Vətəndən uzaqlarda

 

Şaxtalı, çovğunlu bir qış günü. Həyəcanlı anlar. Xoş bir görüşün yaradacağı təəssürat xəyalən məni öz ağuşuna alıb.

Moskvanın qarlı, buzlu yolları ilə şütüyən avtobus nəhayət ki, Tula vilayətinin Novomoskovsk şəhərinə daxil olur. Görüşümüzün hərarəti şaxtalı-buzlu havanı bir göz qırpımında elə bil yaz havasına çevirir. İlahi, insan ürəyi nələrə qadir imiş. Sanki bu görüşə qədər aradan heç zaman keçməyib, elə bil dünən ayrılıb bu gün görüşürük. Dağa dönmüş ürəyimizdən nələr, kimlər keçmədi ki?

Bir bacı-qardaş görüşü nə qədər hərarətli, isti ab-hava yaradarmış. Həmişə görüşlərimiz elə bu biçimdə, bu istilikdə, belə sevinclə keçməsinə baxmayaraq, ürəyimdə çox kövrək hisslər baş qaldırmışdı. İllər bizim yaşımızın üstünə yaş gətirmiş, saçlarımızı tamam ağartmış, bu isə bəlkə bizi daha da kövrəltmişdi. İllərə nə var ki... Sanki bir göz qırpımında keçib gedir. Axırıncı görüşümüzdən bizə çox gələn müəyyən bir vaxt keçmişdi.

İllər elmin zirvələrinə yüksələn, qardaşım Bayramov Ramiz Qasım oğlunun vətən sevgisini bir qətrə belə azaltmayıb. Onun Qarabağımızın, düşmən tapdağında olan torpaqlarımızın azad olmasını necə böyük bir sevinclə, necə bir coşqu ilə danışdığının gərək şahidi olasan, onunla həmsöhbət olasan. Şəhidlərimizdən danışanda əsən dodaqlarını, ağaran bənizini, titrəyən səsini duymaq və görmək o qədər çətin idi ki...

Bu illər ərzində uzaqda yaşamasına baxmayaraq, bir dəqiqə belə elini, obasını, vətənini unutmayan, professor sanki doğma vətənin torpaqlarını bizimlə söhbət edə-edə qarış-qarış addımlayır, havasını udur, yaxınlarını xatırlayır, hər bir vətəndaşımızla qürur duyduğunu söyləyir, zəfərimizdən necə fərəhləndiyini qürur hissi ilə büruzə verirdi. Ölkəmizin qalibiyyətinin, zəfərimizin memarı olan, "Dəmir Yumruq"lu Ali Baş Komandanımız İlham Əliyev cənablarının fəaliyyətinin, xalqımızın ləyaqət və şərəfinin qaytarılmasında nə qədər böyük əməyinin olması haqqında böyük qürur və fəxr hissi ilə danışmasını ancaq görmək, müşahidə etmək lazım idi.

Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Şəmkir rayonu Seyfəli kəndində doğulub boya-başa çatmış Ramiz müəllim orta məktəbi bitirdikdən sonra, Gəncə İnşaat texnikumuna daxil olur. Texnikumu əla qiymətlətlərlə başa vuran Ramiz Bayramov sonra Ukraynada F.E.Dzerjinski adına Dnepropetrovsk Dövlət Kimya Texnologiya institutuna daxil olmuş və 1967-ci ildə fərqlənmə diplomu ilə "Kimya texnologiyası" ixtisasına yiyələnərək, Tula vilayəti, Dövlət Azot Sənayesi elmi-tədqiqat institutunun Novomoskovsk filialına (QİAP) kiçik elmi işçi kimi təyinat almış, alüminium-oksidinin alınması və texnologiyası prosesində qrup rəhbəri kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə L.Y.Karpov adına Moskva Fizika və Kimya Elmi Tədqiqat İnstitutunun məqsədli aspirantura şöbəsinə daxil olmuş, 1977-ci ildə  kimya elmləri namizədlik dissertasiyasını müdafiə edərək yenidən qayıdıb Tula vilayətinin Novomoskovsk şəhərində QİAP-da işini davam etdirir. "Yüksək dispersli toz materialları istehsal etmək üçün impulslu atqılarda materialların dispersləşdirilməsi prosesi"ni öyrənir. Katalizator dayaqlarının və katalizatorların özlərinin istehsalında bəzi materialların istifadə olunması onun tərəfindən tövsiyə olunmuşdur.  Ramiz müəllimin tədqiqatları əsasən nanostrukturlu toz materialların (metallar, metal hidroksidlər, oksidlər və s.) alınması prosesinin öyrənilməsinə yönəlmişdir.

O, 1984-cü ildən D.İ.Mendeleyev adına RKTU-nun "Ümumi kimya" kafedrasının dosenti kimi fəaliyyət göstərib. Əldə etdiyi materiallar və  təcrübələrdən istifadə edərək  Bayramov Ramiz Qasım oğlu 2010-cu ildə Moskva Texniki Universitetində (keçmiş Moskva Aviasiya Mühəndisləri İnstitutu) texnika elmləri doktoru alimlik dərəcəsi dissertasiyasını müdafiə edir. Elmi araşdırmaları bir sıra patentler də daxil olmaqla, 50-dən artıq ixtira, 80-dən çox elmi məqalələrin müəllifi kimi Rusiya və Beynəlxaq jurnallarda dərc olunub. Dəfələrlə Rusiya və Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edən professor iki monoqrafiya hazırlayıb nəşr etdirmiş, bir neçə elmlər namizədi yetişdirmişdir. 2013-cü ildə R.Bayramov Rusiya Təbiət Elmləri Akademiyasının kimya bölməsi üzrə müxbir üzvü seçilmişdir.  2014-cü ildə onun elmi işinin bir hissəsi: Elmi Kəşflər və İxtiralar Müəlliflərinin Beynəlxalq Akademiyası və Beynəlxalq Elmi Kəşflər Assosiasiyası tərəfindən tanınaraq, ona 451 №li "Sulu məhlullarda elektrik qığılcımı dispersiyası məhsullarının əmələ gəlməsi nümunələri" kəşfi diplomu verilib. Beləliklə, müxtəlif Beynəlxalq konfranslarda, o cümlədən, Belçikanın Antverpen Universitetində keçirilən "Qeyri-üzvi materiallar" üzrə IV beynəlxalq konfransında, "XXI əsrin kibernetika və yüksək texnologiyaları" mövzusu üzrə Rusiyanın Voronej Universitetində keçirilən 15 və 16-cı Beynəlxalq konfranslarında, Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər İnstitutunun Ural bölməsində keçirilən Ümumdünya konfransında "Bərk cismin kimyası və funksional materialları" üzrə, Rusiyanın Rostov Universitetində 10-cu Ümumrusiya konfransında "Ultradispers (Nano) sistemlərin fiziki kimyası", Milli Tədqiqat Nüvə Universitetinin, eləcə də Moskva Fiziki-Texniki İnstitutunun 2004, 2005, 2007, 2012-ci illərdə keçirdiyi elmi sessiyalarında məruzələrlə çıxış etmişdir.

Onun kimya elminə verdiyi töhfələr yazdığı monoqrafiyalarda öz əksini taparaq dünyanın bir çox məşhur jurnallarında dərc olunmuşdur. Beynəlxalq konfranslarda çıxışları, elmi cəmiyyətlər tərəfindən yüksək qiymətləndirilən mühazirələri ilə  Bayramov Ramiz Qasım oğlu kimya elminin zirvəsində özünəməxsus yer tutub desək, yanılmarıq.

Çox sadə və təvazökar xasiyyətə malik olan Ramiz müəllim özü haqqında çox danışmağı sevmir. Onunla söhbətdə nailiyyətləri haqqında müəyyən fikirləri tutmağa çalışıram, elmi söhbətlərdə üzünün necə işıqlanmasının, elm yolunda sanki bir pərvanə kimi necə yanmasının şahidi oluram. Dünya kimya elmində öz ixtira və kəşfi ilə tanınan, böyük nailiyyətlər qazanmış azərbaycanlı alim demək olar ki, bütün həyatını kimya elminə həsr etməsinə baxmayaraq, o qədər sadə, təvazökar, vətənə, ailəsinə bağlı biridir ki, onu sözlə ifadə etmək belə çox çətindir.

O, böyük qardaş, ata-anamın arzularının ilki-əzəli, ailəmizin, bacı-qardaşlarının böyüyü, qüruru, fəxridir. Elə bu yazım uzaqda yaşamasına baxmayaraq, qəlbi daim vətən eşqi ilə çırpınan alim-qardaşım, professor Bayramov Ramiz Qasım oğlunun 80 illik yubiley təbriki olsun. Ona sağlam, uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayaraq, qəlbimi bürüyən kövrək notlarla hələlik deyib çox yaxın zamanlarda vətəndə görüşmək ümidi ilə ayrılıram.

 

Rəfiqə QASIMQIZI

Həkim-yazar

525-ci qəzet .- 2024.- 3 aprel,№57.- S.12.