Böyüklük
Qorxma böyüklərin böyüklüyündən,
Qorxulu olanlar qorxaq olurlar.
Qorxsan, qorx onların dönüklüyündən,
Çox zaman dostları peşman olurlar.
Böyüklük sərvətdə, dövlətdə
deyil,
Şüurda, əxlaqda, canda olmalı.
Böyüklük ad-sanda, şöhrətdə deyil,
Ananın südündə, qanda olmalı...
Böyüklük nisbidir, görünmür gözə,
Gözə soxulanlar yekəpər olur.
O elə böyükdür, yerləşmir sözə,
Ağılla, idrakla hər iş həll olur.
Böyüklər çox sadə, səmimi olur,
Şan-şöhrət naminə yarışmaz
heç vaxt.
Böyüklər anadan böyük doğulur,
Balaca işlərə qarışmaz heç vaxt.
Mənim ömrüm mənə sahib
çıxmadı
Mənim ömrüm əkdiyimi yığmadı,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Səhranı dolandı, düzü dolandı,
Keçilməz dağlardan yola boylandı.
Özgələri daha yaxşı duyandı,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Hər fürsətdə gözlərini qapadı,
Dedi ki, astarı üzdən bahadı.
Guya pəhriz xəstəliyə çaradı,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Nə sağa əyildi, nə də ki sola,
Başını dik tutdu, nə ola-ola.
Saldı məni gündə bir qalmaqala,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Zəhmətinin heç olmadı səməri,
Var-dövlətdən heç olmadı xəbəri,
Heç olmadı fərasəti, təpəri,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Dünyanın dərdini çəkdi içinə,
Qaynayıb daşmadı, çökdü içinə.
Sığındı bir kənddə daxma
küncünə,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Çox fırlandı zəmanənin
çarxında,
Dedim, gedək, o getmədi vaxtında.
Qoydu - qaçdı oyunun lap axrında,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Minnətini doya-doya yaşadım,
İllərə baxanda guya yaşadım.
Gerçək yaşamadım, röya yaşadım,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Bu həyata nə vermişdim, nə aldım?
Mən özümü öz ömrümdən
qopartdım.
Ölən ömrü mən diriltdim, yaşatdım,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Bu çayın axarı xoşuma gəlir
Daşlara dolaşan ilan köynəyi,
Bu çayın axarı xoşuma gəlir.
Nanəli, yarpızlı çoban dürməyi,
Bu çayın axarı xoşuma gəlir.
Dolanır başına yaşıl çəmənin,
Öpür dodağından gülün,
çiçəyin,
Beləcə geyinir güllü köynəyin,
Bu çayın axarı xoşuma gəlir.
Yol gedir durmadan gecə-gündüzlü,
Bir az pərişandı, bir az hüznlü...
Mamırlı daşlara sürtür üzünü,
Bu çayın axarı xoşuma gəlir.
Nə dəniz tanıyır, nə göl
tanıyır,
Bir kəndin dərdini duyur, anlayır,
Susuz baxçalara o, su paylayır,
Bu çayın axarı xoşuma gəlir.
İlhamım suyunda yuyunur hərdən,
Yuyunur, su təki durulur hərdən...
Ona Məcnun kimi vurulur hərdən,
Bu çayın axarı xoşuma gəlir.
Ömrüm də su kimi axır durmadan,
Susuz baxça gəzir hey yorulmadan...
Ona baxa-baxa köçəm dünyadan,
Bu çayın axarı xoşuma gəlir.
Zeynalabdin NOVRUZOĞLU
525-ci qəzet.- 2024.- 9 aprel, №62.- S.14.