Yaddaşımdakı
"Bekar"
Afaq Məsudun "Bekar" hekayəsi
yaddaşımdakı klassik
yazıçılarımızın əsərləri
sırasında layiqli yer tutur. Hekayə qəhrəmanının
isə o "yer"dən həm uzağa, həm də
yaxına boylanıb baxa bilən nəzərlərinin qəribə
bir fantaziyası da qalıb yaddaşımda. Bəlkə də,
hər birimizin uşaqlıq çağlarında
yaşadığı duyğuların toplusudur "Bekar".
Müəyyən yaşda - şüurun artıq
formalaşmağa başladığı, təfəkkürlə
yaddaşın birləşib müxtəlif cizgilər
yaratdığı dövrlərdə hər kəsin maddi
dünyasında "bekar" ola biləcək qədər
bir məqamı olur. Elə o məqamın da pərdəarxası
görüntüsü "bekar"ınkı ilə bir
növ eynidir. Amma nədənsə bu hekayənin adı mənim
xəyalımda "Qarğış" olaraq qalıb. Və
müxtəlif səbəblərdən mənim bunu
araşdırmaq imkanım, vaxtım olmayıb...
Mən bu hekayəni orta məktəbin elə orta
siniflərində oxuduğum zaman mütaliə etmişəm:
hekayə hansısa jurnalda, çox güman ki, "Azərbaycan"
jurnalında idi. Bu da mümkündür ki, həmin vaxt
"Qarğış" adlı başqa bir hekayə ilə
"Bekar"ın mövzusu məktəbli yaddaşımda
qarışıq düşə bilərdi. Hər halda, bu hekayə
yaddaşıma uzaq uşaqlıq illərində hopub.
Hekayənin məzmunu ilk baxışdan sadədir.
Lakin dərin psixoloji qatlara varma onu bir qədər mürəkkəbliyə
doğru aparır. Belə ki, əsərin qəhrəmanı
"bekar" bir yeniyetmə oğlandır.
İşi-gücü olmayan bu tələbə oğlan evdədir.
Yay tətilinin ləzzətli anlarını çarpayıda
uzanaraq duyur; öz illüziyalarının çək-çeviri
ilə məşğul olur. Bəlkə də, hər kəsin
bu yaşda keçirdiyi oxşar hisslər heç bir
xüsusi müdaxilə istəmədən bir xətt boyunca,
ardıcıllıqla təsvir edilir. Qəhrəmanın düşündüklərinin
eynisini vaxtilə həmin yaşda olub düşünən kəs
İnsanla Zaman arasında bir qapalılığın
mövcudluğunu hiss edir. Həyata bir qədər yanakı
baxışı olan qəhrəman ortabab sovet ailəsinin
övladıdır. Onun zövq mənbəyi, xüsusi məşğuliyyəti
yoxdur. Bu həyatda ayaqlarını sürüyə-sürüyə
ömür sürənlərdəndir. O, heç kəsin əzizi,
sevimlisi deyil, hətta anasının da... Ananın
qayğılı, daim yorğun siması onu təbdən
çıxarır, amma bunun səbəbini tam mənasıyla
dərk edə bilmir. Ona görə yox ki, bu barədə
düşünə bilmir, ya da özünü yorub
düşünmür. Sadəcə olaraq, bu psixoloji
ağırlıq onu əzir, sıxır, düşüncələrini
yorur, həyat ritmini korlayır. Yeknəsəq,
usandırıcı həyat tərzi maraqsızdır, xəyal
qurmaq üçün fantaziyası yetərli deyil. Fikirlərində
həyatın bir başqa cür ab-havasını
yaşayır, onu təsəvvüründə canlandırmaq
istəyir, amma bunun üçün illüziyası
çatışmır. Bəs bu, kimin günahıdır,
bekarın özünün, ya anasının? Bəlkə,
taleyindir bu günah?
Oğlan "bekarlığa" çıxmaq,
"bekar ərazisini" dolaşmaq, "bekarlıq zirvəsini"
fəth etmək istəyir sanki. Cəmiyyətə, həyata
o zirvədən üzüaşağı baxmağa
çalışır. Elə o anda da sanki gözləri
qaralır, başı hərlənir və üstdən
aşağı fırlana-fırlana, yumalana-yumalana
düşür əl çəkə bilmədiyi, tərk
edib ayağa qalxa bilmədiyi yorğan-döşəyinin içinə.
Rahat, isti yataqda xumarlana-xumarlana, xumarlandıqca
xoşhallana-xoşhallana vaxt öldürmək, əlinə
keçəndən, olan-olmazdan yeyib tavana baxa-baxa oradakı mənzərənin
içinə çəkilmək hünəri onu həyata
qapı arasından baxmağa vadar edir. Hələ sona qədər
dərk edə bilmədiyi yaşam ritminin qaydaları ilə
ayaqlaşmaq üçün yataqda arxası qatda uzanıb
qalmaqla ayaq üstə olmağın zəruriliyi arasında
çaşbaş qalır. Bekar arada yorğanın
altından sivişib çıxır, mətbəxə
qaçıb qazanların qapağını açaraq
özünə yemək axtarır. Qətiyyətsizliyi,
özünə inamsızlığı, qorxusu... onun sinir
hüceyrələrinin bir-birini kobudluqla "itələyib"
birisinin o birinin yerinə keçməsinin təzahürüdür.
Adama elə gəlir ki, bekarın bekarçılıqdan
üz-gözünü də çil basıb. Beynində
milçəktək, mığmığatək dolaşan
fikirlər onu tərk etmir. Əlindən iş-güc gəlməyən
bu binəvanın bütün bədəni sanki pas atıb. Məhz
hansı iş-güc? Sovet dövrünün iri şəhərində,
paytaxtda, bina evində... hansı və nə cür bir
işin qulpundan yapışmaq olardı axı?
Zamanın uzun ömrünün axarında -sovet rejimi
vaxtında və onun can üstə olduğu vaxt da bekarlar həmişə
olub, elə indi də var. Amma nə onlar bu bekardan, nə də
bu bekar onlardandır. Bizim bekarımızın
bekarçılığı artıq onun həyat tərzidir
ki, bu da xarakterinə hopub. O bu bekarçılığından
qopa bilmir, onu özündən ayırmaqda
gücsüzdür. Otağının divarlarına,
tavanına zillənən baxışları bu tələbə
oğlanın sanki heysiz vücudunun yeganə "diri" hərəkətidir.
Tavandakı ləkələr oğlanda qəribə təsvir
meylləri yaradır: "Tavanın suvağı ovulmuş, bəzi
hissələri yağış sızmalarından əcaib ləkələr
atmışdı. Buradan - aşağıdan baxanda alçaq
təpələrlə sıralanmış bozumtul səhranı
xatırladırdı. Diqqətlə baxanda burada hətta
dağlar da var idi. Dağların bəzi cizgiləri kölgələnib
qaralmışdı deyə hündürlüklərini dəqiq
müəyyən eləmək olmurdu".
Bekarın təsəvvüründəki mənzərə
elə də ürəkaçan deyil, əksinə,
cansıxıcıdır. O, "alçaq təpələrlə
sıralanmış bozumtul səhrada" azıb
qalmışdır və buradan yol tapıb real həyata
çıxa bilmir. Orada, tavanda gördüyü və
"hündürlüklərini dəqiq müəyyən"
eləyə bilmədiyi dağlar isə onu getdikcə
aşağı sıxırmış kimi yatağından
qalxmasına, yeriməsinə, müstəqil addım
atmasına, özünü təsdiq etməsinə mane olur.
O, ana uşağıdır, amma sevimli deyil. Bədbəxtlik də
elə bundadır ki, "...anasının ondan da,
özündən də... zəhləsi gedir". Bekarın nə
edəcəyini bilmədiyi məqam da elə bundan doğur.
Görəsən, nə etsə, yaxşı olar? Bəlkə,
bir qəhrəmanlıq eləsin, ya qeyri-adi bir iş tutsun,
anasının hörmətini qazanmaqdan ötrü... Bəlkə,
onda "...anası kinayə dolu gözlərini onun
üzünə zilləyib: - Xeyir ola?!. Gün hayandan
çıxıb belə?.." deməyəcəkdi...
Artıq "utanmaqdan da bezən" bu zavallı bekarın
günahı nə olmuşdu, görəsən?
Anasının talesizliyininmi günahını
daşıyırdı? Onun "içlərini gündə-gündə
doldurub mərtəbələri üzüyuxarı
daşıdığı o bərabər çəkili zənbillər"də
idimi bu günah? Bəlkə, bu zənbillər anasının
onun boynuna yıxdığı minnəti idi? Övladından
bir təmənnası vardımı ananın? Onun valideynlik,
analıq borcu bura qədərmi idi? Ananın tale
yükünün ağırlığını bu biçarəmi
çəkməliydi? Otağın tavanındakı cizgilərdən,
hamamın köhnə qapısından bəlli olur ki, bir ailənin,
bəlkə də, bir nəslin ağrılı-acılı
ömür yoludur bekarın içini titrədən:
"Yarısından çoxu sümüklü ətin
altında qalıb əzilən yumurtaları görəndə
anası ona kədər içində elə
baxmışdı, elə bil yumurtaların
sınmağıyla anasının tale oxunun səmti dəyişmişdi..."
"Qalxıb ayaqlarını gecənin soyuğundan
buzlamış başmaqların içinə saldı, titrədə-titrədə
mətbəxə qaçdı". Bəllidir ki, bekarı
titrədən yalnız soyuq deyil, həm də tənhalığıdır.
Onu əlindən bir iş gəlməyən, vecsiz, bekar edən
səbəblər var. Onun fəaliyyətini sıxıb
daraldan, əl-qol açmasına imkan verməyən
sıxıntıları var. Onu məyus, halsız edən tərəddüdlər
var və bütün bunlar onun tale rəsminin cizgiləridir.
Bundan başqa, onun həyat tərzini, yaşamını
çərçivəyə salan bir rejim, quruluş da var ki,
o quruluşun daxilində için-için, korun-korun
yanmaqdadır, lakin bunu dərk edə bilmir.
"...qapını o üzdən kilidləyib orada nəfəsini
içinə qısa-qısa nəyi isə gözləyən"in
kim olması onun təxəyyül həddindən çox
uzaqdadır.
Onu özündən, qəlibindən,
qılafından çıxara bilən gücün mahiyyətini
anlamır. Hətta havanın qaralması kimi təbii proses belə,
onda qeyri-adi mənfi duyğular yaradır. "Hava
qaraldıqca tavan boyu sıralanan "dağlar", "dərələr"
daha vahiməli görünürdülər... Buralar həm də
haralarısa xatırladırdı..." Bekarın sanki
keçmiş həyatında rastladığı, indiki məqamda
ruhunun xatırlaya bilmədiyi buna bənzər məqamlar
vardır: "Hava qaraldıqca kölgələr
böyüyür, "dərələr" getdikcə dərinləşirdi..."
Oxucunun, bəlkə də, ilkin məqamda anlaya bilməyəcəyi
bu "dərinlik" qorxusu əsərin qəhrəmanının
iliklərinə işləyib. Özünü ovutmaq,
"gördüklərindən" yaxa qurtarmaqdan ötrü
isə bu "qara-qura" fikirləri kənar edib, guya tavanda
"gördüklərini" "Amerika"
jurnalının üz qabığında gördüyü
Ayın böyüdülmüş fotoşəklinə bənzədir.
Bu cür psixoloji tamamlama prinsipləri əsər boyu
oğlanı tərk etmir, əksinə, onun yanlış
addımlar atmasına rəvac verir.
Qəribədir ki, onun dostu-filanı yoxdur. Hekayə
oğlanın düşündüklərinin təcəssümündən
doğsa da, xəyalında belə danışacağı
qız və ya oğlan dostuna rast gəlinmir. Bu isə onun
tamamilə tənhalığı, yalnız anasına
sığınıb yaşamağı deməkdir. Nə
yaxşı, heç olmasa, otağında yeganə canlı -
pişiyi var. Amma elə bil pişik də ondan incik
düşüb, o da oğlana məhəl qoymur. Ən
azından, bekar mətbəxə qaçanda belə,
çarpayısından hoppanıb yerə düşərək
oğlanın ardınca qaçmır. Elə bil pişik də
onun daxilindəki sıxıntılardan bezib...
Nəhayət, oğlan ayağa durur. Bu da hamama getmək,
əllərini yumaq zərurətindəndir. Onun qapıyla
tutaşması da təsadüfi olmayıb, zərurətdən
doğur. Açılmayan, onun sözünə baxmayan
qapı, nəhayət, önündə bir "kişi"
görür və qarşısında "məğlub
olur". Əslində, məğlub olan elə qəhrəmanın
özüdür; bekarlığından ayrılıb
gördüyü işin nəticəsi ona növbəti
qorxusunu yaşadır - anasına nə cavab verəcək? Pərtlik,
peşmanlıq hissləri bir-birinə qarışır,
"iş nədi bilməyən nazik barmaqları",
ağrıyan, yaralanan dizi onu bir az da utandırır.
Amma bu hissi də bayaqkı qorxu-ürkü kimi
keçib-gedir. Çünki işdən qayıdan anası nəinki
baş verənləri görür, bütün bunlara
heç məhəl də qoymur. O öz yorğunluğunda,
öz aləmindədir: "Deyəsən, nə
güzgüdəki çapığı gördü, nə
də qapının sınmış cəftəsini..."
Necə deyərlər, anası bugünkü işini başa
vuraraq elə bil növbəti günə
hazırlaşır. "Anası əllərini dizlərinin
üstünə qoyub yatmışdı.. Sağ əli indicə
ayağından çıxardığı corabı bərk-bərk
sıxmışdı". Ömrü boyu yerimək (iş,
ev, bazar yolu) bu qadını xanımlıqdan çoxdan
çıxarıb, bununla belə, o, yuxuda da "start"
halındadır - qalxıb getməyə, yeriməyə
hazır vəziyyətdədir.
"Anasının bu yatmağında onun anlaya bilmədiyi
nə isə, qeyri-adi bir məna vardı... Amma ha fikirləşdisə
də, o mənanı anlaya bilmədi..."
Anlaya da bilməzdi! Ana bu haqda oğluyla bircə dəfə
də olsun, danışmamış, bu barədə söhbət
salmamışdı. Çantasını götürüb ya
işə, ya bazara getmiş, yaxud evdə yemək
hazırlamış və bütün analıq borcunu bununla
bitirmişdi. Yalqız, tək qalan oğul keçmişdə
nələrin baş verdiyindən, hazırda onu nəyin
gözlədiyindən xəbərsizdir.
"Anasının ayaqları altında çömbəlib
ona altdan yuxarı baxdı. Buradan baxanda anası orta əsrlərin
qədim heykəllərinə oxşayırdı..." Beləliklə,
oğlan öz müəmmalı keçmişinə
baxır, anasının timsalında - ulularının
daşlaşmış yaddaşında ona aydın olmayan,
çözə bilmədiyi talesizliyin cizgilərini sezirdi...
Elə bu fikirlərlə də "Başını ehmalca
anasının ayaqlarına söykəyib qaldı və
çox keçmədi ki, eləcə oturduğu yerdə
yuxuladı..."
Bu mənzərə artıq şərhsizdir. Anadan
üzübəri gələn ətalət, durğunluq,
susqunluq, müəmmalı sükut, oğulu mütləq
"bekar" etməli idi. Bu binəvanı
qınamağın nə yeri?..
Zeynəb ƏLİQIZI
525-ci qəzet .- 2024.- 2 aprel,№56.- S.8.