi söhbətcil, qılıqlı idi və 1895-ci il təvəllüdlü olsa da, fotolarından
anlaşıldığı kimi, sinnindən xeyli
cavanmış və canının sulu olmasının digər
sübutu da 32 yaşlı bir qadınla belə fəallıqla
eşqbazlıq etməsidir. Milis şöbəsinə gətirilən
gününədək də qaranlıq qarışandan sonra
bağların-parkların az get-gəlli bucaqlarında o xanımla
sevişirmişlər, hələ bir gecə - sentyabrın
6-da səhərədək xanımın evində olandan sonra
"İnturist"ə dan üzü - 5-də
qayıtmışdı.
Verneri
milis idarəsindən götürərək
qaldığı "İnturist" mehmanxanasına yola
salmış DTK əməkdaşı ertəsi gün səhər
onu sevindirir ki, xahişinizi şefimə çatdırdım,
sizinlə görüşməyə razılıq verdi, gələcək bura, amma dedi gərək
görüş xahişi ilə bağlı ona ərizə
yazasınız.
(Heydər
Əliyev təbiəti etibarı ilə səliqəli adam idi, çalışdığı idarə
də lap yaranışından yazışma məsələlərində
bu cəhətə həmişə xüsusi tələblər
müəyyənləşdirmişdi. Amma baxdığım
operativ iş sahmanı ilə bir tərəfdən idarənin
ənənəvi sənəd nizamlılığını,
o biri yandan Heydər Əliyevin də həmin babətdə
özəl vasvasılığını
qovuşdurduğundan müntəxəbat səciyyəli ideal
bir təhqiqat sayılmalıdır. Zərgər
dəqiqliklidir, bircə açıq suala da yer qalmır.
Elə hər ehtimala qarşı - hər ehtimalsa bu sahədə
gərək daim nəzərə alına! -
görüş üçün məhz Vernerin
özünün ərizə ilə müraciət etməsinin
istənilməsi də həmin səliqənin bir ayrı görüntüsüdür).
Sentyabrın 8-də, vəd edildiyi kimi, polkovnik Heydər
Əliyev mülki geyimdə gəlir "İnturist"ə,
Vernerin qaldığı nömrəyə.
Tanışlıqdan, asta-asta isinişməyə və
daha sonra elə həmin otaqdaca mehriban sağlıqlarla
müşayiət edilən nahar süfrəsinə keçən
bu görüş altı saat davam edir.
Həmin altı saatlıq görüş əvvəldən-axıracan
lentə alınıb, sonra kağıza
köçürülərək makinada səliqə ilə
çap edilib.
Və
B.Vernerə həsr edilmiş "Naturalist" adlı
işin içərisindəki həmin 76 səhifəlik
ayrıca stenoqramı oxuduqca bir daha Heydər Əliyevin istənilən
söhbəti ustacasına qurmaq, mükaliməni rəvan məcrada
irəlilətmək, qarşısındakını həm
haldan-hala salmaq, həm də cüzi tərəddüd yeri
qoymadan inandırmaq, simsar bir adam kimi həmsöhbətinin qəlbinə
girə bilmək, ondan gərək olan bütün bilgiləri
üsulluca qoparmaq, müsahibini bütünlüklə öz
cazibəsinə sala bilmək qüdrətinə şahid
oldum.
Bu əməliyyat
Azərbaycan DTK-sının əks-kəşfiyyatla məşğul
olan İkinci bölməsinin xətti ilə
aparılırdı ki, sədr müavinliyindən qabaq Heydər
Əliyev özü orada rəis işləmişdi və xələf
- indiki rəis, kapitan rütbəli Ziya
Yusifzadə də (onillər sonra o özü də sədr vəzifəsinə
yüksələcək), İkinci şöbənin baş əməliyyat
müvəkkili kapitan Zaur Əfəndiyev də öz
yetişdirmələri, güclərinə inandığı
kadrlar idi. Ancaq bununla belə söhbətə özü
getmişdi, çünki bilirdi ki, budəfəki həmsöhbət
qətiyyən sıradan olan bir insan deyil: çox təcrübəlidir,
qazdan ayıqdır, onu ürəyin istəyən kimi öz tərəfinə
çəkə bilməkçün peşəkarlığın
üst qatı gərəkdir və yerində olmayan, hətta
tonu, deyilişinin tərzi lazımınca səslənməyən
istənilən kəlmə ilə gərgin zəhmət
bahasına qurulmuş ssenari ovsanadan çıxar.
Köhnə
"İnturist"in otaqlarından birində, 1965-ci ilin 8
sentyabrındakı o görüş vaxtı Heydər
Əliyevin 42, həmsöhbətinin 70 yaşı vardı.
Peşəkar jurnalist olan bu şəxs elə
özü bir kəşfiyyatçıya bərabər idi. Dillər bilirdi,
dünyanın neçə ölkəsində işləmişdi,
çox insanlarla görüşmüşdü, həyatın
hər üzünə bələd idi və indi AFR-də
Münhenqladbax şəhərində ömrünün dinclik
fəslini sürən bu püxtə kişi
sanki heç nədən düşmüşdü
qarmağa.
Heydər
Əliyev onunla görüşün ilk anlarından hiss etdirir
ki, məqsədi imkan daxilində kömək etməkdir, buna
da işarə edir ki, anlayıram, həyatdır, belə
şeylər olur.
Di gəl, o cür deyərək ümid versə də,
dərhal xəfif işarələrlə "əmma" da
qoyur, bunu da başa salır ki, əslində vəziyyət
düşünüldüyündən qat-qat qəlizdir.
"Mən
əməkdaşımızın söhbətindən hiss
etdim ki, siz onda müsbət təəssürat
buraxmısınız, ona görə də məndən
mümkün köməyi əsirgəməməyi xahiş
etdi. Mən də bura gəlməmişdən məsələ
ilə bir az yaxından maraqlandım,
gördüm ki, vəziyyət bir az qarışıqdır.
Mən sizi əslində iş yerimdə də qəbul edə
bilərdim. Ancaq bilirsiniz ki, ora gəlsəniz, gərək
komendaturada qeydiyyatdan keçəsiniz, sizə
buraxılış vərəqəsi yazıla, ora da hərbi
idarədir, hər şey rəsmiləşəcək. Ona görə bura gəldim ki, daha sərbəst
şəraitdə söhbət edək, söz də çox
yayılmasın. Məsələ əməkdaşımızın
mənə söylədiyi kimi olsaydı,
çıxış yolu tapmaq daha asan idi. Əslində bir neçə saat bundan əvvələcən
də eləymiş. Ancaq işin tərsliyindən,
görüşdüyünüz qadın milisdə əvvəlcə
harada işlədiyini deməyib, sonra bilinəndə ki, o,
"İnturist" mehmanxanasında ofisiantdır və bu hərəkəti
haqda iş yerinə məlumat veriləcək, möhkəm
qorxuya düşüb. Fikirləşib ki,
"İnturist"ə milisdən bu xəbər getsə, o,
işini itirəcək. Ona görə də
götürüb şikayət ərizəsi yazıb ki, siz
ondan əl çəkməmisiniz, evinə də getmisiniz,
orda onu zorlamağa cəhd göstərmisiniz".
(Yeri gəlmişkən, operativ işin içərisində
həmin xanımın müfəssəl şikayət ərizəsi
də qalır. Və səhifələri çevirdikcə o da
aşkarlanır ki, "İnturist"in restoranında ona xidmət
edən cazibədar qadının gülümsəməsinə
şirnikərək nazlı xanıma bir-iki kompliment deyən,
ardınca da kənarda görüş təklif edərək
dərhal razılıq almasına sevinən Verner axıracan
da şübhələnmir ki, bu gözəlçəni o
bişirməyib, əksinə, qadın ona atılmış
tilovmuş ki, o, özü tamahsılanaraq qarmağa sarı tələsib.
Ayrıca arayış var ki, "Janna" ləqəbli
bu xanım bəlli bir agentin uzantılarından,
qol-budaqlarından, əməliyyatçıların
"öz dili" ilə desək, "əlaqələrindən"
biri imiş.
Yəni əməliyyatda ixtiyari heç zad yoxdur, hər
cizgi ölçülüb-biçilib).
Təsəvvür
etdiyindən də dərin və hətta çıxılmaz
quyuya yuvarlandığını elə sözarası,
xeyirxahlıqla qonağa belə anladır ki, bağda, ictimai
yerdə qucaqlaşmaq, öpüşmək və sairə sadəcə
asayişi pozmaq kimi qiymətləndirilə bilərsə,
qadının belə yazısından sonra vəziyyət
yerli-dibli pisləşir. Xarici vətəndaşsınız,
o, ərli qadındır, evinə gedibsiniz, səs-küyünüzü
qonşular da eşidib, indi də qadın təsdiqləyir ki,
bunlar heç də könüllü olmayıb. Bizim qanunvericilikdə isə zorlama ilə əlaqədar
məsələ çox sərt qoyulub. Zorlamaya
görə güllələnmə, zorlamaya cəhdə
görə isə uzunmüddətli həbs cəzası.
Verner
püxtə adam idi, dərk edir ki, yaman
yerdə axşamlayıb, xirtdəyəcən zibilin
içindədir və artıq bu qəziyyədən ciddi
cinayət iyi gəlir və iş sadəcə biabır olmaq
məsələsi deyil, qadın təkid etsə, onu nəinki
zorlamaya cəhddə, lap elə zorlamada da suçlaya bilərlər.
Çünki bağda-parkdakı
qucaqlaşmalar, bir-birlərinə sığınmalardan sonra
arxayınlaşmışdı ki, bir halda artıq
qadının mənzilində ikimizik, demək yol
açıqdır. Və əl-qol da atmışdı,
qadınsa razılaşmamışdı...
...Dili-ağzı
quruyur, rəngi avazıyır.
Amma o, Heydər Əliyevə lazımdır axı. Tərəfi-müqabili
diri-diri öldürmək, tam ruhdan salmaq, ümidsizləşdirmək
də olmaz, soyuq duşdan sonra işıq ucu da göstərmək
lazımdır.
(Anlatdın ki, vəziyyəti ümidsizdir, bunun
sübutları da var, indi köməyin
mümkünlüyü ilə ümid yarat və
dünyanın əvəz-əvəz dünyası
olduğuna da eyham vurmağı unutma).
Heydər
Əliyev səmimi bir canıyananlıqla qınayır həmsöhbətini:
"Mən məəttəl qalmışam, siz niyə belə
səhvə yol vermisiniz?! Uşaq deyilsiniz, təcrübəli
adamsınız, axı o qadının evində nə
işiniz vardı?! Özü də gecənin
o saatlarında. Vəziyyət, həqiqətən,
çıxılmazlaşıb. Ancaq bu
qısa vaxtdakı söhbətlərimizdən, necə bir
insan olduğunuzu biləndən sonra ürəyimdən
keçir ki, sizə hökmən nə şəkildəsə
kömək edim. Ancaq siz də hərbçi
olmusunuz, bilirsiniz, mənim də rəisim var, mən də ona
müraciət etməliyəm. Həm də onu
inandırmalıyam, əsaslandırmalıyam ki, nə üçün sizə
zəmanət verirəm, nəyə görə sizə
kömək eləməyimiz lazımdır".
Həmin
o altı saatlıq söhbətin başlanğıcında
alman turist özü haqqında danışdıqca Heydər
Əliyev görürdü ki, doşab almışıq, bal çıxıb.
Əslən
təmiz alman olan, 1895-ci il təvəllüdlü
B.Verner təqribən 1920-ci ildə Çinə getmiş,
orada şərqşünaslıq fakültəsinə daxil
olaraq üç il oxumuşdu. Elə Çində
yaşadığı dövrdə onunla eyni fakültədə
təhsil alan, Çindəki Rusiya hərbi
missiyası rəhbərinin qızı ilə evlənmişdi,
bu izdivacdan üç qızı dünyaya gəlmişdi.
Verner bunu da əlavə edir ki, həmin qızlardan biri hərbi
qulluqçu olan əri ilə İngiltərədə
yaşayır (bu xətt də DTK üçün bir ayrı
çəkici istiqamət idi), digər iki qızsa Kölndədir. Üçü
də rusca yaxşı danışır.
Verner özü almancadan savayı, ingiliscəni,
fransızcanı, ruscanı və Çin dilini bildiyini də
söyləyir. Bildirir ki, vaxtilə Hitler ordusunda xidmət
edib, mayor olub, iqtisadi, siyasi, ictimai mövzularda yazan jurnalistdir,
yazıçılığı, tərcüməçiliyi
də var, əlaqələri də genişdir. Hərbi, iqtisadi məsələlərdən
danışmağa başlayınca onun biliklərinin, məlumatlılıq
dərəcəsinin nə qədər yüksək, həm də
kəşfiyyat üçün çox gərəkli
olduğu üzə çıxır.
...Heydər
Əliyev, bu qabil kəşfiyyatçı oturmuşdu xəzinə
sayılası, dəqiqələr sonra onunku olacaq potensial
agentlə üzbəüz.
Ələ alacağı bu bir nəfərin gör nə
qədər əlaqələri var, özü də neçə
ölkədə, özü də necə mühüm sahələrdə.
Bu, bir oxla iki dovşanı yox, bir sürünü
vurmağa bərabər uğur idi.
"Bilirsiniz, məndən rica edirsiniz ki, sizi xilas edim. Mən humanist adamam, daha
yaxından tanış olduqca sizə
simpatiyam da artır, lakin bu səhərədək, qadın gəlib
həmin şikayət ərizəsini verənədək xilas
etmək şansı da real görünürdü. İndi bu ərizədən
sonra iş məhkəməyə verilsə, prokuratura
araşdırmaya başlasa, daha çıxış yolumuz
qalmayacaq. Məhkəmə də qərarı
çıxaranda baxmır ki, bu adam öz
vətəndaşımızdır, ya xaricidir - cəza
eynidir.
İndi ki məsələ belə şişib, gərək
rəisimdən kömək istəyəm. Ancaq ona bu
haqda söz açanda da mənim çox güclü arqumentlərim
olmalıdır ki, niyə, nəyin xatirinə sizə kömək
göstərməyimiz lazımdır".
Və nəhayət,
Verner özü dillənir: "Mən də gücüm
çatan qədər sizə kömək etməyə
hazıram, təki məni bu bəladan xilas edin".
Beləcə, həmsöhbətini lap yetişdirəndən,
Vernerin göstərə biləcəyi xidmətlərin nədən
ibarət olduğunu izah edəndən sonra Heydər Əliyev
ona DTK ilə səmim-qəlbdən əməkdaşlığa
hazır olduğu haqda ərizəni də yazdırır.
"Bayaqdan da ac-yalavac oturmuşuq. Bu bir neçə
saatda siz mənə çox doğmalaşdınız. Restorana getməyimiz münasib olmaz. Elə yaxşısı buradır. İndi mən kapitana deyərəm, sifariş edər,
yeməyimizi otağa gətirərlər. Bugünkü
görüşümüzü,
tanışlığımızı, dostluğumuzu qeyd edək".
Və
sonra bir dost məclisi başlanır (Və o tərəfdə
maqnitofon da işləyir, yazılış da öz
qaydasında davam edir - buna görə də, çoxdan
sökülüb yerində təzəsi tikilmiş köhnə
"İnturist"in həmin otağındakı, məclis də
tarixdə qalır.
Hətta yeyib-içərkən belə ən ciddi və
son dərəcə məsuliyyətli işi necə
ustalıqla davam etdirməyin bir örnəyi də söhbətin
həmin hissəsini əks etdirən vərəqlərdə əbədiləşib).
...Çox
badələr qaldırırlar. Dostluğun, xoş insan
münasibətlərinin, istedadlı alman xalqının,
çekistlər cərgəsinə qoşulan Vernerin şərəfinə...
Ertəsi gün üstündən dağ
götürülmüş və boynuna dağdan ağır
yük qoyulmuş B.Verneri Moskvaya yola salırlar.
(Ancaq yola
düşməzdən əvvəl sütül agentin təzə
imzasıyla ilk hesabatları, elə gecəylə AFR-dəki
ayrı-ayrı hərbi bazaların yerləşməsi,
imkanları, silah təminatı və digər bu qəbil məsələlərlə
bağlı peşəkarcasına yazdığı bir
neçə arayış bəri başdan işarə edir
ki, o, gələcəkdə nə qədər faydalı
olacaq).
Və Heydər Əliyevin bu xudahafizləşmədən
sonra Vernerlə bir görüşü də olacaq. Daha Bakıda
yox, Almaniyada.
Gedəcək ki, "Naturalist"lə bir də
salamlaşsın, onu Mərkəzin adamına şəxsən
təqdim etsin və həmişəlik ayrılsınlar.
Amma təbii ki, daha nə bu onu, nə də o bunu
heç vaxt unutmayacaq.
Görüş isə, lap filmlərdəki kimi olacaq
(Əslində filmlər elə belə həyat gerçəklərindən
götürülmürmü?).
Agent guya
keçmiş katibəsi ilə 1965-ci il
yanvarın 15-də Şərqi Berlində görüşə
getməsinə icazə verilməsi üçün müraciət
edir. Əgər belə bir razılıq alınarsa, o,
Bakıya, Pyotr Montin küçəsində ona əvvəlcədən
verilmiş ünvana, Vera İbrahimovanın adına məktub
yollayır ki, bu günlərdə ona Bakıda çəkdiyi
fotoları göndərəcək.
Bu o anlama gələcək ki, işlər
qaydasındadır, Şərqi Berlinə getməyə icazə
ala bilib. Məktubda göstərilən tarixdən düz bir
ay sonra Şərqi Berlində görüş baş
tutmalıdır.
"Naturalist"
Şərqi Berlində həmin gün axşam saat 19-da,
"Buxarest" restoranına gələrək girəcəkdə
əlində qəzet dayanmalıdır: ona yaxınlaşaraq
almanca "Şprixen ze rusiş" deyən adama
"Naturlix" cavabını verir və bu parol
görüşün baş tutduğuna dəlalət edir. Əgər görüş hər hansı səbəbdən
həmin gün baş verməsə, düz on gün sonra həmin
saatda, həmin yerdə, eyni şəkildə təkrarlanır.
...Bu əhvalat
yarım əsrdən də bir az əvvəl
baş verib.
O hadisələrin
iştirakçılarının təqribən hamısı
çoxdan həyatdan gedib. Sağ qalanlar olsa belə, daha o
günlərin təfərrüatlarını xatırlaya bilməz.
Ancaq kağızın yaddaşı möhkəmdir və hər
şeyi olduğu kimi yarım əsrdən də bir az əvvəldən bu günə gətirib
çatdırdığı sayaq, indiki çağlardan da
sabahlara daşıyacaq.
Gələcəklilərdən ötrü bütün
bunlar bizimçün olan qədər maraqlı görünəcəkmi? Çətin ağlım kəsir!
Dövr dəyişib, insanlar
başqalaşıb, dünya ayrı dünyadır.
Dünənki ideallar bu gün puç, dünən yasaq bilinənlər
bu gün məqbul, dünən küfr hesab edilənlər bu
gün müqəddəs ola bilir.
Heydər Əliyev çekist idi. Onun uzun illər
boyu bağlı olduğu peşəsini dolğunluğu ilə
məhz bu söz ifadə edə bilir ki, bu kəlmə də
onu doğurmuş sovet quruluşu ilə bağlı qalıb
keçmişdə. Ancaq zaman nə qədər dəyişir-dəyişsin,
adamlar nə qədər
başqalaşır-başqalaşsın, dəyərlər nə
qədər aşınır-aşınsın, bir insan
fövqəladəliyi, istedadın gücü, peşəkarlığın
aliliyi istənilən zəmanədə mötəbər
tutulacaq, dünən və bu gün olduğu kimi, ən uzaq
sabahlarda da onlara ehtiyac duyulacaq.
Bəzən yekəxanalıqla keçmişdəkilərə
laqeydlik göstərilsə də, belələri gözdən-könüldən
iraqda saxlansa da, dar macalda yenə onları (ya onların irsini)
arayacaqlar, onlardan yararlanacaqlar.
Sovet
siyasi repressiyaları dönəmində ölümün cənginə
atdıqları neçə böyük alimi, hərbçini,
mühəndisi, ixtiraçını onlara cəza verənlər
peşman olduqları, səhvlərini etiraf etdikləri
üçün yox, o parlaqlara möhtac olduqları
üçün gedər-gəlməz sürgünlərdən,
ölümlə həmsərhəd həbslərdən gətirərək
yüksək vəzifə başına qoymadılarmı, bəhrəsini
də görmədilərmi?
...1966-cı
il, 15 fevral. Polkovnik Heydər
Əliyev Berlindədir. O, Mərkəzlə
razılaşdırılmış qısamüddətli bu
ezamiyyətinə uğurla başa
çatdırdığı əməliyyatın son nöqtəsini
qoymaqçün gəlib.
Əvvəlcə
burada general-leytenant, SSRİ DTK-sının Almaniyadakı
rezidenti İ.Fadeykinlə görüşəcək, əməkdaşlığa
cəlb etdiyi şəxslə aparılmış iş haqda
müfəssəl məlumat verəcək, onunla iş
birliyinin vəd etdiyi perspektivlər barədə fikir
mübadiləsi aparacaq və Moskvanın da xüsusi
marağına səbəb olmuş Almaniya Federativ
Respublikasının vətəndaşı B.Vernerlə sovet
DTK-sının Almaniya Demokratik Respublikasındakı müvəkkilləri
polkovniklər V.Klimkini, polkovnik Y.Bolşakovu
görüşdürəcək (oxucu üçün nəsə
deməsə də, qarşıma çıxmışkən
bunların da adlarını peşəkarlıq
anlayışının özünə olan məxsusi
münasibətimə görə yazıram. Onlar
da əməkləri çox, adları gizli qalanlar zümrəsindən
olanlardandır. Sovet dönəmində ən
azı o vəzifəyədək, o rütbəyəcən gəlib
çatmışdılarsa, o etimada layiq
görülmüşdülərsə, deməli, sadə insanlara
deyildilər. Adları, imzaları "tam
məxfi" qrifli qovluqların açılmayan vərəqlərində
uyuyan o zabitlərin də adlarını çəkdim ki,
heç olmazsa, ruhları şad olsun).
Və daha bundan sonra həmin şəxslə Mərkəz
özü işləyəcək. Bakıda onunla əlaqədar
açılmış iş də bağlanacaq, qovluq arxivə
təhvil veriləcək.
Sərhədlərin çox qapalı, müttəfiq
respublikalara, o sıradan Azərbaycana əcnəbi vətəndaşların
get-gəllərinin seyrək baş tutduğu əyyamlarda Mərkəzin
də ən yüksək səviyyədə diqqətini
çəkmiş belə bir sanballı şikarla hər kəşfiyyat
fəxr edə bilərdi.
Kim bilməsə də, bunun nə qədər çətin
qazanılan bir uğur olduğunu hər halda Mərkəzdəkilər
yaxşı anlayırdılar və polkovnik Əliyevin
şücaətinin ölçüsündən də hali
idilər.
Qarşımda köhnə bir əməliyyatın sənədlərinin
toplandığı cildlər və həmin general-leytenant
İ.Fadeykin ki SSRİ xüsusi xidmət orqanlarının ən
yüksək eşelonuna aid idi, onunla Azərbaycan
DTK-sının sədr müavini, polkovnik Heydər Əliyevin
görüşünə aid vərəqlər. Müqayisə
etmək istəmirəm və haqq sözdür ki, istənilən
müqayisə, xüsusən görkəmli tarixi şəxsiyyətlərin
yaxşılıq dərəcəsinə bölərək
tutuşdurulması həmişə zərərlidir.
Ancaq Heydər Əliyevin kim olduğunu,
hansı zəkanın və qüdrətin sahibi
olmasını biz onun insanlara açıq olan fəaliyyəti
illərində müşahidə etdik və həm heyrətləndik,
həm valeh olduq, həm iftixar duyduq. Bir anlıq
bunu da xəyalınızdan keçirin ki, Heydər
Əliyevin görüşünə getdiyi və Almaniyada
rezident olan o general-leytenant necə nəhəngmiş. Bəs
"soyuq müharibə"nin ən
şiddətli onillərində Amerika Birləşmiş
Ştatlarında, Böyük Britaniyada, Fransada və digər
ölkələrdəki eyni məqamı tutan şəxslər,
ya Mərkəzdə onların fəaliyyətlərini koordinə
etmiş, tapşırıqlar vermiş, onları istiqamətləndirmiş
gözəgörünməzlər? Hərəsi
qibtəyə layiq möcüzəli bir beyin sahibi. Özü də bu ötkəm şəxsiyyətlər
əksərən bu qənaətdəymişlər ki,
onların həyatlarını həsr etdiyi sahə bir alimin də,
bir mühəndisin də, bir ixtiraçının da
işindən qat-qat önəmli, cəmiyyət
üçün daha mənfəətlidir. Çünki onların bütün fədakarlıqları
dövlətin və insanların təhlükəsizliyi naminədir.
Amma indi nə o dövlət var, nə o quruluş. 74 illik mənəm-mənəmlikdən
sonra iflas etdi, tar-mar oldu. Bayrağı
endirildi, heykəlləri uçuruldu, dəyərləri
heçləşdi. Dövlət getdi və
onunla da çox şeylər qeyb oldu. Amma
dərslər qaldı. Onu güclülərdən-güclü
etmiş cəhətlərin ən ümdələrindən
biri - ən sınaqlı, ən mühüm işlərdə
yüksək peşəkarlara arxalanmaq şakəri qaldı.
Və bunlar elə dərslər, elə örnəklər,
elə ibrətlərdir ki, həmişə də qalacaq, daim
də öyrəniləcək.
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 28 yanvar.-
S.10-11-12.