"Xosrov və Şirin": Nizami Gəncəvidən
Qütb Xarəzmiyə
Şərq aləmində geniş yayılmış əfsanələrdən
biri də "Xosrov və Şirin"dir. Əfsanədə
Sasani hökmdarı II Xosrovla şahzadə Şirin
arasında olan məhəbbət macərasından bəhs
edilir. Bu mövzu görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin
də diqqətini cəlb edib. Şair 1180-ci ildə "Xəmsə"yə
daxil olan ikinci əsəri - "Xosrov və Şirin" məsnəvisini
Atabəy Məhəmməd Cahan Pəhləvanın
sifarişi ilə fars dilində yazıb. Qısa bir müddətdə
məşhurlaşan bu əsərin müxtəlif dövrlərə
aid əlyazmaları ayrı-ayrı kitabxana və muzeylərdə
mühafizə olunur. Şərq ədəbiyyatına
çox güclü təsir göstərən Nizaminin bu məsnəvisi
uzun əsrlər şairlərin diqqətində olub, onun təsiri
ilə dəfələrlə "Xosrov və Şirin"
mövzusuna müraciət edilib. Bu məşhur mövzuya
müraciət edənlərdən biri də Qütb Xarəzmidir.
Bu yaxınlarda "Əcəmi" nəşriyyatında
işıq üzü görən AMEA Naxçıvan
Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Əbülfəz Quliyevin tərtib etdiyi Qütb Xarəzminin
"Xosrov və Şirin" əsəri həm dilimiz və ədəbiyyatımız,
həm də nizamişünaslıq üçün olduqca əhəmiyyətlidir.
Əsərin elmi redaktoru, filologiya elmləri doktoru, professor
Nadir Məmmədli, rəyçisi filologiya üzrə fəlsəfə
doktoru, dosent Arif Ağalarovdur. Naxçıvan Muxtar
Respublikasının 100 illiyinə həsr olunmuş kitab AMEA
Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı
ilə nəşr olunub.
Kitabın tərtibçisi Ə.Quliyevin də qeyd
etdiyi kimi, Nizamidən sonra bu mövzuda fars və türk ədəbiyyatında
altmışa yaxın əsər meydana gəlib. Həm
Nizaminin farsca qələmə aldığı "Xosrov və
Şirin"inə nəzirələr yazılıb, həm də
o, ayrı-ayrı müəlliflər tərəfindən tərcümə
edilib. Bu tərcümələr içərisində ən qədimi
XIV əsrdə Qızıl Orda şairi Qütb Xarəzmi tərəfindən
Xarəzm türkcəsinə edilən tərcümə
nüsxəsidir.
Ə.Quliyevin Azərbaycanda indiyə qədər
çap olunmamış bu əsərə müraciət etməsi,
onu Azərbaycan oxucusuna təqdim etməsi həm dilçilik,
həm də ədəbiyyatşünaslıq sahəsinin tədqiqatçıları
üçün çox əhəmiyyətlidir. Əsər
həm Nizami Gəncəvi, həm Qütb Xarəzmi
yaradıcılığına böyük töhfədir.
Eyni zamanda orta əsrlərdə tərcümə sənəti
haqqında da burada müəyyən məlumatlar öz əksini
tapıb. Tərtibçi Ə.Quliyev əsərə geniş
ön söz yazıb. Burada Qütb Xarəzminin
yaşayıb-yaratdığı Qızıl Orda dövləti,
qıpçaq türklərinin bu dövlətin siyasi, sosial,
mədəni həyatında rolu, burada danışılan Xarəzm
türkcəsinin dil xüsusiyyətləri haqqında
geniş məlumat verilib. Yazılanlardan aydın olur ki, olduqca
böyük bir ərazini əhatə edən bu dövlətin
daxilində güclü bir mədəniyyət
formalaşıb. Bu da dil və ədəbiyyatın
inkişafına təkan verib. Bu dövrdə ortaya
çıxan "Xosrov və Şirin" kimi çoxlu sayda
əsər türk dilinin orijinallığını təsdiq
edən qiymətli mənbələrdir.
Qütbün bu əsəri 1341-ci ildə Qızıl
Orda şahzadəsi Teni bəyin xahişi ilə onun həyat
yoldaşı Məleykəyə ithaf olunub. Ona görə də
buraya həm Teni bəyi, həm də Məleykə xatunu mədh
edən müəyyən hissələr əlavə edilib.
Ə.Quliyev hökmdarın öz xanımına olan məhəbbətini
və ona ayrıca bir əsər ithaf etməsini türk
dünyasında qadına olan yüksək hörmətin ifadəsi
kimi dəyərləndirir.
Qütb Xarəzmi əsərdə Teni bəyi Xosrova bənzədərək
Xosrovun ölkəni idarə etməyi ondan öyrənməli
olduğunu qeyd edir. Əsər sərbəst tərcümə
olduğu üçün müəllif buraya müəyyən
dəyişikliklər, əlavə və ixtisarlar etmiş, əsas
mövzunu saxlamaqla tamamilə yaradıcı, orijinal bir əsər
ortaya qoymuşdur. Hətta Nizaminin "Xosrov və
Şirin"də özünə xitab etdiyi hissələrdə
də dəyişiklik edərək Qütb öz adını
qeyd edir:
Nizamidə:
Allah məni səsləyib dedi:
Ey Nizami, bu bütlərin fitnəsinə uyma.
Qütbdə isə:
Bu hayret kim tınğlandurdı dinni
İnayet ündedi Kutbı hazinni.
Uzun bir müddət türkologiyada bu əsərin nəzirə,
yaxud tərcümə olması barədə mübahisəli
fikirlər mövcud olub. Lakin aparılan son araşdırmalar
onun tərcümə olduğunu təsdiq edir.
Türk dövlətçilik tarixində mühüm
yer tutan Qızıl Orda dövlətinin dili türk dili idi. Bu
dil Xarəzm türkcəsindən ayrılmış
qıpçaq türkcəsi idi. Türk dillərinin qədim
mənzərəsini əks edirən bu dildə zəngin
arxaik dil ünsürləri mühafizə olunur. Qütbün
tərcüməsində "Xosrov və Şirin"də də
bu dil xüsusiyyətləri qabarıqdır. Onun tərcüməsi
kifayət qədər dəqiq, gözəl və xoşagləndir.
O, əsərin bədii xüsusiyyətlərini, forma gözəlliyini
qoruyub saxlaya bilmişdir. Əsərin dil xüsusiyyətlərindən
danışarkən araşdırmaçılar yazır:
"Bu abidənin çoxdan mövcud olmasına baxmayaraq, hər
dəfə onu oxuyanda Qütb dilinin gözəlliyi insanı
heyran edir. Əlbəttə, bu abidənin uzun müddət naməlum
qalması, ancaq əlyazması fondlarını zənginləşdirməsi
türkologiyanın inkişafı üçün
böyük itki idi".
Qütb Xarəzminin bu əsəri Nizami Gəncəvinin
"Xorsov və Şirin" əsərinin tərcüməsi
sahəsində ilk təcrübədir. Qütb əsərə
etdiyi əlavələrdə onu Nizamidən tərcümə
etməsinin izahını verərək deyir:
Kazan tig kaynap uş sevda bişürdüm,
Nizami balıdın halva bişürdüm.
Xanım atınga uşbu parsi tilni,
Çevürdüm tüzdüm uş nazm özre
kılnı.
Müəllif Nizaminin sənətkarlığını
çox yüksək qiymətləndirərək sözə
onun kimi sahib olmağın vacibliyini qeyd edir. O, yeri gəldikcə
əsərin bəzi hissələrində dəyişikliklər
edərək Nizaminin işlətdiyi yer adlarını və
digər onomastik vahidləri buraxıb, onu yerli şəraitə
uyğunlaşdırıb. Professor Əbülfəz Quliyev əsərin
əvvəlində qeyd edir ki, Qütb türk milli ruhunu
göstərən rəngli bir üslubla düşüncələrini
ifadə etməyə səy göstərib. Bununla
bağlı olaraq şair Nizami mətninə sanki bir tənqidçi
gözü ilə baxıb, Nizamidə bir anlayış
üçün istifadə edilmiş uzun-uzadı beytləri
qısaldıb, beləcə uzun deyil, konkret anlatma
formasını seçib. Həmçinin orijinaldakı atəşpərəstlərlə
bağlı qismi də buraxıb, tərcümə etməyib.
Bu tərcümə haqqında əldə olan məlumatlar
çox azdır. Qütb Xarəzmi burada yeri gəldikcə
özü haqqında da bəzi məlumatlar verir ki, bunlar
onunla bağlı yeganə mənbədir. O, taxt
savaşları zamanı Teni bəyin tərəfdarları ilə
birlikdə öldürülüb. "Xosrov və
Şirin"in bu tərcüməsinin əldə olan Bərkə
Fakih tərəfindən üzü
köçürülmüş tək nüsxəsi Paris
Milli Kitabxanasında saxlanılır. Bu əlyazma bir neçə
dəfə müxtəlif ölkələrdə, o cümlədən,
Türkiyədə nəşr olunmuşdur. Lakin bu nəşrlərdə
bir sıra qüsurlar özünü göstərir. Professor
Ə.Quliyev isə öz nəşrində həmin
qüsurların aradan qaldırılmasına
çalışıb.
Həm qıpçaq, həm də oğuz dillərinin
xüsusiyyətlərinin əks olunduğu Qütb Xarəzminin
"Xosrov və Şirin" əsərinin tərtibçi
AMEA-nın müxbir üzvü, professor Ə.Quliyevin əhatəli
ön sözü ilə oxuculara təqdim olunan bu nəşrində
əsərin əsas mətninin transkripsiyası verilib. Burada
türk dillərinin qədim xüsusiyyətləri, onlara məxsus
səs birləşmələri mühafizə olunub. Sonda isə
əsərdə işlənən köhnəlmiş sözlərin
lüğəti təqdim olunub. Burada arığ "təmiz",
ayt "de, söylə", başlığ
"başçı", çıngrağu
"zınqırov", kamuğ "hamı",
ıçğın "izn vermək", tanuk
"şahid", tiriglik "həyat, yaşam", uluğ
"böyük, ulu", yarlıka "əmr etmək, fərman
vermək" kimi arxaik sözlərin geniş izahı öz əksini
tapıb.
Qədim türk şeirinin inkişafında
mühüm rolu olan Qütb Xarəzminin "Xosrov və
Şirin" əsəri həm də XIV əsr türk
dilinin mənzərəsini əks etdirir. Əsərin dilində
müasir dilimizlə səsləşən məqamlar
çox olduğu üçün oxucular onu anlamaqda çətinlik
çəkmirlər. Buradakı bir çox dil faktları bu
gün də dilimizdə və digər türk dillərində
yaşamaqdadır. Bu isə dilimizin qədimliyini, zənginliyini
bir daha sübut edir. Əsər geniş oxucu kütləsi
üçün nəzərdə tutulsa da, burada dilçilərimiz,
xüsusən dil tarixi məsələləri ilə məşğul
olan mütəxəssislər üçün olduqca dəyərli
məlumatlar var. Professor Əbülfəz Quliyevin böyük
zəhməti hesabına oxucuya təqdim olunan bu əsər həm
də türk xalqları arasında əlaqələrin
inkişafına xidmət edir.
Nuray ƏLİYEVA
Filologiya elmləri doktoru, MEA Naxçıvan Bölməsinin
şöbə müdiri
525-ci qəzet.- 2024.- 4 aprel, №58.- S.11.