Müəllim hazırlığı - dövrün
aktual ictimai məsələsi
Dünya təcrübəsi göstərir ki, bilik və
bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə
edilir, burada da əsas və həlledici sima təhsilverəndir
- müəllimdir. Bəs qarşısına təhsilimizi
keyfiyyət göstəricilərinə, əhatəliliyinə
və rəqabət qabiliyyətliliyinə görə
dünyanın aparıcı təhsil sistemlərindən birinə
çevirmək vəzifəsi qoyulmuş müəllimlərin
hazırlıq və peşə-ixtisas səviyyəsi qənaətləndiricidirmi?
Yadımdadır, hələ 2010-cu ildə Təhsil
Şurasının sessiyasında təhsil müəssisələrində
işləyən müəllimlərin yarıdan çoxunun
peşə-ixtisas səviyyəsinin günün tələblərinə
cavab vermədiyi yüksək səviyyədə etiraf
edilmişdi.
Düzdür, bu gün məktəblərimizdə
yüksək peşə-ixtisas və ümumi mədəni səviyyəyə,
peşəkarlıq səriştəsinə malik,
ömrünün çoxunu evində yox, məktəbdə
keçirən, ürəyini uşaqlara verən minlərlə
fədakar müəllim işləyir. Ağır vəziyyətə
düşən təhsilimiz hələ ki onların
çiyinlərində durur. Amma bunların sayı yetərincə
deyil.
İndiyədək bir sıra işlər
görülsə də, müəllimlərin hazırlıq
səviyyəsinin yüksəldilməsi tam səmərəli
və qənaətləndirici nəticə verməyib. Ona
görə də təxirə salmadan yeni müəllim
hazırlığı və mövcud müəllim korpusunun
keyfiyyət tərkibini yüksəltmək üçün
elmi şəkildə əsaslandırılmış, peşəkarların
müzakirəsindən keçmiş, reallığa və
milli təhsil ənənələrinə
uyğunlaşdırılmış, müasir təhsilin
çağırışlarına uyğun fəaliyyət
planı hazırlanmalı və icrasına
başlanmalıdır. Çünki "müəllim
hazırlığı sistemindəki paradoksal vəziyyət"
aradan qaldırılmayınca, öz peşəsinə
yararlı, pedaqoji ustalığa və yeni pedaqoji təfəkkürə
sahiblənmiş gənc pedaqoqlar hazırlanmayınca,
mövcud müəllim korpusunun bilik, bacarıq və peşəkarlıq
qabiliyyətləri müasir tələblər səviyyəsinə
çatdırılmayınca, təhsilin keyfiyyət göstəricilərinin
Avropa standartlarına çatdırılmasını gözləmək
sadəlövhlük olar.
Pedaqoji peşəkarlığın əsası, onun
özülü ali və ya orta-ixtisas təhsil prosesində,
ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili
zamanı qoyulur.
Ona görə universitet və kolleclərdə müəllim
hazırlığı ciddi nəzarətə
götürülməlidir. Çox hallarda pedaqoji ali məktəblərə
daxil olan tələbələrin müəyyən qisminin
pedaqoji peşə seçmələrinin onların maraq və
motivlərindən, yaxşı müəllim olmaq arzusunun
reallaşdırılmasından irəli gəlmədiyi
özünü göstərir. Yaxşı olar ki, bu ixtisasa qəbul
zamanı akademik biliyi ölçən imtahanlarla
yanaşı, abituriyentlərin bu peşəyə münasibəti
və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin.
Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb
işə başlayanların da çoxunun peşə-ixtisas
səviyyəsi aşağı olur. Düzdür, pedaqoji tədqiqatlar
göstərir ki, universitet təhsilli gənc pedaqoji kadrlarda
elmi və pedaqoji bacarıqların tam formalaşması
başa çatmır, bu bacarıqlar, əsasən, 5-6 ilə
məktəblərdə - iş prosesində tam
formalaşır. Amma bəzən səviyyə o dərəcədə
aşağı olur ki, qeyd edilən bacarıqların
formalaşacağına ümid belə qalmır.
Bir məsələni xüsusi vurğulamaq istərdik.
Müəllim hazırlığı zamanı
çalışmaq lazımdır ki, gələcəyin
müəllimi özünün xalq və dövlət
qarşısındakı borcunu və məsuliyyət
daşıdığını aydın dərk etsin.
Universitetlər elmi biliklərin verilməsi ilə
yanaşı, gələcək kadrların pedaqoji
ustalığının və zəruri
kompetensiyalarının formalaşmasına, müasir təlim
metodlarının və pedaqoji innovasiyaların,
informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, kreativ
düşüncəni inkişaf etdirən və məktəblilərin
fərdi xüsusiyyətlərini nəzərə alan
müasir fəal - interaktiv təlim metodlarının öyrədilməsinə,
beynəlxalq və yerli təcrübələrin, müasir təhsil
çağırışlarının təbliğinə,
"Hafizə məktəbindən təfəkkür məktəbinə!"
keçidə hazır olan kadrların yetişdirilməsinə,
internaturaların təşkilinə ciddi əhəmiyyət
verməlidirlər.
Hazırda ölkə universitetlərinin xeyli qismində
(hələ kollecləri demirik) müəllim kadrları
hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Mövcud
pedaqoji kadrların sayı onlara olan real tələbatı 3-4
dəfə üstələyir. Əgər belə davam edərsə,
yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər
toplumu yaranacaq. Təklif edirik ki, müəllim
hazırlığı ADPU başda olmaqla potensialı olan bir
neçə universitetdə mərkəzləşdirilsin.
Müəllimlik ixtisasına yüksək keçid balı tətbiq
olunmalıdır. Plan doldurmaq xatirinə 150-250 balla müəllimlik
ixtisasına qəbul olanların gələcəkdə təhsilimizə
fayda verəcəyinə, yəqin ki, heç bu işin təşkilatçıları
da inanmırlar.
Mövcud müəllim korpusunun hazırlıq səviyyəsinin
yüksəldilməsi isə həm yüksək səviyyədə,
həm də yerli təhsil müəssisələri səviyyəsində
icra olunmalı və bir-birini tamamlamalıdır.
İxtisasartırma tədbirlərinin imkanlarından daha səmərəli
istifadə edilməlidir. Bizcə, belə tədbirlər
ARTİ-da, digər elmi potensialı olan universitetlərdə,
kolleclərdə, elmi mərkəzlərdə,
tanınmış və qabaqcıl ümumtəhsil məktəblərində
fəal iş prosesində təşkil edilsə, daha effektli
olardı. Burada müəllimlərin ali məktəblərdə
öyrəndiklərinin təkrarından, nəzəriyyəbazlıqdan,
səmərəsiz slaydların və sxemlərin
nümayişindən, yersiz terminlərin əzbərlədilməsindən,
milli təhsil ənənələrini nəzərə almadan
xarici təcrübənin tətbiqinə təkiddən daha
çox, praktik işlərə, pedaqoji ustalığın
inkişafına, ixtisas səviyyəsinin yüksəldilməsinə
üstünluk verilməli və bu işlər müdavimlərin
sifariş, maraq, təklif və ehtiyaclarına
uyğunlaşdırılmalıdır.
Keçmiş RTŞ-nin nəzdində fəaliyyət
göstərən, lakin RTİ-ı yarananda ləğv edilən
metodik kabinetlərin fəaliyyəti ən azı ictimai əsaslarla
davam etdirilməlidir. RTİ-də formalaşdırılan
TDM-lər bu kabinetlərə rəhbərlik və köməklik
göstərməlidir.
Müəllimlərin peşə-ixtisas səviyyəsinin
yüksəldilməsi işlərinin müxtəlif
"lisenziyalı" kurslara, onların təlimçilərinə,
qeyri-hökumət təşkilatlarına, qeyri-peşəkarlara
həvalə edilməsi düzgün deyil. Rayonlarda "təşkil
olunan" səmərəsiz təlimləri (proyektor
tamaşalarını), o cümlədən, başaldadan, nəzarətsiz
onlayn təlimləri yığışdırmaq
lazımdır. Dövlət üçün strateji sahə
olan təhsildə yüksək nüfuzlu təhsilverənlərin
formalaşdırılması ilə dövlət təşkilatları
özləri məşğul olmalıdırlar.
Təklif edirik ki, ümumtəhsil məktəblərində
pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin
artırılması üzrə özünü
doğrultmuş modellərin, innovativ təlim metodlarının
və müvafiq resursların tətbiqini təşkil etmək,
fənn metod birləşmələrinin fəaliyyətini tənzimləmək,
yeni təlim texnologiyalarını təbliğ etmək,
qabaqcıl yerli və beynəlxalq iş təcrübələrini
yaymaq, pedaqoji işçilərin peşə-ixtisas səviyyələrinin
monitorinqini aparmaq və sair üçün də metodiki
şuraların fəaliyyəti canlandırılsın. Burada
metodiki işin kollektiv formasına aid edilən konfrans,
işgüzar müşavirə və konsilumlar, treninqlər,
bulleten və jurnalların buraxılması, problemlər
üzrə qrupların təşkili, mühazirələr,
pilot məktəbləri ilə tanışlıq, innovativ təlim
metodları ilə işləyən müəllimlərin
iş təcrübələrinin öyrənilərək
yayılması, polemikalar, proqram və layihələrin
hazırlanması, radio və televiziya verilişlərinin izlənilməsi;
fərdi işə aid edilən özünütəhsil,
ixtisasartırma, fərdi konsultasiya, mətbuata abunə, dərslərə
qarşılıqlı gediş və təcrübə
mübadiləsi, ədəbiyyatlar üzərində müstəqil
iş, şəxsi hesabat hazırlamaq, məktəb rəhbərlərinin
təklif və tövsiyələri kimi iş formalarından
səmərəli istifadə olunmalıdır. Metodiki
şuraya zəngin iş təcrübəsinə malik olan
müəllimlər seçilməli və onların əməyinin
stimullaşdırılması nəzərdə
tutulmalıdır. Bu işlərə fənlər üzrə
metodbirləşmələr də cəlb edilməlidir.
Müəllim hazırlığı ilə məşğul
olanlar unutmalı deyillər ki, müəllimlik yaradıcı
işdir. Yaradıcılıq müəllimdən
bütöv pedaqoji prosesi müşahidə və təhlil
etməyi, onun qanunauyğunluqlarını nəzərə
almağı, pedaqoji problemlərin optimal həlli
yollarını müəyyən etməyi nəzərdə
tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş
edir. O, hazır göstərişlərlə, reseptlərlə
işləyə bilməz. Zəruri kompetensiyalar, müasir təlim
metodları və pedaqoji innovasiyalar, informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan, kreativ düşüncəni
inkişaf etdirən müasir fəal - interaktiv təlim
formaları və üsulları və s. barədə ona ancaq
təklif və tövsiyələr edilə bilər.
Hər bir müəllim zamandan geri qalmamalı,
müstəqil olaraq da özünün peşə-ixtisas və
ümumi-mədəni səviyyəsinin yüksəldilməsinin
qayğısına qalmalıdır. Məşhur pedaqoq
K.Uşunski yazırdı: "Müəllim nə qədər
ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı
dayandırdıqda ondakı müəllimlik ölür".
Üzərinə çox böyuk məsuliyyət,
qarşısına çox mühüm strateji hədəflərin
gerçəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin
nüfuzu və ictimai rolu da hər vasitə ilə
qorunmalıdır. Təəssüf ki, indi müəllim
nüfuzuna ciddi zərbə vurulub, müəllimə olan ənənəvi
hörmət aşınmaya məruz qalıb. Bu mənada
Kolumbiya Universitetinin professoru olmuş Jak Barze haqlı olaraq
deyib: "Müəllimlik itirilmiş sənət deyil, lakin
müəllimə hörmət itirilmiş ənənədir".
Bu, çox təhlükəli haldır. Unutmayaq ki, "Bir
milləti məhv etmək üçün onun təhsilini və
müəllimini gözdən salmaq kifayətdir"
(A.Çexov). Albert Eynşteyn isə deyirdi: "Müəllimə
qarşı laqeyd olmaq ölkənin intiharı deməkdir".
Ona görə də məktəbə, müəllim
nüfuzuna xələl gətirən söz-söhbətlərə
son qoymaq lazımdır. Məktəbə, müəllimə
yerli-yersiz hücumlar dayandırılmalı, onların
nüfuzunun qaldırılması üçün
bütün səylər birləşdirilməlidir. Məktəb
və müəllimlərlə bağlı neqativ halların
qabardılması yolverilməzdir:
Müəllim nüfuzunu qorumaq və yüksəltmək
istəyənlər Ulu öndərimiz Heydər Əliyevi
nümunə götürə bilərlər. O deyirdi:
"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən,
təhsil səviyyəmizdən asılı olmayaraq,
bütün nailiyyətimizə görə məktəbə,
müəllimə borcluyuq..."
Onu da qeyd etməyi vacib sayırıq ki, müəllimin
nüfuzunun yüksəldilməsi onun özündən
birbaşa asılıdır. Ş.Aslanın
yazdığı kimi, "Müəllimlərin şəxsi
xüsusiyyətləri peşənin sosial statusuna təsir edən
ciddi amildir. Müəllim uşaqları sevən, onlarla
ünsiyyət qura bilən, hər bir təhsilalana fərdi
yanaşa bilən, onlarla dostluq etməyi bacan, eyni zamanda
uşaqların psixologiyasından anlayan biri olmalıdır.
Eyni zamanda, tədris etdiyi fənnin elmini yaxşı bilməli,
sahəyə dair yenilikləri izləməli, tədqiqatlarını
geniş tutmalıdır. Müəllim yalnız orta məktəbin
tədris proqramında nəzərdə tutulanlarla kifayətlənməməlidir.
Müəllim, biliyi, düşüncəsi və peşəsində
usta olması baxımından şagirdləri
üçün nümunə olmağı bacarmalıdır.
Zamandan geri qalmayan, dərin bilik, mədənilik, mənəviyyat
nümunəsi olan müəllimin nüfuzu da yüksək
olur. Yersiz hərəkət, ədalətsiz münasibət,
ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər".
Bizcə, məktəblərdə peşə-ixtisas səviyyəsi
aşağı olan, öz üzərində işləməyən,
yuxarıda da dediyimiz kimi, "başgirləyən",
haqqında şagird, müəllim və valideynlər
arasında mənfi rəy formalaşmış, fədakar
müəllim adına ləkə gətirən "müəllimlərdən"
sertifikasiya yolu xilas olmaq ən ədalətli yoldur. Belə
"Biliksiz müəllimlər susuz bulağa,
işıqsız lampaya bənzərlər". (Y.A.Komenski).
Müəllimlərin nüfuzunun yüksəldilməsi
və sosial müdafiəsinin gücləndirilməsi
üçün ayrıca dövlət proqramının qəbul
edilməsi və onların dövlət qulluğunun xüsusi
kateqoriyasına aid edilməsi nüfuzu aşağı
düşməkdə olan təhsilverənlərin statusunun və
nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin
gücləndirilməsində həlledici rol oynaya bilər.
Bu, həm fəaliyyət göstərən müəllimlərin
əməyini güclü şəkildə
stimullaşdırar, həm "müəllim peşəsinin
çətin və ağır olması ilə yanaşı,
az maaşlı olması" düşüncəsinə,
"müəllimlik qadın peşəsidir" stereotipinə
son qoyar və müəllim peşəsinin nüfuzunu yüksəldər,
həm də savadlı, istedadlı və müasir
düşüncəli gənclərin məktəblərə
müəllim kimi gəlişini təşviq etmiş olar.
Üzərinə çox böyük məsuliyyət,
qarşısına çox mühüm strateji hədəflərin
gerçəkləşdirilməsi tələbi qoyulan müəllimlər
ekvivalent olaraq dövlətin və cəmiyyətin
qayğısı ilə əhatə olunmalıdırlar. Daha
doğrusu, müəllimlərə göstərilən diqqət
və qayğı daha da artırılmalıdır. Yeni
qaydalara görə, bir qrup müəllim və məktəb rəhbərinin
əmək haqqında yaranmış artım minnət
qoyulmuşcasına başa qaxılmamalıdır. Unutmayaq ki,
müəllimlərin yetişdirdiyi deputatların,
prokurorların, polis işçilərinin və digər bir
çoxlarının əmək haqqı müəllimlərin
əmək haqqından dəfələrlə çoxdur.
Yadıma böyük Atatürklə bağlı bir söhbət
düşdü. Ondan deputatların əmək
haqlarının nə qədər artırılmasını
soruşanda deyibmiş: "Elə edin ki, öyrətmən
(müəllim) maaşını keçməsin". Ulu
öndərimiz H.Əliyev də deyirdi: "...Hesab edirəm
ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib
təhsilə xərcləməli, gənc nəslin təhsilinə,
müəllimə kömək etməlidir..."
Çalışmaq lazımdır ki, müəllimlərin
ehtiyacdan doğan maddi-məişət qayğıları
peşə-ixtisas və ümumi mədəni səviyyələrini
yüksəltmək qayğısını üstələməsin.
AXC-nin maarif və dini etiqad naziri
N.Yusifbəyli parlamentdə etdiyi
çıxışların birində demişdi: "Müəllimlərin
maaşını nə qədər artırsanız, yəqin
ediniz ki, bundan bir şey itirməyəcəksiniz,
çünki bizim varlığımız və gələcəyimiz
ancaq müəllimlərin əlindədir. Müəllim nə
qədər ac olsa, nə qədər gözü ətrafda və
özgə əlində olsa, əlbət ki, o müəllim
bir şey verə bilməz və o məktəbdən bir
şey çıxmaz".
Birdəfəlik bilməliyik ki, müəllimin
hazırlıq səviyyəsi və işinin səmərəsi
daha çox bu diqqət və qayğıdan
asılıdır. Belə bir qayğı isə müəllimin
halal haqqıdır. Çünki o, cəmiyyətin memarı
və təhsil sistemində əsas sima - həlledici şəxsdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Azərbaycan müəllimlərinin XVI
qurultayının iştirakçılarına
ünvanladığı təbrik məktubunda dediyi kimi, "...fədakar
müəllimlərimiz gənc nəslə bundan sonra da
mükəmməl bilik verməklə yanaşı, onların
milli-mənəvi dəyərlərə bağlılıq və
azərbaycançılıq məfkurəsi ruhunda
böyümələri üçün var qüvvə ilə
çalışacaqlar".
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 4 aprel, №58.- S.10;11.