Tarixi yaddaş və vətənpərvərlik
duyğusu ilə
Nazir Əhmədlinin 36 kameral təsvirin 14 cildlik nəşri
Ölkəşünaslıq üzrə tədqiqatların
mühüm bir sahəsi diyarşünaslıqdan, yəni
ölkənin tarixən formalaşmış müxtəlif
bölgələrinin tarixinin, mədəniyyətinin öyrənilməsindən
ibarətdir. Azərbaycanda bu kimi regional tədqiqatların əsasının
görkəmli maarifçi Firudin bəy Köçərli tərəfindən
qoyulduğunu desək, yanılmarıq. Firudin bəy milli ədəbi
prosesi əsasən regional prinsiplə tədqiq etmiş, ancaq
türkdilli poeziyanın Məhəmməd Füzuli,
Əlişir Nəvai kimi dahilərinin ümumtürk ədəbi-mədəni
miqyaslı ədiblər olduğunu da vurğulamışdır.
Yeni dövrdə ədəbiyyatımızın, mədəniyyətimizin,
təhsilimizin müxtəlif regional mühitləri üzrə
tədqiqatlar aparılmışdır. Keçən əsrin
80-90-cı illərindən Ermənistanın ölkəmizə
qarşı əsassız ərazi iddiaları ilə
başladığı müharibə regional tədqiqatların,
xüsusən də Qarabağ, Qərbi Azərbaycan,
bütövlükdə diyarşünaslıq üzrə
araşdırmaların intensivləşməsinə səbəb
olmuşdur. Azərbaycan ərazisi parçalanmış
ölkə olduğundan bu tədqiqatlar elmi dəyəri ilə
yanaşı, həm də milli-ideoloji əhəmiyyət kəsb
etmişdir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Ermənistanın işğal etdiyi ərazilərimiz
azad edildikdən və suverenliyimiz tam bərpa olunduqdan sonra
humanitar sahədə regional araşdırmaların əhəmiyyəti
nəinki azalmış, əksinə, dövlətçiliyimizin
yeni mərhələsində xüsusi aktuallıq
qazanmışdır. Bu baxımdan "torpağımızla
həmsərhəd torpaqlarımızdan" (Arif Abdullazadə)
olan Qərbi Azərbaycan, Cənubi Azərbaycan ərazilərinin
tarixinin, mədəniyyətinin tədqiqi vacib mədəni-ictimai
və dövlətçilik məsələsinə çevrilmişdir.
Bu baxımdan, AMEA-nın Folklor İnstitutunda regional folklor
mühitləri üzrə toplama, tədqiqat və nəşr
işinin mühüm əhəmiyyətini qeyd edə bilərik.
Lakin regional araşdırmaların, xüsusən də
dövlət sərhədlərimizdən qıraqda qalan ərazilərimizin
tədqiqinin başlıca zəmini həmin yerlərdə
yaşayan soydaşlarımızın məskunlaşma
tarixinin, etnik mədəniyyətinin, toponimlərin,
demoqrafiyanın, sülalələrin
araşdırılmasıdır. Bu sahədə bu vaxta qədər
müəyyən araşdırmalar aparılmışdır,
lakin söhbət demoqrafik vəziyyətdən,
yaşayış məskənlərindən və əhalinin
tərkibindən gedirsə, tədqiqatlar ilk növbədə
rəsmi sənədlərə əsaslanmalı, mötəbər
mənbələrlə təsdiqlənməlidir. Təəssüf
ki, bu sahədə araşdırmalar bu vaxta qədər,
müəyyən istisnalar nəzərə alınmasa, yetərli
aparılmamış, tarixi sənədlər sistemli dərc
edilməmişdir.
Bu baxımdan, vətənpərvər ziyalı,
istedadlı alim və zəhmətkeş tədqiqatçı
Nazir Əhmədlinin son dövrdə ardıcıl olaraq
apardığı, ağır zəhmət və hərtərəfli
bilik tələb edən fəaliyyətini - Rusiya imperiyası
dövründə tərtib edilmiş Cənubi Qafqazdakı
tarixi ərazilərimizin kameral təsvirlərinin tərcümə,
tərtib, giriş mətni, qeyd və şərhlər əlavə
etməklə dərc edilməsini
müstəsna əhəmiyyətə malik elmi, tarixi,
siyasi, ideoloji, mədəni hadisə hesab edirəm.
Nazir Əhmədlinin hazırlayıb dərc etdirdiyi
bu kitabların dəyərini artıran xüsusi amillərdən
biri odur ki, təsvir olunan ərazilərə aid sənədlərin
bir çoxu hələ də ölkəmizin sərhədlərindən
kənarda qalan, tarixi torpaqlarımızda yaradılmış
Ermənistan Respublikasının arxiv və
kitabxanalarındadır və hələlik əlçatmazdır.
Qeyd edək ki, Nazir Əhmədli üçün sərhədlərimizdən
kənardakı tarixi ərazilərimiz mücərrəd
anlayış deyil, onun şəxsi taleyidir. Fədakar
ziyalı Nazir Əhmədli 1961-ci ildə Qərbi Azərbaycanın
Dərələyəz mahalının Gabud kəndində
müəllim ailəsində anadan olub və sonradan erməni
daşnakları tərəfindən tarixi vətən, ana yurd
həsrəti ilə yaşamağa məhkum edilib. Beləliklə,
ata ocaqlarımızdan olan Dərələyəz həsrəti,
Qərbi Azərbaycan nisgili ümumən Bütöv Azərbaycan
onun milli amalına çevrilib. Dərələyəzdən
başlayan bu idrak yolu onun elmi fəaliyyətində,
yaradıcılığında mühüm yer tutan kameral təsvirlərdə
vətənimizin qıraqda qalan digər yurdlarına -
Göyçə, İrəvan, Şəmsəddil, Zəngəzur,
Zəngibasar, Gərnibasar, Qırxbulaq ma-hallarına və
Elatlarına uzanıb, Dərbənd, Borçalı,
Axısqa, Naxçıvan, Şərur, Qarabağ, Qazax,
Sürməli, Dərəkənd-Parçenis, Səədli,
Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpibasar, Abaran
mahallarını əhatə edib.
İri həcmli, bəziləri bir neçə cilddə
olan (İrəvan əyalətinin kameral təsviri 5 cilddədir)
bu kitabların müasir meyarlarla hazırlanıb dərc edilməsi
son dərəcə mürəkkəb, ağır zəhmət
və vaxt tələb edən gərgin
araşdırmaçılıq işidir. Qədim toponimlərin
və şəxs adlarının tərcüməsi, yeni əlifbaya
transliterasiyası, digər materiallarla tutuşdurulması
müəllifdən həm dərin tarixi-filoloji bilik, həm də
zəhmətkeşlik tələb edir. Nəzərə alsaq
ki, bu kitablardakı məlumatlar ermənilərin bir çox
saxtakarlıqlarını ifşa edir və onların
iddialarını puça çıxarır və buna görə
də onların diqqətini cəlb edəcəkləri
şübhəsizdir, bu işin nə qədər məsuliyyətli
olduğu aydın olar.
Nazir müəllimin bu silsilədən bu yaxınlarda
nəşr etdirdiyi kitablar Axısqaya və Borçalıya həsr
olunub. Tarix boyu gürcü qardaşlarımızla sülh və
müttəfiqlik şəraitində
yaşadığımız bu ərazilərdə Azərbaycan
və Axısqa türkləri qədimdən
yaşamışlar. Lakin 1944-cü ildə Axısqa türkləri
Stalin rejimi tərəfindən yurdlarından sürgün
edilmişdir. Borçalılar hazırda öz tarixi
yurdlarında tam hüquqlu vətəndaşlar kimi yaşamaqdadırlar,
ümumi vətənləri olan Gürcüstanın
inkişafına öz töhfələrini verməkdədirlər.
Ulu öndər Heydər Əliyevin Gürcüstanda
soydaşlarımızla görüşdə
vurğuladığı kimi, onlar diaspora deyil,
yaşadıqları torpaqların köklü sakinləridir.
Təəssüf ki, sovet dönəmində və
sonralar qonşu ölkələrdəki azərbaycandilli
toponimlərin böyük bir qismi dəyişdirilmişdir.
Nazir Əhmədlinin
Borçalı nahiyəsinə aid 1860-cı ili əhatə
edən kameral təsviri tarixi həqiqəti, coğrafi
adların əslinin aşkarlamaq və bərpa etmək
baxımından böyük əhəmiyyətə malikdir.
Onu da deyək ki, Nazir Əhmədlinin qələmindən
tək tarixçilər deyil, filoloqlar üçün də
böyük əhəmiyyəti olan əsərlər
çıxıb - "Azərbaycan aşıqları və
el şairləri arxiv sənədləri ilə" adlı dəyərli
kitabı filologiyamızı gerçək sənədlərlə
zənginləşdirən mənbədir.
Nazir Əhmədlinin dərc etdirdiyi XIX əsrə aid
kameral təsvirlərin elmi, milli-mənəvi dəyəri
misilsizdir. Əvvələn, bu kitablar Azərbaycan türklərinin
və ümumən oğuz və qıpçaq türklərinin
Cənubi Qafqazda məskunlaşması və avtoxtonluğu məsələsinin
öyrənilməsində dəyərli sənədli məxəzdir.
İkincisi, coğrafi və şəxsi adlarının
filoloji baxımdan tədqiqində buradakı materiallar
böyük rol oynaya bilər. Üçüncüsü,
türklərin məskunlaşdığı coğrafi
arealların, yəni tarixi yurdlarımızın tədqiqi
üçün bu kitablarda həm toponimik, həm də
demoqrafik əhəmiyyətli zəngin material var.
Dördüncüsü, hər bir xalq və hər bir ailə,
hər bir nəsil öz tarixi ilə dəyərli
olduğundan bu kitablar bir çox nəsil şəcərələrinin
bərpasında mötəbər mənbə olacaq.
Təəssüf ki, sovet dönəmində nəsil,
sülalə anlayışları, xüsusən ziyalı, zadəgan
nəsillərini adları bir kateqoriya kimi silinir,
yaddaşlardan çıxarılır, sovet insanı
şüuru formalaşdırılırdı. Halbuki xalqın
dövlətçilik ənənəsinin, mədəniyyətinin,
müəyyən coğrafiyada avtoxtonluğunun əsas
göstəricilərindən biri məhz ziyalı və zadəgan
sülalələrin mövcudluğundan ibarətdir. Belə
sülalələri olmayan xalqın qədim dövlətçiliyi
və tarixi də olmur. Nazir
Əhmədlinin təqdim etdiyimiz kitabları Azərbaycanın
tanınmış kübar, ziyalı, ağa-bəy nəsillərinin,
eləcə də bir çox insanların öz əcdadları
haqqında məlumat almasına, məşhur xadimlərin
şəcərəsinin bərpasına və bununla da milli
tariximizn daha əhatəli mənzərəsinin yaranmasına
da kömək edə biləcək məxəzdir.
Bu baxımdan bir faktı diqqətə
çatdırmaq istərdim. Borçalı və
Axısqa-Axılkələk əraziləri tarixən
türklərin yaşadığı məskənlər
olmuş və buralarda bir çox kübar, ziyalı nəsillər,
ağalar, bəylər yaşamışdır. Bu qənaəti
1828-ci ildən sonra türk əhalisinin böyük əksəriyyətinin
çıxarıldığı və yurdlarına ermənilər
yerləşdirildiyi Axılkələk mahalı haqqında
Rusiya mənbələrində verilən məlumat təsdiqləyir.
1887-ci ildə Axılkələkdə əhalinin silklər
üzrə tərkibi türklərin burada əsilli-köklü
xalq olduğunu sübut edir: 59.496 nəfərdən
dvoryanlar - 5, xan, bəy və
ağalar - 253, ruhanilər - 1.053, meşanlar - 21, kəndlilər
- 58.147, sahibkar kəndlilər - 116, istefada və ehtiyatda olan
aşağı rütbəli məmurlar - 17 (Brokhauz-Efron,
SPb., 1890, t. II, s. 526).
Göründüyü kimi, ermənilərin ümumi
sayda süni şəkildə artırıldığı bu ərazidə
müsəlman əsilzadələrin sayı - 253, xristian
dvoryanların sayı - 5 nəfərdir. Bu 5 nəfərin bəziləri
də rus ordusunda xidmət edən hərbçilər olub.
Artıq bu fakt özü ermənilərin Qərbi Azərbaycanda,
Axısqa və Borçalıda yerli xalq
olmadığını, türklərin bu ərazilərin
tarixi dövlətçilik ənənələrinə malik
köklü sakinləri olduğunu göstərir.
Bu kitabların ərsəyə gəlməsi prosesi
ümumən ağır zəhmət tələb edən
proses olmuşdur. Dəyərli alimimizin 2024-cü ildə dərc
olunmuş 536 səhifəlik "Şərur-Dərələyəz
qəzasının kameral təsviri. 1873-cü il" adlı
bu silsilədən 17-ci kitabına yazdığı
MÜƏLLİFDƏN"
adlı müqəddimə yazısı Nazir Əhmədlinin milli amallı fədakar
elmi fəaliyyətinin oxucuların sezmədiyi cəhətlərini
aşkarlayır.
Nazir müəllim oxucusuna belə bir həqiqəti
çatdırır: "Bu kameral təsvirlər Rusiya
işğalından sonra itirdiyimiz vətən
torpaqlarının Azərbaycan türklərinə məxsus
olduğunu göstərən mülkiyyət
kağızıdır, tapu sənədidir, bu torpaqların
pasportudur. Hazırda Ermənistan Respublikasının ərazisində
qalan İrəvan xanlığı, Naxçıvan
xanlığının Dərələyəz mahalı, Zəngəzur
qəzasının 60, Qazax qəzasının 45 faizinin, Dərbəndin,
Borçalının Vətən torpaqları olduğunu
sübut edən rəsmi dövlət sənədləridir".
Eyni zamanda digər bir gerçəyi də bildirir:
"Kameral təsvirləri heç kimin maddi və təşkilatı
yardımı olmadan əldə etdim və nəşrə
hazırladım, 17 kameral təsvir kitabından 14-nü də
ailə büdcəmin hesabına nəşr etdirdim. İrəvan
əyalətinin 5 cildlik kameral təsvirinin 2-ci cildi A.A.Bakıxanov adına Tarix İnstitutunun,
"Axısqa qə-zası Xertvis nahiyəsinin kameral təsviri"
kitabı Dünya Axısqa Türkləri Birliyinin,
"Borçalı nahiyəsinin kameral təsviri. 1860-cı
il" kitabı şöbə müdiri olduğum Atatürk
Mərkəzinin vəsaiti ilə nəşr olunub və buna
görə akademiklər Y.Mahmudova, N.Cəfərova və
Dünya Axısqa Türkləri Birliyinin başqanı
Z.Kasanova təşəkkürümü bildirirəm".
Bu materialların arxivlərdən əldə edilməsi
özü belə bəzən xarici ölkənin mənsəb
sahiblərinin müqavimətini dəf etməklə, mənəvi-psixoloji
əzab və maddi məsrəflərlə bağlı bir məsələ
olub və bunu da hörmətli alim öz ziyalı ailə
büdcəsi hesabına həll edib. Nazir müəllim
bütövlükdə bu günə qədər əldə
etdiyi 36 kameral təsviri 14 cilddə dərc etdirmişdir.
Nazir müəllimin qeydlərinə qoşularaq, əminliklə
deyirəm ki, şəxsi fədakarlığı, onun illərlə
çəkdiyi zəhməti hesabına əldə edərək
çap etdirdiyi kameral təsvirlər, xüsusən, Ermənistan
Milli Arxivində saxlanan qaynaqlar dövlət əhəmiyyətli
mənbələrdir, onların köməyi ilə siyasətçilərimiz,
diplomatlarımız hazırda Ermənistanda qalan əzəli
torpaqlarımızın Azərbaycan türklərinə məxsus
olduğunu sübut etmək üçün danılmaz faktlar
əldə edəcəklər.
Nazir müəllim bu
gün də milli amallar, vətənpərvərlik
idealları ilə yazıb-yaradır, onun səriştəsi,
təcrübəsi, bu sahədə zəngin biliyi imkan verir
ki, o, müəyyən dəstək olarsa, Moskva, Peterburq,
Tiflis arxivlərində ümummilli əhəmiyyətli
araşdırmalarını davam etdirsin.
Minnətdarlıq hissi bildirmək istərdim ki, Nazir
Əhmədlinin xidməti dövlət rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilib və o, Ümummilli liderin
xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100
illiyi (1923-2023)" yubiley medalı ilə təltif
olunmuşdur.
Vətənpərvər alimimizə milli mündəricəli,
dövlətçilik amallı şərəfli fəaliyyətində
yeni yaradıcılıq uğurları arzulayıram.
Asif HACILI
525-ci qəzet .- 2024.- 2 aprel,¹56.- S.12.