Salam söylədim
Başımı qaldırıb baxa bilmədim,
Qəlbimdə dağlara salam söylədim.
Yanğısın söndürdüm təşnə
dilimin,
Mərcan bulaqlara salam söylədim.
Birdən yada düşdü kənddə xoş
anlar,
Burda gözəlliyə nəğmə qoşanlar.
Təmtəraqlı idi toylar, nişanlar,
O ötən çağlara salam söylədim.
Eynulla, xəyallar keçdi başımdan,
Qayalar silinməz qan yaddaşımdan.
Uçdu bir xınalı kəklik qarşımdan...
Köhnə oylaqlara salam söylədim.
Mənəm
Silmisənmi yaddaşından?
Tanımadın, mənəm, mənəm...
Bir qocalmış didərginin
Saçlarında dənəm, mənəm.
Mən saralmış bir varağam,
Gözdən, könüldən irağam,
His bağlamış bir çırağam,
Qıyma, qoyma sönəm, mənəm!
Ömrüm qəmli hekayətdir,
Unudulmuş rəvayətdir.
Çəkdiklərim kifayətdir,
Dopdoludur sinəm, mənəm.
Sinəndən gül dərəm yenə,
Məzar üstə sərəm yenə.
Deyəm ki, hay verin mənə,
Ay dədəm, ay nənəm, mənəm!
Eynullanın haqq səsisən,
Sevincinin zirvəsisən,
Məkkəsisən, qibləsisən,
Yurdum, yuvam, binəm, mənəm!
Eynullayam, mənəm, mənəm!
Özü qalmır
İnsan necə xəlq edilib,
Sözü qalır, özü qalmır,
Bu həyatda yaxşı-yaman
İzi qalır, özü qalmır.
Dünyaya beş əllə bağlı,
Ölümünü kəsmir ağlı,
Həyatdan köçəndə oğlu -
Qızı qalır, özü qalmır.
Ləyaqətdir dövlət-varı,
Səxavətdir bəhrə-barı -
Eynullanın haqqa sarı
Gözü qalır, özü qalmır.
Saldın dildən-dilə məni
Eşqimizi lağa qoydun,
Saldın dildən-dilə məni.
Bilməm sənin ucbatından
Nə gözləyir hələ məni.
Ömür ötdü, durmaz oldu,
Xoş günlərim çox az oldu.
Göz yaşlarım Araz oldu,
Qərq eylədi selə məni.
Eynullayam, vədəm keçdi,
Fərağından bağrım bişdi.
Əllərimi tikan deşdi,
Həsrət qoydu gülə məni.
Eynulla SADIQ
525-ci qəzet.- 2024.- 9 aprel, №62.- S.14.