Salam, Günəş!..

 Günel Natiq üçün

Esse

 

Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi... Yazıya on doqquzuncu əsrin ortaları, iyirminci əsrin əvvəlində yaşamış böyük maarifçi, müəllim, şair-publisist və görkəmli şəxsiyyət Məhəmməd Tağı Sidqinin bu misraları ilə başlamağım təsadüfi deyil. Zülmətin bağrını yaran, dünyanı işıqla dolduran Günəşi kim sevmir ki.., "Günəşdən gizlənən yarasalardır..."

Adi, bəsit süjet xətti olan ömrün çox ilini gözü bağlı yaşayırıq əslində, bir az da mürəkəbləşdiririk hətta. Qaçaqaç, qovhaqov başımızı elə qatır ki, guya sonsuz yaşayacaqmış kimi çox şeyi sonralara saxlayırıq. O sonralar da ya heç vaxt gəlmir, ya da gec olur. Bir üzrxahlıq ifadəsi, bir sevgi etirafını illərlə gözlədiyimiz insanlar var, etmirlər, etmirik...

Duyğuların insan sağlamlığına müalicəvi təsirləri böyükdür, canlı hüceyrələr ya müsbətə, ya da mənfiyə doğru adekvat reaksiya göstərir. Xoş söz, xoş rəftar ruha məlhəm kimi yayılır, sənə əziz olan adamlara qucaq açmaq, əzizləmək qanda oksitosin hormonu ifrazını artırır ki, bu da insanlar arasındakı bağları möhkəmləndirir. Bu zaman orqanizmin müdafiə funksiyası yüksəlir, xəstəliklərə müqaviməti artır...

Günel Natiqdən danışacam sizə, çoxunuzun tanıdığı, bəzilərinin radionun "Qərib axşamlar" proqramında qonağı olduğu, bəzilərinin də adını eşidib üzünü görmədiyi xanım Güneldən...

Radiodan eşitmişdim səsini, elə səsinəcə vurulmuşdum, sonra sosial şəbəkədə dost olduq. Daha sonra işlədiyi Azərbaycan Radiosunda görüşdük, müəlliflik etdiyi proqramların ("Qərib axşamlar", "Roman kimi") qonağı oldum. Sonra doğmalaşdıq, bir-birimizin əziz adamına çevrildik.

Ayağı uşaq vaxtından açılıb radioya, böyük türkçü alim Tofiq Günaydının verdiyi suallara atasından eşidib öyrəndiyi cavablarıyla heyrətləndirib onu da, başqalarını da... Sonra illər külək kimi əsib keçdi, Günel də böyüdü, orta məktəbi bitirib sənədlərini ali məktəbə verdi. Amma sən demə, qismətində həmin il tələbə olmaq yox imiş, bu dəfə tale yolu onun taleyini həmişəlik radioya bağlayır. Sonra ali təhsil alsa da, öz sevimli radiosundan ayrıla bilmir...

Günel çox qürurlu qızdır, kimdənsə nəsə xahiş etməyi xoşlamır. Həyat onun boyuna məsuliyyəti və böyüklüyü çox erkən biçib, həmişə işin çətinindən yapışıb və yüksək səviyyədə başa çatdırıb...

Atası, məşhur tərcüməçi Natiq müəllim dünyasını dəyişəndən sonra ailənin qayğılarını əsasən o daşımalı olub. Söz düşəndə deyir ki, heç vaxt, heç kim mənə bir şirin sözü belə qıymadı, nə yaxın qohumlardan, nə də başqalarından maddi və mənəvi dəstək görmədim. Hətta söz xətrinə də olsa, "Darıxma, hər şey yaxşı olacaq" deyən də olmayıb. Halbuki belə sözlərlə məni ən azı ruhlandıra bilərdilər, amma onu da çox görüblər...

Son illər Günel xanımın yaradıcılıq uğurları sevindirir, ard-arda çap olunan kitablarının oxucuları da az deyil. "Cəsur qızların kitabı", "Siz səfehsiniz?..", "Kişilərə dur deyin" kitabları maraqla qarşılanıb. Onun yaradıcılığı çoxşaxəlidir, son vaxtlar əsasən məşhur, amma gözdən, nəzərdən bir qədər uzaqda qalan müxtəlif peşə sahibləri ilə apardığı müsahibələri tezliklə həmkarları və oxucuları tərəfindən sevildi. Müsahibə mövzusu yazarın beyninin alt qatında mürgü döyən digər potensialını sanki vulkan kimi ortaya çıxardı...

İş elə gətirdi ki, Azərbaycan Yazıçılar Birliyi tərəfindən 2023-cü ilin payızında Şabran istirahət mərkəzinə birgə getdik. On gün bir kotecdə bərabər yaşadıq, bir-birimizi də elə orda daha yaxından tanıdıq. Mənim tələbəliyim kirayə evlərdə keçib, respublikamızın müxtəlif guşələrindən olan müxtəlif xarakter və xasiyyətli qızlarla bir otaqda yaşamışam. Təcrübəmdən bilirəm ki, hər adamla "yollaşıb yola getmək" olmur. Bu, sadəcə mümkün deyil... Günel çox yaxşı otaq yoldaşı idi, həm də zəhmətkeş. Bəzən saatlarla bir tərəfə çəkilib öz işi ilə məşğul olur, aldığı müsahibələrin üzərində günlərlə işləyirdi. Nəticədə mükəmməl bir yazı gətirirdi dünyaya...

Tanıyanlar bilir, mən çox pozitiv və enerji dolu insanam. Hər günə Tanrıya şükürlərimlə başlayıram. Səhər mütləq qapımı da, pəncərəmi də, qollarımı da Günəşə açıram, onu elə özü kimi sevinclə salamlayıram. Bu adətimi Şabranda lap rutin halına gətirdim, hər sabah Günel yatan otağa keçib geniş aynalı qapını taybatay açırdım. Sonra gülə-gülə "Salam, Günəş!" deyib onu oyadırdım. O da elə mənə Günəş kimi təbəssüm edib şad-xürrəm günə başlayırdı...

On gün elə tez keçdi ki...

Son vaxtlar Yaradan Günel xanımı səhhətində olan ciddi problemlərlə  imtahana çəkir. Olsun, bütün sınaqlar insan üçündür, bu sınaqlar həm də Allahın sevdiyi insanların bəxtinə düşür. Hansı yöndən baxsaq, Günel seçilmişdir! Indi qalır sınaqlardan üzüağ, alnıaçıq çıxmaq...

...Bir gün o səhər açılacaq, bütün ağrılar bitəcək, Günəş gecənin yaxasını qanadıb çıxacaq Göy üzünə, yenə şirin-şirin gülümsəyəcək. Günel xanım ürəyinin də, evinin də qapılarını, pəncərələrini taybatay açıb deyəcək: "Salam, Günəş, xoş gəldin həyatıma!" Axı, Günəşin yerdə bir prototipi də onun özüdür... Elə isə mən bəri başdan deyirəm, Salam, Günəş!

 

Şahnaz ŞAHİN

525-ci qəzet .- 2024.- 7 aprel, №61.- S.14.