GƏRAYBƏYLİNİN
ƏL ATMADIĞI YARAQLAR VƏ DAİM
İŞLƏTDİYİ SİLAH
Bir var gerçək həyatın içərisindəki
insan, bir də var səhnədə surəti yaradılan adam.
O da, bu da həyatın axarındadır. O, həqiqi, bu isə
məcazi - təxəyyülün yaratdığı həyatın
qoynunda. Amma əsl sənətkarlıq odur ki, onları
bir-birinə bacardıqca yaxınlaşdırasan,
oxşarlaşdırasan, gücün çatdığı qədər
eyniləşdirəsən. Ağasadıq Gəraybəyli səhnəyə
hər çıxışında buna səy edirdi və istəyinə
yetirdi də. Və bunun çox səbəbləri
sırasında vacib bir amil də vardı - məşq.
İnsan dünya işığına göz
açana qədər doqquz ay və neçəsə
günlər ana bətnində qalır, gəlişə
hazırlaşır. Yaxşı aktyor isə yaradacağı
surəti səhnəyə gətirənəcən elə
gerçək insanın dünyaya gətirmək kimi onu
aylarca "öz bətnində" gəzdirsə də, bir
dəfə "doğmaqla" iş bitmir. Gərək hər
dəfə - lap on və yüz dəfələrlə həmin
rolu təkrar oynasa da, vacibdir ki, hər dəfə yenidən o
surəti təzədən doğuşa hazırlaya.
Ağasadığı Ağasadıq edən həm də
bu idi ki, yolunun əvvəlindən ömrünün sonunadək
ağır zəhmət və əziyyət çəkməkdən
yorulmadı, usanmadı, çiyrinmədi. Bu son söz bəlkə
bu yerdə bir az sərt səslənir, amma həqiqətdir
ki, təkrar-təkrar görülən istənilən hətta
canayatan iş də əvvəl-axır insanı
bıqdıra bilir. Onda qalmış belə iş, özü
də yetərincə ağır əmək 80 ilə
yaxın bir müddətdə çəkilmiş ola.
2023-cü il martın 2-də Milli Dram Teatrında,
Ağasadıq Gəraybəylinin səhnəyə
çıxmazdan əvvəlki son daimi məkanında, bir
növ, onun uçuş zolağında - qrim otağında
Xalq artisti Nurəddin Mehdixanlı ilə oturmuşduq və məhz
onunla həmin otaqda əyləşməyimiz də səbəbsiz
deyildi. Daha əvvəl bu otaq daha üç xalq artistininki
olmuşdu: Ağasadıq Gəraybəylinin (1897-1988), Həsənağa
Turabovun (1938-2003), Əlabbas Qədirovun (1946-2006). İndi Nurəddin
orada tək hazırlaşır, 1980-ci illərin
sonlarındasa həmin qrim otağını Ağasadıq
müəllimlə bölüşürmüşlər.
Deyir, hətta bu qədər vaxt keçsə də, divan həminki
divandır, hər gələndə Ağasadıq müəllim
divanın nə sağ, nə sol tərəfində deyil, tən
ortasında əyləşərmiş. Axır vaxtlar gözü
zəifləyəndən sonra onu adətən oğlu
Çingiz bu otağadək gətirib təhvil verib gedərmiş.
Ağasadıq müəllimin artıq teatrda olduğunu
eşidincə Telman Adıgözəlov (1953-2010)
özünü çatdırarmış. Onun boynuna
könüllü götürdüyü nəcib bir öhdəlik
vardı - çıxışına az qalmış
böyük aktyoru qrim otağından səhnəyədək
aparmaq.
1980-ci illərin ortalarında Ağasadıq Gəraybəyli
teatrın ən qocaman aktyoru idi və onunla eyni tamaşada
oynayanların əksərindən yarım əsr yaşlı
idi. Ancaq yaşından asılı olmayaraq oynayacağı hər
növbəti tamaşaya istisnasız olaraq hamıdan tez gəlirmiş.
Lap keçmişlərdəki adəti üzrə saatlarla erkən.
Keçmişlərdəkinə nisbətən vaxtın
sürətləri dəyişmişdi və tamaşaya az
qalmış özünü teatra çatdıran aktyorlar da
qınanası deyildi - kinostudiyadakı işlər, ayrı-ayrı
televiziyalardakı çəkilişlər, dublyajlar, haradasa dərs
demək, əlbəttə ki, həm də ailə
qayğıları, şəxsi məsələlər o qədər
vaxt aparır ki, bizim günlərdə aktyorun teatra
iki-üç saat əvvəldən gəlib özünü
tamaşaya "kökləməsini" ummaq
insafsızlıq olardı. Ancaq Ağasadığın
mayası başqa cür yoğrulmuşdu və zaman indikindən
də artıq sürət qazansaydı, bu püxtə sənətkarı
dəyişmək gücündə deyildi. Hələ
harasıdır - o, evdə də özünə elə
teatrdakı qrim otağındakına bənzəyən bir
guşə yaradıbmış. Nəinki sözlərini, hətta
yapışdıracağı bığ-saqqalın, qrimin də
məşqini edirmiş.
Bu "xəstəliy"in adı sonsuz eşq və
tükənməz məsuliyyət, sənət və
tamaşaçı qarşısında ali cavabdehlik
duyğusudur.
Bütün əyaniliyi ilə Nurəddin
Mehdixanlının gözünün qabağında idi ki,
1981-ci ildir, Əşrəf Quliyevin (1924-1994) quruluşunda
"Əliqulu evlənir" gedir, Ağasadıq Gəraybəyli
baş roldadır, Bəsti Cəfərova Nazlını
oynayır, Nurəddinsə onun qızının
nişanlısını. Əliqulu ilə qız xəlvəti
görüşəndə nişanlısı - Nurəddin
onları tutur, başlayır Əliqulunu qovlamağa və o
da qaçıb canını qurtarmaq istəyir.
Nurəddin soyumayan təəccüblə
anırdı: "O yaşda kişi elə
qaçırdı ki, sanki cavan oğlandı.
Yüyürüb girirdi telefon köşkünə, mən də
həmin köşkün qapısı olan hissəni
çevirirdim divar sarı ki, Əliqulu ilişib qalsın. O
anlarda Ağasadıq müəllimim hərəkətləri
elə qıvraq, reaksiyası elə cəld idi ki, gendən
baxan elə bizi onunla tay-tuş zənn edərdi".
Bunları da, teatrın oçağkı bir çox
başqa işçiləri kimi, Nurəddin də unuda bilmir,
gizlətmədiyi heyrət və heyranlıqla
xatırlayır: "Ağasadıq müəllimin
yaşı artıq 85-i keçmişdi. Mərahim Fərzəlibəyovun
birinci quruluşunda o, Qoca Knyaz rolunu oynayırdı.
Papaqlı, yapıncılı, səhnə geyim-kecimində
üç saat əvvəldən otururdu burada - qrim
otağında, güzgünün qabağında. Mətnə-filana
baxmırdı. Onsuz da mətni əzbər bilirdi.
Özünü daxildən tamaşaya hazırlayırdı. Səhnəyə
çıxmaq vaxtı yetişəndə Telmanla mən gəlirdik,
girirdik Ağasadıq müəllimin qoluna, dəhlizlərdən
keçirdik, səhnənin qırağına
çatırdıq, ondan ayrılırdıq. Girirdi səhnəyə.
Göz görmür, amma Ağasadıq müəllim səhnədə
oynayanda, mizanları edəndə, çaşıb
qalırdıq ki, ola bilməz, insan bu dəqiqliklə məsafəni
bilə bilməz. Nə qədər irəliləmək
lazımdır, məhz o qədər addım atırdı.
Ən müşkülü bu idi ki, orada pilləkən də
vardı. İki pillə düşürdü, daha iki
addım atırdı, anlaşılmaz bir fəhmlə səhnədə
bir tərəfdə qoyulmuş kresloya nə qədər
yaxınlaşıb onun hansı hissəsinə əyləşəcək,
onu elə aydınca görən adam kimi edirdi. Mat
qalırdıq ki, axı Rafael Dadaşov (1946-2020 - R.H.) - Knyaz
Usmiyev gələndə fırlanıb hansı tərəfdə
dayanacağını bu kişi necə müəyyən edir.
Axı bu insan görmür. Əyləşirdi kresloda, amiranə
bir tərzdə, bir az da ləzgi ləhcəsiylə sözlərini
deyirdi, sonra ayağa qalxırdı, yenə iki pilləkən
enirdi, aralanırdı. Buna görə də o, hər dəfə
səhnədən çıxanda Telman ərklə
sataşırdı ki, Ağasadıq müəllim, boynunuza
alın, deyəsən, axı siz bizi dolayırsınız,
deyəsən, axı siz görürsünüz. Özünə
xas, hamıya elə filmlərdəki məşhur
obrazlarından tanış olan şirin deyiş tərzi ilə
dərhal çımxırırdı: "Səfeh-səfeh
danışma!" Aktyorun böyüklüyü budur, səhnənin
hər santimetrini duyurdu, səhnənin eni, uzunu, hava məsafəsi,
harada dayananda hava hansı istiqamətdən vurur, səs haradan
gəlir, mən harada olmalıyam, bunlara qədər dəqiqliklə
işləyirdi. Ona görə Ağasadıq müəllim də,
onun nəslinin böyük aktyorlarının hər biri də
çox nəhəng idilər. Elə nəhəng ki, biz
heç vaxt onlara tay ola bilmərik".
Xalq artisti Nurəddin Mehdixanlının "Natəvan"
tamaşasından yada saldığı həmin məqamı
hər qırpımı ilə xatırlayıram. Hər dəfə
Ağasadıq müəllimin hər addımını, nə
gizlədim, həyəcanla, daxili narahatlıqla izləyirdim
ki, birdən büdrəyər, hansı tərəfə getməyi
düz müəyyənləşdirməz, pərtlik yaranar.
Ancaq elə sərrast, elə dəqiq oynayırdı ki,
Ağasadıq müəllimin görməsinin nə vəziyyətdə
olmasından xəbərdar olmayan tamaşaçılardan biri
də əsla hər hansı əyər-əskik hiss etmirdi.
Üzdən baxanda bəlkə də çox sadə,
bəsit görünə biləcək, amma edilməsi çətin
Ağasadıq vərdişlərinin hamısının
arxasında bir ömür uzunluqlu təcrübə, həyatın
sınaqları, tarixin və taleyin öyrətdikləri
dayanırdı.
Bu duyğulandıran, düşündürən
sözləri Cəfər Cabbarlı (1899-1934) milli
teatrımızın XX yüzilin əvvəllərində,
çalxantılı zaman kəsiyində nahamvar yolları
adlayaraq yeni bir inkişaf yoluna qədəm qoymağa can
atdığı günlərin fikrinə dalarkən qələmə
almışdı: "Yol yoxuşlu, sərt, çətin
idi. İrəlidən ağır məşəqqət
daşları yağırdı. Tam bu aralıq ortaya iki
mübariz çıxdı. Onlar yerlərdə sürüklənən,
iməkləyən, kimsəyə tanınmayan bu cocuğa
yaxınlaşdılar. İki qüvvətli əl bu
cocuğa sarı uzandı və o cocuq bir körpə sevinci
ilə gülümsəyərək ayağa qalxdı. Bu əl
uzadanlardan biri Hüseyn Ərəblinski (1881-1919 - R.H.), o biri
Abbas Mirzə Şərifzadə (1893-1938 - R.H.) idi. O cocuq bu
iki qüvvətli ələ söykənərək
xırdaca ayaqlarıyla irəliləməyə
başladı. Qarşıdakı yolsa hələ çox
uzun idi".
Ağasadıq Gəraybəyli müasirimiz olan insan
idi, Ərəblinski, Abbas Mirzə isə bizə yalnız indi
yox, elə hələ Gəraybəylinin cavanlıq
şövqü və ilhamı ilə
yaşayıb-yaratdığı 1970-80-ci illərdə də
vaxtın xeyli uzaqlarındakı klassiklərimiz kimi gəlirdilər.
Elə onlar haqqındakı bu təsirli sözləri
yazmış Cəfər Cabbarlı da artıq tarixdəki
yerini tutmuş klassik olaraq qavranılırdı.
Hər gün əlini sıxa bildiyimiz Ağasadıq
Gəraybəylinin böyük sənətə və səhnəyə
gəlişi isə elə o əlçatmaz zirvələrlə
bağlı olmuşdu.
Ağasadıq ustad bunca köhnə və uzaq, bunca
yeni və yaxın idi.
Ağasadıq Gəraybəylinin yalnız
çağdaş deyil, erkən yaşından həmkar,
silahdaş, mübarizə yoldaşı olduğu Ərəblinski,
Şərifzadə, Cabbarlı və müstəsnalar qafiləsinə
aid bir çox əski aktyorlar, rejissorlar, ədiblər, sənət
adamları və ictimai xadimlərlə əlaqədar elə
isti xatirələri vardı ki, bunları yalnız o şəxsiyyətlərlə
aralarından su keçməyəcək qədər yaxın
olmuş dost söyləyə bilərdi. Və bu xatirələr
o şəxsiyyətlərin ömür lövhələrini,
portretlərini tamamlayan vacib cizgilər idi.
İyirminci yüzilin son onilliklərində
Ağasadıq Gəraybəylidən savayı hansı
aktyorumuz vardı ki, "Mən Ərəblinski ilə işləmişəm"
deyə döşünə döyə bilsin? O isə bu həqiqəti
iftixarla dilə gətirirdi. Ərəblinskinin rejissorluğu
ilə səhnəyə gələn "Ağa Məhəmməd
şah Qacar"da Ağasadıq olmuşdu Sadıq xan,
"Nadir şah"da saray xanlarından biri. "Gaveyi-ahəngər"də
ona kiçik rollardan biri tapşırılmışdı.
Söyləyirdi ki, Ərəblinskinin qeyri-adi rejissorluq məharəti
vardı. Onun adi məşqləri belə aktyorlara çox
şey öyrədirdi.
İlk gəncliyindən ömrünün sonunadək
Ağasadıq Gəraybəyli üçün Ərəblinski
aktyor və insan olaraq dəyişməz ideal kimi qaldı. Məgər
bu qənaətdə olan tək Ağasadıq idimi? O
dövrün cavanlarının hər biri, Ağasadıq
müəllimin söyləməsincə, Hüseyn Ərəblinskiyə
büt kimi baxırdılar. Deyir, Ərəblinskinin hər
çıxışını tamaşaçılar o yana
qalsın, biz aktyorlar səbirsizliklə gözləyərdik,
çünki onun ustalıqla yaratdığı hər rol
yaşından asılı olmayaraq bütün
aktyorlarçün məktəb idi; biz səhnə
arxasına toplaşıb onun oyununu izləyərdik,
pıçıltı ilə danışdığı
sözlər də teatrın son sıralarında aydın
eşidilirdi, Ərəblinski sözsüz, mətnsiz uzun
çəkən pauzalarla elə vəziyyət
yaradırdı ki, tamaşaçı cınqırını
belə çəkmədən onu diqqətlə izləməyə
vadar qalırdı, o özü üst-başına çox
fikir verən idi, həmişə aktyorlardan da səliqəli
geyinməyi tələb edərdi, deyərdi ki, camaat səliqəli
geyinməyi aktyorlardan öyrənməlidir,
kasıbçılıq eyib deyil, lakin pintilik, səliqəsiz
geyinmək eyibdir.
Ərəblinskinin aktyor yoldaşlarına, xüsusən
gənclərə istiqanlı münasibəti, nəvazişkarlığı
ilə bağlı Ağasadıq Gəraybəyli bir əhvalatı
da danışırdı. Deyirdi ki, 1918-ci ilin mart hadisələrində
teatrımız yandırılmışdı, təmir işləri
getdiyindən bir neçə vaxt biz dram tamaşalarını
da Opera Teatrında verəsi olmuşduq; bir axşam bu teatrda
"Qaçaq Kərəm" oynanırdı, mən
tamaşada gənc zabit rolunda çıxış edirdim. Məni
səhnədə güllə ilə vurmalı idilər. Adətən
güllə açılmalı olan anda atəş səsi pərdə
arxasından gələrdi, bunu xüsusi effektlə təşkil
edərdilər, biz də səhnədə artıq o qopan atəşə
uyğun hərəkət edərdik. Məqamı
çatdı, vurulmalı olduğum saniyələr
yetişdi, nədirsə, səhnə arxasından gələn
budəfəki atəş səsi əvvəlki tamaşalara
nisbətən həddən ziyadə gur alındı. Səsi
eşidincə mən, qabaqcadan nəzərdə tutulduğu
kimi, yerə sərildim, ancaq onu da hiss elədim ki,
ağzıma nəsə girdi, o biri yandan da qarşı tərəfdəki
aktyorun gözünün bərəldiyini, mənə həyəcanla,
heyrətlə baxdığını gördüm. Yerə
yıxılanda onu da hiss elədim ki, əynimdəki ağ
kitel qan içindədir. Bunu görüncə Ərəblinski
tez "Zanaves, zanaves, pərdə, pərdəni salın"
qışqırıb özünü səhnəyə
atdı, məni elə qan bürümüşdü ki, sanki
elə doğrudan güllə ilə vurublar.
Ancaq "sanki"siz, elə gerçəkdən də
mən əməlli-başlı yaralanıbmışam. Bizim
rekvizitçi Boris səhnə arxasında güllə səsi
yaratmaq üçün adətən patron gilizinə
ovçu barıtı doldurduğu halda bu dəfə həmin
barıtdan tapmadığından top üçün olan
barıtdan istifadə edibmiş ki, nə fərqi var, barıt
barıtdır da. Ancaq fərqi varmış, özü də
lap çox. Nəticədə sadəcə atəş səsi
əmələ gəlməyib, həqiqətən
güclü partlayış baş vermişdi və giliz
parçalarının bir-ikisi də səhnəyə uçaraq
ağzımdan dəymişdi, məni qan aparması da buna
görə baş vermişdi. Ərəblinski ləngimədən
məni faytona əyləşdirib xəstəxanaya apardı,
orada yaram müayinə edilərək dərman qoyulub
sarınandan sonra yenə faytonla məni evimizə gətirdi. Səhərə
qədər də yanımdan əl çəkmədi. Onun bu
xeyirxahlığı, bu canıyanan münasibəti əbədilik
yaddaşımda qalan dərslərdən biri oldu.
Ağasadıq müəllim söyləyirdi ki,
1960-cı ildə Akademik Dram Teatrı sabiq Tağıyev
teatrından indiki binasına köçəndə hamıdan
çox sevinən mən oldum - çünki köhnə məhəlləmizə
yaxınlaşmışdıq. Deyirdi ki, indi hər dəfə
teatra gələndə həm öz
uşaqlığımı, həm də bizimlə
qonşuluqda - ovaxtkı Serkovnaya, indiki Vidadi küçəsi
ilə Mirzə Fətəli küçələrinin kəsişəcəyindəki
binada yaşamış Hüseyn Ərəblinski istər-istəməz
xatirimdən keçir...
Ağasadıq səhnəyə o vaxtda gəlmişdi
və başlanan əsrin ilk onilliklərində Azərbaycan
teatr həyatının elə səhifələrinə
şahid kəsilmişdi ki, sağında-solundakı
aktyorların, rejissorların çoxu sağkən əfsanə
sayılan sənətkarlar idilər və dörd-beş
onillik ötəndən sonra əfsanəliklərində qalan
həmin parlaqların heç biri həyatda yox idi,
ƏFSANƏLƏRİN son yadigarı kimi artıq özü
də əfsanəyə çevrilmiş Gəraybəyli tək
idi.
...Ağasadıq müəllim əslən istanbullu
olan, hələ 1911-ci ildə Milan Sənət
Akademiyasını bitirmiş, hər üç Qafqaz
respublikasının və SSRİ-nin Xalq artisti, məşhur
kino və teatr aktyoru Vaqram Papazyanla (1888-1968) da işləmişdi
və onunla bağlı da xatirələri vardı. Deyirdi ki,
o zaman lap gənc idim, Papazyanla ilk görüşlərimiz
onun Türkiyədən bura təzəcə gəldiyi
1923-cü ildə Vladimir Ballyuzekin (1881-1957) Azərbaycan
Foto-Kino İdarəsində ekranlaşdırdığı
"Qız qalası" səssiz bədii filmi çəkilərkən
oldu, orada Vaqram Papazyan əsas rolu - xanın surətini
yaradırdı, mən isə vəziri oynayırdım.
Papazyanın aktyorluq məziyyətlərindən
danışarkən söyləyirdi ki, o, filmə çəkilərkən
də sanki səhnədə oynayırdı, xanın qəddarlığını,
qaniçənliyini elə xəsis və sərrast boyalarla
göstərə bilirdi ki, bəzən biz özümüz
aktyor ola-ola filmin ayrı-ayrı epizodları çəkilərkən
onu gördükdə vahiməyə düşürdük, həm
də o, bu rolda standart, qəlibləşmiş mənfi qəhrəman
obrazı yaratmırdı, əksinə, onun ifasında xan
bütün zülmkarlığı,
amansızlığı ilə yanaşı eyni zamanda öz
təbii insani ehtirasları ilə də nəzəri cəlb
edirdi.
Ağasadıq müəllim etiraf edirdi ki, film çəkildiyi
zaman mən və mənim kimi o zaman gənc olan bir çox
artistlər Papazyana böyük heyranlıqla tamaşa edərdik.
Onun hər bir hərəkətini, ağıllı, mənalı
baxışlarını, bir sözlə, insanı heyrətdə
qoyacaq istedadını məftunluqla izləyərdik.
Aralarında xeyli yaş fərqi olmasına baxmayaraq,
dostluq münasibətləri də yaranıbmış.
Ağasadıq müəllim xatırlayırdı ki, bir
gün Vaqram Bakıya gəlmişdi. Evə zəng
çalıb dedi ki, "Otello" tamaşasında oynayacaq,
istəyir mən də həmin tamaşada onunla tərəf-i
müqabil olum - buna çox sevindim.
Tamaşaya biletlər adı o vaxt dillərdə əzbər
olan Papazyana görə beş gün qabaqdan satılıb
qurtarıbmış.
Bu da Ağasadıq müəllimin sözləridir:
"Bakıda, elə bil ki, teatr bayramı idi.
Tamaşaçılar yenə Papazyanın Azərbaycan artistləri
ilə oynayıb möcüzə göstərəcəyini
gözləyirdilər. Bu, belə də oldu. Papazyanın səhnəyə
ilk gəlişi salonda ağlagəlməz bir həyəcan
oyatdı. Tamaşaçılar onu sürəkli
alqışlarla qarşıladılar. Həmin tamaşada mən
Yaqonu oynayırdım. Doğrusunu deyim ki, Yaqonu oynamaqdan daha
çox Otellonu oynayan Papazyanın çıxışına
yaxşı mənada qibtə hissi ilə tamaşa edirdim.
Tamaşanın sonunda zala toplaşanlar Papazyanı səhnədən
buraxmırdılar. Görünür, onun "Otello"da Azərbaycan
dilində oynaması tamaşaçılara xüsusi xoş təsir
bağışlamışdı".
Tamaşadan sonra Ağasadıq Gəraybəyli qonaq
aktyoru evə dəvət edir. O isə "Çoxdandır
Bakıda olmamışam, istəyirəm ki, Xəzər
sahilində gəzək. Çünki Bakının
bulvarını çox sevirəm. Azərbaycanlılar
xoşbəxtdirlər ki, onların Xəzər dənizi var,
bu cür gözəl sahil bağı var", - deyir.
Ağasadıq müəllim söyləyirdi ki,
bulvarda gəzə-gəzə başımız söhbətə
necə qarışdısa, bir də gördük gecə
yarısıdır...
...İlk gənclik illərindən birevli kimi
olduqları Şərifzadələr ailəsi, bənzərsiz
Abbas Mirzə ilə bağlı xatirələrində furqon həmişə
olardı. Huşsuz deyildi ki, elə zənn edəm bunu mənə
artıq bir neçə dəfə
danışdığını unudub. Yox, qəsdən oradan
başlayırdı, bu da onunçün bir könül
ehtiyacı idi və hər dəfə həmin səhnəni
danışanda nəsə gizli bir ləzzət
aldığını da hiss edirdim.
Növbəti dəfə yenə XX yüzilin lap
başlanğıcında, Şamaxının altını
üstünə çevirən zəlzələdən sonra
onları Bakıya gətirən furqondan, şəhərə
çatanacan yol uzunu başlarına gələnlərdən
bəhs edəndə zarafatla demişdim: "Ay Ağasadıq
müəllim, hərdən məndə belə güman
yaranır ki, 1873-cü ildə Azərbaycan teatrı
doğulanda da siz varmışsınız". Zarafata zarafatla
cavab vermişdi ki, "məni qocaltma!"
Sonra Abbas Mirzəylə Ağasadıq məşum 37
qasırğaları onları ayrı salanadək əl-ələ
oldular. Danışırdı ki, bir vaxt mən ailəliklə
"Tarqovıy pereulok" - "Ticarət döngəsi"
deyilən küçədə yaşayırdım,
kiçik birotaqlı mənzil idi, həyat yoldaşım
müəllimə olduğundan hər gün saat 8-də dərsə
çatmalı idi və iş belə gətirdi ki, bizim əkiz
uşaqlarımız doğuldu, ona görə də
yoldaşım məktəbə getdiyindən uşaqlara mən
baxırdım, çox vaxt hətta məşqlərə gedəndə
onları da özümlə götürməyə məcbur
qalırdım. Məşqdə mənim yerim çatanda
uşağın birini Mərziyə xanıma, o birini Abbas Mirzəyə
verirdim - Çingizi Abbasa, Firəngizi Mərziyə
xanıma...
...Nəriman Nərimanov (1870-1925) onun həmişə
xüsusi ehtiramla, minnətdarlıqla yad etdiyi şəxsiyyətlərdən
idi. Deyirdi ki, Doktor teatrımıza xüsusi hörmət bəsləyərdi.
Çox məşğul olmasına baxmayaraq,
tamaşalarımıza tez-tez gələrdi, gələndə
də adətən ikinci sırada əyləşərdi,
çox vaxt özü ilə Səməd ağa
Ağamalıoğlunu (1867-1930), Əliheydər Qarayevi
(1896-1938), Həmid Sultanovu (1889-1938) və qeyrilərini də
gətirərdi. Bəzən səhnə arxasına keçib
aktyorlarla hal-əhval tutardı. Çətin zamanlar idi.
Yoxsulluqdu, aktyorların pal-paltarının
nimdaşlığı da onu çox narahat edərdi. Elə
gözucu bizi süzüncə bloknotunu çıxarıb kiməsə
çəkmə, kiməsə kostyum yazardı, deyərdi ki,
aparın bu kağızı verin Qara şəhərdəki
filan anbara, burada yazılanı sizə pulsuz verəcəklər.
Hətta bəzən konyak da yazardı. O vaxt konyak ancaq apteklərdə
satılardı, özü də reseptsiz verməzdilər. Biz
isə hər axşam dörd-beş əsər oynayardıq,
bir aktyor hər gün üç-dörd rolda
çıxış edərdi - gah komik, gah xarakterik, gah qəhrəman
surətlər. Məni də, digərlərini də bu təhər
gərgin iş rejimi taqətdən salsa da, illər
ötdükcə anlayırdıq - məhz həmin
qaçhaqaç, həmin nəfəs dərmədən
çalışmaq qısa vaxt ərzində təcrübəmizin
də artmasına, yetişməyimizə güclü təsirini
göstərib.
Nəriman Nərimanov Ağasadıq müəllimin
xatirələrində bir ayrı cilvədə
görünürdü. Deyirdi ki, böyük qardaşım
Ağalara gəlin gətirməli idik, maşın
tapmadıq, o vaxt taksi-filan olmazdı, getdim yoldaş Nərimanovun
evinə - indi Nərimanov muzeyi olan binada yaşayırdı -
dedim, qardaşıma gəlin gətirəcəyik,
maşın tapmırıq, sürücüsünü
çağırtdırıb tapşırdı ki, mənə
lazım deyilsən, get bu gecə Gəraybəylinin sərəncamında
ol.
Ağasadıq müəllim bunu da söyləyirdi ki,
onsuz da teatra qəlbən bağlı olan, həm də
dramaturq Nərimanın Türk Tənqid-Təbliğ
Teatrına xüsusi münasibəti bica deyildi - çünki
həmin teatr 1921-ci ildə yoldaş Nərimanovun təşəbbüsü
ilə yaranmışdı.
"Teatr indiki bulvarın girəcəyində, qabaqlar
Fenomen kinoteatrının, sonrakı Kukla teatrının yerləşdiyi
binada idi. Tənqid-Təbliğ Teatrının təşkili
Hacıağa Abbasova tapşırılmışdı,
kollektiv gənclərdən ibarətdi - məndim,
Ağahüseyn Cavadov (1894-1981) idi, İsmayıl
Talıblı (1898-1967), Əmir Dadaşlı, Məxfurə
xanım (1901-1982), yəni Eva Olenskaya, cəmi 12 nəfərdik,
repertuarımız bir, ya iki pərdəli olan tənqidi və
təbliği əsərlərdi. Teatrımızın
xüsusi bir mahnısı vardı ki, tamaşalar
başlanmazdan əvvəl bütün iştirakçılar
səhnə qarşısına çıxıb
Hacıağa Abbasovun və Mirzağa Əliyevin də
iştirakı ilə, bir növ, "Satiraqit" himninə
çevrilmiş o nəğməni oxuyardı".
Şux sözü heç vaxt dilindən əskik
olmayan Ağasadıq müəllim həmin illərin bir zərif
sataşmasını, şux zarafatını da
xatırladır. Deyir, öz aramızda Hacıağa Abbasovla
Mirzağa Əliyevin ikisinin adını birləşdirib
onlara "Hacmirzə" deyirdik. Teatrın mahnısı isə
belə başlanırdı:
Satiraget aynadır açmağa xalqın
gözün,Görəcək bu aynada aşkarca hər kəs
özün.
Ağasadıq müəllimin yadında o illərdə
oynanan xırda tamaşaların adları da
qalmışdı: "Ziyarətin nəticəsi",
"Çərx-i fələk tərsinə dövran
edir", "Dəli dərviş" və qeyriləri.
Soruşmuşdum ki, onların sözlərindən
yadınızda qalan varmı? Dərhal
başlamışdı həmin pyeslərdən
ayrı-ayrı parçaları əzbər söyləməyə.
Vaxtaşırı oynadığı tamaşaları
başdan-sonacan əzbər bilməsi, monoloqları,
ayrı-ayrı dialoqları dəqiqliyi ilə yadda
saxlaması təəccüblü deyil. Lakin 1920-ci illərin
lap əvvəllərində oynadığı, üstündən
onillər keçəndən sonra yaddan çıxması
qaçılmaz olan pyeslərdən də parçaları
belə dəqiqliklə yadda saxlaması mat qoymaya bilməzdi.
Ağasadıq müəllim bunu da Nərimanovun onun
boynundakı haqq-sayı kimi heç vaxt unutmayaraq söyləyirdi
ki, yenə bir dəfə Doktor hökumət adamları ilə
tamaşaya baxmağa gəlmişdi, bizimlə
görüşəndə bir az tutqun olduğumu görüb
hal-əhval tutanda anamın xəstə olduğunu söylədim,
ertəsi gün axşam teatrdan evə qayıdanda
gördüm ki, evimizə həkim gəlib, anamı müayinə
edib, dərman da yazıb. Nəriman Nərimanov
başını qaşımağa macalı
olmadığı əsnada da mənim elə sözarası
elədiyim müşkülümüzə də əncam
çəkməyə girəvə tapmışdı,
özümə bir söz demədən yoldaşlarımdan
ünvanımızı soruşub öyrənmiş,
anamın müalicəsi üçün həkim göndərmişdi.
...Ağasadıq Gəraybəyli o çağlar
üçün yetərincə sanbalı olan, sənətkarın
üzünə çox qapıları və imkanları
açan Xalq artisti adına 1940-cı ildə layiq
görülmüşdü. Bu ağır çəkili fəxri
ad bütün sovet onillərində olmuşdu, indi də var.
Həmin adı daşımışların əksəri də
istedadı ilə, əməkləri ilə gerçəkdən
də bu şərəfli adı daşımağa tam
layiqdir. Ancaq keçmişdəki xalq artistləri bu titulu
yalnız istedad, əməksevərlik, daim öz üzərlərində
çalışmaq hesabına qazanmamışdılar, həm
də fədakar olmuşdular, həm də mütəmadi
xalqın ayağına getmişdilər, həm də həqiqətən
illərcə xalqın qulluğunda durmuşdular.
Ağasadıq Gəraybəyli Xalq artisti adına layiq
olmaq üçün 1940-cı ilə qədər də yetərincə
əməklər çəkmişdi, ondan sonrakı onillər
boyu da əsl Xalq artisti, xalqın xidmətçisi olmaq vəzifəsini
ləyaqətlə daşıdı. Söhbət edirdi 1920-ci
illərin əvvəllərindən. O çağlardan ki,
rayonlara aktyorlardan, sənətçilərdən, ədiblərdən
ibarət təbliğat briqadaları tez-tez göndərilərmiş.
Deyirdi ki, bir gün bütün aktyor kollektivini Opera
Teatrına dəvət elədilər. Söylədilər ki,
Dadaş Bünyadzadə (1888-1938) sizinlə görüşəcək,
bəzi tövsiyələrini verəcək. Ağasadıq Gəraybəyliyə
o görüş əsnasında Şamaxı bölgəsinə
yola düşəcək heyətə rəhbərlik
tapşırılır. Bunu da o səbəbdən etmişdilər
ki, Ağasadığın əslən Şamaxıdan
olduğunu bilirdilər. Ağasadıqgil Şamaxı, Basqal və
Lahıc əhalisinə mədəni xidmət göstərməli
idilər. Briqada dörd nəfərdən ibarətmiş:
Ağasadıq Gəraybəyli, Məcid Çaybasarski
Şirvanlı, Əsgər Şövqi və Rüstəm
Kazımov (1879-1943). Ağasadığa aktyorlar
briqadasının rəhbəri kimi Nəriman Nərimanovun
imzası ilə xüsusi vəsiqə verilibmiş. Həmin vəsiqədə
tövsiyə edilirdi ki, bu sənədi təqdim edən şəxsə
və onun briqadasına yerli təşkilatlar lazım olan
bütün zəruri köməkləri göstərsin.
Ağasadıq müəllim danışırdı
ki, gəlib çatdıq Kürdəmirə, qış fəsli
idi, bizə ancaq öküz arabası verə bildilər. Sulu
qar yağırdı, saqqız kimi qalın
palçıqlı yollarla Ağsu yoxuşunu çox çətinliklə
qalxıb Şamaxıya çatdıq. Başqa yer
olmadığından bizə əsgərlərlə birgə
kazarmada qalmağı məsləhət gördülər. Elə
çıxışlarımızı da orada edəcəkdik.
Bununçün kazarmanın bir tərəfində bəsit səhnə
düzəltdik. Camaat toplaşardı, göstərəcəklərimizi
göstərərdik, gələnlər
dağılışandan sonra isə tamaşanı göstərdiyimiz
səhnədəcə yatardıq.
Tamaşalardan əvvəl Bakıda aldıqları təlimata
uyğun olaraq təbliğati çıxışlar
edirmişlər, şura hökumətinin xalqa verdiyi
azadlıqdan, yeni quruluşun insanlara bəxş edəcəyi
xoş günlərdən söz açırmışlar,
daha sonra keçirlərmiş şeirlərə,
Şamaxıda olduqlarından da üstünlüyü Sabirin
satiralarına verirlərmiş. Repertuarları da kiçik
vodevillərmiş - "Ac həriflər",
"Xor-xor", "Dursun Əli və Ballıbadı",
"Bizim kirayənişin özünü
öldürdü" və qeyriləri.
"Şəhərdə yeməkxana yox idi. Odur ki, əsgərlər
üçün hazırlanan xörəklərdən bizə
də verirdilər. Şamaxıdakı
tamaşalarımızı göstərəndən sonra
Basqala getməli idik. Bizə bir neçə at tapıb verdilər,
sahiblərinə isə tapşırdılar ki, bələdçi
kimi bizim yanımızda piyada getsinlər. Ara vermədən
qar yağırdı. Soyuqdan qorunmaq üçün bizi
Şamaxıdan yola salanda hərəmizə bir şüşə
cecə arağı da vermişdilər. Ancaq yeməyə
heç nəyimiz yox idi. Bu arağı nə ilə içəcəkdik,
məlum deyildi. Ancaq arada meşədən keçərkən
ağaclardan cır əzgil tapıb cecəni onunla içərdik
ki, canımız bu şaxtada, sazaqda bir az isinsin. Ətrafa
boylana-boylana, çox ehtiyatla gedirdik. Çünki bizi xəbərdar
eləmişdilər ki, yolda bəzən ac canavarlar adamlara
hücum edirlər. Qaranlıq çökürdü, lakin
Basqala hələ çox vardı. Atların yorulduğu hiss
olunurdu. Tez-tez sürüşürdülər. Bunun
ucbatından çox vaxt düşüb piyada gedirdik. Nəhayət,
geniş bir yoxuşa çatanda sol tərəfdə kəndin
tək-tük sozalan işıqları göründü. At
sahiblərinin dediyinə görə, bu, Kalva kəndi idi.
Düşüb bu kənddə gecələməyi qərara
aldıq. Kəndə gəlib revkomun evini soruşduq. Nişan
verdilər. Çəpərin arxasından səslədik:
"Yoldaş revkom, ay yoldaş revkom". Handan-hana qapı
açıldı. Dedik ki, Bakıdan gəlmişik, yoldaş
Nərimanov göndərib, Basqala gedirik, bizə səhərə
qədər gecələməyə yer verin.
Narazı-narazı qayıtdı ki, "Bu nədir, canım,
gündə elə hey təzə-təzə adamlar
qapımızı döyür ki, Bakıdan gəlmişik. Mənim
sizə verməyə nə yerim var, nə də çörəyim.
Bilmirəm məni kim revkom elədi? Olmuram revkom!"
Bunları söyləyəndən sonra kişi deyinə-deyinə
içəri girib qapını çırpdı. Səsimizə
toplaşan kəndlilərdən bir neçəsi naəlac
qaldığımızı görüb məsləhət elədilər
ki, revkomun çavuşunun yanına gedək. O, yaxşı
adamdır. Bəlkə bizə yer düzəldər. Onlar bizə
çavuşun evini nişan verdilər. Həmin
çavuşu tapıb ona revkomun bizi necə rədd etdiyini
bildirdik. "Ay qardaş, biz uzaq yoldan gəlib yorulmuşuq, əldən
düşmüşük. Xahiş edirik, pulu ilə bizə səhərə
qədər qalmağa bir yer verin. Səhər onsuz da
çıxıb gedəcəyik", - deyə yalvarmağa
başladıq. Çavuş da qayıtdı ki, "Mən
balaca adamam, nə edə bilərəm? Revkom sizi qəbul etməyəndən
sonra mənim əlimdən nə gələr?" Naçar
qalmışdıq, odur ki, bir balaca aktyorluq eləməyə
başladıq. Ağsaqqalımız Rüstəm Kazımovu
göstərib dedik ki, "Biz heç, axı bu qoca kişi
seyid-peyğəmbər övladıdır. Heç olmazsa
buna rəhm edin". Biz belə söyləyəndə
çavuşun qapı ağzında dayanan və söhbətimizi
dinləyən arvadı dilləndi: "A kişi, savabdır,
nə olar, bir gecəliyə nə var ki, qoy gəlsinlər".
Qadının sözü kişiyə təsir elədi və
bizə gecələməyə icazə verdi. Atdan
düşüb içəri keçdik. Daha gözləmək
vaxtı deyildi. Soyuq lap iliyimizə qədər işləmişdi.
Pal-paltarımız su içində idi. Qadın tez bir qucaq
odun gətirib divar sobasını qaladı, çay
qaynadıb, Allah verənindən nə vardısa gətirib
qabağımıza qoydu. Səhər yuxudan duranda
gördük ki, qadın çəkmələrimizin
palçığını da yuyub, qapı ağzında
cütləyib qoyub. Səhər çaydan sonra onlar bizi
hörmətlə yola saldılar..."
Ağasadıq Gəraybəylinin və aktyor
yoldaşlarının başına gəlmiş və hələ
ardı da olan bu əhvalatı belə yerli-yataqlı səbəbsiz
xatırlamıram. Ayrıntıları ilə yazıram ki,
xalqa və sənətə xidmətə müqəddəs
iş kimi baxmış belə insanları bir daha rəhmətlərlə
anasınız.
Ağasadıq və onun kimi vurğunlar Xalq artisti
adına, bu xalqın sənətçisi adlanmaq şərəfinə
layiq olmaq üçün belə olmazın əziyyətlərdən
keçmişdilər.
Həmin Şamaxı səfəri barədə
söhbətlərini davam etdirərək Gəraybəyli
deyirdi ki, ertəsi gün gəlib Basqala çatdıq. Nəzərimizi
ilk cəlb edən kəndin mərkəzindəki çinar
ağacı oldu. Ağac o qədər yoğun idi ki,
içində çayçı dükanı
açmışdılar. Basqalın revkomu gülər
üzlü, xoş sifətli bir Bakı fəhləsi idi. Bizi
hörmətlə qarşılayıb kabinetinə dəvət
elədi. Vəsiqəmizi göstərib onu planımızla
tanış etdik, o da gəlişimizdən razı
olduğunu, sabahkı konsertimizin də lazımınca təşkil
olunacağını vəd etdi. Çay içərkən
Rüstəm Kazımov Kalva kəndinin revkomunun bizi necə
qarşıladığından, lakin onun çavuşunun və
arvadının bizə nə sayaq iltifat göstərdiyindən
söhbət açdı.
Bu qəziyyənin əhvalatın Basqalın revkomuna
necə ağır təsir etdiyini simasının ciddi şəkil
almasından hiss etdik. O, bloknotunu götürüb nəsə
qeyd etdi. Sonra adam göndərib şəhər əhalisindən
tanıdığı bir neçə nəfəri
çağırtdırdı, rica etdi ki, hərəmizi biri
öz evinə qonaq aparsın. Ayrılanda sözləşdik
ki, sabah saat 11-də onun kabinetində olaq. Səhər saat 11-də
biz kabinetə girəndə isə kənarda
büzüşüb oturmuş bir adam gördük. Revkom isə
nəsə yazırdı. Gəldiyimizi görüb ayağa
qalxdı, səmimi görüşərək bizə yer
göstərdi, gecəni qaldığımız evlərdə
necə dincəldiyimizdən ayrı-ayrı hər birimizdən
soruşandan sonra ciddi vəziyyət alaraq sözə
başladı: "Bu kişini görürsünüzmü?
Bu, sizi qəbul etməyən, öz qapısından qaytaran
Kalva kəndinin rəhbəri Əbdülhüseyn kişidir.
Yoldaş Nəriman Nərimanovun imzası ilə sizə verilən
vəsiqədə göstərilir ki, kim sizin briqadanıza
lazımi yardım göstərməsə, vəzifəsini
yerinə yetirməkdə səhlənkarlığa yol versə,
ya işinizə maneçilik törətsə, elələri
ən ağır cəzaya məhkum edilməlidir - hətta
güllələnməyə qədər. Odur ki, yoldaş Gəraybəyli,
bu mənim tapançam, - siyirtməsindən naqanı
çıxarıb qoydu masanın üstünə, - bu sən.
O da həmin adam, briqadanın rəhbəri kimi necə
lazımdır, özün onun cəzasını ver".
Ağasadıq müəllim deyirdi ki, doğrusu, mən
bir an yerimdə donub qaldım. Nə edəcəyimi, nə deyəcəyimi
bilmədən gah kişiyə, gah tapançaya
baxırdım. Birdən Kalvanın revkomu olan həmin kişi
yerindən sıçrayaraq gəlib qabağımda diz
çökdü, ağlaya-ağlaya yalvarmağa
başladı: "Bilməmişəm, qanmamışam, bir qələtdir
eləmişəm. Məni balalarınızın
başına çevirin". Mən kişinin qolundan tutaraq
"Qalx, biz adam öldürən deyilik. Ancaq bil ki,
yaxşı iş görməmişən", - deyib
kişini stulda oturtdum. Bizi Basqalda üç gün
saxladılar. Tamaşalarımıza ətraf kəndlərdən
də camaatı dəvət edirdilər. Biz oradan Lahıca
getməli idik. Revkom ora getməyimizə razılıq vermirdi.
İnad edirdi ki, yollar xatalıdır. Lahıca heç araba
yolu da yoxdur, adi vaxtlarda belə ora ancaq atla sıldırım
qayaların, dağların arası ilə gedib-gəlmək
olur, indi isə bu qarda-çovğunda getmək əsla məsləhət
deyil, bir də yolda canavarların adamlara hücum etmək hadisələri
də olur. Fəqət biz getməli idik.
Tapşırığı yerinə yetirməliydik. Xahiş
elədik at versinlər, çünki bizə verilmiş
atları sahibləri ilə birgə geriyə - Şamaxıya
aparmışdılar. Əlqərəz, yola dikəldik, bizə
səmti göstərmək üçün adam da
qoşmuşdular. O adam bizi kəndin qırağınacan
çıxarıb yolu göstərəndən sonra geri
qayıtdı. Biz ağır-ağır irəliləyirdik, hər
tərəf sis-duman içində idi və yolu-rızı
güclə seçmək olurdu, sağ tərəfimiz qaya,
sol tərəfimiz isə uçurum-dərə idi, atları
çox ehtiyatla sürürdük. Qabaqda uca boylu Əsgər
Şövqi, dalınca mən, məndən sonra Rüstəm
əmi, axırda isə Məcid Çaybasarski gedirdik. Qəfildən
qabaqda gedən Əsgər Şövqi "Görəsən,
o yola düşən qaraltı nədir belə?" - deyib
atdan düşdü. Biz də onun arxasınca
atlarımızdan enib həmin qaraltıya
yaxınlaşdıq, baxdıq ki, bir uzunboğaz çəkmənin
yarısı qalmış tayıdır, ancaq içində
ayaq da var. Demək, kimisə bu yalqız dağlarda canavarlar
parçalayaraq çəkməsinin küncünə kimi gəmiriblərmiş.
Bakılı balası revkomun bizə dediyi doğru imiş.
Tez atlarımıza minib yüyəni geri çevirdik, Basqala
doğru yol alıb oradan Şamaxıya gəldik, sonra da
Bakıya döndük...
...Ağasadıq Gəraybəylinin teatrda və kinoda
yaratdığı surətlər arasında hökmdarlar da
vardı, sərkərdələr də, dəliqanlılar da.
Həmin rollara uyğun olaraq, təbii ki, səhnədə belində
silah da olurdu. Və günlərin birində inqilab havalı
zamanın hökmü ilə artıq səhnədə deyil,
gerçək həyatda Ağasadığın ixtiyarına əsl
tapança da, o silahdan atəş açmaq səlahiyyəti
də verilmişdi. Ancaq Ağasadıq Gəraybəyli
ömrü boyu nə səhnədə üstündə olan
yaraqları, nə də tətiyini basa biləcəyi o
tapançanı işlətdi. Qan tökən, can alan silahlar
Ağasadığın nəyinə lazım idi ki?! Allah ona həyatı
uzunu işlətmək və özünün
olmadığı çağlarda da paslanmaq bilmədən
xidmətini davam etdirmək üçün başqa daha
qüdrətli silah əta etmişdi - böyük sənət!
İnsan oğlunun bütün zamanlarda
yaratdığı və susması həmişə daha
artıq arzulanan ellik silahlardan fərqli olaraq dirilik
bağışlayan, can və ruh verən bu silahın səslənməsi
daim arzulanacaq, sevgilərlə qarşılanacaq.
Ağasadıq müəllimin bu sözü də
unudulan deyil ki, bəzən insan üçün bir
ömür belə ağırlıq edir, o ki qaldı
ömründə saysız-hesabsız ömürlərin də
yükünü çəkəsən.
Böyük sənət adlı silahı həmişə
üstündə olmasaydı, Ağasadıq Gəraybəyli
o ağırlıqda ömürlər yükünü həyatı
boyu arxayınca necə daşıya bilərdi?!
29 mart 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 3 aprel,№57.- S.10-11;12.