Azərbaycan təhsilinə
Hacı Zeynalabdin Tağıyev töhfələri
Vəfatının 100 illiyi bu il tamam olacaq
böyük mesenat doğma xalqının maariflənməsi
naminə misilsiz işlər görüb
Dünyada milyonlar, milyardlar qazanaraq tükənməz
sərvətə yiyələnmiş çox zəngin
insanlar olub. Lakin onların çoxu öz xalqı və
insanlıq üçün faydalı işlər görmədiyindən
geniş rəğbət qazanmayıb, bir neçə onillikdən
sonra kimliyi unudulub, xatirəsi yaddaşlardan silinib. Ancaq
var-dövlətə sahib olan elə insanlar da var ki, vəfatından
yüz il ötsə belə, bir vaxt xalq, millət
üçün gördükləri müsbət işlər,
xeyirxah əməllər tarixin qızıl səhifəsinə
həkk olunaraq onları mənən yaşadıb,
unudulmağa qoymayıb. Belə insanlar, xoşbəxtlikdən
bizim xalqın da payına düşüb. Onardan biri və yəqin
ki, ən məşhuru Azərbaycanın iri kapitalistlərindən,
görkəmli məşhur simalarından olmuş, son dərəcə
maarifpərvər sahibkar, xalqın maariflənməsi, millətin
inkişafı üçün nəinki mal-dövlətindən,
hətta canından belə keçməyə hazır olan nəcib
insan, böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevdir.
Yoxsu ailədə doğulub-böyüyən, ancaq XIX
əsrin 70-ci illərinə doğru öz bacarığı
və zəhməti hesabına varlanmağa başlayan
H.Z.Tağıyev qısa müddətdə Bakıdakı azərbaycanlılar
arasında ilk ağ neft istehsalçısı kimi məşhurlaşıb.
Artıq 1870-ci ildə H.Z.Tağıyevin ağ neft zavodu fəaliyyət
göstərirdi. 1873-cü ildə icarəyə
götürdüyü torpaqda neft quyusu güclü fontan
vurur, beləliklə, taleyi Hacının üzünə bir
daha gülür. Elə həmin ildə də o, şərikli
neft sənayesi firmasını yaradır. 1886-cı ildə isə
bütün payçıları üstələyərək
həmin firmanın vahid mülkiyyətçisi olur. İllər
keçdikcə H.Z.Tağıyev Bakıda lifli maddələrin
emalı üzrə səhmdar cəmiyyəti, toxuculuq fabriki,
"Xəzər" manufaktura cəmiyyəti, Bakı şəhər
ticarət bankı, balıq sənaye cəmiyyəti və digər
qurumlarda ya mülkiyyətçi, ya da əsas söz sahibi
olur. Məhz onun dəstəyi sayəsində
Şollar-Bakı su kəməri çəkilib əhalinin
istifadəsinə verilir. Bakıda ilk teatr binası, ticarət
evi, ticarət bankı və başqa tikililər onun adı ilə
bağlıdır.
Bütün bunlardan əlavə, H.Z.Tağıyevin Azərbaycan
təhsilinin inkişafında, müasir təhsil müəssisələrinin
yaradılmasında da bir mesenat kimi müstəsna rolu olub.
H.Z.Tağıyev xeyriyyəçilik işlərinin
mühüm bir qismini də Azərbaycanda təhsilin
inkişafına, xüsusilə yeni məktəblərin
açılmasına yönəltmişdi. O, 1896-cı ildə
rus-müsəlman məktəbinin, həmçinin
Maştağa kənd məktəbinin açılmasına
nail olmuş, hər iki məktəbin maliyyə məsələlərinin
həll edilməsini öz öhdəsinə
götürmüşdü.
Onun təşəbbüsü və maliyyə dəstəyilə
ərsəyə gələn, Bakıda qız məktəbi
kimi tanınan, imperatriça Aleksandra Fyodorovnanın
adını daşıyan rus-müsəlman qız məktəbinin
açılması isə H.Z.Tağıyevin xeyriyyəçilik
və maarifçilik fəaliyyətinin zirvəsi sayıla bilər.
Həmin təhsil ocağının yaradılması
üçün o, hələ 1896-cı ildə 150 min rubl pul
ayırmışdı. Ayrılan vəsaitdən 125 min rubl işçi
heyətinin xərcləri, eləcə də şagirdlər
üçün kitab və tədris ləvazimatının
alınması, 25 min rubl isə məktəb binasının
tikintisi üçün nəzərdə tutulmuşdu. Lakin
H.Z.Tağıyev Bakı şəhərində qız məktəbinin
açılması zamanı böyük çətinliklərlə
üzləşir. Hacının məktəb açmaq
ideyası heç də yerli "ruhanilər"in ürəyincə
olmur. O dövrdə köhnə fikirli "ruhanilər"
qızlar üçün məktəb açmaq və onlara
təhsil vermək məsələsinə çox pis
yanaşırdılar. Onlar bu işdə Hacıya dəstək
olan Mərdəkan qazısı Mir Məhəmməd Kərimi
evinə neft töküb od vurmaqla hədələyir,
başqa yollarla da hədə-qorxu gələrək var
qüvvələri ilə bu işə mane olmağa
çalışırdılar. Ancaq işin çətinə
düşməsinə, vəziyyətin qəlizləşməsinə
baxmayaraq, H.Z.Tağıyev öz işıqlı yolundan
dönmür. Aydındır ki, bu işin arxasında məhz
onun dayandığını bilən "ruhanilər" məktəbin
açılmasının əsas "günahkarı"
kimi Hacı Zeynalabdini görürdülər. Azərbaycanda
qızların dünyəvi məktəbdə
oxumasını istəməyən qüvvələr
Hacıya qarşı sui-qəsd təşkil etmək istəyirdilər.
Çox vaxt tapançalı-xəncərli Bakı
qoçuları ilə üz-üzə gələn Hacı
bu xeyirxah əməlindən geri durmur. Digər tərəfdən
Hacının xalq içərisindəki böyük
nüfuzu həmin başabəla "ruhanilər"in
çox da əl-qol açmasına mane olur. 1898-1900-cü illərdə
məktəbin tikintisi icra edilib başa çatdırılır.
Nəhayət H.Z.Tağıyevin təşəbbüsü ilə
həmin məktəbin açılmasından ötrü Məkkəyə,
Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə,
İstanbula və Tehrana xahiş məktubları yazılaraq
dini idarələrin başçılarının yanına
nümayəndələr göndərilir. Məktəbin
açılması üçün həmin dini idarələrdən
rəsmi icazələr alınır. Bakıdakı ruhani idarəsi
verilən icazələri nəzərə alaraq 1901-ci ildə
oktyabr ayının 7-də rus-müsəlman qız məktəbinin
açılmasına izn verir.
Lakin qara qüvvələr yenə də sakitləşmək
bilmir, real vəziyyətlə barışmaq istəmir,
Hacıdan qisas almaq istəyirdilər. Görülən tədbirlərə
baxmayaraq, o nadanların əli ilə ağır cinayət
törədilir, 1912-ci ildə Qafqazda ilk qız məktəbinin
açılmasında Hacıya böyük köməklik
göstərmiş Axund Molla Ruhulla öldürülür.
Bununla belə, Hacının parlaq niyyəti uğurla
həyata keçdi və Bakıda qız məktəbinin
açılması Şərqdə müsəlman qızlar
üçün ilk dünyəvi tədris ocağı kimi
tarixə düşdü. Həmin məktəb nəinki Azərbaycanda,
hətta keçmiş Rus imperiyasında sensasiyaya,
böyük ictimai təsirə səbəb olmuşdu. Azərbaycanda
dərc olunan qəzet və jurnallarda, eləcə də o
dövrün nüfuzlu rus mətbuatında çap olunmuş
bir sıra yazılarda H.Z.Tağıyevin xeyriyyəçi
addımları, xüsusən qız məktəbi
açması çox yüksək qiymətləndirilmişdi.
Hacının maarifçilik ənənələri, təhsil
sahəsinə göstərdiyi maddi köməklik, həyata
keçirdiyi digər xeyriyyəçilik tədbirləri
qız məktəbinin açılması ilə bitmirdi. Onun
maliyyə dəstəyi ilə 1895-ci ildə Mərdəkanda
bağçılıq məktəbi, 1896-cı ildə
Bakıda orta texniki məktəb, 1898-ci ildə 1000 nəfərlik
kurslar, 1900-cü ildə Bakı kommersiya məktəbi,
1906-cı ildə Bakı müsəlmanları arasında
savadlılığı yayan "Nəşri-maarif"
xeyriyyə cəmiyyəti, 1910-cu ildə H.Z.Tağıyevin
fabrikində fəaliyyət göstərən
savadsızlığın ləğvi kursunun birsinifli məktəbə
çevrilməsi böyük uğurla həyata
keçirildi. Adları qeyd edilən xeyriyyəçilik
işlərində təkcə maliyyə məsələləri
deyil, digər problemlərin həllini də əsasən
Hacı öz üzərinə götürmüşdü.
H.Z.Tağıyev Bakı ilə yanaşı, Azərbaycanın
və dünyanın digər bölgələrində də
təhsil naminə xeyriyyəçilik addımları
atmışdı. 1896-cı ildə Gəncədə və
Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə
Tiflisdə açılan məktəblərin xeyrinə pul
vermişdi. O, Dərbənddə, İrəvanda, həmçinin
Rusiyanın digər bölgələrində
açılmış məktəblərin də saxlanılmasına
maliyyə vəsaiti ödəmişdi. Bakı Dövlət
Univeristetinin yaradılmasına da tələb olunan məbləğdə
vəsait yönəltmişdi. O, xarici ölkələrdə
ali təhsil alan, o cümlədən, Fransada 45 nəfər,
İtaliyada 23 nəfər, Almaniyada və Rusiyada 13 nəfər,
İngiltərədə 10 nəfər, Türkiyədə 9
nəfər, cəmi 100 nəfər tələbənin təhsil
və təqaüd xərclərinin ödənilməsinə
yetərincə köməklik göstərirdi.
H.Z.Tağıyevin sədrliyi ilə 1914-cü ildə
keçirilən iclasda Bakının Şağan, Hövsan,
Pirşağa, Bülbülə, Suraxanı, Türkan kəndləri,
eləcə də, Balaxanı qız məktəbində
ikinci siniflərin açılması haqqında qərar qəbul
edilmişdi. 1917-ci ildə isə o, Bakıda fəaliyyət göstərən
ikinci realnı məktəbin nəzdində müsəlman
uşaqlarının əlifba öyrənməsindən
ötrü açılan sinfin maliyyə məsələlərini
də öz öhdəsinə götürmüşdü.
O dövrdə Azərbaycanda cəmiyyətə hava və
su kimi lazım olan məktəblərin və
savadsızlığı ləğv edən kursların
açılması Z.Tağıyevin ən böyük
arzularından idi. Hacı xalqını, millətini
savadlı, gözüaçıq, bacarıqlı,
dünyagörüşlü, mədəni və yüksək
təhsilli görmək istəyirdi. Maarifçilik sahəsində
fəallığına görə H.Z.Tağıyev
Bakıdakı Marinski qadın gimnaziyasının, orta texniki məktəbin,
rus-müsəlman qız məktəbinin, eləcə də
Kommersiya məktəbi və Tiflis müsəlman məktəbinin
isə fəxri himayəçisi seçilmişdi. Bu
müdrik və əliaçıq, ürəyi daim el
üçün yanan insan
heç vaxt sərvətini, imkanlarını, təmənnasız
köməyini şagird və tələbələrdən əsirgəməyib.
Xüsusilə ciddi ehtiyacı olan şagirdlərə maddi
köməklik göstərilməsində, ali təhsil alan tələbələrə
təhsil haqqı, təqaüd və digər xərclərin
ödənilməsində hər zaman səxavətli
davranıb.
Hacının köməyi ilə təhsil alan
şagirdlər və tələbələr arasından Azərbaycanın
görkəmli elm və sənət adamları, ictimai və
siyasi xadimlər yetişib. Bu siyahıda Nəriman Nərimanov,
Həsən bəy Ağayev, Əlimərdan bəy
Topçubaşov, Məşədi Əzizbəyov, Nəsib bəy
Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qarabəy Qarabəyov,
Qara Axundov, Xudat bəy Məlikaslanov, Şahbaz Rüstəmbəyov
və başqalarının adları var.
Təhsilin inkişafı yolunda atdığı
xeyriyyəçi addımlar sübut edir ki, xalqının
işıqlı gələcəyini düşünən
H.Z.Tağıyevin ali məqsədi millətinin maariflənərək
tərəqqiyə nail olması, dünya xalqları
arasında layiqli yer tutması idi. O, ömrü boyu var
gücü ilə, bütün maddi-mənəvi
imkanlarını əsirgəmədən bu məqsədini
gerçəkləşdirməyə çalışdı,
millətin gələcəyi olan gənclərin yüksək
təhsilə yiyələnmələri yolunda əlindən gələni
etdi. Azərbaycanın, xalqımızın bugünkü
inkişaf səviyyəsinə nail olmasında məmləkətinin,
millətinin uğurlu gələcəyinin məhz təhsillə
bağlı olduğunu aydın dərk edən
H.Z.Tağıyevin böyük rolu var. Onun bu sahədəki
ardıcıl fəaliyyəti, təmənnasız xeyriyyəçiliyi
nəsillərə nümunədir, xüsusilə də
müasir iş adamlarımız, imkanlı şəxslərimiz
üçün parlaq örnəkdir.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
13.