Könül xoşluğu ilə
yaşanacaq illər
Ötənlər, yaşanılanlar unudulmur,
xatırlamalarda yaşadılır. El-oba ilə bağlı
olanlar yaşanılmışların davamı kimi daha həssaslıqla,
daha duyğusallıqla yaşanılır. O xatırlamalarda
torpaq mehri olduğuna görə, ata-ana sevgisinin şaxələri
olduğuna görə, böyük dünyaya aparan yolun
başlanğıcı olduğuna görə belədi. Mənə
elə gəlir ki, el-obaya (deməli, Vətənə) sevgi də
bu xatırlamalarla qüdrətlənir, insanlara dünyəvi,
bəşəri münasibət də. Həm də,
yaxşı adamlar daha çox xatırlanır. Ruhunla
xatırlayırsan, ruhun üçün xatırlayırsan...
Həsən Bəhlul oğlu Ələkbərov
1954-cü il aprelin 1-də Zəngilan rayonunun Qaragöz kəndində
anadan olub. Qaragöz kənd ibtidai məktəbində, Ördəkli
kənd səkkizillik məktəbində, Mincivan qəsəbəsində
M.Füzuli adına 36 saylı dəmiryol orta məktəbində
təhsil alıb. 1971-ci ildə orta məktəbi bitirdikdən
sonra sənədlərini Bakı Dövlət Universitetinin
hüquq fakültəsinə verən Həsən yüksək
bal toplasa da, müsabiqədən keçə bilmədi. Bir
il "1 May" sovxozunda fəhlə işlədi. Növbəti
il qəbul imtahanlarını müvəffəqiyyətlə
verərək tələbə adını qazandı.
O da ali təhsil aldı. 1978-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Naxçıvan
filialının (indiki Naxçıvan Dövlət
Universiteti) tarix fakültəsini bitirdi. Qiyabi oxuyurdu. İkinci
kursda təhsil alanda 1972-ci il sentyabrın 1-də Ağbənd
kənd səkkizillik məktəbinə tarix müəllimi təyin
edildi. Gənc və təcrübəsiz olmasına baxmayaraq, təcrübəli
müəllimlərdən aldığı dəyərli məsləhətlər
və zəhmətsevərliyi onu şagirdlərin və
valideynlərin sevimlisinə çevirdi.
1978-ci il mayın 18-də Ağbənd məktəbinin
müəllimi Həsən Ələkbərovu da hərbi xidmətə
çağırdılar. Dünyanın düz
vaxtlarıydı, ermənilik cızığından
çıxmamışdı, imperiyanın əyalətlərə
münasibəti hələ üzə
çıxmamışdı, Moskva niyyətlərini pərdələyirdi.
Belə bir vaxtda Vətən kəlməsini ideologiyanın tələbləri
kimi düşüncələrə SSRİ kimi hopdursalar da,
ruhu rəvanlar, el-obaya mehr-ülfəti olanlar, Azərbaycanın
mənəvi səyyarəsi olanlar üçün belə
deyildi. Onlar üçün Səməd Vurğunun "Azərbaycan"
şeirinin gerçəklikləri vardı: "Hansı səmtə,
hansı yana Hey uçsam da, yuvam sənsən..." Həsən
belə düşünən, belə deyən gənclərdən
idi.
Məsuliyyət dünyaduyumun tərkib hissələrindəndir.
Nümunəvi xidmətinə görə Həsən Ələkbərovu
1979-cu ilin iyununda partiya sıralarına qəbul etdilər.
Etiraf edilməlidir ki, o illərdə belə bir şans hər
adama nəsib olmurdu...
1979-cu il noyabrın 1-də hərbi xidmətdən tərxis
edildi, Zəngilana qayıtdı, həmin il noyabrın 3-dən Qaragöz kənd səkkizillik məktəbinin
tarix müəllimi təyin olundu. Xarakter bir dəfə
formalaşır; Həsən Bəhlul oğlu istər
şagird kimi, istər tələbə kimi, istər gənc
müəllim kimi, istərsə də əsgər kimi
tapşırılan işi həmişə böyük məsuliyyətlə
yerinə yetirib. Tanıyanlar deyir ki, məsuliyyət onun
xarakterinin başlıca amilidir. Məsuliyyət bitən yerdə
fəaliyyətin ölgünlüyü
başlayır...", - Həsən müəllimin kəlamıdır...
1985-ci il dekabrın 4-dək Zəngilan rayonun
Qaragöz kənd orta məktəbində tarix müəllimi
işləyib. Məktəbdə işlədiyi müddətdə çalışqanlığı,
prinsipiallığı, qabaqcıl pedaqoji nailiyyətləri və
təcrübəni dərslərində tətbiqetmə
bacarığına görə bacarıqlı gənc müəllim
kimi həm məktəbdə, həm də rayon müəllimləri
arasında fərqləndi, seçildi, sevildi. Partiya təhsili
sistemində təbliğatçı və təşviqatçı
kimi kəndin camaatı arasında dövlət siyasətinin təbliğində,
gənclərin əmək və mənəvi tərbiyəsində
məqsədyönlü (və təəssübkeş!) fəaliyyəti,
məktəb partiya təşkilatının katibi kimi yüksək
təşkilatçılığı nəzərə
alınaraq 1985-ci il dekabrın 5-də Zəngilan rayon partiya
komitəsinin (RPK-nin) təşkilat şöbəsinin təlimatçısı
vəzifəsinə irəli çəkildi. 80-ci illərdə
gənclərin əksəriyyətinin arzuladığı vəzifəyə
təyinat Həsən Ələkbərovun xarakterini müəyyənləşdirən
məsuliyyət amilini daha da formalaşdırdı...
Gənc təlimatçının işi bəyənilirdi...
Mən Həsən müəllimi 1980-ci ildən tanıyıram. Rayon komsomol komitəsində
şöbə müdiri işləyirdim. O illərdə təsərrüfatların
fəaliyyətinə partiya nəzarəti vardı və bu nəzarət
fəaliyyətin tənzimlənməsində stimul olurdu.
Rayonda üzümçülüyü daha da inkişaf etdirmə,
mövcud nöqsanları aradan qaldırma zərurəti ilə
əlaqədar hər təsərrüfata partiya-komsomol
işçiləri göndərilirdi. 1985-ci ilin iyun ayında
mən "1 May" sovxozuna, Qaragöz kəndinə göndərildim.
Briqadada vəziyyətlə tanış olduqdan sonra Həsən
müəllimlə görüşdüm. Məni evlərinə
dəvət etdi. Atası Bəhlul dayı, anası Ruqiyyə
xala məni hörmətlə qarşıladılar. Ailə
üzvləri ilə yaxından tanış oldum. Gəlişi-min
məqsədini bilən Bəhlul dayı rayona gedib-gəlməyin
çətin olacağını bildirdi, məsləhət
gördü ki (müəyyən mənada tələb etdi
ki), onlarda qalım. Camaatın becərmə işlərinə
cəlb edilməsinə özünün də kömək edəcəyini
bildirdi. İki həftə ərzində Bəhlul
dayının, Həsəm müəllimin, qardaşı
Hüseyn müəllimin köməkliyi ilə kəndin
bütün əmək qabiliyyətlilərini becərmə
işlərinə cəlb etməklə tapşırılan
işin öhdəsindən layiqincə gəldik. Bu müddət
ərzində RPK-nin birinci katibi Muradaxan Cabbarov iki dəfə
günün müxtəlif vaxtlarında (səhər tezdən
və axşam saatlarında) briqadaya gəlmişdi, işin
gedişi ilə yaxından tanış olmuşdu, razı
qaldığını hiss eləmişdik. Cəsarətli və
ədalətli bir insan olan Bəhlul dayı birinci katibə mənim
barəmdə xoş sözlər deməkdən çəkinməmişdi...
Həmin ilin dekabrından Həsən müəllim
RPK-də təlimatçı işlədiyinə görə
biz tez-tez görüşür, Vətəndən, xalqdan,
müqəddəs Vətənin hər ikimizə müqəddəs
olan Zəngilan adında ecazkarlığından, işdən,
ədəbiyyatımızdan, incəsənətimizdən,
...danışardıq. 1988-ci ilin iyulunda mən RPK-nin
siyasi-maarif kabinetinin müdiri təyin edildikdən sonra
görüşlərimiz daha da intensivləşdi. Bir il, mən
ali siyasi təhsil almağa göndərilənədək belə
davam etdi. Həmin bir ildə Həsən müəllimin
yüksək təşkilatçılıq və idarəetmə
bacarığının, dərin biliyinin, həmişə
haqq-ədalətin yanında olduğunu bir daha gördüm.
Yüksək insani keyfiyyətləri, humanistliyi, sözü
bütövlüyü, mənəvi ucalığı, əxlaqı
saflığı, cəsarətli təşkilatçılığı
və yorulmaq bilməyən zəhmətsevərliyi
insanların ona olan hüsn-rəğbətini
artırmışdı, onların əsl inam yerinə
çevrilmişdi.
Qazandığı nüfuz və bacarığı
sayəsində 1990-cı il sentyabrın 2-də Zəngilan
rayon Xalq Deputatları Sovetinin təşkilat şöbəsi
müdirinin müavini, 1991-ci ilin avqustundan isə Zəngilan
rayon icra hakimiyyəti başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini vəzifələrinə
irəli çəkildi. Siyasi təhsilini artırmaq
qayğısına qalan Həsən Ələkbərov
1993-cü ildə Bakı Sosial İdarəetmə və
Politologiya İnstitutunu qiyabi bitirdi.
Həsən müəllimin dediklərindən: "Rayon
İcra Hakimiyyəti başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini
işləyirdim. Mənzil bölgüsü
komissiyasının sədri idim. Mincivan qəsəbə dəmiryol
xəstəxanasının
işçilərinə mənzil verilməsi məsələsinə
baxılırdı. Xəstəxananın xadiməsinin ev almaq
növbəsi idi. Hörmətli
və imkanlı həkimlərdən biri "İcra Hakimiyyəti
başçısının da razılığını
almışam" deyərək
mənzilin orderinin ona verilməsini istəmişdi. Həkimin
qohumu da mənə "şirinlik" təklif etmişdi. Mən
qəti olaraq razılaşmadım. Mənzili qanuni növbəsi
çatmış xadiməyə verdim". Həsən
müəllimin fəaliyyətində belə yaddaqalan xoş
nümunələr olduqca çoxdur; insanlıq
qanunlarını daha üstün tuturdu Həsən müəllim...
Ermənistanın Azərbaycandan ərazi iddiası
elan edilmədən başlayan müharibəyə səbəb
oldu. Düşmən Zəngilanı da işğal etmək
istəyirdi. Zəngilan ərazi özünümüdafiə
taboru, əhali, milis işçiləri ərazini ciddiliklə
qoruyurdu. O vaxtlarda taborun şəxsi heyəti
üçün vəzifəlilərin hər gəlişi
döyüş əzmi idi, qələbə ruhu idi. Həsən
müəllim tez-tez mövqelərə gələrdi,
döyüşçülərlə saatlarla söhbətləşərdi,
hər söhbət bir vətənpərvərlik dərsi
kimi dinlənilərdi. Söhbət zamanı əsgərlərdən
biri deyib ki, Həsən müəllim, şagird kimi dinlədiklərimi
döyüşçü kimi dinləmək mənim deyil, bu
torpaqların taleyidir. Dedikləriniz bizim hər birimizin hərbi
andımızın davamı olacaq. Onda Həsən müəllim
keçmiş şagirdini bağrına basıb...
Həsən müəllimin taborumuza
qayğısının (buna Vətən naminə sevgi də
deyərdim!) həmişə gerçək nəticəsi
olub: Həsən müəllim 1992-ci ilin fevralında Kürdəmir
rayonun İcra Hakimiyyəti başçısının
birinci müavini Ramiz Cəfərovun və müavini Taleh
Qasımovun köməkliyi ilə
Əşrəf adlı mexanikin hazırladığı
"Qrad" qurğusunu gətirib komandiri olduğum Zəngilan
ərazi özünümüdafiə taboruna təhvil
vermişdi. Bu qurğu düşmənlə döyüşlərdə
xeyli səmərəli olmuşdu...
Gənc Azərbaycan Respublikasında yöndəmsiz
idarəçilik dövlətçiliyin titrəyişinə
şərait yaratmışdı. Bəzən hansı səbəblərə
görəsə bacarıqlı kadrlar da vəzifəsindən
uzaqlaşdırılırdı. Bunlar xalqını sevənlərin
düşüncələrini üstələyə bilməzdi.
Həsən müəllim də tutduğu vəzifədən
azad edilmişdi. Həmişə xalqını, dövləti,
dövlətçiliyi düşünən Həsən
Ələkbərov Nusrət Mustafayevlə birlikdə YAP Zəngilan
rayon təşkilatının yaradılmasına nail oldu. Həsən
müəllim xalqını sevənlərə deyirdi ki, Ulu
öndər Heydər Əliyevin YAP-ın sədri və
ölkənin prezidenti seçilməsi insanların sözlə
təsvir edilməyən sevincidir, fərəhidir. Xalqa
arxalanan Heydər Əliyevin prezident seçilməsi
insanların dövlətə itmiş etibar və
inamını qısa müddətdə bərpa etdi...
1996-cı il dekabrın 29-da Ulu öndər Heydər
Əliyevin zəngilanlılarla görüşündə YAP
Zəngilan rayon təşkilatının sədri Nüsrət
Mustafayev böyük tarixi şəxsiyyətə Həsən
Ələkbərovun işdən qanunsuz
çıxarıldığını bildirmişdi. Ulu
öndərin göstərişindən sonra Həsən
müəllim 1997-ci il iyunun 6-da
Zəngilan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin
direktoru təyin edildi, 2016-cı il avqustun 27-dək bu vəzifədə
çalışdı. 2016-cı il sentyabrın 1-dən
2018-ci il oktyabrın 30-dək Dövlət Sosial Müdafiə
Fondunun Zəngilan rayon şöbəsinin müdir müavini vəzifəsinə
təyin olundu.
Nazirliyin bir qrup mütəxəssisi Qubadlıda və
Zəngilanda pensiya işlərinin bərpası zamanı
müəyyən nöqsanlara yol verildiyini əsas gətirərək
həmin işlərə yenidən baxılması barədə
rəy hazırlamışdılar. Həsən müəllim
bu rəylə qətiyyən razılaşmayaraq nazirlik
qarşısında məsələ
qaldırmış-dı. İşçi qruplarının
yaradılmasına və həmin məsələlərə
yenidən, obyektiv baxılmasına nail olmuşdu. Nəticədə,
bu məsələ kollegiya qərarı səviyyəsində
müsbət həllini tapmışdı..
Xoşbəxtliyi insanlarla ünsiyyətdə görən
Həsən Ələkbərov insanlara yaxşılıq və
köməklik etməyi özünə mənəvi borc bilir...
Həsən müəllim həsəd aparılacaq
şərəfli və örnək ömür
yaşayır. Yorulmaz fəaliyyəti, möhkəm
dözümü, mənəvi cəsarəti, mübarizliyi, dəyişməz
mövqeyi, mərdliyi, əyilməz qüruru, həssas qəlbi,
sadəliyi, səmimiliyi, yüksək təvazökarlığı
və müdrikliyi ilə onu tanıyanların
hamısını qürurlandırır.
Saf vicdan sahibi, mehriban ailə başçısı,
nümunəvi valideyn Həsən Ələkbərovun hər
üç övladı fəaliyyət göstərdiyi sahədə
ata yolunu ləyaqatlə davam etdirir...
2018-ci ilin noyabrından təqaüddə olan 1-ci dərəcə
dövlət qulluqçusu Həsən Ələkbərov
YAP-ın veteran üzvü kimi gənclərin hərbi vətənpərvərlik
tərbiyəsində məqsədyönlü iş
aparır, illərlə qazandığı təcrübəni
gənclərə böyük sevgilərlə
çatdırır, elin-obanın xeyir-şərində fəal
iştirak edir.
Həsən Ələkbərovun Qaragöz kəndinə
qayıdışı ruhun cana qayıdışı olacaq,
şübhəsiz...
Ömrün yetmişində dünya onun
salamını duyanlara könül xoşluğudur, Həsən
müəllim. Hələ neçə on illər bu səmimi
salamların işığı səni, Zəngilanı, Azərbaycanı
sevənlərin də niyyəti olacaq, Həsən müəllim...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2024.- 7 aprel, ¹61.- S.15.