Təəssüf və təsəlli
Əzizini itirənlər bir ürək tutumunca təəssüflənir,
onun sağlığında xalq üçün, millət
üçün, el-oba üçün gördüyü
xeyirli işlər təsəllisi olur. Qınayanım
olmasa, buna bəşərilik naminə ömür fəlsəfəsi
də deyərdim. Bu fəlsəfədə
Zərdüştlüyün də əlamətləri var və
açılacaq səhərlər ruhun xeyir-duası kimi yaşadılır.
Xatirələrə ömürdən sonra
yaşanılan ömür deyə bilərikmi? - Deyə bilərik. Xatirə
ömür payını Vətən üçün, xalq
üçün, el-oba üçün yaşamış
insanların xatirəsidirsə, onda xatirələr gerçək
ömürün gerçək davamı olacaq...
Əziz kişi onu tanıyanların, ünsiyyətdə
olduqlarının hamısı üçün əziz
adamıydı. Söhbətcil kişiydi, həmsöhbətini
səbrlə dinləyərdi, mətləbini məntiqli mətləblə
cavablandırardı. Əməlisalehlərin əzizi
olan Əziz kişi "Adamların ən
gərəklisi xeyirxahlardı. Xeyirxahlığın
ürəyinin hökmü deyilsə, eləmə. Belə
olmasa, könül almalıykən könülə dəyərsən...", - deyərdi. Sonralar mən
də dərk elədim ki, el-obanın Əzizi
xeyirxahlığı könül xoşluğu bilirmiş.
Əli işə yatan vaxtlardan son nəfəsinəcən
belə yaşadı. Könülləri ziyarət edə-edə
aylarını il elədi, illərini -
ömür...
Şərait bəzən qabiliyyətə,
bacarığa, istedada qənim kəsilir, bəşər bəşərilik
işığına həsrət qalır. Sovetlər
dönəmində belə talelər çox
yaşanılıb. Həm də milli zəmində
yaşanılan belə talelərə sonralar görünməzliklərdən
işıq düşsə də, yaşanılıb. 30-40-cı illərdə kolxozlar vardı, güzərana
görə əli işə yatan uşaqlar da kolxozda
gücü çatan işin qulpundan yapışırdı.
Əmək gününə görə hələ
sümüyü bərkiməmiş uşaqlar da kolxozçu
olurdu. Əziz Şükür oğlu da
kolxozçuydu. Yeniyetməlik yaşında...
O illərdə
səhər tez açılırdı, şər gec
qarışırdı. Güzəranın
ağır şələsi ürəkləri
üzürdü. Dayısı Mehdi ilə, anası
Gülsüm ilə kolxozda taxıl səpirdi, taxıl
biçirdi, dərz bağlayırdı, xırmanda taxıl
döyənlə-rə kömək eləyirdi - arxa cəbhədə
işlədiyinə görə o da İkinci Dünya
müharibəsi iştirakçısıydı...
Əziz
Şükür oğlu 1930-cu il
yanvarın 14-də Qubadlı rayonunun Tatar kəndində anadan
olmuşdu. Ruhunun kəndiydi bu kənd. Bu kəndin
əsən yelləriylə böyüyürdü, açan
gülləriylə böyüyürdü...
Böyüdü...
Xocahan kənd orta məktəbini yaxşı və əla
qiymətlərlə bitirmişdi. Ali təhsil almağa
niyyətliydi. Ala biləcəkdimi? Ailənin buna imkanı olacaqdımı? Ona
ümid verirdilər, ümid isə hələ ki, gerçəklik
deyildi...
Düşərli
günlərin birində qohumlar
ıgilə qonaq getmişdi. Həmin vaxtlarda Zəngilan
rayon Daxili İşlər Şöbəsinin (o vaxtlar NKVD
adlanırdı) rəisi Nəsirov da oradaymış. Söz sözü çəkir. Arada, zərurət yarananda Əziz də söhbətə
qoşulurmuş. Söhbətlərin
axarı, yeniyetmənin düşüncələri, fikrini aydın
izahetmə qabiliyyəti Nəsirovun xoşuna gəlir, yeniyetmə
ilə söhbətləşir, yaxşı xətti
olduğunu da öyrənir. Nələrisə
düşünür Nəsirov; "Xeyirxahlıq eləməyə
heç zaman gecikmə" - kəlamı var və bu kəlam
əməlisalehlərin qətiyyətinin işığı
olub həmişə. Bu işığa görə
Nəsirov, Əziz Şükür oğluna NKVD-də katib vəzifəsində
işləməyi təklif edir. Tövsiyə kimi səslənən
bu təklifə görə Əziz bir anlığa duruxub,
"Ata-anamla məsləhətləşim, onların da
razılığını, xeyir-duasını alım, rəis...", - deyib. Əslində
Əzizin dedikləri Nəsirovun könlünə yatıb -
böyüklərin tövsiyəsi ilə yaşanılan
ömürün duru ömür olduğuna həmişə
inanırdı. İndi də Əzizin düşüncələri
könlünə yatdı, yeniyetmənin dedikləriylə
razılaşdığını bildirdi...
Əziz Nəsirovun təklifiylə razılaşır,
1950-ci ildə NKVD-də katib vəzifəsində işləməyə
başlayır. İşə sevgi gərəkdir, işə
sevgi uğur deməkdir, işə sevgi sevgi, hörmət,
ehtiram deməkdir. Belə sevgilərin səmimiyyəti
ömürə düşən mənəvi işıq
kimidir - görünmür, duyulur. Görünməyən,
duyulan işığın qüdrətini etiraf edənlər
çox olub...
Əziz
Paşayev 1955-ci ilə kimi bu vəzifədə işlədi
(el arasında işə can yandıranlar haqqında bir fikir
deyilir: gec gəldi, tez öyrəndi). Rayon Daxili
İşlər Şöbəsinin zəmanəti ilə Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Mərdəkandakı
Xüsusi Orta Milis Məktəbinə göndərildi. Bu
göndəriş uğur yolunun başlanğıcı idi;
zaman anlamında dünənlərdə qalan çətinlikləri
uğurlar unutduracaqdı...
Əziz
Paşayev rus dilini mükəmməl bilmirdi. Bu səviyyəylə
dərsləri öyrənə bilməyəcəkdi; çətinlikləri
çətinliklər başlayana kimi asanlaşdırmağa
qərarlıydı. Daxili İşlər
Nazirliyinə müraciətlə ona rus dilini dərindən
öyrənməsi üçün müəllim təyin
olunmasını xahiş etdi. Rəhbərlik
gənc müdavimin öyrənmək istəyinin təşnəliyini
dəyərləndirdi, xahişini yerinə yetirdi. Təyin olunan müəllim Əziz Şükür
oğluna rus dilini dərindən mənimsətdi; Əziz bu məktəbdə
əla qiymətlərlə oxudu, öyrəndi, Məktəbi
fərqlənmə diplomu ilə bitirdi. Xocahan
kənd orta məktəbinin sonuncu sinfində oxuyanda
arzuladıqlarına qovuşmuşdu. Onda açılan
səhəri könül xoşluğuyla salamladı zabit
Əziz Paşayev...
1958-ci ildə zabit kimi xidmətə başladı - Cəbrayıl
Rayon Daxili İşlər şöbəsində sahə
inspektoru. Əhalini tanıdı, əhali onun işə
münasibətinə inandı. Bu inam ərazidə
cinayət hadisələrinin azalmasıyla nəticələnirdi.
Bu, leytenant Əziz Paşayevin ilk xidməti
uğurlarıydı. 1962-ci ildə ailə vəziyyəti
ilə əlaqədar Qubadlı rayonuna dəyişdirildi...
Əmisi Teymur kişinin "Xalqının,
el-obasının işinə yarayanlar Allaha bir köy-nək
yaxın adamlardır, ay oğul. Belə yaşayın,
belə vətəndaş olun" kəlamını da
unutmamışdı. "Sahə müvəkkili
həm ərazini, həm də sakinləri yaxşı
tanımalıdı. Onda sahədə cinayət də
azalır, cinayətə meyl də", - Əziz
Şükür oğlu xidmət yoldaşlarına da belə
deyirdi, gənc zabitlərə də. Bu söhbətlər
müəyyən mənada təcrübəyə əsaslanan
tövsiyələriydi. Hər tövsiyə,
el kəlamıyla desək, ovsanata keçmir. Elə tövsiyələr verməlisən ki, əsaslandırmağı
bacarasan, sənə inanalar. Gənc milis
işçiləri baş leytenant (sonralar kapitan, mayor)
Əziz Paşayevə inanırdı. Şöbənin
rəhbərliyi onun xidmətə belə münasibə-tini bəyənirdi,
digər sahə müvəkkillərinə də belə
düşünməyi, belə xidmət etməyi, xidməti
belə sevməyi məsləhət görürdü...
"Milis işçisi digərlərindən təkcə
uniformasıyla, paqonlarıyla fərqlənmir, səliqəli
geyinməsiylə də, davranışıyla da,
danışıq tərziylə də həmişə diqqət
mərkəzində olur. Ona görə də o, özü özünün nəzarətçisi
olmalıdır", - bu gözəl düşüncə
Əziz Paşayevin təkcə zabit kimi deyil, həm də vətəndaş
kimi formalaşmasında gərəkli olmuşdu. Əziz
Şükür oğlu belə yaşadı, belə vətəndaş
oldu, övladlarını da belə böyütdü...
1963-cü
il yanvarın 4-dən Qubadlı və Zəngilan
rayonları birləşdirildi. Vasif Əhmədov
- son dərəcə ciddi, ədalətli, qanunun aliliyinin
ciddiyyətiylə cəfakeşi - Rayon Daxili İşlər
Şöbəsinin rəisi təyin edildi. Yeni rayon
şöbəsi, yeni iş üslubu, ancaq xidmətə əvvəlki
sevgi. "İdarədən kənar mühafizə"
bölməsi yaradıldı. Sonralar belə
adlanma dəyişdirildi.
Rəis vəzifəsinə bir neçə namizəd
vardı. Həmin vəzifəyə Qubadlı rayon Daxili
İşlər Şöbəsində sahə inspektoru vəzifəsində
xidmət edən Əziz Paşayev təyin olundu - həm xidmətə
münasibəti, həm fərdi keyfiyyətləri, həm də
siyasi səbatlığı nəzərə
alınmışdı. Əziz Paşayev
Qubadlı və Zəngilan rayonları ayrılana kimi bu vəzifədə
xidmət etdi. Bu bölmə Zəngilan və
Qubadlı rayonları ayrılandan sonra rayon Daxili İşlər
Şöbəsi nəzdində Mühafizə bölməsi
adlandırıldı. Mühafizə
bölməsi hər iki rayonun bütün dövlət və
ticarət obyektlərini mühafizə edirdi. Bu vəzifə
zabit Əziz Paşayevin son xidmət yeri oldu - 1986-cı il iyunun 1-də mayor rütbəsində ehtiyata
buraxıldı. Daxili işlər orqanlarında uzun müddət
qüsursuz xidmətlərinə görə "Qüsursuz
xidmətlərinə görə" medalının hər 3
dərəcəsi ilə, "Sovet milisinin 50 illik"
medalı ilə təltif edilən mayor Əziz Paşayev
İkinci Dünya müharibəsi
iştirakçısıydı - arxa cəbhədə
işləmişdi. 1995-ci il mayın 1-də
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
"Müharibənin 50 illiyi" medalına da layiq
görülüb.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan
edilmədən başlayan müharibəyə səbəb
olmuşdu. Ehtiyatda olan mayor Əziz Paşayev də
döyüşlərdən kənarda qalmırdı. Özü də, oğlu Sabir də Birinci Qarabağ
müharibəsi iştirakçısı oldu. Milis leytenantı Sabir döyüş əməliyyatlarında
dəfələrlə qəhrəmanlıq göstərdi.
1993-cü il oktyabrın 26-da Cəbrayılın
Dərzili kəndində Ermənistan silahlı qüvvələrinin
Zəngilana hücumunun qarşısının
alınmasında qeyri-bərabər döyüşdə 7 nəfər
polis işçisi ilə birlikdə son anadək
döyüşdü, həlak oldu. O illərdə
bütün döyüşçülər Əziz kişi üçün Sabir idi. O illərdə
bütün şəhidlər Əziz kişiyə Sabir əvəzi
idi...
Əziz
Şükür oğlu 1987-ci il
noyabrın 17-dən 2004-cü il fevralın 2-dək Zəngilan
rayon Təbiətisevərlər cəmiyyətində məsul
katib, Zəngilan rayon partiya komitəsində təsərrüfat
müdiri, Zəngilan rayon Əhalinin Məşğulluq Mərkəzində
birinci dərəcəli hüquqşünas işləmişdi.
2003-cü il dekabrın 18-də 3-cü dərəcəli
dövlət qul-luqçusu ixtisas dərəcəsinə
layiq görülmüşdü. Bunlar bir ömrün ötən
illərə hesabatıydı bəlkə?..
Əmisi Teymur kişidən sonra nəslin ağsaqqalı Əziz kişi oldu. Sözü eşidilirdi, öyüdü dinlənilirdi. Dədə nəsihətiylə, aqil kəlamlarıyla nəsildə də sevilirdi, el-obada da. Bu sevgi dünənlərdən dikələn, bu günlərdə yaşanılan, sabahlar üçün yaşanılan sevgiydi. Ona görə səmimi sevgiydi, doğma sevgiydi...
Nəvələri Rəhman və Ceyhun 2000-ci ildə universitetə daxil olmuşdu. Bu sevinci böyük könül xoşluğuyla yaşayırdı Əziz kişi. Nəvələrinin uğuruna görə onlara ürək sözlərini yazmışdı, ziyafətdə onu oxumağı mənə tapşırmışdı. Bir qədər həyəcan, bir qədər kövrəklik, bir qədər məsuliyyət... Oxudum. Əziz Şükür oğlunun ziyalılığı, zəngin söz ehtiyatına malik olması hamının xoşuna gəldi. Rəhman da, Ceyhun da babalarının arzularını gerçəkləşdirdilər. Orxan da, Vasif də zabit kimi babalarının yolunun davamçılarıdır...
Kiçik oğlu Şükür mayor rütbəsində cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir.
Əziz Şükür oğlu 2017-ci il iyunun 15-də dünyadan köçdü...
Tanıdığın, sevdiyin adamların
yoxluğunu təəssüflə yaşayırsan. Bu təəssüf
təsəlliylə qoşa yaşanılır; xoş xatirələrdi
təsəlli, el-obanın yaddaşında qalanlardı təsəlli,
yaşadığı illərdə qalan xoş əməllərinin
işığıdı təsəlli. Təsəlli
övladlarının, nəvə-nəticələrinin
yaşantılarından boy göstərən milli-mənəvi
dəyərlərdi - ömür kəlməsinin bir yozumu da xalqa,
dövlətə, dövlətçiliyə sevgidi, bu sevgiyə
dönməz sədaqətdi. Əziz Şükür oğlu
belə ömür yaşadı...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.-
2023.- 31 yanvar.- S.14.