"Yaşıl enerji"yə keçiddə Azərbaycanın
rolu
Azər Badamov: "Azərbaycanın "yaşıl
enerji"yə keçidlə bağlı təşəbbüslərini
dünya birliyi çox yüksək dəyərləndirir"
Son illər "yaşıl enerji"yə keçid
qlobal enerji siyasətində mühüm istiqamətə
çevrilib. Bu da təbiidir. Çünki hazırda iqlim dəyişiklikləri
və onun yaratdığı fəsadlar bütün
dünyada ciddi narahatlıq doğurur. Bu mənada
"yaşıl enerji" istehsalı ekoloji fəsadlar yaradan
karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin
qarşısının alınması və enerji təhlükəsizliyinin
təmin edilməsində vacib rola malikdir. "Yaşıl
enerji"dən istifadə eyni zamanda, iqlim dəyişikliyinin
azaldılmasına, qlobal istiləşmənin məhdudlaşdırılmasına,
havanın keyfiyyətinin
yaxşılaşdırılmasına kömək edir.
Mütəxəssislərin proqnozlarına görə,
2030-cu ilədək bərpaolunan mənbələrdən və
yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisi
dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək.
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına
görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90
faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən
əldə edilə bilər.
Karbon qazı emissiyası qlobal səviyyədə
2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin
qarşısının alınmasına kömək edəcək.
İlk növbədə külək və günəş
enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli
artım olacaq. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada,
Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi
bildirilir.
Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin
proqnozlarına görə, alternativ enerji mənbələrinə
keçid karbon qazı emissiyasının azaldılması ilə
yanaşı, sosial-iqtisadi inkişafa da təkan verəcək.
Qlobal iqlim dəyişikliyinin qarşısının
alınması üçün 2050-ci ildən sonrakı
dövrdə karbon qazı emissiyasının minimum həddə
endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik
yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar
innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə
ciddi təsir göstərəcək.
"Yaşıl enerji"dən istifadə həm də
insanların sağlamlığı üçün əhəmiyyətlidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına
görə, hər il dünyada havanın çirklənməsinə
görə 13 milyon insan həyatını itirir.
Hazırda "yaşıl enerji"yə keçiddə
Azərbaycan mühüm rol oynayır. Ənənəvi enerji
mənbələrinə malik olan ölkəmiz, yeni enerjiyə
keçiddə də öz resursları ilə vacib rol
oynayır. Azərbaycanın "yaşıl keçid"
platformasına töhfə verməsi üçün bərpaolunan
enerji potensialı kifayət qədərdir. Dünya
Bankının bir qolu olan Beynəlxalq Maliyyə
Korporasiyası da Azərbaycanın Xəzər dənizində
yüksək bərpaolunan enerji potensialına malik olduğunu
təsdiqləyib. Bu potensial isə ölkəmizi
"yaşıl enerji"yə keçiddə də regionun
lider dövlətinə çevirib.
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə
bağlı "525"ə deyib ki, dünya birliyi iqlim dəyişikliklərinin
və qlobal istiləşməsinin sürətlənməsi
ilə bağlı çağırışla üz-üzədir.
İqlimin istiləşməsi və təbiətin çirklənməsi
canlı aləmin gələcəyini təhlükə
altına salır.
Deputat xatırladıb ki, son vaxtlar qlobal istiləşmə
nəticəsində buzlaqların əriməsinin sürətlənməsini
müşahidə edirik. Bu da okeanların su səviyyəsinin
artması və böyük ərazilərin su altında
qalması təhlükəsini meydana gətirir: "O cümlədən,
quraqlığın baş verməsi şirin su mənbələrinin
qurumasına gətirib çıxarır. Həm də
aparılmış hesablamalara görə, dünyada hər il
13 milyondan çox insan
havanın çirklənməsindən dünyasını dəyişir.
Ona görə də iqlim dəyişikliklərinə
qarşı mübarizədə qlobal həmrəylik
nümayiş olunması qaçılmazdır".
A.Badamov əlavə edib ki, Azərbaycan qlobal iqlim dəyişiklikləri
ilə bağlı BMT-nin çağırışına
könüllü qoşulan ilk ölkələrdəndir. Belə
ki, ölkəmiz 2030-cu ilə qədər istehsal olunan
enerjinin üçdə birini bərpa olunan enerjinin üzərinə
keçirməyi hədəfləyib: "Hal-hazırda icra
olunan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər"də "yaşıl enerji" məkanının
yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə
"yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi,
elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün
sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin
istehlakda payının artırılması nəzərdə
tutulur".
Deputat bildirib ki, Azərbaycanın böyük bərpa
olunan enerji potensialına malikdir: "Bu potensial quruda 135 QVat, dənizdə
isə 157 QVat dəyərləndirlir. 2030-cu ildə 230 Meqavat
gücündə Qaradağ günəş elektrik
stansiyasını yaratmaqla
ölkəmiz regionda bir ilkə imza atdı. O cümlədən,
işğaldan azad olunmuş ərazilər və
Naxçıvan yaşıl zona elan edilib. İşğaldan
azad olunmuş ərazilərin hidro, günəş və
külək enerji potensialı çox böyükdür. Belə
ki, qısa zaman kəsiyində 30-a yaxın kiçik hidro
elektrik stansiyasının fəaliyyəti bərpa olunub, Tərtər
və Həkəri çayları üzərində
böyük hidroelektrik stansiyaların tikilməsi məsələsi
müzakirə olunmaqdadır.
Dövlətimiz dünyanın aparıcı şirkətləri
ilə bərpaolunan enerji mənbələrinin
yaradılması ilə bağlı razılaşmalar
imzlayıb. Məsələn, Səudiyyə Ərəbistanın
"ACWA Power", Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) "Masdar" şirkətləri ilə
bağlanmış müqavilələr və icra olunmaqda olan
layihələri misal göstərmək olar. O cümlədən,
Böyük Britanıyanın, Fransanın, İtaliyanın,
Çinin, Avstraliyanın, Yaponiyanın və digər ölkələrin
enerji şirkətləri ilə sənədlər imzalanıb,
ölkəmizin bərpa olunan enerji sahəsinə sərmayələrin
yatırılması məsələləri
razılaşdırılıb".
Deputat xatırladıb ki, bərpa olunan enerji sektorunun
inkişaf etdirilməsi ilə bağlı hüquqi baza da
yaradılıb. Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstan arasında imzalanmış sənədə əsasən
Qara dənizin dibi vasitəsilə Azərbaycandan Avropaya
yaşıl enerji kabelinin tikintisi ilə bağlı məsələ
icra olunmaqdadır.
Onun sözlərinə görə, Azərbaycanın
"yaşıl enerji"yə keçidlə bağlı təşəbbüsləri
dünya birliyi tərəfindən də çox yüksək
səviyyədə dəyərləndirlir. Belə ki, bu ilin
noyabrında Bakıda COP29-un keçirilməsini dünya
birliyinin dəstəklənməsi ölkəmizə olan
böyük etimadın bariz göstəricidir: "Azərbaycan
qazma enerjisinə malik ölkə olmasına baxmayaraq, bu sahədən
gələn gəlirləri bərpaolunan enerji mənbələrinin
yaradılmasına səfərbər edir. Təbii ki, ölkəmizin
bu təşəbbüsləri dünya üçün
nümunədir".
Pərvanə
525-ci qəzet.-
2024.- 4 aprel, №58.- S.5.