Sənədli filmlər rejissoru
Murad Quliyev dostumun oğludur. Onu uşaqlıqdan
tanıyıram. Rejissor olmaq
Muradın ən böyük arzusu idi. O, hələ yeddi-səkkizinci siniflərdə
oxuyarkən, atası Murad üçün
"Sony" markalı kiçik
bir videokamera almışdı. Kamerası
ilə məhəllə
uşaqlarını bir
yerə yığıb,
oynadıqları "dava-dava"nı lentə alırdı. Bu, onun
rejissor kimi balaca kameranın kiçik monitoru arxasından sənətə
baxdığı ilk kadrlar
idi. Getdikcə Murad bu arzusuna, bu istəyinə
daha çox bağlanır və arzular onu 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinə gətirib
çıxarır. Bəxtindən
tədrisdən bir müddət uzaqlaşan Eldar Quliyev - Azərbaycan Respublikasının
Xalq artisti, görkəmli rejissor həmin il
yeni kursun müəllimi kimi auditoriyaya daxil olur. Muradın dediyinə görə,
Eldar müəllim gözəl, səmimi insan olmaqla bərabər,
olduqca sərt və tələbkar bir müəllim idi. Böyük sənətkar heç
də hamıya "mənim tələbəm"
demirdi. Murad Quliyev isə
istər tələbə
vaxtı, istərsə
də sonralar, hörmətli rejissorumuzun
sevimli tələbəsi
olaraq qaldı. Əslində Murad ondan çox şey öyrənmişdi. Özü
də təkcə rejissorluq sənətinin sirlərini yox...
Murad ziyalı ailəsində dünyaya göz açıb. Sənətə, ədəbiyyata, həyata obrazlı baxmaq onun genetik yaddaşından gəlir. Muradın babası Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədli, atası filologiya elmləri doktoru, professor, tanınmış ədəbiyyatşünas Tərlan Quliyev, anası isə filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevadır. Bunları yazmaqda məqsədim odur ki, Murad özünü dərk edəndən həmişə ədəbi mühitlə, elmlə, sənətlə, ədəbiyyatla nəfəs alan bir ailədə böyüyüb. Bu da təbii ki, onun sənətə, ədəbiyyata münasibətini formalaşdırıb, onun estetik zövqünün inkişafında mühüm rol oynayıb. Elə bunun nəticəsidir ki, tələbəlik illərindən bu günə qədər işlədiyi "Azərbaycantelefilm" yaradıcılıq birliyində ona həmişə daha çox ədəbiyyatla, ədəbiyyat nümayəndələri ilə bağlı portret filmlər çəkməyi tapşırıblar. Murad isə bir rejissor kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyatlarını ekrana gətirərək onların həyatlarının ən mühüm məqamlarını bir daha tamaşaçılara təqdim edir. Bu filmlər məzmun baxımından çox dolğundur. Doğrudur, bu məqamda ssenarinin öz yeri, mövqeyi olsa da, Muradın bir rejissor kimi, ssenariləri ustalıqla ekranlaşdırması səriştə tələb edir. Murad həyata, sənətə, ədəbiyyata öz baxışı olan rejissordur. Özünə, sənətinə sadiqdir. Və onun bu xüsusiyyətləri həmişə hörmətlə qarşılanır. Muradın prinsipi isə sadədir: həyat həqiqətlərinə sadiq qalmaq. Murad müasir rejissor dünyasında, kino aləmində mövcud olan cərəyanları, onların müxtəlif çalarlarını və müasir Azərbaycan kinosuna, tələblərə yaxşı bələddir. Son zamanlar bu gənc rejissorun yaradıcılığında yeni bir istiqamət, yeni bir üslub hiss olunur. Və bu üslub onun bu vaxta qədər, yəni təqribən qırxa yaxın çəkdiyi flimlərdən, onlardan istər mövzu, mündəricə, istərsə də forma, üslub baxımından əsaslı şəkildə fərqlənir. Əgər onun portret filmlərində əsasən filmin qəhrəmanının keçdiyi həyat yolu, yaradıcılığının əsas məqamları ön plana çıxarılırdısa, son flimlərdə daha çox qəhrəmanların daxili dünyasına, onların mənəvi aləmlərinə nüfuz edilir. Bu məqam onun istər macəra janrında çəkdiyi filmlərdə, istərsə də maddi-mənəvi mövzuda çəkdiyi kinolentlərdə açıq-aşkar hiss olunur. Murad 2 avqust kino günü münasibəti ilə feysbuk səhifəsində paylaşdığı həm kino günü və həm də hesabat xarakterli yazısında deyir: "Bu kino ili mənim üçün də uğurlu oldu. Çəkdiyim filmlər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Yutubda minlərlə tamaşaçı filmləri bəyənib maraqlı rəy yazdı. İlin birinci filmi "Dönüş" filmi oldu. Film Bakıda yerləşən Şuşa musiqili dram teatrının işğaldan azad olunmuş Şuşaya qayıdışından bəhs edir. İkinci film "Qarabağ xalçaları" idi. Film vaxtilə Şuşadan Bərdəyə, Bərdədən də Bakıya qaçqın gəlmiş xalçalardan söhbət açır. Filmdə həmin xalçalar da Şuşaya yola düşməyə hazırlaşır. Üçüncü film "101, 102, 103" filmi idi. Düzü, ən çox xoşuma gələn filmdir. Film erməni terrorçularının Bərdəyə atdığı kassetli raket nəticəsində baş vermiş faciə zamanı öz vəzifə borclarını şərəflə yerinə yetirən, köməklərini əsirgəməyən polisin, yanğınsöndürənlərin və təcili tibbi yardım briqadalarının fəaliyyətinin çətinliyini tamaşaçılara çatdırır. Dördüncü film polisin bir günündən danışır. "Bir gün isti izlərlə" filmində süjet boyu olan hadisələr, elə isti izlərlə də açılır. Beşinci filmin adı "Adi qadın" idi. Filmi 8 mart Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına hədiyyə etmişdik. Altıncı film "Bir gün metroda". Belə adlanır. Filmin mahiyyəti bir çox insanın görə bilmədiyi həyatları və məkanları tamaşaçıya göstərmək idi. Yeddinci filmin janrı faciədir. "Gizli qalsın". Yenə də ermənilər... Film onların Kəlbəcərdə törətdikləri terror haqqındadır. Hansı ki, bu terrorda səkkiz azyaşlı körpə şəhid olub. Onları helikopterin pəri ilə doğrayıblar. Səkkizinci filmin çəkilişinə isə inşaallah bir azdan yola düşürük. Hələlik şərti adı "Ağalı" olacaq. Zəngilanın Ağalısı. Film yeni həyatdan, yeni quruculuqdan bəhs edəcək".
Muradın filmlərinin əsas qəhrəmanı insandır. Murad bütün filmlərini demək olar ki, insan, onun keçirdiyi hiss-həyəcan, mənəv-psixoloji dünyası üstündə qurur. Ona görə də Muradın filmləri tamaşaçı tərəfindən sevilir. Onun bir rejissor kimi üstünlüyü ondadır ki, qəhrəmanı hansı peşənin sahibi olur-olsun, daxili aləmini açır və peşənin romantikası-acısı-şirinliyini qəhrəmanının mənəvi dünyası ilə uzlaşdırmağı bacarır. Murad Quliyevin bir rejissor kimi uğuru məhz bundadır. Əslində Muradın yaradıcılığında bu istiqamət də yeni deyil. Qəhrəmanın mənəvi aləminə nüfuz etmək, onun daxili aləminin qatlarını açmaq Muradın hələ 2017-ci ildə çəkdiyi qısametrajlı "Gecə taksisi" adlı bədii filmində bütün potensialı ilə öz əksini tapır. Muradın bədii sənət istiqamətində ilk təcrübəsi olan bu film çox uğurlu alındı. Film "Nizami" kino evində nümayiş olunarkən Muradın müəllimi görkəmli kinorejissor Eldar Quliyev Muraddan bir tələbəsi kimi fəxrlə danışdı və Murada "mənim tələbəm" dedi.
Murad sənətini sevən gəncdir. Amma gənc olmasına baxmayaraq, artıq əllidən çox filmin müəllifidir. Bu filmlərin hamısını isə o, demək olar ki, "Azərbaycantelefilm" yaradıcılıq birliyində araya-ərsəyə gətirib. Bu filmlərin ekran işığına çıxmaları isə həmişə asan olmayıb. Hər filmin çəkiliş, montaj müddətləri iki, bəzən üç ay davam edir. Murad sənətini sevir və bu çətinliklər onu sevdiyi, seçdiyi sənətindən incik salmır, əksinə, hər filmi təhvil verdikdən sonra Murad öz peşəsinə daha möhkəm bağlanır. Mən də Murada uğurlar arzulayır və ondan yeni filmlər gözləyirəm.
Firudin QURBANSOY
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2023.- 31 yanvar.- S.12.