O, BİR BAŞQA
DƏRVİŞ İDİ
O, dərviş idi. Həm böyük, həm
kiçik hərflə. Yəni dərvişlik
onunçün həm bir həyat tərzi idi, həm də rəsmən
özünə seçdiyi adlardan biri. Həm də dərvişliyə
sonradan, hansısa uzun yollar keçərək yetişməmişdi.
Elə əvvəldən - ilk gəncliyindən dərviş
oldu, ömrünün sonunacan da dərviş kimi qaldı.
Ancaq onun dərvişliyi başqa -
tanıdığınız-bildiyiniz köhnə dərvişlərin
dərvişliyindən deyildi. Yəni o, zahirən təsəvvürümüzdəki
bığlı-saqqallı əski dərvişlərə bənzəməzdi.
Hərçənd bığı-saqqalı da vardı.
Üzdən bir avropalıya oxşayırdı. Lakin mahiyyətcə,
fikircə, duyğuca elə o köhnəki əsl dərvişlər
kimi idi. Onlar kimi saf, onlar kimi əqidəli, onlar kimi məsləkinə
bağlı, onlar kimi yolunda düz gedən.
Dərvişlər müsəlman Şərqində
orta əsrlərdən yayılmağa başladı. VIII
yüzildən etibarən Yaxın-Orta Şərqin müxtəlif
guşələrində təriqətlər, bunların
öndərləri və ardıcılları yaranır, həmin
təriqətlərə bağlı dərvişlər
yetişirdi. Bu sədaqətli Allah və əqidə bəndələri
özlərini seçdikləri yola həsr etmiş, dünya
naz-nemətlərindən imtinaya üstünlük vermiş
saflar, ruhən pak, davranışca dürüst, biliklə
dolu, əksərən də ilhamlı, şair qələmli
bitkin şəxsiyyətlər idilər. Səbəbsiz deyil
ki, müsəlman Şərqinin üstün
filosoflarının, güclü şairlərinin bir çoxu
bu mərtəbəyə elə təriqət yolu keçərək
çatmışdı. Dünyanın naz-nemətləri, zər-zibalı
geyimləri amal adamı dərvişlərin eyninə deyildi.
Hətta orta çağın ən geniş
yayılmış, ən qol-qanadlı təriqəti olan təsəvvüflə
bağlı söylənilir ki, onlara "sufi" deyilməsi
də elə həyatlarının tərzi ilə
bağlıymış - onlar ləzzət və
rahatlıqlardan əlçəkmənin daha bir ifadəsi kimi
pal-paltar barədə düşünməz, "suf" deyilən
yunlu kobud dəriyə bürünərlərmiş.
Və bu gəncin də Dərvişə və "dərviş"ə
çevrilməsi təqribən oxşar səbəbə
görə baş vermişdi.
1874-cü il, sentyabrın son günləri. O, təhsil
ardınca, ali məktəbə daxil olmaqçün gedib
çıxmışdı Moskvaya. Artıq soyuqlar
düşürdü. O çağlar Rusiyadakı ən məşhur
təhsil ocaqlarından sayılan Petrovski-Razumovski adına Kənd
Təsərrüfatı Akademiyasında imtahan vermişdi, qəbul
da olunmuşdu. Günlər ötmüşdü, qış
qapını döymüşdü, soyuqlar
düşmüşdü. Moskvaya gələndə bu
cavanın cibində vur-tut 80 rubl pulu vardı ki, onun da 50-sini
imtahanlara görə akademiyanın xəzinədarlığına
ödəmişdi. Yerdə qalan 30-ca rublla həm
dolanışığını təmin etməli, həm
kitab-dəftərini almalı idi. Geyim-kecimi də namünasib,
şimalın sazağına-şaxtasına heç cürə
uyğun gələn deyildi. Yaxşı ki, hələ əslən
Qarabağdandı, Şuşa qışlarının hərdən
iliyədək işləyən soyuğuna bədəni
alışmışdı. Yoxsa Moskva iqliminə əsla tən
gəlməyən nazik geyimi və boş cibi ilə
başlanan qış günlərinin elə əvvəlindəcə
tələf olub gedərdi. Qanının arasına girən
yanında var-yoxdan olan yeganə palaz idi. Bunu özüylə
neçə il əvvəl Qarabağdan Bakıya
aparmışdı, oradan da Rusiyaya gətirmişdi.
Üstündən xeyli vaxt keçəndən və həmin
günlərin ağrı-acısı canından
çıxandan sonra xatirələrində
sıxıntılı dünənlərə qayıdaraq
yazırdı ki, gündüzlər o palazı otağımda
yerə döşəyər, gecələr də yorğan əvəzi
bürünüb yatardım, elə həmin səbəbdən
də ləqəbim oldu "Dərviş".
Ancaq "dərviş" sözü onun
adının yanında sadəcə bir ləqəb kimi
qalmır, mətbuata yönələndən, ilk məqalələri
çıxmağa başlayandan "Dərviş" kəlməsi
yenə karına gəlir - dönür təxəllüsünə.
Məqalələrinin altında daha ad-soyadını
yazmırdı, yazılarını elə "Dərviş"
kimi imzalayırdı. Amma bu söz tədricən bir az da irəli
getmişdi, artıq elə həqiqi adı kimi
qavranılırdı - evdə ailə içərisində də
ona "Dərviş" deyirdilər, dost-tanışın
da çoxu onu ehtiramla, məhəbbətlə "Dərviş"
çağırırdı.
Yaxınları, varlığına, ruhuna az-çox bələd
olanlar ona "Dərviş" deyəndə hər halda
ünsiyyətlərdə bunu da açıqca hiss edirdilər
ki, Nəcəf, doğrudan da, köhnə əyyamların ətəyində
namaz qılınası əməli salehlərinə bənzəyir.
Haqlıydılar da. Çünki o dürüst əməllilik,
o doğru sözlülük ki köhnə əyyamların
ünlü dərvişlərinə xasdı,
yazdıqları ilə etdikləri arasında fərqin
olmaması məziyyəti ki qələm əhli olan dərvişləri
seçdirərdi, bunda da vardı.
İllər ötürdü, asta-asta həyat onun
qarşısında çox qapıları
açırdı, yavaş-yavaş maddi təminatı da
düzəlirdi, ancaq dərvişanə təbiəti,
gözü və ruhu toxluluğu dəyişmirdi.
Və sanki öz sonrası ilə əvvəlini
içərisində müqayisə edərkən
qazandığı həyat rahatlıqlarından bir qədər
utanırmış kimi, xatirələrində bunu da
yazırdı ki, o palazın həsrətini çəkirəm,
indi həmin palaz qarşıma çıxsaydı, ən baha
qiymətə alardım.
XI əsrdə qələm çalmış,
düşüncə dəryalarına dalmış təsəvvüf
mütəfəkkiri Baba Kuhi (948-1037) də dərviş idi,
XIII yüzildə yaşayıb-yaratmış,
Mövlananın (1207-1273) "ustadım" dediyi Şəms
Təbrizi (1185-1248) də, XIV-XV yüzillərdə
ömür sürmüş Nəimi (1339-1401) də, Nəsimi
(1369-1417) də dərviş idilər, dahi Füzulisə
(1494-1556) dərvişliyini açıqca bəyan edirdi:
"Rəhm et hey şəh, mən-idərviş çəkən
ahilərə".
Və 1874-cü ilin baharında dünyaya gələn,
XX yüzilin əvvəllərinin dərvişi olan bu gənc
- Nəcəf Vəzirov əslən bəy nəslindən idi
- babası Qulu bəy Qarabağın nüfuzlu bəylərindən
olmuşdu, atası Fətəli isə kasıblamış bəylərdən
idi. Fətəli bəy cavankən xəstəliyə düçar
olaraq işləmək qabiliyyətini itirmiş, ailənin
yükü zövcəsi Mina xanımın zərif
çiyinlərinə düşmüşdü. Ancaq əlləri
nə qədər aşağı olsa da, hər halda bəylik
ədaları, bəylik vüqarı onlarla idi və çox
istəyirdilər ki, digər bəylərin övladları
kimi, Nəcəf də yaxşı təhsil alsın. Ənənəyə
uyğun olaraq mollaxanadan başlamışdılar və Nəcəf
bəy onilləri arxada qoyaraq Azərbaycanın məşhur
yazıçısına çevriləndən sonra
mollaxanadakı günlərini xatırlayaraq yazırdı ki,
mən orada üç ayın içərisində əlifbanı
da öyrəndim, "Quran"ı oxumağa, yazı-pozuya
da başladım.
Nəcəfi mollaxanaya nisbətən gec - 12
yaşında göndərmişdilər. Bir il mollaxanada təhsil
alandan sonra növbəti ildə istəyirlər ki, rus
yazı-pozusunu da öyrənsin, bu dili də mənimsəsin.
Nəcəf bəy sonralar bunu da yada salırdı ki, ona rus
dili dərsi demək üçün ayrılmış
müəllim Mkrtıç adlı bir erməni imiş, hərfləri
qalın bir kartonun üstündə yazıbmış,
görəndə ki, şagirdi nəyisə bilmir, həmin
kartonla əlinə-əlinə döyəcləyirmiş.
Hərfləri öyrətməkdən çox əlinə
ağır kartonla döyəclənən balaca Nəcəf
tezliklə bu cür tədrisə, belə ardıcıl təhqirlərə
və təzyiqlərə dözməyərək həmin
mülkiyyə məktəbindən qaçır. Söz
çıxarırlar ki, qabiliyyəti yoxdur, oxuya bilmirdi, məktəbdən
acizliyinə görə qaçıb. Bacarıqsız
olmadığını, lap yaxşı oxuya biləcəyini,
gücünü hər kəsə sübut etmək istəyi
ilə daşan Nəcəf qərara alır ki, təhsil
ardınca Bakıya getsin. Anası başlayır göz
yaşı tökməyə ki, ay bala, məni burda qoyub hara
gedirsən? Nəcəf bəy sonralar anasının göz
yaşlarını xatırlayaraq yazırdı ki, onun belə
ağlamasının səbəbi əslində başqa idi. O
istəyirdi ki, mən kənd mirzəliyi edim,
beş-üç manat qazancım olsun, bu gəlirin
hesabına ailənin dolanışığını bir az
babatlaşdırım. Ancaq mən istəyirdim ki, oxuyum, ona
görə Bakıya üz tutdum.
1868-ci ildə artıq Bakıdadır. Gimnaziyaya girməkçün
qəbul imtahanları verməlidir, ancaq kifayət səviyyədə
deyil. Cəhd etməyinə edir, ancaq digər imtahanları
alababat yola versə də, tarixdən və coğrafiyadan kəsilir.
Fəqət bəxt üzünə gülür - müəllimlər
ondakı fərasəti hiss eləyirlər,
hazırcavablığını görürlər və
istisna hal kimi gimnaziyaya qəbul olunmasına rüsxət verirlər.
Bunları da həm özü yazıb, həm də
müasirləri Nəcəf bəy haqqındakı xatirələrində
əks etdiriblər.
Ahıllıq çağlarında uşaqlıq,
yeniyetməlik illərini anan Nəcəf bəy etiraf edirdi ki,
gimnaziyaya daxil olandan sonra əvvəlki iki ili nisbətən zəif
oxudum. Amma sonra özümü səfərbər elədim və
seçilən uşaqlardan birinə çevrildim.
Gimnaziyada əlaçı müdavim olmasının
sorağı Qarabağa da çatır və Nəcəfə
lazım olan elə bu idi. Artıq sübuta yetirmişdi ki, o,
bədxahların yaydığı şayiələrə rəğmən,
əsla fərsiz deyil, hələ qarşıdakı aylarda,
illərdə onun adını çox eşidəcəklər.
XIX əsrin son onilləri idi, qarşıdan artıq həniri
duyulan XX yüzillik boylanırdı. Hələliksə
gimnazist Nəcəf bəy Vəzirov altıncı sinifdə
oxuyurdu, Bakı küçələrindəki afişa dirəkləri
onun diqqətini çəkməyə
başlamışdı və bir axşam bilet alaraq
ömründə ilk dəfə rusca bir teatr tamaşasına
baxır. Gördükləri onu vəcdə gətirir, ertəsi
gün dərsdə müəllimi Həsən bəy Məlikov-Zərdabiyə
(1842-1907) deyir ki, dünən teatra getmişdim, çox bəyəndim,
heyran olmuşam, görəsən, bizdə də belə əsərlər
varmı? Həsən bəy qayıdır ki, əlbəttə
var, bizim Mirzə Fətəli Axundzadənin (1812-1878) pyesləri
gözəldir və növbəti gün Həsən bəy
gimnaziyaya gələndə özü ilə "Hacı
Qara"nı götürür və oxumaqçün Nəcəfə
verir. Elə gecə ilə "Mərd-ixəsis"in sərgüzəştləri
haqqındakı bu pyesi oxuyur, valeh olur, görür ki, o
gün rus teatrında baxdığından da cazibəli, daha
şirindir. Ürəyindən keçir ki, ruslar tamaşa verən
kimi, biz də teatr çıxardaq, elə bu "Hacı
Qara" pyesini səhnəyə gətirək. Niyyətini
müəllimi Həsən bəyə söyləyir və o
da məsələni sonraya qoymadan şagirdlərini səfərbər
edir. Rollar bölüşdürülür. Əvvəllər
Gəncənin qlavası olmuş, indi gimnaziyada təhsil alan
Əsgər ağa Gorani-Adıgözəlovun (1857-1910)
öhdəsinə Hacı Qara olmaq düşür.
Müdavimlər hamısı oğlanlardı, amma pyesdə
qadın surətləri də vardı və onlardan birini Nəcəf
bəy oynayası olur. Başqa rolları da gimnaziyanın digər
öyrənciləri arasında paylayırlar. Nəhayət,
tamaşa günü gəlib çatır.
1913-cü ildə Nəcəf bəy Vəzirovun ədəbi
və ictimai fəaliyyətinin 40 illiyi təntənəylə
qeyd ediləndə "Səfa" maarif cəmiyyəti
ayrıca kitabça buraxacaq və orada
yazıçının özünün qələmindən
çıxmış "Tərcümeyi-halım"
adlı qısa ömürnaməsi də yer alacaq.
Ömrünün ən vacib hadisələrindən hesab
etdiyindəndir ki, həmin gün baş verənləri Nəcəf
bəy hər cizgisi ilə xatırlayırdı, o
tamaşanı sadəcə teatr göstərmək deyil, elə
insan həyatının doğulmaq, təhsil almaq, evlənmək,
həbsə düşmək, hansısa vəzifələrə
təyin olunmaq və digər belə-belə mütləq
göstərilməli bioqrafiya məlumatlarından sayaraq tərcümeyi-halında
ayrıca təsvir edirdi. Yazırdı ki, tamaşa
günü çox adam vardı, Bakı qubernatoru D.Staroselski
(1832-1884) öz əyalı ilə gəlmişdi və hətta
camaatın nəhayət dərəcədə xoşuna gələn
nümayişdən sonra qubernatorun dilmancı Həsən bəy
Həbibbəyov bizi qonaq elədi. Nəcəf bəy bunu da
ayrıca vurğulayır ki, tamaşaya baxmağa gələnlər
arasında çoxluğu azərbaycanlı olmayanlar təşkil
edirdi.
Həsən bəy tamaşadan sonra Mirzə Fətəliyə
təbrik teleqramı göndərmişdi və ondan gələn
cavab məktubunu şagirdlərinə də göstəribmiş
ki, Nəcəf bəy həmin tərcümeyi-halında
"müsənnif Axundzadənin iki vərəqə dolusu
böyük bir rizaməndlik kağızı" yazmasını,
"Hacı Qara"nı səhnədə göstərməklə
mənim ömrümün üzərinə on il daha
artırdınız" etirafını da məxsusi yada
salırdı.
Ancaq bu qədər xoş təəssüratlarla dolu
olan, əsərin müəllifi üçün də, onu səhnəyə
gətirənlərdən ötrü də,
bütövlükdə mədəniyyətimiz adına da
tarixi məna daşıyan ilk teatr tamaşamızın
ardınca o vaxt da, xeyli sonralar da heç xoş olmayan höcətləşmələr
də cərəyan etmişdi, bunlar o çağın mətbuatına
da yol tapmışdı və şanlı bir tarixin üzərinə
qeybət tozları qonmasın deyə o günlərə sənədi-sübutu
ilə qayıtmağa da ehtiyac var.
Həsən bəy Zərdabi müdrik insandı və
ilk Azərbaycan dramaturqunun pyesinin ana dilində birinci dəfə
tamaşaya qoyulmasının hansı vacib milli çəki
daşımasını, hadisənin möhtəşəm
tarixiliyini ətrafındakıların hamısından
artıq anlayırdı və ona görə də həmin
müstəsna günün təfərrüatları gələcəkdəkilərə
də bəlli olsun deyə 1905-ci il dekabrın 13-də "Həyat"
qəzetində "Bakıda müsəlman teatrının
binası (təməlinin qoyulması - R.H.)" sərlövhəli
məqalə dərc etdirmişdi: "Mən Tiflisdə qulluq
edən vaxtda mərhum Mirzə Fətəli Axundzadə öz
komediya kitabının bir cildini mənə vermişdi.
Gimnaziyada 50-yə qədər müsəlman şagird
vardı ki, onlardan 30-u pansionda padşahlıq xərci ilə
oxuyurdular. Onlardan 10-15-i axırıncı kurslarda idilər.
Bir neçə gün onları yığıb Mirzə Fətəlinin
komediyalarını onlara oxuyub təvəqqe elədim ki,
onlardan birini seçib oynasınlar. "Hacı Qara"nı
seçdilər. Sonra rollarını payladıq ki, filan
günü filan yerdə müsəlmanlar teatr
çıxardacaq. Oynayanlardan hər kəs Bakıda olan qərib-qürəbalardan
özlərinə paltar və qeyrə tapdılar. Otaqların
bəzəklərini də özümüz qayırdıq.
Gimnaziya otaqlarından bir böyüyündə teatr
çıxartdıq. Oynayanlar çox yaxşı oynadı.
Ələlxüsus Əsgər bəy Adıgözəlov
Hacı Qaranı. 40-50 manata qədər vüsul oldu. Oynayan
uşaqlara vüsul olan məbləği verib
tapşırdım ki, öz füqəralarına
paylasınlar".
Həsən bəy həmin məqaləsində Mirzə
Fətəlinin Tiflis qəzetlərində Bakıda göstərilmiş
tamaşa ilə bağlı yazıları oxuyandan sonra
göndərdiyi "uzun kağızda" "öz
sağlığında onun komediyasını müsəlmanların
öz türk dilində çıxartmasından çox
razılıq" etdiyini, əvvəlcədən bilərdisə,
"öz gözləri ilə görmək üçün
özü də Bakıya gələrdi" yazmasını
göstərirdi və davam edirdi ki, Mirzə Fətəli təvəqqe
edirdi ki, "Tiflisə gələndə ona bir-bir hər kəsin
öz rolunu necə oynadığını" deyim.
Həsən bəy o məqaləsində belə bir əhəmiyyətli
məqama da diqqət ayırırdı ki, "əvvəlinci
teatrımız yaxşı çıxdığına
görə Bakıda sakin olan kənardan gələn müsəlmanların
iltimasına görə "Hacı Qara"nı bir dəfə
də oynadıq və bu səfər 100 manata qədər pul
yığdıq. Sonra haçaq gimnaziya uşaqlarının
fəqirlərinə pul lazım olanda şagirdlə pişvəzvəqt
xəbər edib siyahı verirdilər ki, nə qədər
pul gərəkdir. Ona görə teatr çıxardıb
vüsul olan pulları paylardıq".
Ancaq Zərdabinin bu məqaləsinə keçmiş
şagirdi Nəcəf bəy dərhal etiraz etmişdi, ikicə
gün ötüncə "Həyat"ın 15 dekabr
sayında cavab məqaləsi dərc etdirərək
yazırdı ki, "Teatrın binasını mən
qoymuşam. Ömrümdə əvvəlinci dəfə rus
teatrını görüb mən altıncı klasda olanda
sabahı gün sizdən sual etdim: bizim də varmıdır
bir elə şey ki, biz də teatr binası edək? Buyurdunuz,
var. Bu sözdən savayı və biz məşq edəndə
yanımızda dinməz-söyləməz əyləşməkdən
qeyri heç bir işə qarışmadınız". Məqaləsini
belə yekunlaşdırırdı ki, "Dübarə ərz
edirəm, bu iş böyük iş deyil, amma mən ondan əl
çəkə bilmərəm, çünki o teatr əvvəlinci
idi tamam müsəlmanlıqda".
Söz yox, Azərbaycan mətbuatının təməlini
qoymuş və qəzetdə dərc olunmuş fikrin
anındaca tarixə çevrilməsindən yaxşı agah
olan Həsən bəy gələcəkdəkilər "Həyat"ın
köhnə saylarını vərəqləyib bu məqaləyə
çatarkən oxuyaraq şagirdinin çılğın
etirazından yüz cür başqa umulmaz nəticələr
çıxarmasınlar deyə cavabını ləngitməmişdi,
18 dekabrda çıxan "Həyat"da "Mənim əzizizim
Nəcəf bəy" adlı məktubunu təqdim
etmişdi: "Sən nə üçün mənə
yalançı, oğru və zalım deyirsən ki, guya mən
sənin millətə etdiyin qulluqlarını puç edirəm.
Aya, mən sənin barəndə yalan demişəm, sənin
qulluqlarını oğurlayıb sənə zülm etmişəm?
Mən yazmışdım ki, o teatrı mən qoymuşam... Mən
yazmışdım ki, o teatrı mən qoymuşdum, sən
yazırsan ki, xeyr, yox, yalandır, mən qoymuşam. Bircə
hövsələ et, hesabımızı çəkək: o
teatrı qoymaq iznini mən almışdım, komediya
kitabını sizə mən vermişdim - o zaman bu da
böyük bir iş idi - rolları mən
paylamışdım, məşqlərə mən gəlib nə
tövr oynamağı öyrətmişdim, teatr oynamaqdan
ötrü gimnaziyanın otağını mən
almışdım.
...Bir də yazırsınız ki, mən məşq
vaxtlarında gəlib dinməz-söyləməz əyləşməkdən
savayı bir işə qarışmırdım.
Ol vaxtacan bircə dəfə rus teatrı
görmüşdünüz, amma indi belə sözü yazmaq
sizin üçün çox eyibdir. Bəlkə siz teatra mən
bina qoymuşam sözünü siz yazdığınız
komediyalara görə yazıbsınız? Belədə sizin
haqqınız var. Ol vaxtlarda biz çıxardan teatrlar həqiqət
sizə elə təsir eləmişdi ki, ol vaxtda komediya
yazmağa başlamışdınız. Bu barədə biz
müsəlmanlar sizdən çox razıyıq və
ümidvarıq ki, gələcəkdə də bizim bədbəxt
milləti yaddan çıxarmayıb yazacaqsınız".
Üstündən bir belə zaman küləkləri əsib
keçəndən sonra bu incik yazıları bugünə gətirməyim
ona görədir ki, təsadüfən həmin yazılardan
birini görüb, o birindən xəbərsiz qalanın qənaəti
alayarımçıq olmasın. Axı tək Nəcəf bəy
deyildi. Elə Əsgər ağa Gorani-Adıgözəlov da
bənzər iddialar etmişdi ki, Azərbaycan teatrının
təməlini qoyanların birincisi mənəm, çünki
ilk tamaşada baş rolda çıxış eləmişəm.
O şəxsiyyətlərimizin hər biri artıq Vətən
tarixinin ayrılmaz parçasına çevriləndən
sonra hər üzü ilə bizimkidir,
varlığımızın zərrələridir. Fəqət
Sokratın köhnəlməz ibarəsi də
yadımızdadır ki, "Platon dostumdur, ancaq həqiqət
mənimçün daha əzizdir"...
Hələ 1870-ci illərin əvvəllərində
də bu söhbətlər dolaşmışdı və Həsən
bəy gəncdirlər deyə üstünü
vurmamışdı, mətləbi çürütməmişdi,
əksinə, 1875-ci ildə "Əkinçi"si yola
düzələndən sonra qəlb genişliyi ilə ilk Azərbaycan
qəzetinin səhifələrini də sabiq şagirdlərinin
- həm Nəcəf bəy Vəzirovun, həm Əsgər
ağa Gorani-Adıgözəlovun üzünə
açmışdı.
Dünya görmüş Həsən bəy əmin
idi ki, bütün həqiqətləri tarix öz yerinə
qoyacaq, kimin hansı yolu ilkin açdığını tarix
sabahdakılara kimin necə çatdırmasından
asılı olmayaraq öz yadda saxladığı dəqiqliklə
ötürəcək. Onun məqsədi Azərbaycanın
işığının çox olması idi və ona hədsiz
sevinirdi ki, Azərbaycanın belə nurlu balaları
yetişir.
1873-cü il idi və bir məsələdə Bakı
gimnaziyasının altıncı sinif şagirdi Nəcəf bəy
Vəzirov şəriksiz olaraq və heç bir mübahisəsiz
ilk idi ki, o, Azərbaycan səhnəsində birinci qadın
rolu oynamaq kişiliyini öhdəsinə götürən
artist olmuşdu.
Və ruh yüksəkliyi ilə ləbələb həmin
ildəcə Nəcəf bəy Vəzirov ilk pyesini də
yazır: "Əti sənin, sümüyü mənim".
Milli oyanışın elə çağları idi ki, Mirzə
Fətəlini əli qələm tutanların, böyük ədəbiyyata
həvəs göstərənlərin hamısı
özünə ustad, müəllim sayırdı və Nəcəf
bəy Vəzirov da eləcə. İlk pyesini yazmışdı,
oxuyanlar bəyənmişdi, həvəslənmişdi və
ardınca daha birini - "Ev tərbiyəsinin bir şəkli"ni
doğurmuşdu. Bu, birpərdəli pyes idi və həmin əsəri
ilə Nəcəf bəy Vəzirov daha bir ilkçi
olmuşdu - Azərbaycan dramaturgiyasında birpərdəli pyes
ənənəsinin təməlini qoymuşdu. Pyesi ona görə
birpərdəli yazmamışdı ki, nəfəsi buna
çatırdı. İşin içində idi, yazmaqdan əlavə,
bunu necə göstərməyin yollarını da
düşünürdü, imkanlarsa hələ məhdud idi.
O ifaçılar dəstəsi ki ixtiyarlarında vardı, o
dekorasiyalar ki əllərində idi, o səhnə ki orada
onlara oynamaq icazəsi verilə bilərdi, öncədən
işarə edirdi ki, ayağınızı
yorğanınıza görə uzadın. Yalnız
yığcam, pərdəsi az pyeslər yazmaqla iş bitmirdi,
həlli daha müşkül və Mirzə Fətəlidən
gələn bir başqa dərsi də nəzərdə
saxlamaq gərəkdi. Axundzadə yazdıqlarının bir
gün səhnəyə gələcəyinə ümid bəsləyərək
həmin işi irəlicədən asanlaşdırmaqdan
ötrü "Molla İbrahimxəlil kimyagər" əsərinə
qadın surətləri daxil etməmişdi. Anlayırdı
ki, əslində kəsirdir, amma neyləyəsən ki, sərt
gerçəklik özü məhz belə addım atmağa
vadar edirdi. O vaxt eyni xətti Nəcəf bəy də davam
etdirdi, yazdığı "Pəhlivanan-i zəmanə"də
qız-qadın yox idi. Mirzə Cəlilin (1866-1932)
"Kişmiş oyunu"nda, Əbdürrəhimbəy
Haqverdiyevin (1870-1933) "Ac həriflər"də,
Süleyman Sani Axundovun (1875-1939) "Dibdat bəy"də, Nəriman
Nərimanovun (1870-1925) "Nadir şah"da qadın surətlərindən
imtinası da eyni sıxıntı - hələ ki səhnəmizin
qadınsızlığı ilə əlaqədardı.
Beləcə, imkanları, şəraiti, gerçəkliyi
nəzərə ala-ala Nəcəf bəy Vəzirov ilk pyeslərini
yaradırdı. Bu pyeslərin bir başqa məziyyəti də
ondan ibarət idi ki, Nəcəf gənc olmasına baxmayaraq,
yetkin düşünürdü. Yurdun və
soydaşlarının sızıldayan nöqtələrindən
yapışmağı bacarırdı, ağrılardan bəhs
etdiyindən bu pyeslər fəlsəfəsi etibarı ilə
kədərli olsa da, şəkilcə məzhəkə idi, cəmiyyətin
göynəklərindən gülə-gülə bəhs
edirdi. "Ev tərbiyəsinin bir şəkli" bu
düşüncələrin ən bariz ifadələrindəndi.
...1874-cü ildə Nəcəf bəy Vəzirov
gimnaziyanı müvəffəqiyyətlə bitirir. Əksər
qiymətləri əladır. Gimnaziyanın verdiyi sənədlə
gedib işləyə, müəllimlik edə, bir parça
çörəyini qazana bilər. Amma bunu az sayır, istəyir
ki, savadını artırsın, ali təhsilə yiyələnsin.
Ona görə də Peterburqa yola düşür. Müvəffəqiyyətlə
imtahan verir və darülfünuna - Peterburq Universitetinə qəbul
olunur. Ancaq başqa bir sıxıntı ortaya
çıxır. Peterburqun yüksək rütubətli
iqliminə heç cür uyğunlaşa bilmir, möhkəm
xəstələnib yatağa düşür. Xatirələrində
həmin nigaran günlərin də izi var. Yazır ki,
qızdırma içərisində
çırpınırdım, bir rus qadını mənə
nəvaziş göstərirdi, az sonra babatlaşdım. Ancaq
dostlar, tanışlar tövsiyə etdilər ki, Peterburqda
qalmağım məsləhət deyil, bu iqlim səhhətini
lap laxladıb sənin axırına çıxar,
yaxşısı budur, Moskvaya yollan.
Və gəlir Moskvaya. Nəcəf bəy hələ
Bakıda olanda, gimnaziyanın son kursunda - altıncı sinifdə
təhsil alanda müəllimi Həsən bəyin ona daha bir
yaxşılığı keçmişdi. Kömək
etmişdi ki, ayrı-ayrı ailələrdə fərdi
qaydada müəllimlik etsin, həm təcrübə, həm də
bir qədər pul yığsın. Sonralar xatırlayırdı
ki, Peterburqa yola düşəndə həmin dərs deməkdən
topladığım 600 manat pulum vardı, Peterburqda olduğum,
xüsusən xəstəlik keçirdiyim günlərdə
qanımın arasına girdi, ancaq Moskvaya gedib çatanda o vəsaitdən
vur-tut 80 manat qalmışdı.
Moskvada bəxti onda gətirir ki, Petrovski-Razumovski
Akademiyasına qəbul imtahanı verərkən fövqəladə
biliklər göstərdiyinə görə ona təqaüd təyin
edilir. Həmin təhsil ocağının tələbələrə
yönəlik daha bir qayğıkeşliyi vardı - kəskin
ehtiyacı olardısa, tələbələrin təqaüdü
bir neçə ay əvvəldən də ödənilirdi. Nəcəf
bəydə ərizə yazır, Moskvaya təzəcə gəldiyini,
imkansız olduğunu səbəb gətirərək
üç aylıq təqaüdünün qabaqcadan verilməsini
rica edir. Əsirgəmirlər və o da yaşayacağı mənzilə
lazım olan əşyaları alır, həyat şəraitini
qismən də olsa düzəldir.
XIX yüzilliyin sonlarında Şuşa Azərbaycanın
digər bölgələri və şəhərləri ilə
müqayisədə mədəni baxımdan nə qədər
irəli getmiş olsa da, Bakı hər halda Bakı idi. Ona
görə də Nəcəf bəy Şuşadan Bakıya gələndə
sanki büsbütün ayrı bir aləmə
düşmüşdü. Ancaq Bakıda ötən qaynar
gimnaziya illərindən sonra Moskvaya gələndə
anlayır ki, burada açılan üfüqlər qat-qat
genişdir. Moskvanın ziyalı mühiti, Petrovski-Razumovski
Akademiyasındakı məzmunlu tələbə həyatı
Nəcəf bəyin ömründə tamamilə yeni bir səhifə
açırdı.
1875-ci ilin yayı idi, tələbəliyinə təzəcə
başlamış Nəcəf bəyin həyatına daxil
olan yeniliklərin ən sevimlilərindən biri də qəzetlər
idi. Ancaq "kaş belə qəzet-jurnallardan bizdə də
olaydı" arzusunun gerçəkləşməsi
özünü çox gözlətmir. İyulun 22-dəAzərbaycandan
şad soraq gəlir ki, müəllimi Həsən bəy
"Əkinçi" qəzetinin nəşrinə
başlayıb.
Və aralarında Nəcəf bəyin də
olduğu "Əkinçi"nin müxbirlərinin ilkləri
- Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani,
Əsgər ağa Gorani-Adıgözəlov... hamısı Zərdabinin
məslək yoldaşları idi. Bu qafilədə Həsən
bəyin "ustad" deyə baxdıqları da vardı,
yetirmələri, ardıcılları da və
hamısını qovuşduran böyük vətənçilik,
xalqçılıq yolu idi.
Seyid Əzim Şirvani (1835-1888)
"Əkinçi"yə növbəti mənzuməsini
yollamışdı və orada Vəzirovun da adını
çəkirdi, onu daha fəal olmağa, bu qəzetin səhifələrində
də yazılarıyla ardıcıl çıxış etməyə
səsləyirdi:
Vəzirov bəlkə eyləyə imdad,
Qıla bu qövmü elm üçün irşad.
Və Nəcəf bəy Vəzirov da səsə səs
verirdi, gəncliyi irşada, elmə, ürfana
çağırırdı. "Əkinçi"yə ilk
məqalələrindən birini göndərmişdi və dərc
edilən o yazı bir çağırış idi. O məqalə
böyük ölçüdə Azərbaycanın diaspora
quruculuğunun başlanğıc kərpiclərindən biri
qəbul edilməyə layiqdir. Həmin
çağırış-məqalə Azərbaycandan kənarda
təhsil alan soydaşlara ünvanlanmışdı.
Özü də bu zümrədən olan Nəcəf bəy
onları millətə, Vətənə xidmətə dəvət
edirdi: "Ey elm təhsil edən cavanlarımız!
Doğrudur, bizim qardaşlarla üns tutmaq çətindir.
Sizin dediklərinizi başa düşməyəcəklər,
sizin söylədiklərinizə görə, olsun ki, hətta
sizi kafir də adlandıracaqlar. Başqa yerlərə getsəniz,
başqa məmləkətlərdə olsanız, sizin
kamalınızı görüb yüksək rütbələr
verəcəklər, qiymətinizi uca tutacaqlar. Amma Vətənə
dönsəniz, olsun ki, şairlər sizi həcv eləyəcəklər,
mollalar sizi lənətləyəcəklər. Olsun ki, avam
camaat sizi sözlərinizə görə, fikirlərinizə
görə daşqalaq da eləsin. Ancaq bu çətin
günündə Vətəni, milləti də tənha qoymaq
olmaz. Sizin vəzifənizdir ki, bu gün içərisində
borcunuzu sonacan yerinə yetirəsiniz, bütün məşəqqətlərə
dözərək borcunuzu yerinə yetirəsiniz. Və zaman gələcək
ki, bu xalq, bu Vətən zəhmətlərinizi anaraq sizə
"şəhid" deyərək rəhmət oxuyacaq".
...Moskvadakı təhsil illərində Nəcəf bəy
Vəzirov mükəmməl biliklər alıb və elmin ən
müxtəlif sahələrinin dərinlərinə vaqif
olmağı bacarıb. Ancaq onunla yanaşı, təhsilini əla
davam etdirə-etdirə qəzetlərə də bir ucdan hey məqalələr
yazıb. Üstündən onillər ötəndən sonra,
artıq Nəcəf bəyin həyatda olmadığı
dövrdə bir vaxtlar "Əkinçi"də və digər
Bakı qəzetlərində hələ tələbə ikən
çap etdirdiyi məqalələr toplanaraq ayrıca bir kitab
kimi buraxılıb. Dərslərini oxuya-oxuya, amma daha diqqətəlayiq
olan həmin yazıların mövzuları, toxunduğu
suallardır. Heç biri gözucu baxıb keçiləsi
yazı deyil, hamısında millət qayğıları
çırpınır, sabahkı daha xoşbəxt Azərbaycanı
necə qurmağın yolları haqqında göstərişlər
əksini tapır.
1876-cı il noyabrın 6-sı. Azərbaycanda insanlar
artıq hər sayını gözləməyə
alışdıqları növbəti
"Əkinçi"ni alıb. Dərc edilən məqalələrin
sırasında bir neçə gün qabaq tələbə Nəcəf
bəy Vəzirovun Moskvadan göndərdiyi yazı da var. Məktəbə
üz tutmuşdu, müəllimlərimizin yüksək
savadlı, məktəbimizin sağlam olmasını diləyirdi,
məktəb dərsliklərini mükəmməl görmək
istəyirdi, şagirdlərlə insan balası kimi rəftara
dəvət edirdi:"İnsan bir işə adət edəndən
sonra onun yamanlığını bilməz. Məsələn,
burunotu çəkmək bir yaman adətdir, amma onu çəkən
üçün bundan xoş şey ola bilməz. Habelə
bizim məktəbxanalarımızdan yaman məktəbxana
dünyada tapılmaz, amma ona elə adət eləmişik ki,
guya ondan əla məktəbxana dünyada olmaz.
Uşağın bədəni mum kimi bir şeydir.
Uşaqlıqda ona hər nə surət verilsə, o surət
onda baqi olacaq. Yəni məktəbxana insanın insan
olmasına baisdir. Belədə bizim məktəbxanalara baxan gərək
bizi adam hesab eyləməsin.
Ona görə uşaqlara nəvazişlə
yanaşmaq lazımdır, qayğıyla yanaşmaq
lazımdır. Elə eləmək lazımdır ki,
onların içərisi biliklə dolsun, şəfqətlə
dolsun, onları döyə-döyə adam eləmək
mümkün deyil. Onları sevgiylə, maariflə insan eləmək
lazımdır.
...Ey uşağı olan və onlara təlim edən!
Rəhm edin ol biçarələrə ki, onlar sizin
düşmənləriniz deyillər. Onlar ilə adam kimi rəftar
edin ki, adam olsunlar".
Dərsliklərdən şikayətlənirdi ki, yenicə
oxumağa başlayan xırdaca uşaqlara Hafizin (1325-1389/1390)
qəzəlləri, "Leyli və Məcnun" dastanı tədris
edilir. Və fikrini bir az da rişxəndlə belə davam
etdirirdi ki, Leyli-Məcnunla tərbiyə alan, Hafiz qəzəllərini
oxuyan uşaq necə eşqbazlıq yolunu tutmasın?
Uşağa Məcnunun o vaxt hansı qələti elədiyini
öyrətməkdənsə, ona coğrafiyanı mənimsətmək
lazımdır ki, dünya üzündəki vilayətlərdən
xəbərdar olsun.
Və Nəcəf bəy müəllimlik duyğusu
mayasında, zatında olan insan idi. Məktəbi hər tərəfi
ilə görürdü. Anlayırdı ki, məktəb bir tərəfdən
şagirddirsə, digər tərəfdən yaxşı
müəllim, sanballı dərslik deməkdir. Bu
üçlüyün həmahəngliyi yoxdursa, məktəb
də olmayacaq. Ona görə müəllimlərlə
bağlı iradlarını izhar edir, onların cərgəsində
kəmsavadların çox olmasından gileylənirdi.
Moskvadan, Petrovski-Razumovski Akademiyasının
hündürlüyündən ona Azərbaycan da, içərisindən
çıxıb gəldiyi mühit də, insanlar da əvvəlkindən
fərqli görünürdü - çünki istər-istəməz
müqayisə edirdi, buradakı yaxşıların orada da
olmasını istəyirdi. "Əkinçi"də Nəcəf
Vəzirzadə imzalı noyabrın 7-də qələmə
aldığı ən birinci yazısı təhsil aldığı
akademiya haqqında idi. Qəzetin 1875-ci il 19 dekabr sayında yer
alan həmin məqaləsində Nəcəf bəy
Petrovski-Razumovski Kənd Təsərrüfatı
Akademiyasını təsvir edirdi, burada tədrisin necə
qurulmasından, tədris şəraitinin necə olmasından
söz açırdı. Xəbər verirdi ki, tələbələrin
elm qazanmaqdan əlavə özlərinin əkib-biçməsi,
meşə saxlaması, maldarlıq etməsi üçün
bu təhsil ocağının hektarlarla torpağı, meşələri,
əkin yerləri, 100 baş malı olan ayrıca ferması
var. Heyvanların qış aylarında bəsləndiyi
daş tövlədəki səliqə-sahmanı, nümunəvi
şəraitin, yem tədarükünün, mal-qaraya
qulluğun elə ayrıntılı və cəzbedici
lövhəsini cızırdı ki, Azərbaycanda bunu oxuyan
qibtə etməyə bilməzdi. Belə təsvir etməsi isə
ən əvvəl onun zatındakı maarifçilik
damarından gəlirdi. Xalqının gözünü
açırdı, ona başqa mədəniyyətləri
nişan verirdi, bir tərəfdən "bunlardan da xəbəriniz
olsun, bunları da öyrənin" ismarışı
göndərirdi, digər yandan da qəzet vasitəsilə
öz camaatına "axı sən də belə imkanlara
sahib olmağa layiqsən" düşüncəsini təlqin
edirdi.
"Əkinçi"dəki əvvəlinci
yazılarını "Nəcəf" kimi imzalasa da, sonra
"Dərviş" olacaq. Bu "Dərviş" kəlməsi
yalnız yazılarının altında deyil, başında da
olacaq. Məqalələrindən biri "Dərvişin fəryadı"
adlanacaq, biri "Dərvişin harayı", bir ayrısı
"Salam əleyküm, Ağa Dərviş" olacaq, bir
özgəsi "Bu nə halətdir, Ağa Dərviş?"...
Bir neçə yazısının sərlövhəsində
isə "Dərvişin ah ü naləsi" sözləri
dayanacaq və bu, bir silsiləyə dönəcək: "Dərvişin
birinci naləsi", "Dərvişin ikinci naləsi",
"Dərvişin üçüncü naləsi"...
Lakin Nəcəf bəy Vəzirov
uşaqlığından, yeniyetməliyindən başlayaraq
ah-zar edənlərdən, ağlayıb-sıtqayanlardan
deyildi. Məqalələrinin üstündə ah-nalə pərdəsi
vardısa da, hər birinin içərisində
çılğın ruh çırpınırdı.
Yenilikçilik xətti, boyatlaşmış,
nimdaşlaşmış əskiliklərdən vaz keçmək
qətiyyəti, təzə yollar və cığırlar
tutub getmək canatması, çərçivələrə
sığmamaqlıq, dikbaşlıq, inqilabçılıq
da Nəcəf bəy Vəzirovun cövhərində olan
keyfiyyətlərdəndi. Səbəbsiz deyildi ki,
Petrovski-Razumovski Akademiyasında təhsil aldığı
zamanlarda gizli tələbə cərəyanlarına
qoşulmuşdu, Moskvada təhsil alan azərbaycanlılarla
birləşərək yurddaşların ayrıca cəmiyyətini
də qurmuşdular. Və təbii ki, gizli polisin hər dəlmə-deşiyə
dikili gözləri bunları nəzarətdən buraxa bilməzdi
- Nəcəf bəy Vəzirovun adı etirazçı, qəliblərə
sığmayan, ipə-sapa yatmayan kimi gizli çar polisinin qara
siyahılarına o vaxtdan düşmüşdü...
3 aprel 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 7 aprel, №61.- S.10-11.