Teatr sənətimiz,
"Şekspir" tamaşası və mən
İncəsənətin bütün növləri
öz spesifikliyi ilə fərqlənir və rəğbət
qazanır. Amma mənim fikrimcə, ən ali incəsənət
növü teatrdır. Teatr insanı insana tanıdan, cəmiyyət
həyatına, insan düşüncələrinə
güzgü tutan bir sənətdir. Göstərilən
tamaşalarda hər kəs mütləq özünün,
yaxud tanıdıqlarının həyatına aid bir hadisəyə
rast gəlir. Bəzən özümüzə belə etiraf
etməkdən utandığımız
günahlarımızı, səhvlərimizi bizə cəsarətlə
göstərən aynadır teatr. Bəzi obrazlar insana o qədər
tanış gəlir ki, bir anlıq teatrda olduğunu unudub,
özünü güzgünün qarşısında hiss
edirsən.
Teatrda mədəni istirahətlə birgə sanki
sehrli dünyada yeni və fərqli psixologiyaya, mentalitetə, mədəniyyətə
sahib fərdlərlə tanışlıq imkanı
yaranır. Bu baxımdan, teatr sənətçilərinin,
xüsusən, çox zaman öz həyatını unudub,
ömrünü tamaşaçıya zövq bəxş etməklə
keçirən fədakar aktyorlarımızın zəhməti
minnətdarlıqla qeyd edilməlidir. Özümü dərk
edəndən hər bir sənətin, peşənin cəmiyyətdə
rolunun mühüm olduğunu anlamaqla yanaşı, aktyorluq
zirvəsinin əlçatmazlığının fərqinə
varmışam. Onların həyatı, işi bu mahnı
sözlərində gözəl ifadə olunub: "Dondan-dona
girərik, sevilərik, sevərik, milyon həyata gəlib,
milyon dəfə ölərik..." Aktyorun igidlik meydanı,
istedad və bacarığını nümayiş etdirmək
məkanı teatr səhnəsidir. Hazırkı
çağda Azərbaycanın teatr aktyorlarının
yüksək peşəkarlıq, səhnə mədəniyyəti,
tamaşaçılara verdikləri dəyər ilə
xüsusi məhəbbət qazandıqlarına əminəm.
Bugünə kimi təsirindən çıxa bilmədiyim
bir çox teatr tamaşası izləmişəm. Adətim
üzrə də hər zaman təəssüratlarımı
ya birbaşa aktyorların özünə bildirmiş, ya da
sosial şəbəkədə paylaşmışam. Aprelin
2-də isə Bakı Bələdiyyə Teatrının yeni
səhnə işinə - Xalq yazıçısı
Elçin Əfəndiyevin "Şekspir" pyesi əsasında
hazırlanmış eyniadlı tamaşanın premyerasına baxdım.
Artıq tamaşanın ilk səhnəsindən ürəyim
yerindən çıxacaqmış kimi döyünməyə
başladı və hiss etdim ki, uzun müddət sənətin
sehri ilə ovsunlanacam. Cəmiyyətə ötürülən
psixoloji mesajlarla dolu olan "Şekspir" tamaşası
başa çatanda ömrümdə ilk dəfə bir tamaşanın
bitməsinə ürəkdən təəssüfləndim.
Xalq yazıçısının dəyərli əsərinin
səhnə həllini Bələdiyyə Teatrının
yaradıcı kollektivi uğurla, peşəkarlıqla təqdim
etdi.
"Şekspir" tamaşasında təsirləndiyim,
yadımda qalan səhnələri, dialoqları saymaqla bitməz.
Onlardan bir neçəsini bölüşmək istərdim:
Drob13 obrazını canlandıran aktyor Tural Əhməd guya
yad planetdən yer kürəsinə gələn "dəli"dir.
Ancaq onun söylədiyi, qızıldan dəyərli fikirlər
ilk anlarda "dəlidən doğru xəbər"
düşüncəsini oyadır. Məsələn, "onu
hansı adla çağırmaq lazımdır?" sualı
ortaya çıxanda 13 rəqəmini vurğulayan kimi həkimlərin
"13 rəqəmi nəhsdir" deyə təşvişə
düşmələri də belə bir münasibətdən
xəbər verir. Onun xəyalında yaratdığı
planetdə hər kəs, yer kürəsində
yaşayanlardan fərqli olaraq, xoşbəxtdir. Həmin planetdə
sevginin göstəricisi möhürdən, iki imzadan ibarət
olan nikah haqqında şəhadətnamə deyil. Bəs həqiqətən
də bizim planetdə yaşayanların bədbəxtliyi
haqqında dərindən düşünürükmü,
yoxsa gerçəklərlə üzləşmək
üçün mütləq teatra, "Şekspir"
tamaşasına baxmaq lazımdır?! Bəlkə də elə
bizim "dəli" adlandırıb bir otağa məhkum
etdiklərimiz qalanlarının çoxundan daha
ağıllıdırlar?!
Tamaşaların insanın öz həyatı ilə
bağlılığının bir daha şahidi oldum bu əsəri
izləyəndə. Öz yaşadıqlarım da "film kadrı"
kimi gözümün önündən keçdi. 18-19
yaşlarımda əlimə qələm alıb vətənə,
millətə xidmət edən, cəmiyyətə faydalı
gənc kimi formalaşmaq istədiyim vaxt ətrafımdakı
paxıl, bədxah insanlar az qala məni öz gözümdən
də salacaqdılar. Ancaq mən o cahil, zavallı insanlara Cəlil
Məmmədquluzadənin "Poçt qutusu" hekayəsindəki
Novruzəli dövründə
yaşamadığımızı anlatdım, inkişaf edən
cəmiyyətimizdə necə davranmalı olduğumuzu qəbul
etdirdim. İxtiyarım olsaydı, dünənki tamaşada
aktyorlarımızın yanına keçərək öz
mesajlarımı mən də səhnədən cəmiyyətə
ötürərdim. Ancaq onsuz da onlar tamaşanın hər
cümləsində ürəyimin dərinliklərindən xəbər
verirdilər.
Ən maraqlı, məni çox duyğulandıran cəhətlərdən
biri də sənətini hər zaman yüksək dəyərləndirdiyim
sevimli aktrisamız Hüsniyyə Mürvətovanın
canlandırdığı məşhur fransız aktrisası
Sara Bernar obrazı idi. O, öz dünyasında
özünü aktrisa zənn edir, hər dəqiqə
müxtəlif obrazları canlandırır və təqdirəlayiq
performans göstərirdi. Bu xəyalla çox xoşbəxt
yaşayır, aktrisa olduğuna tək özünü yox,
yanındakı "dəli"ləri də
inandırmağa çalışırdı. Onun kiçik
dünyası tamaşaçılar tərəfindən
çox rəngli, parlaq, sevgi və ümid dolu
görünürdü. Drob13 ilə
yaşadığı eşq, onunla bir yerdə
canlandırdıqları "Romeo və Cülyetta" o qədər
möhtəşəm idi ki, hətta həkim və sanitarlar
da onlara mat qalırdılar. Aktrisa Ülviyyə Rzanın
canlandırdığı həkim obrazının Sara Bernar ilə
Drob13 obrazlarını ayırmaq cəhdləri də təsirli,
maraqlı alınırdı. Yenə də real həyat ilə
çox yaxından əlaqəsi olan səhnə!
Müşahidələrimə əsasən, tamaşadakı
həkim obrazı sevilmirdi: həyatın hansısa məqamlarında
xoşbəxt olmayan insanlar o hissi yaşayana qısqanclıqla
yanaşır və ən nəhayətində mane olmağa
çalışırlar. Bir önəmli məqam da bu idi ki,
baş həkim obrazını canlandıran aktyor İlqar Musayev
tamaşanın əvvəlində vurğulamışdı:
Teatrlar real həyata niyə yaxın olmalıdır? Guya biz
real həyatda çox xoşbəxtik?
İstedadlı aktyorumuz Rəşad Kəsəmənlinin
canlandırdığı İosif Stalin obrazının
xarakter cizgiləri, öz iztirablarıyla mübarizə
aparması bir tamaşaçı kimi məni çox təsirləndirdi.
O, səhnədə bu obraza xas cəhətləri, onun ziddiyyətlərini
qabarıq şəkildə çatdırmağı
bacardı. Səhnədəki Stalin törətdiyi cinayətlərdən
sonra insanlardan bağışlanmağı diləyir,
doğulanda cəllad kimi doğulmadığını qeyd edirdi
və bu da həm onun, həm də cəmiyyətin faciəsindən
xəbər verir. Repressiya qurbanlarımızın acı
taleyi, Mikayıl Müşfiqin, Əhməd Cavadın
başına gətirilən müsibətlər Stalin
obrazına hiddətimi daha da artırdı.
Diqqət çəkən nüanslardan biridə
Stalinin dilindən səslənən bu fikir oldu ki, niyə mən
hakimiyyətdə olanda, söz sahibi ikən hamı mənə
qulaq asırdı, indi isə yalvarıram məni
bağışlasınlar? Əslində diqqətlə fikir
versək, günümüzün acı reallıqlarından
biri də budur: əgər insanlar səndən
asılıdırlarsa, ya da qorxurlarsa, səni dinləyirlər,
hətta sən cəllad olsan belə. Ancaq cəmiyyətdə
bir mövqe tutmamısansa, doğru da danışsan,
tamaşadakı dəlilər kimi sənin fikirlərinə elə
hər zaman dəlilik kimi yanaşacaqlar.
Gənc və istedadlı aktyor Elçin Muradovun canlandırdığı
sanitar obrazı da öz davranışları,
ötürdüyü mesajlar, cəmiyyətə
çatdırmaq istədiyi fikirlərlə yadda qaldı və
tamaşaçı alqışından pay aldı.
"Şekspir" tamaşası həyatın
bütün acı reallıqlarını şillə kimi
insanın üzünə çırpır. Hər səhnəni
həyəcanla izləyirdim, dramaturqun ustalığına,
aktyorlarımızın professionallıqlarına heyran olmamaq
mümkün deyildi. Böyük inkişaf yolu keçmiş
Azərbaycan teatrında belə bir uğurlu əsərin
yüksək səviyyədə təqdim edilməsi daha bir
parlaq nailiyyətdir.
Aynur ƏDİL
525-ci qəzet .- 2024.- 5 aprel,№59.- S.10.