"Nüfuzlu xarici universitetlərdə təhsil almaq geniş perspektiv vəd edir"

 

Martın 1-dən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna start verilib. Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir. 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.

Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə "Top10"da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.

"2022-2026-cı illər üzrə Dövlət Proqramı"na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçirilir.

"2022-2026-cı illər üzrə Dövlət Proqramı"na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər.

Qeyd edək ki, bugünədək "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsi üzrə 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilib. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq imkanı qazanan gənclərdən biri də Aydan Abbasquliyevadır. O, hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) "Dövlət idarəetməsi" ixtisası üzrə magistratura təhsili alır.

Aydan Abbasquliyeva 2019-cu ildə ADA Universitetinin "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə bakalavr təhsilini başa vurub. Bakalavr təhsili dövründə, mübadilə proqramı ilə Erasmus+ təqaüdü qazanaraq təhsilini bir semestrlik Türkiyənin Koç Universitetində davam etdirib. Təhsilini yüksək qiymətlərlə başa vuraraq dəfələrlə Yüksək Performanslar (High Performances) və Rektorun siyahısında (Rector's List of Honor) yer alıb. Həm tələbəlik illərində, həm də ADA Universitetini bitirdikdən sonra özəl və dövlət qurumlarında marketinq, PR və kommunikasiya departamentlərində müvafiq sahələrin mütəxəssisi olaraq çalışıb. Elektron Hökumətin İnkişafı Mərkəzində (indiki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) fəaliyyət göstərdiyi dövrdə müxtəlif layihələrdə iştirak edib. Beş illik ümumi əmək fəaliyyətini "Coca-Cola Bottlers" şirkətində başa vurduqdan sonra ali təhsil yoluna davam edib.

Onun dediyinə görə, Dövlət Proqramı ölkənin ümumi təhsil səviyyəsini artırmaq, gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını genişləndirmək, potensial kadrlar hazırlamaq və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının inkişafı yolunda atılmış əhəmiyyətli bir təşəbbüsdür. Çünki nüfuzlu xarici universtitelərdə yüksək təhsil almaq geniş və aydın perspektiv vəd edir.

Lakin bunu da nəzərə almaq lazımdır ki, dünyanın sayılıb-seçilən universitetlərində təhsil almaq çətin olduğu qədər də bahadır. Ölkəmizdə kifayət qədər savadlı və bu cür universitetlərdə təhsil almaq bacarığına malik gənclər olsa da, maliyyə səbəbindən bu fürsətlərdən yararlana bilməyənlərin sayı çoxdur. Dövlət proqramı savadlı və bacarıqlı gənclərin bu imkandan yararlanması üçün əvəzedilməz fürsətlər yaradır. Eyni zamanda, xarici ölkələrdə yaşayıb təhsil alan tələbələr buradakı şirkətlərdə təcrübə proqramları keçərək qazandığı təcrübələri Azərbaycana qayıtdıqdan sonra müvafiq qurumlarda tətbiq edə biləcəklər. Artıq dünyanın inkişaf etmiş ölkələrinin yüksəkreytinqli universitetlərində təhsil alan yüzlərlərə azərbaycanlı tələbə ölkəmizi təmsil edir. Bu, həm də ölkəmizin və mədəniyyətimizin tanınması, Azərbaycanın təhsil sahəsinə nə dərəcədə önəm verməsinin beynəlxalq müstəvidə göstərilməsi üçün çox əhəmiyyətlidir: "Bakalavr təhsilimi tamamladıqdan sonra hər zaman tam ali təhsil almağı özümə məqsəd bilmişəm. Sadəcə, hansı sahədə təhsilimi davam etdirəcəyimi hələ dəqiqləşdirə bilməmişdim. Professional iş təcrübəsi qazandıqdan sonra qərara gəldim ki, cəmiyyətə faydalı ola biləcək və ölkəmizin inkişafına töhfə verəcək işlər görmək istəyirəm. Eyni zamanda, bilik və bacarıqlarımı bu sahə üzrə öz sözünü demiş, tanınan və güvənilən xarici təhsil müəssisəsində təhsil alaraq artırmaq istəyirdim. Xaricdə təhsil almaq mənim üçün həm fərqli təhsil sistemini təcrübədən keçirmək, müxtəlif dövlət idarəetmə modelləri ilə bağlı biliklərə yiyələnmək, həm də xarici ölkələrin dövlət və ictimaiyyətin inkişafı yolunda atdığı addımları mənimsəmək baxımından çox önəmli idi. Düşünürəm, inkişaf üçün üfüqləri genişləndirmək, məsələləri fərqli aspektlərdən dəyərləndirmək çox önəmlidir. Dövlət Proqramının prioritet universitetlər siyahısını nəzərdən keçirdikdən sonra "Dövlət idarəetməsi" ixtisasına bu sahə üzrə dünya universitetləri siyahısında Harvard və Oksforddan sonra üçüncü yerdə olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) davam etdirməyin məqsədəuyğun olduğu qərarına gəldim. Hər bir universitetin ekspert olduğu ixtisaslar fərqlidir. Qeyd etdiyim kimi, LSE sosial elmlər üzrə dünya universitetləri siyahısında Harvard və Oksforddan sonra üçüncü yerin sahibidir. Burada dövlət sahəsində çalışmış və ya hazırda da çalışan professorlar mövzulara təkcə nəzəri yox, həm də praktiki nöqteyi-nəzərdən yanaşdıqları üçün onlardan əldə etdiyim biliklər çox dəyərlidir. Dövlət idarəetməsi sahəsi cəmiyyətimizin rifahı, ölkənin inkişafı üçün böyük önəm daşıyır. Gələcəkdə özümü ölkəmizdə görmək istədiyim dəyişikliklərin bir parçası olaraq görürəm. Karyeramı hansı istiqamətdə davam etdirirəmsə-etdirim, yiyələndiyim biliklər və mənimsədiyim təcrübələri cəmiyyətimizin inkişafı yolunda istifadə etməyi düşünürəm".

Aydan Abbasquliyeva bildirib ki, Britaniyanın ali təhsil sistemi, öz tədris metodologiyası və ənənələri ilə tanınır ki, bu da dünyanın dörd bir yanından tələbələri cəlb edir: "LSE həm təhsilin keyfiyyəti, həm də tədqiqat imkanları ilə seçilir. Azərbaycan universitetləri üçün Britaniyanın və xüsusilə LSE-nin tədris ənənələrini və innovasiyalarını örnək götürmək faydalı ola bilər.

LSE-də tələbələrə, sadəcə nəzəri biliklər öyrədilmir, həmçinin bu bilikləri kritik şəkildə dəyərləndirmək və yeni fikirlər yaratmaq qabiliyyətləri verilir. Təhsil aldığım ADA Universiteti bu yanaşmanı tətbiq etməkdədir. Azərbaycanın digər universitetlərində də bu yanaşmanın gücləndirilməsi, tələbələrin daha müstəqil və yenilikçi düşünmələrinə kömək edə bilər. Həmçinin, LSE, tədqiqatla əlaqəli dərsləri və layihələri ilə tanınır. Tələbələr, öz sahələri üzrə real dünya problemləri üzərində işləyir və bu, onların tədqiqat bacarıqlarını, peşəkar inkişafını gücləndirir. Azərbaycan universitetlərində də bu cür tədqiqat əsaslı təlim yanaşmasını gücləndirmək, tələbələrin daha işgüzar və tədqiqatçı olmalarına kömək edə bilər. Qeyd edim ki, LSE geniş beynəlxalq tələbə və müəllim heyətinə sahibdir. Belə ki, oxuduğum ixtisasda təhsil alan ingilis tələbə yoxdur. Xarici heyətin çoxluğu təhsil mühitini daha qlobal və çoxşaxəli edir. Azərbaycan universitetlərində də beynəlxalq tələbə mübadiləsi proqramlarının və beynəlxalq müəllimlərin say etibarilə artırılması, tələbələrə daha geniş dünyagörüşü təqdim edə bilər. Bundan əlavə, LSE-də hibrid dərslər keçirilir. Ələlxüsus, pandemiya dövründə bunun önəmini hər birimiz anladıq. Pandemiya bitsə də, bu ənənə bəzi fənlər üzrə davam etdirilir. Hibrid fənləri təqdim etməklə, LSE təhsilin keyfiyyətini daha da yaxşılaşdırmağı hədəfləyir. Azərbaycan universitetləri bu cür elastik öyrənmə formatlarını tətbiq edərək tələbələrə müxtəlif şəraitlərdə təhsil alma imkanı yarada bilərlər".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 5 aprel,№59.- S.15.