Qar aydınlığı

esse

 

 

Kimi dünyaya boş dedi, kimi fani. Kimi yalan, kimi ilan, kimi vəfasız, kimi etibarsız. Kimi gözəl, kimi eybəcər gördü dünyanı... Dünya isə heç kəsi eyninə almadı, fırlanıb dayandı hər kəsin önündə olduğu kimi. Döyənlər , öyənlər , sevənlər , sevməyənlər bir-bir çəkilib getdi dünyanın səhnəsindən, dünya özü isə qaldı...

  Yox, fikrim dünya haqqında moizə oxumaq deyil, moizəçi onsuz da qədər istəsən var. Sanki dünya bir kukladır, ya da maneken, qoyublar ortaya istədikləri kimi geyindirib keçindirirlər onu... Ya bir xörək düşünün, dəqiq resepti məlum olmayan, o zaman kimin əlində ərzaq varsa, gətirib atır qazana, nəticə özünəməxsus...

Dahi şəxsiyyətlər, yazıçı şairlər hüsnünü vəsf etdilər zaman-zaman, özləri getdi, söz yadigarları isə qaldı, lap elə dahi Şekspir söylədiyi kimi, "Dünya böyük bir teatr səhnəsidir, hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir..."

"Dərdi dünya olanın, dünya qədər dərdi olar" dedi Yunis Əmrə. "Bu dünya bir tələdir, yemi istəklər" söylədi Cəlaləddin rumi... Səməd Vurğun "Hər kiçik zərrənin öz aləmi var, dünya bir ahəngdə tutmuşdur qərar..." qərarına gəldi. Arximed yeri çiyninə qaldırmaq üçün dayaq nöqtəsi istədi, amma Molla Nəsrəddin qətiyyətlə bildirdi ki, mən hardayamsa, dünyanın mərkəzi oradır!.. Dahi Nəsimimiz isə son nəticədə dünya ilə döyüşün insanın məğlubiyyətinə hesablandığını etiraf etdi - "Dünya duracaq yer deyil, ey can, səfər eylə..."

Səssiz kaha kimi susqun, sirli-sehirli dünya... Əvvəl mehriban, sonra zalım, əvvəl gül-çiçəkli yaz, sonra soyuq qış... Yolunu gah dağdan salar, gah da arandan, təlim görməyən kəhər kimidir, istədiyi zaman səni yerə çırpa bilər. Ağzında bal kimi şirindir, udanda zəhər... Əlində ağappaq vərəqlə gələrsən, gün görmək eşqinə ağappaq xəyallar qurarsan, bəmbəyaz yollar cızarsan...

yol.., dünyanın yolunu Ay işığına görə təyin edərdilər. yol müqəddəsliyə gedən yol idi, bu yolu aparıb dolayardılar Kəbə evinin başına... Qumlu səhralar, göydən od kimi yağan isti qorxutmazdı insanları. Payi-piyada çıxardılar yola, qurda-quşa yem olmaqdan qorxar, oğrudan, əyridən ehtiyat edərdilər. Çünki yol özü yol idi, haqqa aparan yol idi...

Sonra qar yağdı dünyaya, lap elə qızmar səhranı da üşütdü, yolları bağladı, yollar yoxa çıxdı yavaş-yavaş... Göydə quş yolları, yerdə qurd yolları bağlandı. Quşlar da səmtini itirdi, qurdlar da, adamlar da. Yeni yollar peyda oldu, yeni yollar doğram-doğram elədi yer üzünü...

Nədənsə keçmiş gələcək indiki zamanı qabaqlayır həmişə. Adamlar dayandıqları "indi"dən ya həsrətlə keçmişə boylanır, ya da ümidlə gələcəyə baxır. Baxır, amma təsəvvürdən başqa heç görə bilmir...

O ili qış çox sərt gəlmişdi, evlərin, damların ətəklərindən uzun-uzun buz sallanırdı, işıq düşəndə büllur kimi bərq vurudu. Elə həvəslə qoparıb sorurduq ki.., o, dünyanın ən dadlı şirnisindən şirin idi bizim üçün... Bizm kəndə qar yağmışdı, özü dizəcən. Sevincimizdən çıxıb özümüzü qara bələmişdik, gecə gündüz kimiydi onda, işıqlı, elə ağappaq qar kimi, çünki qarın aydınlığı düşmüşdü dünyaya, dönüb olmuşdu düm ...

Kəndimizin yeganə lal fotoqrafı Seyfəli aparatını götürüb düşmüşdü kəndin canına. Evbəev, qapı-qapı gəzib bu ağlığı adamların simasında əbədiləşdirirdi... Amma onda adamlar özü rəngli olsa da, şəkilləri ağ-qara çıxırdı...

Mən eyvandan həyətə baxır, çılpaq nar ağaclarımızın qardan paltarına bu görkəmdə möhtəşəm görüntüsünə sevinirdim. Uşaqdım, indini görürdüm, sabahı mənim yerimə düşünənlər vardı hələ... Sonra anam gəldi, başımı sığalladı, sevincimə şərik oldu, sonra da ehtiyatla köksünü ötürüb sanki öz-özünə danışırmış kimi kədərlə: "Bu il nar ağaclarımızı şaxta vuracaq, hələ bundan sonra neçə il nar olmayacaq..." pıçıldadı... Axı, bu ağaclar bir çoxu kimi bizim "ağzımızın çörəyiydi..."

O qış çox sərt gəlmişdi, sərtliyi hər addımda hiss olunurdu. Qoyun-quzu yeməyə ot tapmır, toyuq-cücə hindən çıxmaq istəmirdi... Ac sərçələr səhərdən axşama qalın qar içində eşələnir, özünə yem axtarırdı... İtlər, pişiklər başlarını soxmağa bir isti yuva həsrətində idi. Yadımdadı, mənim zavallı pişiyim evdən çıxıb geri qayıtmağa yolu tapa bilməmişdi deyə şaxtadan donub ölmüşdü... Həmin qış bacasından tüstü çıxan evlər elə xoşbəxt görünürdü ki...

Bu ilqar yağdı, bir neçə günlük ağardı dünya, sevindi uşaqlar, qayğılandı böyüklər... Tanrının əmriylə tökülüb gələn qar qoşunları bir andaca bənd-bərəni bağladılar, bir neçə günlük hakimi-mütləq oldular. Amma maşın təkərlərinin və adamların ayaqları altında rəngini, formasını itirən qara bu dəfə yaman yazığım gəldi...

Hər gün insan üçün yeni bir həyatdır, təbiət hadisələri də, ilin fəsilləri də insan həyatında eynilə təkrarlanır. Bircə dünyanın tarazlığı pozulmasın, qəlblərə qar yağmasın, ürəklər üşüməsin...

Bir sabah

günəş qalxıb zikr edəcək torpağı,

yağış yağıb tozunu alacaq dünyanın,

sevgilər cücərib çıxacaq, sevindirəcək yolları...

 Hər kəs gözləyir, kimsə keçmişini, kimsə ürəyindəkini, bir başqası isə xəyallarını... Xəyal malikanənizi uçulmağa qoymayın...

 

Şahnaz ŞAHİN

525-ci qəzet.- 2023.- 31 yanvar.- S.12.