Şeytana qarşı
F.M.Dostoyevskinin son əsəri - "Karamazov
qardaşları" romanı dünya ədəbiyyatında
görkəmli yer tutan sənət incilərindəndir. Romanda
qoyulan problemlərin dərin fəlsəfi mahiyyəti,
obrazların qeyri-adi, parlaq psixoloji naturası, "ata
qatilliyi" motivi üzərində qurulmuş süjetin
gözlənilməz, müəmmalı dönümləri,
oxucunu daim gərginlikdə saxlayan dramatizmi bu əsəri bu
gün də ədəbiyyatşünasların,
filosofların, psixoloqların dönə-dönə müraciət
etdikləri şedevr səviyyəsinə
qaldırmışdır.
Dostoyevski yaradıcılığının bir
növ və dii-fəlsəfi yekunu olan bu əsər, təbii
ki, kinematoqrafçıların da diqqətindən kənarda
qalmamış, roman bir neçə dəfə
ekranlaşdırılmışdır. Mən onlardan biri - rus
rejissoru İ.Pıryevin 1968-ci ildə lentə
aldığı eyniadlı üçseriyalı filmdən
danışacağam.
Filmin elə ilk epizodları onun mövzu-problematika
vüsətinin miqyası, əsas qəhrəmanların
dünyagörüşü, xarakteri haqqında müəyyən
bilgi verməklə yanaşı, həm də hadisələrin
sonrakı inkişaf trayektoriyasını da cızır. Ata
Karamazovla böyük oğul Dimitri arasındakı
münaqişənin ədalətli çözümünə
nail olmaq üçün Zosima atanın hücrəsinə
yığışan Karamazovlar və bu ailənin
yaxınları hələ "gündəlikdəki məsələ"nin
müzakirəsinə başlamazdan əvvəl Allah,
ölümsüzlük və insan azadlığının
hüdudları haqqında ortancıl oğul - rasionalistist,
ateist və filosof İvan Karamazovun mülahizələrini
müzakirə edirlər. "Allah yoxdur, Allah yoxdursa, ruhun
ölümsüzlüyü də yoxdur. Əgər belədirsə,
bu dünyada hər bir adamın öz məqsədi naminə
hər şey etməyə haqqı çatır" -
dünyanın yalnız rasional düşüncə tərzi
ilə dərk olunması zərurətini irəli sürən
İvanın gəldiyi qənaət budur. Atası ilə miras
bölgüsü ətrafında konfliktdə olan, şöhrətpərəst,
arsız, əməllərinə görə qətiyyən məsuliyyət
daşımaq istəməyən atasına nifrət edən və
bunu heç kimdən gizlətməyən Dimitrinin müəmmalı
bir intonasiya ilə İvana dediyi "Sənin gəldiyin bu qənaəti
yadda saxlaram" sözləri bütövlükdə filmin mərkəzində
dayanan əsas problemin - ata qatilliyinin həm ideya-konsepsiya kimi
hazırlanmasında, həm də praktiki icrasında məsuliyyət
probleminə mesaj kimi başa düşülə bilər.
Çünki Dimitri ilə ata arasındakı münasibətləri
daha da mürəkkəbləşdirən bu
yığıncaqdan sonra məhz ata qatilliyi və buna görə
məsuliyyətin bölüşdürülməsi problemi
konfliktin əsas ağırlıq mərkəzinə
çevrilir.
Kiçik oğul Alyoşa dindardır, buna görə
də ətrafda baş verən prosesləri məntiqi-rasional
yox, metafizik düşüncə tərzi ilə qavrayır.
O, Dimitrinin atasına olan sonsuz nifrətinə onun ifrat
qısqanclığının təzahürü kimi
baxır, atasının Dimitri tərəfindən
öldürüləcəyinə qətiyyən inanmır
(sonuncu bu istəkdə olduğunu onun yanında etiraf etsə də),
qardaşının hansısa yüksək duyğuların təsiri
altında bu addımı atmayacağına dərin inam bəsləyir.
Alyoşaya görə dünya Allahın iradəsi ilə idarə
olunur, ona görə də hər şeyi Allahın
ixtiyarına buraxmaq lazımdır. Əqidə, iman
baxımından öz antipodu olan İvana münasibətdə
də Alyoşa təxminən eyni mövqedə dayanır,
müəllimi Zosima kimi İvanın tanrının
varlığı barədə qəti qərara gəlməkdə
çətinlik çəkdiyini, tərəddüd etdiyini
düşünür.
Dünyanın və insanlığın taleyi ilə
bağlı əbədi suallara cavab axtaran İvan romanda
olduğu kimi, filmdə də ürəyinin və beyninin dərinliklərindəkilər
sonadək bilinməyən mürəkkəb və sirli
obrazdır. O, Allahın və Şeytanın
varlığına inanmır, Allahın yaratdığı
dünya harmoniyasını qəbul etmir. Traktirdə Alyoşa
ilə söhbət zamanı İvan öz mövqeyini
müdafiə etmək üçün münasib paradiqmalar
axtarır, arqumentlər gətirir, generalın ov itlərinə
daş atdığına görə 10 yaşlı
uşağın soyundurularaq həmin vəhşi itlərə
yem edilməsinə rəvac verən harmoniyanı rədd edir:
"Əgər dünyada bir günahsız uşağın
göz yaşları axırsa - mən Tanrının
yaratdığı harmoniyanı qəbul etmirəm".
İvana görə insanlar azadlığın məsuliyyətindən
qorxduqlarına, azad yaşamağa qadir olmadıqlarına
görə mənəvi əsarətdə yaşamağı
üstün tuturlar. Buna görə də insanlığın
yolu peyğəmbərlərin göstərdiyi yol deyil,
inkivizisiyanın göstərdiyi yoldur.
Ata qatilliyi probleminə münasibətdə də
İvanın mövqeyi ilk baxışda onun fəlsəfi qənaətlərindən
qaynaqlanır. - Bir halda ki, Allah yoxdur, deməli, cavabdehlik, mənəvi
məsuliyyət və ən başlıcası vicdan yoxdur.
Bir halda ki, bunların hamısı yoxdur, Dmitrinin
atasını öldürməsi "bir əclaf o biri əclafı
öldürür" məntiqi ilə izah olunur və ona
görə də bu qətlin baş tutmasına mane olmaq da
lazım deyil.
İvanın gözlənilən qətlin baş verməsinə
mane olmamaq, üstəlik, bu qətlin məhz Dmitri tərəfindən
törədilməsinə şərait yaratmaq barədə
eyhamlarını göydə tutan 5-ci "Karamazov" -
atanın qeyri-qanuni oğlu, xidmətçi Smerdyakov bunu
doğma oğulun öz atasına kəsdiyi ölüm
hökmünə "xeyir- dua" kimi qəbul edir.
"Dmitrinin atamızı öldürməyinin əleyhinə
deyiləm və bu qətlə mane olmamaq üçün mən
tezliklə çıxıb gedəcəyəm. Bunu mənim
atamın qətlinə razılığım kimi qəbul edə
bilərsən" - İvanın üstüörtülü
şəkildə Smerdyakova ötürdüyü
mesajın məğzi budur. Lakin qətl baş verdikdən,
İvanın əslində öz şüuru altında gizlənənləri
simvolizə edən Şeytanla, qatil Smerdyakovla
görüşlərindən sonra görəcəyik ki, bu
mesaj təkcə "hər
cür əclaflığa izin verilir" prinsipindən
yox, həm də İvanın öz praqmatik maraqlarından, hər
vəziyyətdən öz xeyrinə istifadə etmək istəyindən
də qaynaqlanırmış: Dmitrinin atasını
öldürməsi İvan üçün ikiqat sərfəlidir:
ata qatilliyinə görə Dmitri həbs olunacaq və aradan
götürüləcək, ölmüş atanın
mirası isə artıq 3 yox, 2 qardaş arasında
bölünəcək, üstəlik, İvanın Katerina
İvanovnaya - Dmitrinin qanuni nişanlısına olan gizli
sevgisi...
Məgər bunlar varlığını inadla inkar
etdiyi Şeytanın elə İvanın öz içində
oturduğuna dəlalət eləmirmi?
İvanın xisləti, aldanışlarının
mahiyyəti, məntiqi-rasional düşüncə ilə
qurduğu fəlsəfi modelin iflası onun Şeytan və
Smerdyakovla söhbətlərindən əsas xətt kimi
keçir. Güzgüdəki əksi kimi öz simasında,
sifətində peyda olub daim onu təqib edən Şeytanı
öz xəstə düşüncələrinin, duyğularının
təzahürü adlandıran İvan onun arqumentləri
qarşısında sarsılır, məğlub olmaq istəməsə
də, ortaya tutarlı alternativ qoya bilmir. Ümumiyyətlə,
İvanın Şeytan hesab elədiyi varlıqla təkbətək
qaldığı səhnə filmin ideya-məzmun planında
mühüm yer tutur. Rejissor çox haqlı olaraq İvana
başağrısı olan bu obrazı elə İvanın
öz simasında, onun oxşarı kimi, fəqət Şeytan
qrimi ilə təqdim edir. Axı atasının
ölümünü arzulaması, bu qətlin məhz
qardaşı tərəfindən yerinə yetirilməsinin
planını hazırlaması hansısa mistik bir qüvvənin
yox, İvanın öz içindən, daxilindən gələn
sifariş idi!
Varlığına inanmadığı Şeytan sən
demə, İvanın qəlbində məskən salıb onun
çirkin istəkləri, ehtiradları ilə qidalanan ikinci
"mən"i imiş!
Qətli törədən adi lakey - Smerdyakov isə bu
filosofa necə deyərlər, dərs keçir, onun
düşüncələrinin paxırını adi cümlələrlə,
lakin son dərəcə dəqiq və sərrast məntiqlə
faş edir: "Atanızı siz
öldürmüsünüz, əsas qatil sizsiniz. Mən ancaq
sizin köməkçiniz, əlaltınız olmuşam, qətli
sizin istəyinizə görə törətmişəm".
Həmişə öz intellektual qabiliyyəti ilə
öyünən, necə deyərlər, tutduğunu buraxmayan,
eqoist İvan bütün ömrünü ağa stoluna xidmətdə
keçirən lakey Smerdyakovun bu sadə məntiqinin
qarşısına heç nə çıxara bilmir. Bu,
artıq rasionalistin primitivistə (əgər belə demək
mümkünsə) məğlubiyyətidir. Ata qatilliyinin
ilhamçısı, allahsız mənəviyyatsızlığın
ideoloqu olan İvan elə öz prinsiplərinin qurbanı olur,
Şeytan və Smerdyakovla söhbətlərdən sonra
psixoloji müvazinətini, onunla birlikdə isə
ağlını da itirib dəli olur.
İvanın iflası onun məqsədi ilə əməlləri
arasındakı ziddiyyətdə, onun qənaətinə
görə, Allahın yol verdiyi ədalətsizliyi - şəri,
pisliyi yox etmək üçün seçdiyi yolun
perspektivsizliyindədir. İvanın fikrincə, şərin,
pisliyin kökünü kəsməyin iki yolu var: şərin
daşıyıcısı olan insanları məhv etmək
(yaxud onların məhvinə şərait yaratmaq) və şər,
pis əməllərə yol açan azadlığı
insanın əlindən almaq. Lakin o unudur ki, şərə
qarşı bu cür mübarizə yeni və daha çox
şər əməllərin meydana gəlməsi
üçün münbit zəmin yaradır. Çünki
şərə yalnız İvanın inkar etdiyi
varlığın - Allahın köməyi ilə qalib gəlmək
olar. Məhkəmədə prokurorla Dmitri arasında gedən
dialoqun bir məqamı bu fikrin təsdiqi kimi dəyərləndirilə
bilər. Bütün süjet boyu atasını öldürmək
istəyi ilə alışıb-yanan, bunu heç kimdən
gizlətməyən Dimitri prokurorun "Bəs atanızı
öldürməyə sizə kim mane oldu" sualına belə
cavab verir: "Allah".
Bəli, yalnız bəsirət gözü ilə dərk
olunan, insandakı ali hisslərin səbəbkarı olan ilahi
qüvvə insanı pis əməldən, şərdən
sığortalaya bilər.
Atasını ölümünə qədər hər
an təhdid etsə də, onu öldürəcəyini gur səslə
elan etsə də, əslində atası Dimitri
üçün çoxdan - Zosima atanın hücrəsindəki
məşvərətdə mənəvi cəhətdən
ölmüşdü. Atanın təlxəkliyinə dözə
bilməyən, onu "Susun!" hayqırtısı ilə
sarsıdan Dimitrinin Zosima ataya dediyi sözlər ("Müqəddəs
ata, deyin, niyə belə bir adam yer üzündə
yaşayır?") bu mənəvi ölümə hökm
kimi də qəbul oluna bilər. Onun sonrakı hərəkətləri
- atasını döyməsi, onu öldürmək
üçün malikanəyə cumması ölüm
aktını həm də fiziki planda reallaşdırmaq istəyindən
irəli gəlir. Lakin atasının qatili olmağa mənəvi
gücü çatmayan Dimitri ideya baxımından
yaradıcısı qardaşı İvan, əməli
reallaşdırıcısı Smerdyakov olan tələyə
düşür və ata qatili kimi mühakimə olunaraq 20 il
katorqa cəzasına məhkum edilir.
Bəs İvan, Smerdyakov, Alyoşa? Atanın
ölümündə onların günahı varmı? Əlbəttə
var. Bu qətldə hamı günahkardır. Kimin
günahı daha çoxdur? - Hər şeyi Allahın iradəsinə
həvalə edən Alyoşanın, "Allah və Şeytan
yoxdur" - deyə-deyə içində bəslədiyi
Şeytana təslim olan İvanın, yoxsa İvanın
atasına kəsdiyi ideoloji ölüm hökmünü yerinə
yetirən Smerdyakovun?
Bu suala hər kəsin öz mənəvi prinsiplərinə,
həyat fəlsəfəsinə uyğun cavabı var...
Daxili strukturuna görə novator əsər olan
"Karamazov qardaşları" romanı üst qatda
süjeti ustalıqla qurulmuş detektiv, əsl mahiyyətdə
isə insanın qəlbi uğrunda Allah və Şeytanın əbədi
mübarizəsini əks etdirən dərin, çoxqatlı əsərdir.
Roman nəşr olunandan sonra müxtəlif estetik cərəyanları
təmsil edən tənqidçilər İvanın Allaha
qarşı qiyamını öz dünyagörüşlərinə
uyğun olaraq müxtəlif cür izah edirdilər. Hətta
bu qiyamın sxolastik düşüncə sterotiplərinə
yox, marksizmə qarşı (!?) çevrildiyini iddia edənlər
də vardı.
Amma İvanın dünya harmoniyasının
"qüsurları" barədə verdiyi sualın
cavabını Dostoyevskinin özü qədər dəqiq bilən
kimsə yox idi.
O cavab bir sənətkar kimi Dostoyevskinin bəşəriyyətə
son sözü olan "Karamazov qardaşları" romanı
idi.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2024.- 5 aprel,№59.- S.14.