Xaricdə təhsil
üçün geniş imkanlar pəncərəsi
Bu il martın 1-dən "Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2026-cı illər
üçün Dövlət Proqramı" çərçivəsində
2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna start
verilib.
13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili
üzrə Dövlət Proqramı çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat və
magistratura səviyyələri üzrə maliyyələşdiriləcək
təhsil proqramlarının siyahısı təsdiq olunub.
Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil
müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə
ümumilikdə 4 minədək təhsil proqramını əhatə
edir.
Müvafiq siyahıda yer alan proqramlardan əlavə,
namizədlərin universitetlər üzrə "Top10"da
yer alan ali təhsil müəssisələrindən istənilən
ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə
olunan mədəniyyət və incəsənət sahəsi
üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri
üzrə Dövlət Proqramına müraciət etməsi
nəzərdə tutulub. "2022-2026-cı illər üzrə
Dövlət Proqramı"na Elm və Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə
bakalavriat səviyyəsinə qəbul olmağa
hazırlaşan və ya sözügedən siyahıda yer alan
proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları
müraciət edə bilərlər. Proqrama müraciət
portal.edu.az şəxsi kabineti üzərindən həyata
keçirilir. "2022-2026-cı illər üzrə Dövlət
Proqramı"na müraciət edən zaman namizədlər
müvafiq təhsil səviyyələri üzrə tələb
olunan sənədləri təqdim etməlidirlər.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri
Turan Topalovanın dediyinə görə, proqramın icrası
müddətində hər il 400 nəfər olmaqla,
ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının
xaricdə nüfuzlu ali təhsil müəssisələrində
bakalavriat və magistratura səviyyələrində təhsil
alması nəzərdə tutulub: "Ümumilikdə,
"2022-2026 Dövlət Proqramı" çərçivəsində
dünyanın 21 ölkəsindəki aid 139 ali təhsil
müəssisəsində 752 nəfər tələbə təqaüd
almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı
çərçivəsində dünyanın 21 ölkəsinin
121 ali təhsil müəssisəsində 517 tələbə
təhsil alır, 13 prioritet sahə üzrə dünyanın
6 ölkəsinə aid 41 nüfuzlu ali təhsil müəssisəsindən
125 nəfər məzun olaraq ölkəyə qayıdıb.
Bu il martın 1-dən 2024-2025-ci tədris ili üçün
Dövlət Proqramı çərçivəsində xaricdə
bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu
15 iyunadək davam edəcək".
Turan Topalova deyir ki, "2022-2026 Dövlət
Proqramı" çərçivəsində sənəd qəbulu
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 217
nömrəli 2022-ci il 1 iyun tarixli Qərarı ilə təsdiq
edilən "Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün
Dövlət Proqramı" çərçivəsində
xaricdə təhsil alacaq gənclərin seçilməsi
meyarları və prosedurları üzrə Qaydası" əsasında
həyata keçirilir. Sözügedən Qaydada tələb
olunan sənədlərlə yanaşı, namizədlər
Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş və 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə
elan edilmiş 2024-2025-ci tədris ili üzrə "2022-2026
Dövlət Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat və
magistratura səviyyələri üzrə maliyyələşdiriləcək
təhsil proqramlarının siyahısında yer alan xarici ali
təhsil müəssisələrindən müvafiq proqram
üzrə qəbul sənədləri alaraq proqrama müraciət
etməlidirlər. Siyahı 15 prioritet ixtisas sahəsi üzrə
dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil
müəssisələrində tədris olunan 631 bakalavriat və
3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil
proqramını əhatə edir. Müvafiq siyahıda yer alan
proqramlardan əlavə namizədlərin "universitetlər
üzrə top10"da yer alan ali təhsil müəssisələrindən
istənilən ixtisas üzrə, eyni zamanda bu il ilk dəfə
siyahıya əlavə olunan mədəniyyət və incəsənət
sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri
üzrə Dövlət Proqramına müraciət etməsi
nəzərdə tutulub: "2022-2026 Dövlət
Proqramı" xaricdə bakalavriat və magistratura səviyyələrinə
qəbul olmağa hazırlaşan və ya hazırda təhsil
alan Azərbaycan vətəndaşları üçün nəzərdə
tutulub. Proqrama müraciət üçün əsas şərtlərdən
biri xarici ali təhsil müəssisələrindən qəbul
sənədinin əldə edilməsidir ki, Elm və Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq
siyahı dp.edu.az saytında yer alır. Sözügedən
siyahıya daxil olaraq namizədlər uyğun proqramları
seçib müvafiq xarici ali təhsil müəssisələrinə
müraciət edərək, qəbul sənədi alsınlar
və digər tələb olunan sənədlərlə birgə
portal.edu.az səhifəsi üzərindən proqrama müraciət
etsinlər".
Turan Topalovanın sözlərinə görə,
Dövlət Proqramında hazırda dünyanın 21 ölkəsinə
aid 121 ali təhsil müəssisəsində 517 tələbə
təhsil alır, 13 prioritet sahə üzrə dünyanın
6 ölkəsinə aid 41 nüfuzlu ali təhsil müəssisəsindən
125 nəfər məzun olaraq ölkəyə qayıdıb:
"Tələbələrimiz ölkəmizi xarici ölkələrdə
uğurla təmsil edir, təhsil aldıqları ali təhsil
müəssisələrində Azərbaycan Cəmiyyəti
yaradır, bizim adət-ənənələrimizi, bayramlarımızı,
mədəniyyətimizi təbliğ edirlər. Bununla
yanaşı, onlar akademik fəaliyyətlərində də
kifayət qədər uğur qazanırlar. Məlum olduğu
kimi, Proqramın məqsədi gənclərə xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsilalma
imkanları yaratmaqla, onların Azərbaycanın gələcək
inkişafını təmin edəcək və qlobal
çağırışlara cavab verəcək müasir
texnologiyaları çevik mənimsəyən, praktiki bilik və
bacarıqlara yiyələnən, müasir və gələcək
əmək bazarının tələblərinə cavab verən
rəqabətqabiliyyətli və yüksəkixtisaslı
peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Sözügedən məqsədin təmin edilməsi ilə
bağlı qeyd edə bilərik ki, geri qayıdan məzunların
bir çoxu isə artıq müxtəlif dövlət
qurumlarında və özəl şirkətlərdə
çalışaraq ölkəmizə öz töhfələrini
verirlər".
Ölkədə gələcək inkişaf prioritetlərini özündə əks
etdirən "Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2026-cı illər üçün
Dövlət Proqramı" bu proqram çərçivəsində
artıq bir qrup azərbaycanlı gənc magistratura təhsilini
müvafiq xarici ali təhsil müəssisələrində
davam etdirir. Onlardan biri də Böyük Britaniyanın London
İmperial Kollecində MBA ixtisası üzrə magistratura təhsili
alan Samir Zahid oğlu Rzayevdir. O deyir ki, dünya reytinq cədvəlləri
üzrə ilk onluqda yerləşən universitetlərin birində
təhsil almaq onun hər zaman hədəfləri arasında
olub: "Bakalavr təhsilimi başa vurduğum dövrdə bu
barədə bir qədər düşündükdən sonra
xaricdə təhsil üçün hələ ki, çox
tez olduğuna qərar verdim. Təhsil alacağım sahəni
tam dəqiqləşdirmək, nə istədiyimi tam anlamaq
üçün mənə bir qədər zaman lazım idi,
buna görə də işləmək qərarına gəldim.
İşlədiyim müddət ərzində böyük
şirkətlərdə müxtəlif strukturlarda 6 ildən
çox təcrübə topladıqdan sonra mənə tam
olaraq gələcək karyeram üçün hansı sahə
üzrə təhsilin lazım olduğuna qərar verə
bildim. Bu qərarı verdikdən sonra da universitet seçimi
etmək o qədər də asan olmadı. Top universitetlər
üzrə təklif olunan çox sayda proqramların
kurikulumlarını incələdikdən sonra "İmperial
College Business School"da analitika üzrə MBA proqramına
müraciət etmək qərarına gəldim".
Samir Rzayevin sözlərinə görə, Dövlət
Proqramı hazırda ölkəmizdə gənclər
üçün yaradılmış çoxsaylı imkanlar
arasında ən vaciblərindən biridir: "Mənimlə
eyni ixtisas üzrə təhsil alan tələbələr ilə
apardığım müzakirələrdən sonra müəyyən
etdim ki, digər xarici ölkələrin təklif etdiyi təqaüd
proqramları Dövlət Proqramının imkanları ilə
müqayisədə geniş deyil. Buna görə də, mən
xaricdə təhsil hədəfi olan hər kəsə
tövsiyə edirəm ki, bu unikal şansı dəyərləndirib
Dövlət Proqramından yararlansınlar".
Təhsil aldığı ali məktəb,
seçdiyi ixtisas barədə danışan Samir Rzayevin
söylədiyinə görə, o, hazırda dünya reytinq cədvəli
üzrə 6-cı sırada olan "İmperial College Business
School"da "MBA in Analytics" proqramı üzrə təhsil
alır: "Bu proqramı seçməkdə məqsədim
analitika üzrə mənə lazım olan texniki və
analitik bacarıqları mənimsəmək, ölkəmiz, cəmiyyətimiz
üçün lazımlı bir mütəxəssis
olmaqdır. Tədris sistemi daha çox müxtəlif biznes
keyslər üzərindən həyata keçirilir, tənqidi
düşüncə və sürətli qərar qəbul etmə
bacarıqları aşılanır və magistrantlar
böyük şirkətlərə potensial rəhbər vəzifələrə
hazırlanır, bunlarla yanaşı, müxtəlif texniki
biliklər də tədris olunur. Qeyd edim ki, xaricdə təhsil
almaq tələbələrə xarici təhsil sistemi ilə
tanış olmaq və daha ixtisaslı kadr kimi yetişmək
şansı yaradır, həmçinin
dünyagörüşünün artırılmasına,
müxtəlif mədəniyyətlərdən gələn
insanlarla fikir mübadiləsi aparıb özünü
inkişaf etdirməyə və təbii ki, yüksək səviyyəli
təhsil alıb aparıcı təhsil müəssisələrinin
diplomuna yiyələnməyə şərait yaradır.
Böyük Britaniya isə dünyanın ən qədim təhsil
mərkəzlərindəndir və Britaniya təhsili
bütün ölkələrdə yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, dünyanın ilk 10 yüksək reytinqə
sahib olan ali təhsil müəssisələrinin
siyahısında İngiltərə universitetləri
çoxluq təşkil edir".
Samir Rzayev bildirib ki, gənclərə tam olaraq
hansı sahə üzrə təhsil almaq istədiklərini dəqiqləşdirdikdən
sonra Dövlət Proqramına müraciət etməlidirlər:
"Bir çox hallarda tələbələr bakalavr təhsilini
bitirdikdən sonra dərhal magistr təhsili barədə
düşünür və tələsik qərarlar verirlər.
Bu isə sonda onlara daha az faydalı olan təhsil almaqla nəticələnir.
Hazırda xarici universitetlərdə təklif olunan proqramlar
çox müxtəlifdir, hətta eyniadlı proqram iki fərqli
universitetdə müxtəlif üsullarla tədris olunur,
müxtəlif sahələrə fokuslanır. Buna görə
də məsləhət görərdim ki, öncə nə
istədiklərini tam olaraq dəqiqləşdirsinlər, daha
sonra təhsil proqramlarını, universitetlərin təklif
etdiyi imkanları, kurikulumları təhlil edib qərar versinlər".
O əlavə edib ki, hazırda əsas hədəfi təhsilimi
uğurla başa vurmaq, universitetin təklif etdiyi imkanlardan
maksimum yararlanıb mənə lazım olan bilik və
bacarıqlara yiyələnməkdir: "Daha sonra isə
ölkəmizə qayıdıb karyeramı davam etdirmək və
ölkəmizin inkişafına öz töhfəmi vermək
istəyirəm".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 2 aprel,№56.- S.13.