Zirvələri fəth edən sənətkar
Tofiq İsmayılov-85
Kino Azərbaycan bədii mədəniyyətinin tərkib
hissəsidir. Neçə-neçə onilliklər sovet
ideologiyasının təsiri altında olsa da, kinomuz milli-mənəvi
taleyimizin, xalq həyatının canlı aynası olaraq diqqətəlayiq
bədii-fəlsəfi uğurlar qazanıb. Çağdaş
Azərbaycan kinosunun nailiyyətlər qazanmasında
kinorejissorlarımızın misilsiz rolu olub. Taleyini,
yaradıcılıq ilhamını, istedadını fanatik bir
vurğunluq, inam və inadla kino sənətimizin dirçəlişinə
həsr etmiş belə kinorejissorlarımızdan biri də mənim
atam - professor, Azərbaycanın Xalq Artisti Tofiq
İsmayılovdur.
Tofiq Hüseyn oğlu İsmayılov - Azərbaycan
kinorejissoru, kinodramaturqu, nasiri 6 aprel 1939-cu ildə Bakı
şəhərində anadan olub. 190 saylı orta məktəbi
bitirdikdən sonra o, 1958-1962-ci illərdə M.A.Əliyev
adına Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq
fakültəsində, 1962-1968-ci illərdə rejissorluq
fakültəsində təhsil alıb. Rejissorluq fakültəsində
təhsilini davam etdirməklə Teleradio Verilişləri Komitəsində
rejissor köməkçisi, rejissor kimi
çalışıb. Ötən əsrin 60-cı illərindən
Azərbaycan Radiosunun uşaq verilişləri şöbəsinin
rejissoru Tofiq İsmayilovun yazıçı Anarla birgə
hazırladığı, yaddaşlarda qalan "Qu-qu-quqqulu, mən
xoruzdan cubbulu" və mahnısı görkəmli aktyor
H.Sadıqovun aparıcılığı ilə efirə
çıxan "Xoruz" verilişləri təkcə
uşaqlar tərəfindən deyil, hətta yaşlı nəsil
tərəfindən də sevilirdi. Mirzə Cəlil Məmmədquluzadənin
"Ölülər", "Dəli
yığıncağı", "Danabaş kəndinin məktəbi"
pyesləri əsasında "Ölülər", "Dəlilər",
"Dirilər" adlı üçhissəli radiotamaşa
Tofiq İsmayılovun dostu yazıçı Anarla
yaratdığı fundamental işi olub. O, 18 səkkiz il ərzində
AzTV-nin efirində gedən "Danışan şəkillər
şəhərciyi" verilişinin müəllif və
aparıcı oldu, "Kino yenilikləri" verilişi ilə
tamaşaçıları ekran sənətindəki yeniliklərlə
tanış edərək maarifçilik missiyasını yerinə
yetirdi. T.İsmayılov 1968-1970-ci illərdə kinorejissor
ixtisasına kamil yiyələnmək üçün Moskvada
ikiillik Ali rejissorluq və ssenaristlər kusrlarında
Tarkovskinin sinfində təhsilini davam etdirib.
İlk dəfə F.Qarayevin musiqisi əsasında
çəkdiyi "Şəhərimin daşları"
filmi ilə uğur qazanan ekran rejissoru kimi özünü təsdiqləyib.
Ali rejissorluq kursunu bitirərkən diplom işi Ənvər Məmmədxanlının
"Ananın çırağı" hekayəsi əsasında
çəkdiyi "İntizar" qısametrajlı filmi olub.
Bu film o dövrdə Mərkəzi Televiziyada ümumittifaq
miqyasında göstərilən ilk ekran əsəri idi. Mehdi
Hüseynin "Abşeron" romanı əsasında çəkdiyi
üçseriyalı "Vulkana doğru gedirəm" filmi
isə çoxseriyalı filmlərimizin banisidir.
Həyatımda dərin və mənalı izlər
qoyan, hər zaman zirvələrdə olan, həyatı boyu dəyişməyən,
millətini və vətənini
sevən, mənim üçün örnək olan ata
haqqında yazmaq çox çətindir. Burada əsas məsələ
özünə körpəlikdən ideal saydığın
bir insan barəsində mülahizələrində aludəçiliyə,
subyektivliyə yol verməməkdir.
Rejissor Tofiq İsmayılov təkcə istedadlı və
əməksevər yox, həm də olduqca iradəli adam idi.
İlk filmindən təxminən 50 illik rejissor
yaradıcılığı dövründə çəkdiyi
25 tam, 6 qisametrajlı, onlarla sənədli film və digər
telefilmlərilə kino sənətimizə əvəzsiz
töhfələr verib. Bu əsərlər Tofiq İsmayılovun rejissor taleyinin mənəvi
zirvələri idi. Onun bu bədii zirvələri fəth etməsində
rejissor fərdiyyətinin orijinal sənətkar şəxsiyətinin
təşəkkülündə görkəmli sənət
karifeyləri Ə.İsgəndərovun, A.Rayzmanın, A.Tarkovkinin,
S.Bondarçukun böyük rolu olub. Atam hər zaman sənət
müəllimlərini qədirşünaslıqla yad edərdi.
O deyərdi ki, keçmişi gələcəklə
birləşdirməyən sənətin ömrü çox
qısa olar. Fəqət T.İsmayılovun keçmişə
münasibəti də özünəməxsus səciyyə
daşıyırdı. O, keçmişə arxiv, yaxud muzey əşyası
kimi baxmır, rejissor nüfuzunu tarixin dərin, mənalı və
ibrətli qatlarına yönəldərək, onu kinonun
mövcud imkanları ilə müasirlik müstəvisinə
çıxarmağa nail olurdu. Tarixiliklə müasirliyin bədii-fəlsəfi
vəhdəti, T.İsmayılov sənətinin başlıca
estetik xüsusiyyətidir.
Bütün atalar övlad üçün doğma və
əzizdir. Məni atama doğmalaşdıran bir orijinal fakt da
var: biz ikimizdə eyni ayda, bir gün araynan anadan olmuşuq -
atam aprelin 6-sı, mən isə aprelin 4-ü.
Uşaqlıqdan çox sevərdim bizim ad günlərimizi.
Bu, bir təsadüf olsa da, mənim üçün atama
bağlılıq baxımından
psixoloji əhəmiyyət kəsb edirdi. Uşaq
vaxtı ən maraqlı əyləncəm sərt və dəmir
iradəyə malik rejissor atamı iş prosesində, çəkiliş
meydançasında, projektorların işığı
altında, onun o gözəl və iradəli səsi ilə
"Hazır! Motor!" film taxtasının müşayiətində
izləmək idi. Ondan - atamdan böyük zövq alıb
qürur duyurdum. Özümü çox şanslı
sayıram ki, Tofiq İsmayılovun qızıyam. Atam məni
və mənim iki bacımı da kino lentinə əbədi
olaraq həkk etdi - bir neçə filmlərində baş
rolları ifa etdik.
T.İsmayılov 15 ildən artıq Türkiyədə
fəaliyyət göstərdi. Memar Sinan Universitetinin Sinema
televiziya fakültəsində professor vəzifəsində
çalışdı. Sabit və ciddi şəxsiyyəti,
böyük sənətkar istedadı sayəsində o,
Türkiyənin mədəni həyatında əhəmiyyətli
nüfuz qazandı. Ötən 15 il ərzində Türkiyə
və Azərbaycan mədəni münasibətlərinin təşkili
və intensiv inkişafında kinorejissor T.İsmayılovun əvəzsiz
xidmətləri var. Türkiyədə Memar Sinan Universitetində
pedaqoji fəaliyyətlə məşğul olmaqla, TRT
kanalında çalışmaqla İstanbul Böyük Şəhər
Bələdiyyəsinin mədəniyyət bölməsində
sədrin müşaviri vəzifəsində fəaliyyət
göstərən Tofiq İsmayılov qardaş ölkədə
Türk dünyasının kinofestivallarının, ədəbiyyat,
opera, teatr günlərinin təşkilatçısı idi.
"Türk dünyası ulduzları" silsiləsindən
Üzeyir Hacıbəyli, Qara Qarayev, Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Adil İskəndərov, Anar, Çingiz Aytmatov və
digər ədəbiyyat, mədəniyyət, incəsənət
xadimlərinin günlərinin təşəbbüskarı və
təşkilatçısı oldu. Türkiyə mətbuatında
əlliyə yaxın elmi-publisistik məqalə dərc
etdirdi, 18 seriyalı "Affet bizi, hocam" serialında
çəkildi, qırğız yazıçısı
Çingiz Aytmatovun "Gün var əsrə bərabər",
qazax yazıçısı Muxtar Şaxanovun "Çingiz
xanın sirri" romanlarını İstanbul Bələdiyyə
Teatrının sifarişi ilə səhnələşdirdi.
Professor Tofiq İsmayılovun həyatının İstanbul
dövrünün ən böyük uğuru isə onun
üçcildlik "Türk cümhuriyyətləri sinema
tarixi" fundamental əsəri oldu. T.İsmayılovun kino
haqqındakı trilogiyası XX əsrdə türk
xalqlarnın mədəni birliyi haqqında yazılmış
fundamental əsərlərdəndir. Üç cilddən ibarət
araşdıramalar göstərir ki, bədii təcəssüm
baxımından türk
xalqlarının kino sənəti ruhən bir-birinə nə
qədər yaxın və doğmadır.
Tofiq İsmayılovun yaradıcılığı
çoxşaxəlidir.Yeri gəlmişkən, qeyd etmək
istərdim, keçmiş SSRİ Yazıçılar
İttifaqının üzvü olan T.İsmayılov həm də
səmərəli bədii yaradıcılıqla məşğul
olub. Əbədi yaradıcılığa ötən əsrin
altmışıncı illərində başlayan
T.İsmayılov ilk bədii əsəri olan "Ag dəsmal"
hekayəsini 1962-ci ildə qələmə alıb. Sonralar
onun "Qonşular" (1978), "Şəkil teatr"
(1978), "Sevincin yuxusu" (1979), "Şəkil kino"
(1983), "Diş ağrısı" (1986) kitabları
işıq üzü görüb. O, uşaqlar
üçün yazılmış nağıl və hekayələrdən
ibarət 5 kitabın, bir çox ssenarilərin müəllifidir.
T.İsmayılov gözəl ailə
başçısı, üç qız övladın
sevimli atası, qayğıkeş həyat yoldaşı,
beş oğul və bir qız nəvənin əziz
babasıdır. Ailə onun mənəvi dayağı, ruhunun
tükənməz mənbəyi idi.
Bütün bunlarla bərabər, o, öz sənətinin
vurğunu olan peşəkar kinorejissordur. T.İsmayılov Azərbaycan
kino sənətində özünəməxsus yer tutan
"Ananın çırağı" (1970), "Oxuyur
Müslüm Maqomayev" (1971), "Gilas ağacı"
(1972), "Bizim məhəllənin oğlanları" (1973),
üçseriyalı "Vulkana doğru gedirəm"
(1976-1977), "Mən mahnı qoşuram" (1978),
"Əzablı yollarla" (1982), ikiseriyalı "Fövqəladə
vəziyyət" (1985), "Yay günlərinin xəzan
yarpağı" (1987), "Sürəyya" (1989) kimi filmlərin
müəllifidir. Sənədli və elmi kütləvi filmlərin
sahəsində də öz peşəkar üslubunu davam etdirən
Tofiq İsmayılov ölməz rəqqasə Əminə
Dilbazi barədəki "Prima"(1993) filminin, böyük bəstəkarımız
Tofiq Quliyev barədə Eldar Quliyevlə birgə "Nəğməli
ömür" (Özün və zaman haqqında 1992) ,
"Sənətkarlarımızın portreti" silsiləsindən
Gülxar Həsənova haqqında "Son tamaşa"
(1990), Xəyyam Mirzəzadə haqqında "Maestro" kimi
sənədli filmlər ərsəyə gətirib. Mövlanə
Cəlaləddin Ruminin 800 illiyi şərəfinə
YUNESKO-nun keçirdiyi yubiley ərəfəsində Tofiq
İsmayılovun çəkdiyi "Gəl" filmində
(ssenari müəllifi Rafael Hüseynov) şairin həyatı
və məişəti türk xalqlarının etnoqrafik
xüsusiyyətləri və sufilik ideologiyası təzahürünü
tapıb.
T.İsmayılov həm də görkəmli pedaqoq,
ciddi nailiyyətlər əldə etmiş professordur. O, 1971-ci
ildən Mirzəağa Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunda müəllim kimi
çalışmağa başlamışdı. 1990-cı
ildən əsası özü tərəfindən
qoyulmuş Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Bədii kino və
televiziya rejissoru kafedrasının ilk müdiri olmuşdu.
T.İsmayılov Azərbaycan incəsənətində
70-ci illər ab-havasının yaradıcısı
istedadlı nümayəndələrindən olub. O,
lirik-psixoloji üsluba meyilli sənətkar idi. Öz filmlərində
milli-tarixi taleyimizi ön plana çəkən
T.İsmayılov musiqi faktorundan tipik bədii obraz səviyyəsində
istifadə edirdi. Musiqi onun realist filmlərinə romantik ovqat bəxş
edirdi. Bu sahədə çox məhsuldar
çalışaraq 8 musiqili film çəkmişdi. Onun
"Oxuyur Müslüm Maqomayev" (1971) filmi nəinki Sovet
İttifaqında, xarici ölkələrdə də uğur
qazanmış, İranda keçirilən Birinci Tehran Beynəlxalq
Kinofestivalında uğurla nümayiş olunmuşdu. "Mən
mahnı qururam" (1979), "Musiqi müəllimi" (1983),
"Son tamaşa" (1989), "Prima" (1992), "Nəğməli
ömür" (1991), "Müslüm Maqomayev haqqında xatirələr", "Maestro" (2011) filmləri də
bu qəbildəndir.
Atamın sənətkar şəxsiyyətinə, onun
sənətinə olan məhəbbət məni incəsənət
aləminə - sənətşünaslığa gətirdi.
Kino problemləri üzərində tədqiqat apararkən elmi
rəhbərimlə bərabər, atam sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor, Xalq artisti
T.İsmayılov da mənim müəllimim-rəhbərim
olub. Mən kino sənətimizə də, həyat hadisələrinə
də münasibət bildirərkən onun sərt və tələbkar
nəzərləri ilə bərabər hərəkət edirəm.
T.İsmayılovun filmləri Azərbaycan kino sənəti
tarixində özünəməxsus yer tutur. Bu filmlər hələ
çox-çox nəsillərin milli-mənəvi tərbiyəsinə
xidmət göstərəcək.
Əziz ATA! Düz deyirlər ki, dahi şəxsiyyətlər,
böyük insanlar unudulmurlar, əbədi yaşayırlar. Bu
gün cismən aramızda olmasan da, sənin ruhun ərsəyə
gətirdiyin filmlərdə, yazdığın elmi və bədii
əsərlərində yaşayır. Yaratdığın əsərlər
yaşadıqca sən də yaşayacaqsan.
Səni 85 illik yubiley münasibəti ilə təbrik
edirəm!
Qızın
Aygül TOFİQ QIZI
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2024.- 4 aprel, №58.- S.8.