Ruhu ilə yaradan sənətkar
Aktyorun sənətində onun insan taleyi öz əksini
çox qabarıq şəkildə tapır. Hamlet Xanızadənin
nümunəsində də bu, belə idi. O, nə qədər
başqalaşırdısa-başqalaşsın,
yaratdığı hər obraza qəlbini, ruhunu,
düşüncələrini hopdurmaqla özünü tam
ifadə etmiş olurdu.
Görkəmli rejissorumuz Tofiq Kazımovun rejissor kimi
formalaşmasında dövrünün görkəmli
aktyorları ilə yanaşı, sonralar "öz
truppası"nın özülünü təşkil edəcək
gənclərlə də işbirliyi böyük rol
oynadı. H.Xanızadə
sözügedən bu truppanını çox parlaq,
çox istedadlı və heç kəsə bənzəməyən
gənc aktyoru idi. Onun Azərbaycan teatrının şedevri
sayılan "Ölülər" tamaşasında
yaratdığı, bəli, məhz yaratdığı 2-ci
azarlı obrazı (bu, demək olar ki, sözü olmayan
epizodik obraz idi) böyük nüfuza malik görkəmli
teatrşünas-alim, akademik Cəfər Cəfərov tərəfindən
həməncə yüksək qiymətləndirildi: "Gənc
aktyor H.Xanızadəni də xüsusilə qeyd etmək istərdik.
Çünki o, öz xəstə və şikəst qəhrəmanını
eyni zamanda yorğun düşmüş, bezmiş, son
ümidlə yaşayan, zavallı bir məxluq kimi çox
inandırıcı oynayır, biz qarşımızda mürəkkəb,
psixoloji vəziyyət keçirən sadə bir insan
görürük". Həmişə vaxtın
azlığından gileylənən Cəfər müəllim
"Ölülər" oynanılan axşam mütləq
teatra gələr, Tofiq müəllimin lojasının bir
küncündən (görünmək istəməzdi!) iki
epizoda - bir H.Xanızadənin 2-ci azarlısının, bir də
ki, Kefli İsgəndərlə (H.Turabov) Şeyx Nəsrullahın
(M.Dadaşov) üz-üzə gəldiyi
"döyüş" səhnəsinə baxar, məmnun
halda çıxıb gedərdi. Cəfər müəllim
mürəkkəb aktyor təbiətinə malik olan gənc
Hamletin oyununu izləməkdən sonsuz zövq
aldığını dərs zamanı tələbələrinə
etiraf edirdi. Bu ustad tənqidçinin tələbələri
olan bizlər də gənc Hamletin yaratdığı
obrazları bəyənir, sevir və bu qərara gəlirdik
ki, o, teatrımızda həqiqətən də bənzəri
olmayan aktyordur.
Bunu yalnız bizmi görürdük? Çox
keçmədi ki, məxsusi olaraq məhz gənc Hamletin
yaratdığı obrazlara baxmağa gələn
tamaşaçıların - onun heyranlarının sayı
artmağa başladı..
H.Xanızadənin "Topal Teymur" televiziya
tamaşasında (quruluşçu rejissor Ramiz Həsənoğlu)
yaratdığı Topal Teymurun, "Ölülər"dəki
2-ci azarlının (quruluşçu rejissor Tofiq Kazımov),
"İblis"dəki İblisin, "Dəli
yığıncağı"ndakı Molla Abbasın
(quruluşçu rejissor Mehdi Məmmədov) və b.
çoxsaylı tamaşalarda, filmlərdə
yaratdığı obrazların nə özü, nə
üzü, nə gözləri, nə baxışları, nə
plastikası, nə qiyafəti, nə.., nə.., nə...
Əsla yadımdan çıxmır.
"Kəssə hər kim tökülən
qan izini,
Qurtaran dahi odur
yer üzünü" -
sözlərini "Topal Teymur" teletamaşasına
epiqraf seçmiş görkəmli televiziya rejissoru Ramiz Həsənoğlu
heyrətamiz bir sərrastlıqla Topal Teymur obrazında
H.Xanızadəni gördü.
1983-cü ilin yayında (21 iyun) teleekrana çıxan
bu tamaşa güclü aktyor ansamblı sayəsində dillər
əzbəri oldu. Rejissorun Topal Teymur - H.Xanızadə
seçimi hamını şaşırtdı. H.Xanızadənin
ifasında Topal Teymur "qarışıq iplikdən
toxunmuş" (U.Şekspir) mürəkkəb bir insandır.
Aktyorun bu roldakı portret-fotosunu görəndə mat-məəttəl
qalmamaq mümkünsüzdür. Düşünürsən
ki, bu pyesi oxumamış və sözügedən tamaşaya
baxmamış olsaydın belə, H.Xanızadənin - Topal
Teymurun portret-fotosu sənə qaniçən cani haqqında hər
şeyi açıqlayacaqdı. Bu üzdəki insan əzabını,
insan bədbəxtliyini (bəli, məhz bədbəxtliyi!),
insan iztirabını, gözlərindəki qan
çanağını, tökdüyü qanlardan öləzimiş
baxışlarını, insan və hökmdar faciəsinin izlərini,
allahlıq iddiasını, fateh kimi qələbəsinin
sonunda düşdüyü
çıxılmazlığın təbəddülatını,
hökmdar olmaq üçün yalnız hərb hünərinin
və işğalçılığın yetərsizliyini
anlamasını, yırtıcı təbiətini,
dağıdıcı şəxsiyyətinin
konturlarını oxuyursan. Amma və lakin hadisələr
inkişaf etdikcə aktyor Topal Teymurun təbəddülatının
dərəcəsini artırır, qəhrəmanını
bir rənglə deyil, müsbət məziyyətlərilə
də təqdim edir.
H.Xanızadənin Topal Teymuru ətrafa qara enerji
saçır, şər daşıyıcısıdır,
qana susamışdır, amma eyni zamanda, ağıllı və
aşırı hiyləgərdir, silahdan-qılıncdan
başqa etibar etdiyi dostu yoxdur, mərhəmət hissindən məhrumdur.
Bir sözlə, bu gün gözlərimizin önündə
öz məhvərindən çıxmış
dünyanı dağıdanlar, hərbə susamışlar
H.Xanızadənin rəngarəng boyalarla yaratdığı
Topal Teymurun xələfləridir. Nə yazıq ki,
böyük Cavidin gözlədiyi o naməlum qüvvəni -
xilaskarı, yer üzünü tökülməkdə olan
qan izindən qurtara biləcək dahini - Qodonu (S.Bekket "Qodo
intizarında") bu gün hələ ki, biz də gözləməkdəyik.
H.Xanızadə İblis obrazını da birqatlı,
birmənalı, birrəngli yaratmır, onu da
"qarışıq iplikdən" ustalıqla toxuyurdu. Onun
İblisi cilddən-cildə girməklə dəhşətli
bir müharibə meydanını - top-tüfəng, bomba
partlayışlarını, göydən yağan od-alovu vahimə
yaradan soyuqqanlılıqla, şaqraq qəhqəhələrlə
seyr edir və çox məmnundur... Məmnundur ki, onun
"hünəri" sayəsində dəhşətli
müharibə meydanında günahsız insanların qanı
axmaqda, şəhərlər, ölkələr
dağılmaqda, xalqların soyqırımı baş verməkdədir...
H.Xanızadənin İblisi bu gün dünyanın
altını üstünə çevirənlərin,
"cümlə xəyanətlərə bais"
insanların rəmzi obrazıdır. Aktyor özünün sənətçi
hüsnündən, istedadının dərəcəsindən,
zəngin daxili aləminin sonsuz palitrasından, mükəmməl
aktyor texnikasından sənətkarcasına istifadə etməklə
xeyir dünyasının insanları cərgəsində
mövqeləşir. H.Xanızadənin yaratdığı
İblis obrazını - insan faciəsinin müəllifini
mühakimə etməyə də gücü çatır.
Aktyor nəinki dünənin, həm də
yaşadığı dövrün qanlı faciəsinin
baiskarlarının rəmzi obrazını yaratmaqla onlara meydan
oxuyur.
Anadangəlmə artistizm, insan psixologiyasının
mürəkkəb qatlarına və sirlərinə
agahlıq, güclü daxili və zahiri başqalaşma
qabiliyyəti, narahat, vibrasiyalı təbiəti, zəngin mənəviyyatı,
sonsuz daxili azadlığı, sürətlə dəyişən
psixoloji halları, xeyirxahlığı, saflığı
H.Xanızadəni öz nəslinin aktyorlarından kəskin fərqləndirirdi.
Yaratdığı obrazlarda kəskinliyi və gözlənilməzliyi
ilə seçilən, yaşadığı dünyanı
şəxsi, insani, vətəndaş və sənətkar
mövqeyindən ələk-vələk edən, transformasiya
qabiliyyətinə virtuozcasına yiyələnmiş bu aktyora
faciəvi düşüncələr hakim idi. O, güclü
ehtirasları, dərindən-dərin emosiyaları parlaq teatrallıq
qiyafətində təqdim edə bilir, dünyadərki
geniş miqyası və obrazı şəxsi dəyərləndirmə
bacarığı ilə seçilirdi.
H.Xanızadə yaradıcılıq prosesində
insani, yaradıcı və vətəndaş
potensialını səfərbər edir, mənəvi zənginliyi,
əqidəsi və güclü ruhu ilə seçilirdi. Sənətçi
hər yeni obraz yaradarkən tamamilə yeni daxili və zahiri
qiyafətdə meydana - səhnəyə atılırdı...
Bu səbəbdən də yaratdığı obrazların əksəriyyəti
(İblis, Topal Teymur, Molla Abbas və b.) hər dəfə
yaradıcılıq zirvəsinə çevrilir və yeni bir
mərhələ təşkil edirdi. Bu obrazlar
tamaşaçını xüsusi hüsnü, qeyri-səlis
məntiqi, harmoniyası, aşıb-daşan ehtirası ilə
heyrətə salırdı. Sənətkarlıqla
yaratdığı bu obrazlarda onun şəxsi
başlanğıcı çılpaqlığı ilə
görünür və aktyor özünü obrazda gizlətmək
fikrindən uzaq dururdu. Yeri gələndə absurdun
qucağına atılır, yeri gələndə isə
qrotesk formalardan istifadə edir və yaşadığı
zamanı inkişaf prosesində ifadələndirərək
professionalcasına yiyələndiyi daxili və xarici aktyor
texnikasını, bir də ki, özünün insani,
yaradıcı fərdiyyətini eyni anda bütövləşdirib
yaratdığı obraza qata bilirdi. Özünün səhnə
yaradıcılığında H.Xanızadə böyük
Şeksprin "Aktyorlar öz zəmanələrinin qısa
salnaməsi və güzgüsüdür" fikrini dəfən-dəfən
təsdiqləyirdi. Belə olmasaydı, yəqin ki, bu gün
onu aşırı heyranlıqla xatırlaya bilməzdim.
K.S.Stanislavskinin aktyorlara müraciətləndirdiyi "bizim sənətdə
pisi yaxşıdan ayıran demarkasiya xəttini
ömrünüz boyu axtarın" fikrini H.Xanızadə
haqqındakı xatirələrimə epiqraf kimi də qəbul
etmək olar.
H.Xanızadəinin Molla Abbası da çox mürəkkəb
bir obrazdır. Faciəvi komediya janrında
hazırlanmış "Dəli
yığıncağı" tamaşası mütəfəkkir
rejissorumuz Mehdi müəllimin "şah əsəri"dir.
H.Xanızadənin yaratdığı və bədii təxəyyülü
ilə dolğunlaşdırdığı Molla Abbas isə onun
ifasında dərdli batinini, ağrılı hisslərini zala
ustalıqla translyasiya etdiyi bitkin, bütöv bir bədii
obrazdır. H.Xanızadənin ifasında Molla Abbasın zahirən
komik görünən bir bürüncəyi,
örtüyü var (yüngüllük edir... səhnədə
dombalaq aşır... və s.), daxilən isə o, çarəsiz,
böyük bir dərdin təcəssümüdür. Baş
verənlər qarşısında aciz qalan,
düşdüyü absurdun
çıxılmazlığını anlayan bu filosofa faciə
ruhu hakimdir. Aktyor obrazının çəkdiyi cəfanı
daxili ehtişamla yaşaya bilir və tragikomik qəhrəman
kimi düşünülən Molla Abbası
çıxılmazlıq, ümidsizlik, çarəsizlik
içində boğulan absurd obraza çevirə bilir.
Əhsən belə aktyora!
Yaratdığı obrazlarda içindəki təlatümlərin
böyüdücü güzgüsü olan üzünü
mürəkkəb qrim arxasında heç kimdən gizlətmirdi.
Obrazın "sifəti"ni, jest və maneralarını tədricən
"əyninə geyinərək" onun "olum, ya
ölüm" mübarizəsinə qoşulur və nəticədə
səhnədə mükəmməl obraz
yaradıcılığı ilə məşğul olan
möhtəşəm aktyoru seyr etməkdən doymurduq. Bu
minvalla da H.Xanızadə hər axşam öz zəmanəsinin
həqiqətlərini və insan haqqındakı mürəkkəb,
hətta yeri gələndə dolaşıq düşüncələrini
bizimlə bölüşürdü. Və ən əsası,
qəhrəmanlarının dilindən söylədiyi sözləri
yalnız əzbərləyib demirdi, bu sözlər onun
ağrı-acıları, iç fəryadları ilə
yoğrulub, onunkiləşirdi.
Bir aktyora və yaradıcı insana bundan da
böyük dəyər vermək olarmı? Bütöv
insan-sənətkar naturası və onun çoxmərhələli
yaradıcılıq prosesindəki müxtəlif
variasiyaları qısa sənətkar ömrünün bəhrəsinə
çevrilərək həm teatr tariximizə, həm də
onu sevən və hələ də xatırlayan
tamaşaçıların yaddaşına əbədi olaraq
həkk edildi.
Onu da deyim ki, H.Xanızadə tamaşa bitəndən
sonra həməncə tələm-tələsik geyinib
teatrı tərk etmirdi. Qrim otağında xeyli oturub
özünə gələr, dediyi kimi, tamaşa başlananda
canından ayrılmış və obraza çevrilmiş hissəsinin
yenidən ona qayıtmasını, bütövləşməsini
gözləyərdi. Bunun mexanizmini soruşanda isə, xəfif
bir təbəssümlə deyərdi: "Çox çətin
bir prosesdir, canın səndən ayrılıb, təzədən
sənə qayıtmasıdır bu..."
Hamlet Xanızadənin üzü haqqında ayrıca
danışmasam, aktyorun portreti ala-yarımçıq
alınar. Bu üz tragik maskanın variasiyalarından ən
ifadəlisi idi. Əzabdan, dərddən, iztirabdan, sevgidən,
xəyanətdən, ölüm-itimdən, qələbədən,
məğlubiyyətdən xəbər verən bu əzəmətli
kişi üzündə yaratdığı obrazlar izlər
salmışdı. İnsan iztirablarının dadını
dadmış sənətkarın üzü bu dünya əzablarından
qıvrıla-qıvrıla yaşadıqlarının xəritəsi
idi.
Kinoda yaratdığı mürəkkəb taleli
obrazlara gəlincə isə deməliyik ki, o, ekranda çox
incə işləyir, qəhrəmanlarının duyğu-həyəcanlarının,
əqidə-amalının dərin qatlarına nüfuz edir,
bir sözlə, ekranda yaşaya bilirdi. "Axırıncı
aşırım"da Talıbov, "Arxadan vurulan zərbə"də
İmaş, "Babək"də Xəlifə Mötəsim
və çox sayda digər obrazlar.
Kinodakı son işi isə "Qətl
günü"ndə yaratdığı ötən əsrin
30-cu illərinin "sovet ət maşını"ndan
keçirilmiş ziyalı Sədi Əfəndi obrazı idi.
Aktyor Sədi Əfəndinin yaşadıqlarını o qədər
özününküləşdirdi ki, ürəyi bu dərdə
dözmədi, qubar bağladı... Son zamanlar hədsiz
yorğun görünməsinin də səbəbi elə bu
idi... Bir sözlə, bu heyrətamiz aktyor zəngin təbiətindən
yaratdığı obraza səxavətlə "pay
verir"di, ona xas olan keyfiyyətləri fərqli fərdiyyəti,
sərbəst improvizələri ilə zənginləşdirirdi.
Öz sənətinin vurğunu olan bu sənətkarın
temperamenti, iradəsi, mürəkkəb düşüncələrinin
enerjisi yaradıcılıq prosesində həməncə fəallaşırdı.
Bu da danılmaz bir həqiqətdir ki, aktyor
güclüdürsə, onun fərdiyyəti də hüdudsuz
olur. H.Xanızadənin hüdudsuz aktyor fərdiyyətinə
baş vuranda isə onun "içinin içində"
sözlə, hərəkətlə yox, ruhla
yaratdıqlarının, oynadıqlarının - Topal
Teymurun... İblisin... Molla Abbasın... daha kimlərin... kimlərin...
kimlərin dünyalarının sənətkar tərəfindən
incə toxunmuş ilmələrinə heyran qalırıq.
...Azərbaycan tarixinin qanlı səhifəsi olan
müdhiş 20 Yanvar hadisəsi görkəmli sənətkarın
- əziz dostumun ürəyini qəfil susdurdu. H.Xanızadə
milli faciəmizə dözə bilmədi. Amma və lakin bu
böyük sənətkarımız sevgi dolu məhrəm
xatirələrimizdə, bir də ki, Azərbaycan
teatrının şərəfli tarixində əbədi yaşamaqda,
virtual həyatını davam etdirməkdədir.
Məryəm ƏLİZADƏ
Sənətşünaslıq doktoru, professor
525-ci qəzet .- 2024.- 5 aprel,№59.- S.12;13.