Xatirələrdə
yaşayan ziyalı
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) yüz
illik tarixi dövründə çoxsaylı elm
adamlarını öz doğma divarları arasında
yetişdirib, onların elmi axtarışlarına və gələcək
pedaqoji fəaliyyətlərinə
geniş imkanlar yaradıb. Qocaman elm məbədi olan ADAU
və onun kollektivi ömrünün çox hissəsini şərəf
və ləyaqətlə doğma universitetə həsr
etmiş və gənc
kadrların yetişməsində müstəsna xidmətlər
göstərmiş alim və müəllimlərini bu gün
də unutmur, ehtiramla xatırlayır. Bu insanlar arasında
tarix elmləri doktoru, professor Əhməd Cabbar oğlu Məmmədovun
adı tez-tez çəkilir.
Bu il professor Əhməd Məmmədovun anadan
olmasının 100 ili tamam olur.
Əhməd Məmmədov 1924-cü il mayın 5-də
Qərbi Azərbaycanın Qarabağlar rayonunun Alqırıx kəndində
kəndli ailəsində anadan olmuşdur. 1939-cu ildə kənd
orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra İrəvan
Azərbaycan Pedaqoji məktəbinə qəbul olunur, 1942-ci
ildə həmin məktəbi bitirir, elə doğulduğu kəndin
ibtidai məktəbində müəllim kimi fəaliyyətə
başlayır. İkinci Dünya müharibəsinin
qanlı-qadalı vaxtlarında - 1942-ci ilin sentyabrında sovet ordusu
sıralarına çağırılır. Ön cəbhədə
Vətənə borcunu ləyaqətlə
yerinə yetirir. 1943-cü ilin fevral ayınadək Xalq Daxili
İşlər Komissarlığının sıravi
döyüşçüsü kimi xidmət edir, sonralar
baş qərargaha köçürülür. 1945-ci ilin iyul
ayından 1946-cı ilin mayındək qərargahda radio
stansiyasının rəisi vəzifəsində
çalışır və sonradan ehtiyata buraxılır.
1946-1947-ci tədris ilində Alqırıx kənd məktəbində
müəllim işləyən Əhməd Məmmədov elə
həmin il Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsinə qəbul olunur. 1948-ci ildə 2-ci kurs tələbəsi
kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix
fakültəsinə köçürülür. 1952-ci ildə
həmin universiteti müvəffəqiyyətlə bitirir və
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sərəncamına
göndərilir. Ali respublika rəhbərliyinın qərarı
ilə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutuna (indiki ADAU) təyinat alır və
ömrünün sonunadək (mart 1996-cı ilədək)
burada müəllim, baş müəllim, dosent, 1959-1962-ci illərdə
institut partiya komitəsinin katibi vəzifələrində
çalışır.
Ə.Məmmədov 1964-cü ilin yanvar ayından 1996-cı ilin mart
ayınadək yeganə ali aqrar təhsil müəssisəsinin tarix kafedrasına rəhbərlik
etmişdir.
Əhməd Məmmədov 1960-cı ildə Tbilisi
Dövlət Universitetində müvəffəqiyyətlə
dissertasiya müdafiə etmiş, SSRİ Ali Attestasiya
Komissiyasının 22 mart 1961-ci il tarixli qərarı ilə
ona tarix elmləri namizədi elmi dərəcəsi
almış, 1975-ci ildə isə
tarix elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdür. 1976-cı ildə ona professor elmi adı verilmişdir.
Əhməd Məmmədov 50-dən artıq elmi əsərin,
o cümlədən, dərs vəsaiti, tövsiyə və
elmi məqalələrin müəllifidir.
Professor Ə.Məmmədov indiki Azərbaycan Dövlət
Aqrar Universitetində işlədiyi dövrlərdə
müxtəlif respublikalarda, o cümlədən, Moskva, Kiyev və
keçmiş SSRİ-nin digər
universitetlərində ixtisasartırma kurslarında
olmuşdur. Doğma ali təhsil ocağında
çalışdığı 44 il ərzində təcrübəli
pedaqoq, yaradıcı alim, eyni zamanda prinsipial, təvazökar
və səmimi insan kimi yadda qalmış, professor-müəllim
heyəti və tələbələri arasında
böyük nüfuz qazanmışdır.
Əhməd Məmmədovun əməyi dövlət
tərəfindən yüksək qiymətləndirilmişdir.
O, "1941-1945-ci illərin Böyük Vətən Müharibəsində
Almaniya üzərində qələbəyə görə",
"Qələbənin 20 illiyi", "Rəşadətli əməyə
görə", "Qələbənin 30 illiyi"
medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
Fəxri fərmanları, SSRİ Ali və Orta ixtisas Təhsili
Nazirliyinin Fəxri fərmanı, SSRİ Ali təhsil sistemində
"İşdə əla nailiyyətlərə görə
döş nişanı" ilə təltif olunmuş, dəfələrlə
rektorluğun və ictimai təşkilatların fəxri fərmanlarına
və təşəkkürnamələrinə layiq
görülmüş, bir neçə dəfə Gəncə
şəhər sovetinin deputatı seçilmişdir.
Əhməd müəllim həm Azərbaycan, həm
də rus dillərində mühazirələr demiş, Vətənə
sədaqəti, nəzakətli davranışı ilə daim
fərqlənmişdir. Görkəmli alim öz mühazirələrində
Ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və
xarici siyasətindən, ölkəmiz və xalqımız
qarşısında böyük xidmətlərindən, Vətən,
xalq, torpaq sevgisindən daim danışardı. Təhsil
müəssisəsinin rəhbərliyinin buraxdığı
nöqsanları cəsarətlə tənqid edər,
onların aradan qaldırılması üçün öz
ağsaqqal tövsiyələrini verərdi.
Vaxtaşırı tələbə-gənclərlə, gənc
müəllimlərlə görüşlər keçirər,
İkinci Cahan müharibəsinin qanlı-qadalı hadisələrindən
bəhs edərdi.
Mənalı və şərəfli ömür
yaşayan Ə.Məmmədov 1996-cı ilin mart ayında 72
yaşında dünyasını dəyişib.
Professor Əhməd Məmmədovun əziz xatirəsi
universitet kollektivinin, tələbələrin və onu
yaxından tanıyan insanların qəlbində daim
yaşayacaq.
Bu gün Aqrar Universitet gənc nəslin əsl vətənpərvər
və layiqli vətəndaş kimi yetişməsində
böyük rol oynamış, təhsilimizə əvəzsiz töhfələr vermiş
keçmiş alimlərimiz haqqında tələbələrə
vaxtaşırı təqdimatlar verir, nümunələr gətirir.
Ənənə halını almış bu təqdimatlar həm
də tələbə-gənclərimizin çox da uzaq
olmayan keçmişimizə səyahətidir.
Çalışdığımız hər bir sahədə
dünənimizə baxış bu günümüzün
uğurlarından və gələcəyimizə inamlı
addımların daha mükəmməl olacağından xəbər
verir. Müstəqil Azərbaycanın gələcək aqrar
mütəxəssisləri məhz bu ideyalara sədaqətlə
təhsillərini ADAU-da
uğurla davam etdirirlər.
Nüsrət HÜSEYNOV
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti
Maarif MƏMMƏDOĞLU
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı
525-ci qəzet .- 2024.- 5 aprel,¹59.- S.13.