Çaparaq notlar  

 

 

Faşizmi təbliğ edən nobelçi

Knut Hamsun Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır.

Bu adam açıq şəkildə faşizmi müdafiə edib. Mürtəce baxışları ilə fərqlənib. Hamsun yazırdı ki, sovet ayısının və Britaniya buldoqunun pəncəsindən xilas olmaq üçün Norveçin yeganə xilas yolu Hitlerlə müttəfiqlikdən keçir.

Yazıçı bütün ömrü boyu nasizmə sadiq qalıb.

İndi nə etməli?

Knut Hamsunun adı dünya ədəbiyyatı tarixindən çıxarılmalımı?

Ümumiyyətlə, yazıçı haqda necə, hansı yolla və nə cür qərar çıxarmaq olar?

P.S. Yeri gəlmişkən,  Knut Hamsun B

akıda da olmuş, bu barədə səyahət oçerki yazmışdır.

Yazıçının yaradıcılığında mühüm yer tutan bir sıra əsərləri dilimizə uğurla tərcümə edilib.

 

Rəhmətlik Kantı xatırladım

 

O, özünü rasionalistlərlə empiristlər arasında çıxılmaz vəziyyətdən çıxış yolunu göstərməyə çalışırdı.

Mən də hərdən bu fikrə gəlirəm ki, biz deyəsən, çox praqmatikik. O qədər praqmatik ki, nəinki Kant, hətta bütün materialistlər bizə qibtə edə bilər.

Biz yalnız təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə  mücərrəd təfəkkürdən uzağıq.

Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.

Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.

Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.

Mədəmiz haqda düşünürük, məsləkimiz haqda yox.

Qabırğamız haqda düşünürük, məramımız haqda yox.

Qulağımız haqda düşünürük, insafımız haqda yox.

Burnumuz haqda düşünürük, imanımız haqda yox.

Amma əslində hər şey bir azca başqa cür olmalıdır.

Yəni dediyim odur ki, bu "görünməyən" nəsnələri daha çox  görməyimiz lazım.

 

İnək əmən əsgərlər, qarı nənənin

şikayəti və Brejnevin gözlənilən

səfəri haqda maraqlı əhvalat

 

İndiki əsgəri xidmət barədə bir söz deyə bilmərəm, amma sovet dövründə hərbi borcu yerinə yetirən gənclərin başına gələn bəzi maraqlı hadisələr haqda arada öz qeydlərimi yazıb oxuculara təqdim edirəm.

Hərbi hissəmiz Uzaq Şərqdə, az qala Sakit okeana pərçimlənmiş mənzərəli bir yerdəydi. Yaxınlıqda kiçik, kasıbyana bir qəsəbə də vardı. Komandir heyətinin bəzi üzvləri zabitlər üçün tikilmiş mehmanxanada yaşasa da, bir çoxları qəsəbədə kirayənişin idi. Demək istədiyim odur ki, "gəlmə" hərbçilərlə yerli sakinlər arasında xoş münasibət vardı. Amma...

Uzaq Şərqin füsunkar təbiəti var. Xatırlayıram, yaz gəlmişdi. Qışla yazın "əlbəyaxa" davası gedirdi. Martın sonları, aprelin əvvəlləri idi. Günlərin bir günü batalyon komandirinin əmri ilə bütün heyət, zabitli-əsgərli sıraya düzüldü. Bir neçə gün idi ki, alayda ciddi quruculuq, təmizlik, yaşıllıq işləri aparılırdı. Səbəb də bu idi, həmin günlərdə SSRİ-nin Baş katibi Brejnev yoldaş Baykal-Amur magistralında tikinti işlərin gedişi ilə tanış olacaqdı. Məlumat üçün deyim ki, BAM-ın tikintisinə sovet dövləti indiki hesala 80 milyard dollar pul xərcləmişdi.

Bir qədər romantik, bir qədər kövrək, bir qədər də skleroz olan qocaman Baş katib bu səfəri zamanı  vaxtilə, gəncliyində qulluq etdiyi tank alayının heyəti ilə də yolüstü görüşəcəkdi. Elə biz də tankçı idik, amma deyəsən, dövlət rəhbərinin görüşü başqa hərbi hissədə olacaqdı...

Düzdür, BAM bizdən xeyli aralı idi. Amma ovaxtkı "generalitetin" əmri ilə əsgərlər gecə-gündüz Brejnevin gəlib keçəcəyi dəmir yolunun, stansiyaların keşiyini çəkirdilər...

Bəli, hamımız sıraya düzüldük. Ciddi (və zarafatcıl) batalyon komandiri ştabdan çıxıb iri, möhkəm, qəti addımlarla cərgəyə sarı irəliləyəndə hamı özünü yığışdırdı. Onun yanında yaşlı, ayaqlarını güclə sürüyən bir qadın da vardı. Komandir şəxsi heyətlə salamlaşdı və qarını yanına dəvət etdi. Qadın gəlib komandirin böyründə dayandı, daha doğrusu, büzüşdü.

Komandirin məlumatından belə məlum oldu ki, ötən gecə bu qarının həyətində ÇP (FH) baş verib. İki əsgər qarının tövləyə bağladığı inəyi əmiblər. Bəli, bəli, ürəklərindən süd içmək keçən, amma inək sağmağı bacarmayan əsgərlər iribuynuzlu heyvanın südünü əmiblər.

Diribaş qarı əsgərləri elə inəyin altındaca, yəni heyvanın əmcəkləri onların ağzında olarkən yaxalayıbmış. Əsgərlər qarının hənirini eşidib cəld aradan çıxmışdılar. Əlbəttə, həm xoşagəlməz, həm də bir az məzəli hadisə idi. Hamının üz-gözündən bir təbəssüm dalğası keçdi. Həmişə zarafatı sevən kombat isə bu gün möhkəm hirslənmişdi. Hər necə olursa olsun, qarının inəyini əmən əsgərlər tapılmalı idi.

Məsələ həm də burasındadır ki, o vaxt əsgərlər üçün babat yeməklər hazırlanırdı. Menyuda nələr yoxdu: balıq və mal ətindən tutmuş, ta yumurta və qatığa qədər hər şey verirdilər. Hə, çox şey verirdilər, təkcə təzə süddən başqa. Görünür, cavan əsgərlərin könlündən təzəcə sağılmış süd keçirmiş və onlar ələ düşən ilk imkandan istifadə etmək qərarına gəlibmişlər.

Bəli, vəziyyət ciddi idi. Üstəlik də, bu günlərdə ölkə rəhbərinin Uzaq Şərqə gəlişi gözlənilirdi. Və üstəlik, qarı nənə müharibə iştirakçısı olmuşdu. Allah bilir, bəlkə də bu veteran qarı bir zamanlar Brejnevlə bir alayda vuruşmuşdu. Onlar lap yaxın tanışlar da ola bilərdi. Sanki bu xoşagəlməz xəbər gedib şəxsən əziz Leonid İliçə çatacaqdı...

Bir neçə gün sonra Baş katib ovaxtkı müdafiə naziri Dmitri Ustinovun müşayəti ilə Primoryenin baş şəhəri Vladivostoka təşrif buyurdu. Onu gətirən qatar lap yaxınlığımızdan keçdi. Hətta, əsgər və zabitlərin çoxu pəncərə arxasından çölə sarı əl edən Leonid İliçi görüb çox xoşnud, xoşbəxt və sevincək olmuşdular...

İnəyi əmən əsgərləri isə çox tezliklə qonşu hissədə - "stroybat"da tapıb cəzalandırdılar...

Marksın "gizli" sevgisi

Engelsin dostuna və dostluqda böyük sədaqəti

Dahilərin, klassiklərin çoxu təkcə yazıb-yaratdıqları ilə deyil, həm də həyatları ilə maraqlıdır.

Karl Marks (Karl Henrix Marks) da həmin cərgədədir.

Ola bilsin, kimsə Marksın adını eşidib (oxuyub) dodaq büzsün... Bu, olan işdir. Belələrinin haqqı da var Marksa müəyyən "əmma" qoymağa... Marks özü polemikanı sevirdi...

Mən uzun illər aspirantlara və tələbələrə "Marksizm-leninizm fəlsəfəsinin əsasları"ndan dərs demişəm. Amma özümü nə marksist, nə də leninçi hesab etmişəm. Zatən o vaxtlar başqa bir fəlsəfə dərsliyi də mövcud deyildi. Əslində həmin predmet fəlsəfə tarixi hesab oluna bilərdi. Və yenə əslində, nə Marks filosof olub, nə də Lenin. Marks iqtisadçı, Lenin inqilabçı-hüquqşünas-sosioloq idi və özünü "jurnalist" hesab edirdi. Onların heç bir fəlsəfi nəzəriyyəsi olmayıb. Hətta, bəzi mühazirə saatlarında və çıxışlarımda bu konuda fikirlərimə, həmin "klassikləri" arada tənqid etdiyimə görə töhmətləndirilmişəm də... Zira onlar sovetlərdə canlı adamdan daha çox büt kimi təqdim edilirdi. Mən isə canlı, yaşarı Marksı təqdim etmək fikrində olmuşam. Həm də filosof kimi yox, iqtisadçı kimi...

Bu, bir başqa mövzu.

Bəli, həyatı maraq doğuran tarixi şəxsiyyətlərdən biri Karl Marksdır.

Mən bu kiçik qeydlərdə Marksın bütöv həyatı haqda deyil, sevgisi və məşuqəsi (sevgilisi) haqda müxtəsər danışmaq istəyirəm.

Karlın arvadı Jenni Marks ərindən dörd yaş böyük idi. Onların arasında odlu-alovlu eşq yaşanmışdır. Jenni advokat qızı idi, aristokrat (vəkil) ailədən çıxmışdı.

Valideynləri razı olmasalar da, gənclər tez ailə qurdular. Onda Karlın cəmi 18 yaşı vardı. Ona rənginin tutqunluğuna, qatran rəngli saç-saqqalına görə "Mavr" deyirdilər. O, gəncliyində şeir yazırdı, məşhur şair Henrix Hayne (Heyne) ilə uzaq qohum idi. Tezliklə gənc ailədə dörd uşaq dünyaya göz açdı. Onlardan biri -Foksik adlı oğlan uşağı dünyadan tez köçdü. Qızları - Jenni, Laura və Eleonora yaxşı tərbiyə aldılar, öz dövrlərinin məşhur simaları ilə ailə qurdular...

Bütün bunlar məlum.

Ailəsinə sədaqətli olan Marksın məşhur bir ifadəsi var: "Ə çelovek, i niçto çeloveçeskoe mne ne çujdo" ("Mən insanam, insana xas olan heç nə mənə yad deyil"). Bəli, Marks insan idi və insani səhvlərdən xali deyildi.

İstərdim ki, proletariatın dahi rəhbərinin bir "səhvi" haqda söhbət açım. Məsələ burasındadır ki, Marksın gizli sevgisi də vardı. Həm də məsələ orasında idi ki, Marksların evində gənc qulluqçu xanım qulluqçuluq edirdi. Bu, Yelena Demut adlı xanım idi. Evdə onu Lenxen deyə çağırırdılar. Əlbəttə, qulluqçu saxlamağa Marksın maddi imkanı yox idi. Kitablardan çox cüzi qonorar alırdı. Onun ailəsin qayğısını sadiq dostu Fridrix Engels çəkirdi. Çox güman ki, Engels olmasaydı, Marks bizə məlum Marks olmayacaqdı. Amma...

Tezliklə Marksla ev qulluqçusu arasında gizli bir eşq macərası yaşandı. Qadın hamilə oldu və dünyaya bir oğlan uşağı gətirdi. Marks çıxılmaz vəziyyətdə qalmışdı. Jenni ərindən şübhələnməyə, ona eyhamlı işarələr vurmağa başladı. Məsələdən agah olan Fridrix Engels dostunun köməyinə çatdı. O, Jennini inandıra bildi ki, uşağın atası Marks yox, o özüdür. Yəni Engelsdir. Jenni bir daha bu mövzuya qayıtmadı. Ailəni qorumağa çalışan bütün ağıllı qadınlar kimi, o, "Mavrın" üstünə gəlmədi. Sonralar həmin uşaq böyüdü. Və həyatının sonunacan Engelsi öz atası hesab etdi. Bu uşaq, sonralar fəhlə hərəkatının fəal üzvü olmuş Henri Frederik Lüis adlı inqilabçı idi. Nəhəng tekstil fabrikin sahibinin oğlu, sadiq dost Engels ömrünün sonunacan Marksın "gizli" sevgilisinə və uşağına qayğı göstərdi.

Bəzi tədqiqatçılar Engelsin həyatına kölgə salaraq onun Yelena ilə əlaqəsinin olduğunu iddia edirlər. Amma bu, səhv informasiyadır. Məsələ burasındadır ki, Engels Meri BöRns adlı-soyadlı xanımı sevmişdir. Meri 41 yaşında vəfat etmiş və bu, Engelsə çox təsir etmişdi. Bir müddət tənha qalan Engels sonralar Merinin bacısı Lizzi Börns ilə birgə yaşamağa başlamışdır.

Engels yalnız öz əcəlinə bir neçə saat qalmış, yəni ölüm yatağında sevgilisi Lizzi ilə evliliyini, nigahını rəsmiləşdirmişdir...

O ki qaldı Marksın gizli sevgilisi Yelena Demuta, o, uzun bir ömür yaşadı və öləndə Marksın qəbrinin böyründə dəfn olundu...

 

Firuz MUSTAFA

525-ci qəzet.- 2024.- 4 aprel, №58.- S.13.