SƏN HARDAN BİLƏSƏN...
Sən hardan biləsən bölünmək nədir,
Sən hardan biləsən Araz nə çaydır?!
Sən hardan biləsən hər gün ürəyim,
gecələr o taydır,
gündüz bu taydır?!
Sən hardan biləsən bu taydan baxıb
yanan işıqlara ağlamaq nədir?!
Sən hardan biləsən məndən bir parça
haçan, necə
qopub - Təbrizimdədir?!
Sən hardan biləsən sərhəd xətləri
mənim ürəyimin
nəyindən keçir?!
Sən hardan biləsən qarğıdıqlarım
mənim ürəyimin
suyundan içir?!
Sən hardan biləsən nə çəkir Anam,
sən hardan biləsən nə axır Araz?
Sən hardan biləsən, hardan biləsən,
Arazın
yarası dərin, ya dayaz?!
Sən hardan biləsən o taylıyam mən,
"Araz" deyə-deyə
Kürlə gedirdim?!
O taydan başlanan yüz illik yolu
bu tayda bir kənddə həsrət bitirdim!
Bir gün unudacaq bu kənd də
məni...
DE Kİ...
Görsən darıxırsan, məni
xatırla,
aç bax səndə qalan xatirələrə.
Çəpəki süzməmi, iynə
sözləri
de ki, unutmaram, gülüşün haqqı!
And iç ayaqlarım dəyən yollara,
de ki, yığmayacam gözümü yoldan.
And olsun yollarda qalan şəklinə,
ta ki gələnəcən, gəlişin
haqqı!
De ki, tanıyacam addım səsindən,
ürəyim çıxacaq
tappıltısına.
Pillələr öpəcək ayaq
izindən,
and olsun, and olsun, yerişin haqqı!
De ki, hələ nəmdi öpdüyüm
yerlər,
de ki, soyumayıb canımdan istin.
De ki, yastığmda telim qalıbmış,
dodağımda qalan öpüşün haqqı!
TANIŞ HEKAYƏLƏR
Sənlə rastlaşanda payız
gəlmişdi...
Sənin
saçlarına nə
qədər qırov,
mənim gözlərimə
sazaq düşmüşdü...
Biz üşüyürdük...
İkimiz
ağsaçlı, gözüeynəkli,
soyuqlar düşəndə
canı ağrıyan,
ümidsiz sevgidən
qəlbi göynəkli...
Biz tanış idik...
Bəlkə, şeir idi bizi bağlayan,
bəlkə, misraların
tilsimindəydik,
bəlkə, sözlər
idi bərk əfsunlayan?!
Biz sözə aşiqdik...
İndi
qarşımızda bir
fincan tünd çay,
gözümüz yumulu, barmaqlar qatdaq,
görüş günümüzü
hesabla say, say...
Biz darıxırdıq...
Qarışıb bu ara
bir az duyğular,
pərdə arxasında
qara kölgələr,
könüllər pəjmürdə,
artıb qayğılar...
Biz uzaqlaşırdıq...
AĞRI DAĞI
Bu il xoş
gəlmədin ömrümə,
payız,
səni yarpaq-yarpaq solub düşəsən.
Gözləri yollarda xəzəl
gözləyən
torpaq tək qaralıb, dolub şişəsən.
Görüm daşa dönüb,
təpə olasan,
başın duman alsın, dağ ucalasan.
Mənim
tək könlünə
qar-boran yağsın,
vaxtsız vağam
olub, tez qocalasan.
Nə günəş görəsən,
könlün isinə,
nə yerə yerləşib göyə
sığasan.
Belə
gözlərinin qorasın
sıxıb
hər gün bulud-bulud yerə yağasan.
Bu il dava qopdu ömrümdə, payız,
könül meşəsində
güllə səsləri...
Ödümü qopardı həsrət
ordusu,
töküldü başıma
qəm mərmiləri.
Yaman yaralandım söz gülləsindən,
ölüm ayağında, gəldə-getdəyəm.
Haray sal yağışa, xəbəri olsun:
döyüş bölgəsində təmas xəttiyəm.
Bu il xoş gəlmədin ömrümə, payız,
seyr etdim tökülən "keşkə", "heç"ləri.
İndi yalvarıram üzü sərt qışa,
qayıtsın geriyə durna
köçləri.
Aida ADIGÖZƏL
525-ci qəzet.- 2023.- 31 yanvar.- S.15.