Ulu öndər və
unudulmaz xatirələr
Dahi Füzulinin 530 illiyi ilə əlaqədar möhtərəm
Prezidentimizin verdiyi sərəncam Ulu öndərimiz Heydər
Əliyevin kursunun əbədiliyinə dəlalət edir və
Prezidentimizə şükranlığımızı qat-qat
artırır. Bu sərəncam yadıma 30-35 il bundan qabaq
Füzulinin 500 illik yubileyi ərəfəsində baş verən
acılı-şirinli hadisələri salır. Qərb
dövlətləri İraq Respublikası nefti milliləşdirdiyinə
görə başqa ərəb ölkələrinə
görk olsun deyə onu cəzalandırmaq qərarına gəlmişdi.
Ölkə elə blokadaya alınmışdı ki, İraq,
başqa ölkələrə hava kimi, su kimi lazım olan
neftini belə sata bilmirdi. Ölkə ağır maliyyə
çətinlikləri ilə üzləşmişdi. Bu səbəbdən
bəzi ölkələrdə, o cümlədən də, Azərbaycanda
səfirliyini bağlamaq qərarına gəlmişdi. Nə
edə bilərdik.
Yadıma Filarmoniyada Yazıçıların
qurultayının keçirildiyi gəldi. Qurultayın
başlamasına az vaxt qalırdı. Təəssüflə
ürəyimdən keçirirdim: "Bu qurultayımız
Heydər Əliyevsiz keçirəcəyimiz yeganə qurultay
olacaq". Elə bu vaxt kimsə arxadan qışqırdı:
"Heydər Əliyev gəlir!" (Ulu öndərimiz
Moskvada çox yüksək vəzifədən işdən
çıxandan sonra M.Qorbaçov qorxduğundan onun Azərbaycana
dönməyinə əngəl törədirdi. Sovet
quruluşu çökəndən sonra Heydər Əliyev əvvəlcə
Naxçıvana, sonra isə xalqın tələbi ilə
Bakıya gəlmişdi). Hamı ayağa qalxıb sürəkli
alqışlarla həmişə yazıçıların
dayağı olmuş bu görkəmli şəxsiyyəti
layiq olduğu səviyyədə qarşıladı. Nəhayət
Heydər Əliyev əlini qaldıraraq sakitləşməyi
xahiş etdi. Yazıçılar Birliyinin sədri Anar Ulu
öndəri Rəyasət Heyətinə dəvət etdi.
Heydər Əliyev: "Anar, mən oradan zala çox
baxmışam. Bu dəfə zaldan Rəyasət Heyətinə
baxmaq istəyirəm" - deyərək bir boş yerdə əyləşdi.
Şair Məmməd Aslan başda olmaqla bir qrup
dayanmadan qışqırdı: "Heydər Əliyev Rəyasət
Heyətinə dəvət olunsun!"
Anar müəllim dedi ki, Məmməd, sakit olun! Qərar
Heydər Əliyevindir.
Qurultayın gedişində son aylar Füzulinin
mavzoleyinin sökülməsi və qəbrin düzəldilməsi
barədə mətbuatda yer alan söz-söhbətə də
toxunuldu. Bəziləri tələb edirdi ki, Füzulinin nəşi
Azərbaycana gətirilsin. Onlar dövləti fəaliyyətsizlikdə
günahlandırırdı. Heydər Əliyev dedi ki, əvvəla,
bu, çox çətin məsələdir. Məlumdur ki,
Füzuli İraqda anadan olub, orada yaşayıb-yaradıb,
orada da dünyasını dəyişib. O, İraq şairi
kimi tanınır. Bu işə dövlətin qarışması
münasib deyil. Siz yazıçılar, ziyalılar, alimlər
müraciət edə bilərsiniz...
Müraciət forması üzərində
qızğın mübahisələr başladı. Hər
ağızdan bir avaz çıxırdı. Mübahisəyə
Heydər Əliyev qarışmalı oldu: "Bu işi
Teymur Əliyev (şair Teymur
Elçin) yaxşı bilir. O buradadırmı?"
Teymur Əliyev ədəb-ərkanla ayağa
qalxıb: "Bəli, Heydər Əliyeviç, burdayam!"
Teymur müəllim elə bir müraciət forması
irəli sürdü ki, kimsə etiraz etmədi.
Qurultay gözəl ab-hava şəraitində
keçdi.
Heydər Əliyevi uzun sürən sürəkli
alqışlarla yola saldıq. Mənə görə bu, ən
yaxşı qədirşünaslıq əlaməti idi.
Vaxt keçdi. Çox sular axdı.
İraq səfirliyinin bağlanmasına görə də
məsləhət görüldü ki, İraq Prezidentinə
ziyalılar müraciət etsin. Səfirlik və
ziyalılarımızla əlaqə uzun müddət
İraqda işləmiş bir adam kimi mənə həvalə
olunmuşdu.
Müraciətimiz İraq Prezidentinin çox xoşuna
gəlmişdi. İraq səfirliyi Azərbaycanda fəaliyyətini
davam etdirdi.
Ulu öndərimiz dəyirmanda un, tabaqda çörək,
xəzinədə pul çox az olan bir vaxtda, 1994-cü ilin
sentyabrında 128 nəfərdən ibarət nümayəndə
heyətinin Füzulinin 500 illik yubileyində iştirak etmək
üçün avtobuslarla İraqa getməyinə göstəriş
verdi (İnanılası deyil, 2 noyabrda Ankaraya Füzulinin
yubileyinə Heydər Əliyevin təyyarəsində getdik).
İraq tərəfi ölkə blokada şəraitində
olsa da, nümayəndə heyətini məmnuniyyətlə qəbul
etdi. Bizə hər cür şərait yaradıldı.
Füzulinin anadan olmasının 530 illiyini qeyd etdiyimiz
bu günlərdə Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyində arxivimdə saxlanılan,
ziyalılarımızın həmin tarixi müraciətinin
maraqlı və əhəmiyyətli olacağını nəzərə
alaraq oxuculara təqdim edirəm.
İRAQ RESPUBLİKASININ PREZİDENTİNƏ
Möhtərəm Prezident!
Azərbaycan və İraq ölkələrini,
xalqlarını və mədəniyyətlərini
müştərək ədəbi-elmi və dini-mənəvi
əlaqələrin min illik tarixi və ənənəsi,
böyük Füzulinin müqəddəs türbəsi,
iraqlı türkmanların təkrarsız şifahi söz sərvəti
birləşdirir. Məhz həmin əlaqələrin
müasir dövrdə daha da genişlənməsində, eləcə
də Azərbaycan-İraq Dostluq Cəmiyyətinin yenidən təşkilində
İraqın Bakıdakı səfirliyi böyük rol
oynamışdır.
YUNESKO-nun qərarı ilə 1994-cü il
"Füzuli ili" elan olunmuş və bütün mütərəqqi
bəşəriyyət İraq və Azərbaycan
üçün eyni dərəcədə doğma olan dahi
mütəfəkkir və şair Məhəmməd
Füzulinin anadan olmasının 500 illiyini geniş qeyd edir.
Azərbaycan ədəbiyyatı, mədəniyyəti
tarixində çox mühüm hadisə olan bu yubiley
münasibətilə Bağdadda və Bakıda Füzuliyə
həsr olunmuş ədəbi-elmi konfranslar keçirilməsinə,
dahi şairin məzarını ziyarətə, ümumiyyətlə
qarşılıqlı ədəbi-mədəni əlaqələrimizin
daha da genişlənməsinə, intensiv şəkil
almasına ehtiyac var. Belə bir vaxtda İraqın
Bakıdakı səfirliyinin bağlanması barədə
aldığımız xəbər Azərbaycanın
yazıçı və şairlərini, ümumən
ziyalılarını olduqca məyus etmişdir. Bizə məlumdur
ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra
şirkətlər, ədəbi-mədəni-dini təşkilatlar
Səfirliyin öz fəaliyyətini davam etdirməsi
üçün maddi kömək göstərməyə
hazırdırlar.
Möhtərəm Prezident!
Qardaş İraq torpağında müqəddəs Kərbəlada
uyuyan dahi Füzulinin 500 illik yubileyinin xalqlarımızın
arzusuna münasib keçirilməsi, ədəbi-elmi-mədəni
əlaqələrimiz tarixində yeni bir səhifə
yazılması naminə bu sahədə mühüm işlər
görə biləcək Səfirliyin bundan sonra da fəaliyyətini
davam etdirməsinə kömək göstərməyi Sizdən
xahiş edirik.
Dərin hörmətlə,
Azərbaycan ziyalıları adından: Mikayıl
Abdullayev, Anar, Vaqif Aslanov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə,
Ayaz Vəfalı, Yaşar Qarayev, Tofiq Quliyev, Vasim Məmmədəliyev,
Bəkir Nəbiyev, Kamil Nərimanoğlu, Qəzənfər
Paşayev, Nurəddin Rzayev, Sabir Rüstəmxanlı, Eldar
Salayev, Nəbi Xəzri.
Bakı şəhəri, 22 aprel, 1994
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet .- 2024.- 2 aprel,№56.- S.11.