Azərbaycan "yaşıl enerji" sahəsində yüksək beynəlxalq nüfuz qazanıb

 

2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sərəncamda qeyd olunur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdədir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Millət vəkili Naqif Həmzəyev deyir ki, Azərbaycan klassik enerji resurslarının istehsal edən dövlət olmaqla yanaşı, "yaşıl enerji"yə keçid etmək üçün uzun illərdir mərhələli və sistemli layihələr həyata keçirməkdədir. Xüsusilə də xarici investisiya əsasında Azərbaycanda günəş və külək stansiyalarının qurulması dövrün tələblərinə cavab verməkdədir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra bu yerlərin "yaşıl ərazi" elan edilməsi və burada alternativ enerji resurslarının istehsalına başlanması, Abşeron yarımadası və Xəzər dənizində də layihələrin icrası təqdirəlayiq addımlardandır.

Onun sözlərinə görə, Azərbaycan ərazisində "yaşıl enerji"nin təşkili ilə bağlı xüsusi atlas hazırlanıb: "Azərbaycanın hansı regionlarında hansı enerjinin istehsalının mümkün olması bu atlasda öz əksini tapıb. Ərəb şirkətlərinin Azərbaycana sərmayəsi, BP ilə birlikdə "yaşıl enerji"nin istehsalına qoyulan sərmayə, eyni zamanda ölkəmizdən alternativ enerji resurslarının Avropaya çatdırılması üçün Qara dənizin dibindən xüsusi xəttin çəkilməsi də həyata keçirdiyimiz uğurlu layihələrdəndir. "Yaşıl enerji"yə keçidi tam təmin etdikdən sonra Azərbaycanda klassik enerji resurslarından istifadə azaldılacaq. Bu da nəticə etibarilə Azərbaycanda havaya buraxılan zəhərli qazların həcmini azaldacaq. Bir sözlə "yaşıl enerji"yə keçid Azərbaycanda ekologiyanın qorunmasına çox böyük töhfə verəcək: "Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasəti dəstəkləyirik. Dövlətimizin ətraf-mühitin qorunmasına olan münasibəti nəticə etibarilə COP29-un Azərbaycanda keçirilməsi üçün əla bir zəmin oldu. Yaşıl dünya naminə həmrəyliyi təmin etməyi qarşısına məqsəd qoyan Azərbaycan 2024-cü ildə hədəflərinə çatmaq üçün bütün sahələrdə maraqlı layihələr həyata keçirəcək".

Millət vəkili Rüfət Quliyevin dediyinə görə, yaşıl iqtisadiyyat, "yaşıl enerji" tək Azərbaycan deyil, bütün dünya üçün çox vacibdir. Çünki hər il təxminən 1-1.5 dərəcə ümumi istilik artır, iqlimdə müəyyən dəyişikliklər olur. Bunun nəticəsində böyük fəlakətlər baş verir. Bu gün isə başda inkişaf etmiş ölkələr olmaqla, bütün dünya bu problemlərin həlli yolunu axtarır. Biz də həmin ölkələrlə əməkdaşlıq edirik. Lakin "yaşıl enerji"yə keçmək kifayət qədər çətindir və ciddi maliyyə tələb edir.

Millət vəkili qeyd edib ki, Azərbaycan "yaşıl enerji"nin inkişafında öz səylərini artırır. Təxminən son bir ildə bu istiqamətdə mühüm addımlar atılıb, xarici investorların böyük marağı var. Azərbaycanda istər külək, istər dənizlə əlaqədar, istərsə də günəş enerjisi ilə bağlı layihələr keçirilir. Biz hər zaman istənilən beynəlxalq layihələrə qoşulduqda aktiv iştirak etməyə çalışırıq. COP29 tədbirinin ölkəmizdə keçirilməsi də bizim üçün olduqca maraqlıdır. Bu həm də Azərbaycan iqliminin müsbət formada irəliləməsi deməkdir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji"ni inkişaf etdirmək üçün kifayət qədər resurslar var. Həmçinin Bakıda külək enerjisindən istifadə edilməsi üçün də lazımi qurğular quraşdırılıb. Bu istiqamətdə atılan bütün addımlar bəşəriyyət üçün çox vacibdir. Çünki dünyada hərbi problemlərdən sonra ən böyük məsələ məhz iqlim problemləri ilə əlaqədardır. Azərbaycanda isə istehsal olunan "yaşıl enerji"ni həm özümüz istifadə edəcək, həm də ixrac edəcəyik. Beləliklə də, bu həm də bizim üçün xaricdən gələn valyuta mənbəyi olacaq".

Millət vəkili Vüqar İskəndərov "yaşıl enerji"yə keçidin Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib. Onun sözlərinə görə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud "yaşıl enerji"dən alınan elektrik enerjisinin dünyadakı ümumi istehsalın 65 faizini təmin edəcəyini proqnozlaşdırır: "Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud "yaşıl enerji" mənbələrindən əldə edilə bilər. "Yaşıl enerji"dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir".

V.İskəndərov qeyd edib ki, "yaşıl enerji" mənbələrindən istifadə edilməsi üçün səmərəli texnologiyaların tətbiqi enerji təchizatının şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir: "Onu da qeyd edim ki, Azərbaycan da "yaşıl enerji"dən istifadəni prioritet məsələlərdən biri kimi gündəmdə saxlayır. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Ümumiyyətlə isə "yaşıl enerji"yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında "yaşıl enerji" mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir".

Millət vəkili əlavə edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti "yaşıl enerji" istehsalı üçün geniş imkanlar yaradır. Onun fikrincə, külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir.

Millət vəkili Vüqar Bayramovun dediyinə görə, Azərbaycan "yaşıl enerji"nin dəstəklənməsi istiqamətində mövqelərini daha da gücləndirir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub: "Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 %-ni "yaşıl enerji" hesabına ödəmək niyyətindədir".

Millət vəkili qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün "yaşıl enerji" də ixrac imkanları deməkdir: "2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz "yaşıl enerji"sini çıxaracağı gözlənilir. "Yaşıl enerji" ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır".

Bu il COP29-a ev sahibliyi edəcək Azərbaycanın "yaşıl zona"nın yaradılmasını dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdıran V.Bayramov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir: "Digər bölgələrimizdə də alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalır. Azərbaycan bütövlükdə ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi istiqamətində mövqelərini daha da möhkəmləndirəcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 10 aprel,№63.- S.15.