Azərbaycan QHT-lərindən
dünyaya Metsamor çağırışı
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri
bu yaxınlarda Brüsseldə keçirilən Nüvə
Enerjisi Sammitinin həmsədrlərinə - Belçikanın
Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə
açıq məktub göndəriblər. Məktubda Azərbaycanın
vətəndaş cəmiyyətinin nümayəndələri,
elm xadimləri Nüvə Enerjisi Sammitinin rəhbərliyini
Ermənistanın qəza vəziyyətində olan, istismar
müddəti çoxdan başa çatmış Metsamor Atom
Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə
diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal
dayandırılması barədə Ermənistan hökuməti
qarşısında məsələ qaldırmağa
çağırıblar.
"Vətəndaş" Tədqiqat və
İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova
deyib ki, Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti
regionda ətraf mühitə və əhalinin
sağlamlığına ciddi təhlükə yaradır. Bu
səbəbdən də Cənubi Qafqaz ekoloji böhranla
qarşı-qarşıya qalıb. Ermənistan ərazisində
yerləşən Metsamor AES 1976-cı ildən etibarən
köhnəlmiş texnologiyalar əsasında fəaliyyət
göstərir. Ermənistanın iqtisadi, siyasi və dövlət
idarəçiliyində qeyri-müəyyənlik Metsamor AES-in
fəaliyyətini daha təhlükəli formaya gətirir və
istismara yararsız hesab edilməyinə baxmayaraq, öz
işinə davam etməsi regiondakı vəziyyəti daha da gərginləşdirir.
G.Səfərova bildirib ki, dünya ictimaiyyəti
1986-cı ildə baş vermiş Çernobıl qəzasının,
həmçinin 2011-ci ildə Yaponiyanın Fukusima AES-də
baş vermiş qəzanın nəticələrini indiyədək
aradan qaldıra bilməyib.
QHT sədri həmin qəzaların ağır nəticələrini
insanların hələ də hiss etdiklərini təəssüflə
qeyd edərək deyib: "Metsamor AES-in də ekoloji fəlakət
doğurması ehtimalının böyük olduğu və fəaliyyətinin
dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara
müraciətlərə əhəmiyyət verilməməsi
Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi və
müstəqil siyasi qərarvermə iqtidarında
olmadığını sübut edir. Eyni zamanda, ehtimal edilən
ekoloji faciənin Türkiyə və Azərbaycan
üçün ciddi təhlükə olması təhdid-təzyiq
vasitəsi kimi də qəbul edilə bilər. Lakin regionda
Metsamor AES-də baş verə biləcək nüvə təhlükəsi
Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi,
Qara dəniz bölgəsinə ciddi təsir edəcək.
Ərazi bütövlüyümüzün təmin edilməsi,
Azərbaycanın regionda güc sahibinə çevrilməsi
yaşadığımız dövrün ən önəmli
məsələsinə - ətraf mühitin mühafizəsinə
diqqətimizi yönəltməyə əsas verib. Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş
milli prioritetindən biri "Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi" kimi müəyyən
edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə
2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə
həmrəylik ili" elan edilib. Eyni zamanda, ölkəmizin
COP29-a ev sahibliyi etməsi regionda ətraf mühitə təhlükə
yarada biləcək məsələləri gündəmə
gətirir".
Son illər vətəndaş cəmiyyəti
institutlarının hər sahədə aktiv fəaliyyət
göstərdiyini və regionda yeni reallıqları nəzərə
alaraq təsir qüvvəsinə malik olduğunu vurğulayan
G.Səfərova əlavə edib: "Bunu nəzərə
alaraq, Metsamor AES-in real təhlükəsi barədə
Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrləri
- Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi
üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano
Qrossiyə müraciət edilib. Müraciətin əsas məğzi
Ermənistanda qəza vəziyyətində olan, istismar
müddəti çoxdan başa çatmış Metsamor
AES-in törətdiyi qlobal təhlükəyə diqqət
yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal
dayandırılması barədə Ermənistan hökuməti
qarşısında məsələ qaldırmağa sövq
etməkdir. Ümid edirəm ki, ətraf mühitin mühafizəsi
fəaliyyətlərinin əsas hədəfi olan beynəlxalq
təşkilatlar və vətəndaş cəmiyyəti
regionda real təhlükəni görüb qlobal səyləri
gücləndirərək Ermənistan hakimiyyətini Metsamor
AES-in fəaliyyətini dayandırmağa məcbur edəcək".
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi
İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli Metsamor Atom
Elektrik Stansiyasının (AES) fəaliyyətinin region
üçün ciddi təhlükə olduğunu bildirib. QHT
sədri qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin
təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə
açıq məktubla müraciət etməklə Ermənistandakı
Metsamor AES-in region ölkələri üçün təhlükə
mənbəyi olaraq qaldığını elmi sübut və
dəlillərlə bir daha onların diqqətə
çatdırıblar. Onun sözlərinə görə,
Metsamor AES-in yaratdığı təhlükə ilə əlaqədar
aşkar dəlillərə baxmayaraq, Ermənistan yalan
hesabatlar verir: "QHT nümayəndələrinin məktubunda
artıq istismar müddəti bitmiş, müasir təhlükəsizlik
standartlarına cavab verməyən, köhnəlmiş
texnologiyaların istifadə edildiyi Metsamor AES-in potensial nüvə
qəzası mənbəyi olaraq qalması, eyni zamanda hər
gün bölgənin ekologiyasına vurduğu ziyan, bölgənin
içməli su mənbələrini zəhərləməsi
və insanların sağlamlığına, təbiətə
ciddi fəsadlar verməsi Nüvə Enerjisi Sammitinin
iştirakçılarına xatırladılıb".
O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti
dəfələrlə Metsamor AES-lə bağlı problemləri,
region və bütün dünya üçün potensial təhlükə
mənbəyi kimi qalmasını beynəlxalq birliyin diqqətinə
çatdırıb: "Hesab edirəm ki, bütün
dünyanın ətraf mühit problemlərinin həlli
üçün həmrəylik nümayiş etdirdiyi, səylərini
artırdığı bir zamanda COP29-un Azərbaycanda
keçiriləcəyi ərəfədə bu problem kölgədə
qala bilməz və qalmamalıdır. Xüsusən yaxın
keçmişdə nüvə qəzaları ilə əlaqədar
əldə edilmiş acı təcrübə beynəlxalq
birliyə bu məsələyə daha diqqətlə
yanaşmağa vadar etməlidir. Bu qəzalar Avropa
İttifaqında və bütün dünyada AES-lərin tikilməsi
və istismarına baxışı dəyişmiş, təhlükəsizlik,
ətraf mühitin qorunması ilə əlaqədar
standartların daha da sərtləşdirilməsinə səbəb
olub. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq
böyük risk daşıyır və Ermənistanın məsuliyyətsiz
siyasəti, beynəlxalq qurumların, ixtisaslaşmış təşkilatların
laqeyd münasibəti region ölkələrini təhlükəyə
atır".
Hüquqi Təhlil və Araşdırmalar İctimai
Birliyinin sədri Ramil İskəndərlinin dediyinə görə,
Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti Ermənistanın
beynəlxalq hüquqi öhdəlikləri ilə ziddiyyət
təşkil edir.
QHT sədri bildirib ki, Azərbaycanın vətəndaş
cəmiyyətinin nümayəndələri, elm xadimləri
Brüsseldə işə başlayan Nüvə Enerjisi
Sammitinin həmsədrləri - Belçikanın Baş naziri
Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin
(AEBA) Baş direktoru Rafael Mariano Qrossiyə müraciət ediblər.
Müraciət edənlər Ermənistanın qəza vəziyyətində
olan, istismar müddəti çoxdan başa
çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi
qlobal təhlükəyə diqqət yetirməyə, bu
stansiyanın fəaliyyətinin dərhal dayandırılması
barədə Ermənistan hökuməti qarşısında məsələ
qaldırmağa çağırıblar: "Məsələnin
beynəlxalq hüquqi tərəfinə gəldikdə, Ermənistan
Respublikasının bu əməlləri Nüvə
Silahlarının Yayılmaması Müqaviləsi ilə
bağlı təminatların tətbiq edilməsi barədə
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan
arasında imzalanmış Saziş, Nüvə
Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya
və ona Düzəliş, Nüvə Təhlükəsizliyi
haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə
qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin
Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi"
və "Radioaktiv Mənbələrin İxracı və
İdxalı Qaydaları", habelə BMT Təhlükəsizlik
Şurasının nüvə, kimyəvi və bioloji silahlar
və onların çatdırılma vasitələrinın
yayılmasının qarşısının alınması
barədə 1373 və 1540 saylı qətnamələri
çərçivəsində Ermənistanın öhdəlikləri
ilə ziddiyyət təşkil edir. 1540 saylı BMT TŞ-nin
qətnaməsində dövlətlərin nüvə
materiallarının fiziki təhlükəsizliyi, onların
qeyri-qanuni yayılması və ticarətinin
qarşısının alınmasına dair öhdəlikləri
var.
Köhnə texnologiya ilə işləyən, 9.5
ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi
8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Cənubi
Qafqazda atom faciəsi təhlükəsi yaradır. O, sovetlər
dönəmində qurulmuş, avadanlığı köhnəlmiş
bir obyektdir. Orada qəzanın baş verməsi ehtimalı
çox böyükdür".
QHT sədrinin sözlərinə görə,
"Metsamor" AES təkcə Cənubi Qafqaz bölgəsi
deyil, daha böyük ərazi üçün təhlükə
mənbəyidir. Burada baş verə biləcək qəza
daha geniş əraziyə təsir edəcək. Bu stansiya Azərbaycan
üçün də çox böyük təhlükə
mənbəyidir: "Azərbaycan hökuməti, vətəndaş
cəmiyyəti təsisatları indiyədək beynəlxalq təşkilatlara
bu təhlükə haqqında dəfələrlə xəbər
verib, bu gün də haqlı olaraq onun bağlanmasını tələb
edir".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev
deyib ki, 50 ilə yaxın yaşı olan Metsamor Atom Elektrik
Stansiyası bu gün Azərbaycan, Türkiyə, Ermənistan
və bütün region üçün böyük təhlükə
mənbəyidir. Çox təəssüf ki, hər ötən
gün bu risk artır və bu prosesi dayandırmaq
üçün ciddi şəkildə tədbir görən
hələ də yoxdur. Sanki göz görə-görə
ikinci Çernobıl hadisəsinə doğru gedirik: "Dəfələrlə
bununla bağlı müraciətlər edilməsinə
baxmayaraq, Ermənistan hələ də bu stansiyanın fəaliyyətini
dayandırmaq niyyətində deyil, əksinə, onun maye
tullantılarını transsərhəd çayı olan Araza
axıtmaqla birbaşa cinayət etməkdədir.
Düşünürəm ki, stansiyanın fəaliyyəti
beynəlxalq cinayətdir, terror aktıdır. Nəinki
qonşu ölkələr, o cümlədən, bütün
region üçün təhdid və hədə-qorxu
silahıdır. AES təhlükəsinin oxşar ciddiliyi və
eyni mənbədən yaranmasıdır. Bütün bunlar təsadüfi
deyil və Ermənistanın terrorçu niyyətinin əsas
hissəsidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 9 aprel, №62.- S.12.