Güney Azərbaycan ədəbiyyatına böyük məhəbbət nümunəsi

 

XALQ YAZIÇISI ƏZİZƏ CƏFƏRZADƏ CƏFAKEŞ İNQİLABÇI ŞAİR MƏRZİYYƏ ƏHMƏDİ ÜSKÜLÜNÜN LAYİQİNCƏ TANIDILMASINDA MÜHÜM ROL OYNAYIB

 

Azərbaycanın Xalq yazıçısı, professor Əzizə Cəfərzadə gərgin ədəbi elmi yaradıcılığı ilə bərabər, xalqımızın sənətkar qadınlarının da həyatı yaradıcılığını tədqiq edib üzə çıxarmaq, onları ölkəmizdə bütün dünyada tanıtmaq sahəsində az görməmişdi. O, ilk dəfə olaraq 1974-cü ildə Cənubi Azərbaycanın aşıq şair qadınları  haqqında da məlumat verən, Azərbaycan qadınlığının bir növ poetik salnaməsi adlandırılan, daha çox ah-fəryad səsləri ucalan "Azərbaycanın aşıq şair qadınları" adlı antologiya üçün materialları toplayıb, tərtib edib onu "Gənclik" nəşriyyatında çap etdirmişdi.

Neçə-neçə Azərbaycan xanım şairinin çoxəsrlik fəaliyyətini, ilhamını, yanğısını, fəryadını əks etdirən bu antologiya ilə tanış olan macar alimi İ.Bako deyib: "Məni xüsusilə heyrətə salan budur ki, hər cəhətdən qadının kölə olduğu bir ölkədə zəmanədə bu qədər şair aşıq yetişmişdir".

Elə məsələ burasındadır. Görünür, ictimai-mənəvi təzyiq güclü olduqca, hüquqsuz, dərdini ürəyində boğan qadın, əsarətdən qurtulmaq, xilas olmaq arzularını məhz pünhani yazdığı şeirlərində ifadə edib.

"Azərbaycanın aşıq şair qadınları antologiyası"nın 1974-cü ildə 23000 tirajla çap edilən qısa müddətdə nadir nüsxəyə çevrilən birinci nəşrindən sonra 1991-ci ildə tələbata toplanan yeni materialların çoxluğuna görə cənublu neçə-neçə xanım şairlə birlikdə Mərziyyə Əhmədi Üskülünün həyat yaradıcılığı haqqında məlumatın, əsərlərindən parçaların yer aldığı (səh. 240-241) ikinci nəşri həyata keçirilib.

Bu nəşr haqqında Ə.Cəfərzadə yazırdı:

"Hər halda birinci nəşri görüb Azərbaycanda 40-a qədər aşıq şair qadının yaşayıb-yaratdığına heyrət edən Avropa münəqqidləri ikinci nəşrdə səksəndən çox aşıq şair qadının əsəri ilə tanış olub, daha da heyrətlənəcək. Halbuki tədqiqat göstərir ki, aşıq şair qadınlar Azərbaycanımızda yüzü keçmişdir".

Keşməkeşli həyatını, böyük vətənpərvərlik hisslərini şeirin diliylə əbədiləşdirmiş, qısa, lakin çoxmənalı ömrünün şeirə dönmüş qəlpələrini bizə yadigar qoyub getmiş fədai şair Mərziyyə Əhmədi Üskülü Dalğanın həyatı fəaliyyəti haqqına qısa məlumatın "Mən Günəşi sevirəm", "Dalğa", "Mən Dəmavənd" əsərlərinin (səh. 189-191) yer aldığı "Azərbaycanın aşıq şair qadınları antologiyası" (Bakı, "Gənclik", 1991) nəşri əsasında təkrar nəşr edilən "Azərbaycanın qadın şairləri antologiyası" bir daha 2005-ci ildə yenə Ə.Cəfərzadənin tərtibində "Avrasiya Press" nəşriyyatında çap edilib.

Bütün bunlar ədəbiyyat tarixinin böyük simalarına olan tükənməz məhəbbətdən, onların özlərinin əsərlərinin əbədiləşdirilməsinə olan qayğı ehtiyacdan, gələcək nəsillərə tanıdılması məqsədindən irəli gəlir.

Xalq yazıçısı Ə.Cəfərzadənin alovlu şair, istedadlı nasir, publisist, fədakar müəllim, yalnız Cənubi Azərbaycanda deyil, İranda, bir çox Şərq ölkələrində milli qurtuluş hərəkatının iradəli yolçusu, xalqımızın əfsanəvi igid qızı kimi tanınan Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti daha çox idi. O, cənublu xanım şairə doğma ana məhəbbəti bəsləyirdi. Onu "qızım", "gəlinim", "balam" adlandırırdı.

M.Ə.Üskülünü Azərbaycanın bu tayında tanıdan ikinci yazı olan "Səni kim unudar, Mərziyyə!" adlı məqaləsində Ə.Cəfərzadə yazırdı: "Şəklinə baxıram sadə bir qız, nəcib bir insan, ziyalı bir müəllim canlanır gözlərimdə. Səndə böyük istedad, böyük təpər varmış. Az ömründə gördüyün işlər hesablansa, kitaba sığmaz, Mərziyyə xanım! Amma mən sənə xanım da deyə bilmirəm, ana öz balasına xanım deyərmi? Sən mənim xalqımın istedadlı, gənc qəlbini el uğrunda şam kimi şölələndirən balasısan! Silaha sarıldın, atəş açdın o zərif əllərinlə, nifrət yağdırdın - gül yarpağı dodaqlarınla, zəmanənin zöhhaklarına qarşı üsyana çağırdın - qızlıq səsinlə!

Mərziyəcan! Sən dünyada iyirmi doqquz il yaşadın. Bu iyirmi doqquz ildə nələr etdin, nələr etmədin, gizli dərnəklərdə dünyanın ən mütərəqqi inqilabi nəzəriyyələrini öyrəndin öyrətdin, şeirlər yazdın, hekayələr yazdın, yaşıdlarının inqilabi mübarizə yolu haqqında böyük bir xatirat yazıb İranın fədai gənclərinin mübarizə yolunu işıqlandırdın. Bütün bunlar yaşının ölçüsünə sığmır, mənim balam!"

Ə.Cəfərzadə Mərziyyənin fədai, ər qeyrətli, kişi tinətli olması ilə fəxr edirdi. O, M.Üskülünün bu dəyanəti kimdən öyrəndiyini - Tomrisdənmi? Rüstəmədənmi? Zeynəb Paşadanmı? - bilmək istəyirdi. - Nigardımı, Həcərdimi anan? - deyə sual edirdi.

Ə.Cəfərzadə M.Ə.Üskülünün "savak"çılarla gərgin mübarizədə neçə-neçə şah nökərini öldürdükdən sonra amansızcasına güllələnməsinə ağı deyirdi. "Sən hələ nələr yazardın, nələr yarada bilərdin, lakin qoymadılar. Güllələdilər səni... Bu, adi atışmada atılan güllə deyildi. Səhər saat 10-da "Sübhün nazəndə çağında" amma elə o gün sənə dəyən güllələr səni İran xalqının mübarizə tarixinə yazdı, qanla yazdı, silinməz əbədi xətlə yazdı. Cəngavərlik səhifəsində sən Janna d`Arkın daha şöhrətli, mələk xislətli, tuti dilli, ər ürəkli igidim!"

"Mənim iyirmi doqquz yaşlı gəlinim, iyirmi doqquz yaşlı qızım. Qızım sağ olsaydı, səndən qədər böyük idi! Sən dünyaya gələn ili itirmişdim. Sənin məzarın üstündə  baş açmadım, ana olub ağlaya bilmədim, ağı, bayatı demədim. Sənin başına duvaq salıb gəlin köçürmək mənə nəsib olmadı. Bu gecikmiş ağım ("Səni kim unudar Mərziyyə!" məqaləsi - L.M.) sənin məzarına əklik olsun!"

Ə.Cəfərzadə qızı Səma Mərziyyəni erkən itirdiyi üçün qəlbində əkiz bala itirmiş ana hissi oyanmışdı.

"Elə bildim balalarım məktəb bitirməmiş, dünyanın heç bir ləzzətindən kam almamış, toysuz, böyük Allahın insana bəxş etdiyi ömrü yaşamamış həyatı tərk ediblər". Bu, bir ana fəryadı idi. Millətin M.Ə.Üskülü kimi bir fədakar şairi, nasiri, pedaqoqu itirməsindən qopan fəryad idi Xalq yazıçısının məqaləsi.

Ə.Cəfərzadə 1987-ci ildə qələmə aldığı "Yora bilməz yollar sizi..." (Cənubi Azərbaycanda yaşayan qadın şairlərin yaradıcılığı haqqında) adlı məqaləsində M.Ə.Üskülüyə, onun yaradıcılığına səmimi münasibətini bildirmişdi.

Cənubi Azərbaycan vətənpərvəri, adını tarixə qızıl qanı ilə həkk edən M.Ə.Üskülünün taleyindən "Mərziyyə" poemasında yanıqlı bir dillə, poetik ehtirasla söhbət açan Xalq şairi Bəxtiyar Vahabzadənin , "Hər kəs Günəşi sevsə" poemasında "Bu sədlərin, sərhədlərin üzərindən qanımı qaynadan qardaş duyğusu nağıldı, fərziyə!" söyləyən Xalq şairi Sabir Rüstəmxanlının da, Xalq yazıçısı Əzizə Cəfərzadənin fəryad dolu "Səni kim unudar, Mərziyyə!" məqaləsinin çapını təşkil edən, onun surətini çoxaltdırıb geniş oxucu kütləsi arasında yayan professor Abbas Zamanovun da xalqımızın igid qızı Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti sonsuzdur.

 

Lətifə MİRZƏYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

525-ci qəzet.- 2023.- 31 yanvar.- S.10.