Aktrisanın şirin-acı həyat hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Bu, təkcə mənim
taleyim deyildir. Bədbəxtlikdən bəziləri
illüziyalarla qidalanmağa üstünlük verib,
İstanbulda varlanmaq üçün
ora üz tuturdular. Onların arasında öz ölkəsində
uğurlu fəaliyyət göstərən və varlanan
biznesmenlər də az deyildi. Bəziləri mühitə
uyğunlaşıb, biznesdə yaxşı irəliləyişə
nail olur, çoxları isə öz sərmayələrini də
itirmək məcburiyyətində qalırdı. Ölkədən
qanuni xarakter daşıyan təqiblərdən qorxub
qaçan qatı müxalifətçilər isə
oradakı bəzi siyasi partiyaların himayəsinə
qısılıb, ailələrini güclə
dolandırırdılar. İstanbulda cənnət
axtaranların bir hissəsi cəhənnəmlə üzləşməli
olur, çünki onların əksəriyyəti biznesi sovet
dövründə geniş miqyas alan alverlə
qarışıq salır və iflasa uğrayırdı.
Biznesdən baş çıxarmayanlar yad yerdə özlərini
təsdiq edəcəklərinə ümid bəsləyirlər,
hətta İstanbulu fəth edəcəkləri barədə
istehza doğuran and da içirlər.
Mən orada əsl səfil bir insana çevrildim. Əvvəlcə
bir televiziya kanalı üçün teatr tamaşaları barədə
məqalələr yazıb, oradan az da olsa qonorar
alırdım. Lakin bu da uzun sürmədi, səhnə
quruluşlarını və aktyor ordusunu kəskin tənqid
etdiyimə görə kanal mənim yazılarımdan imtina
etdi, teatrlar da məndən yaxa qurtarmaq üçün
qapılarını mənim üzümə bağladılar.
Qəzetlər mənim rus olduğumu yazırdılar,
anamın rus olduğunu haradansa öyrənmişdilər.
Mənim otaq kirayələməyə pulum
olmadığından məscidlərin qapısında gecələyirdim.
Tez-tez mənə soyuq dəyirdi, dərman almağa da pulum
olmurdu. Nəhayət, məni insult vurdu, iflic oldum, nitqimi
itirdim. Beynim də əvvəlki tək işləmirdi.
Sonralar, bir dükançının mənə
yazığı gəldi və mənə küçədə
smit satmaq işini verdi. Bütün günü ayaq üstə
dolaşmalı idim ki, verilən smiti sata bilim. Xeyli müddət
qəpik-quruşa bu işdə işlədim. Sonra vəziyyətimin
daha da ağırlaşacağı qorxusundan bakılı
sürücünün rəhmdilliyi hesabına vətənimə
qayıtdım. Mənzilim də əlimdən
çıxmışdı, gecələr dəmir yol
vağzalında yatıram. Katorqaçılar kimi artıq evdə,
rahat yorğan-döşəkdə yatmağı da tərkitmişəm.
Onun söhbəti məni çox həyəcanlandırdı.
Mənə xəbər vermədən getdiyinin səbəbini
soruşduqda bildirdi ki, istəmirdim ki, Mədəniyyət
Nazirliyinin rəsmiləri sənə də pislik etsinlər. İstanbulda
eşitdim ki, onları biabırçılıqla vəzifədən
qovmuşlar. Sənə görə təşviş hissləri
keçirirdim ki, mənimlə yaxınlığına
görə sənə pislik edər, truppadan və
kinoseriallardan uzaqlaşdırardılar. Yalnız bu səbəbə
görə, səssiz-küysüz qeybə çəkilmişdim.
Mən çox həyəcanlanmışdım, vaxtilə
gülərüz bu adamın belini dərd, ağır
günlər əymişdi. Elə bil ki, o, özünü
intihar etmək üçün zəhər içmişdi.
Lakin zəhər onu öldürməyib, beynini zədələmişdi.
Onun köməyə böyük ehtiyacı var idi. İşləməsə,
aclıqdan ölə bilərdi. Ona bildirdim ki, nə olursa
olsun, mən ona kömək göstərməyə cəhd edəcəyəm.
Çünki vulkanı kənardan müşahidə etmək
olar, lakin üzərində yaşamaq mümkün deyildir. Mən
hiss edirdim ki, vulkan bir dəfə də püskürəndə
Fərhad məhv olacaqdır, onun ağır səhhəti və
çıxılmaz vəziyyətdə olması
mürgüləyən vulkana bənzəyirdi.
O, mənə yalvardı ki, bunu etməyim, ailəndə
söz-söhbət yarana bilər, səni teatrdan
uzaqlaşdıra bilərlər. Məni istəməyənlər,
özünə düşmən bilənlər, onların isə
sayı çoxdur və onlar mənə pislik etmək
üçün, köhnə arxivi araşdırmağa
girişib, sənin xoşbəxtliyinə balta vura bilərlər.
Mən sərt qaydada ona dedim:
- Nə olursa olsun, sənə kömək etmək mənim
borcumdur, təkcə keçmiş, üstünü mamır
basmış sevgimizə görə deyil, vaxtilə məni
ölümdən xilas etdiyinə və səninlə olan ən
xoş xatirələrə görə. Təsəvvür et
ki, bizim yerimiz dəyişik olsaydı, sən mənə
kömək etməzdinmi? Mən sənin belə laqeyd hərəkətinə
heç cür inana bilməzdim. Mən də sənin taleyinə
biganə qalmayacağam. Mən ərimdən xahiş edəcəyəm
ki, sənə köməklik göstərsin.
Fərhad yalvarmağa başladı ki, bunu etmə, ərin
xahişindən pis nəticə çıxara bilər. Mən
sərt qaydada bildirirdim ki, sən bu məsələyə
qarışmamalısan. Ərimin mənə çox
inandığına heç vaxt şübhə etməmişəm,
indi də etmirəm. Vəziyyəti ona hərtərəfli
başa salacağam. Və əminəm ki, mənim xahişimdən
sonra o, sənə kömək əlini uzadacaqdır.
Biz ayrıldıq, beli bükülmüş bu
qocanın yerişi məni heç açmırdı.
Mən indiyədək özümü olduqca xoşbəxt
hesab edirdim. Məni sevən ərim, mənə və anama
sevinc bəxş edən uşaqlarım, mənə gəlin
kimi olduqca hörmətlə yanaşan qayınatam və
qayınanam var idi. Onların təkcə mənə,
uşaqlarıma olduqca xoş münasibət göstərmələri
deyil, sənətimə də hörmətlə
yanaşmaları məni sevindirirdi. Mənim belə ailəyə
düşəcəyimi, nüfuzlu bir nəslin sırasına
daxil olacağımı heç ağlıma da gətirmirdim.
Düşdüyüm vəziyyətin yüksəkliyi
nağıllar aləmini də ötüb keçmişdi.
Uşaqlarıma iki dayə baxırdı və onları
ingiliscə danışmağı öyrədirdi. Mənə
sürücüsü olan bahalı və iri maşın
ayrılmışdı və mən əvvəllər fəxr
etdiyim sürücülüyü də yadırğamağa
başlamışdım. Xarici ölkələrə səfər
edərkən, bu isə mənim çoxdankı arzum idi və
hələ ərə getməmişdən bir neçə
ölkədə olmuşdum, lakin maddi sıxıntı
gözəllikləri seyr etməyə də öz təsirini
göstərirdi, dayələr adətən uşaqlara qulluq etmək
üçün onları müşayiət edirdi. Fərhadın
xəbərdarlığını nəzərə alıb,
ingilis dilini mükəmməl öyrənmişdim. Axı mən
hətta Hollivudda da kinofilmə çəkilmək arzumun nə
vaxtsa reallaşacağına ümidimi üzmürdüm.
Rəfiqələrimlə xoş münasibəti
qoruyub saxlamağa çalışırdım. Hərdən
bir Rafiqdən xahiş edib, rəfiqələrimə də
güzəştli səfər təşkil etməyim,
onları çox razı salırdı.
Rejissor mənə yüksək tələbkarlıq
göstərir
Truppada yeganə adam yeni rejissor idi ki, mənim fərqli
həyat tərzim onun gözlərini kor edə bilməmişdi
və o, mənə başqaları kimi eyni tələbkarlıqla
yanaşırdı. Obrazın daxili aləmini aça bilməməyim
onu qəmləndirirdi və məzəmmət kimi bildirirdi ki,
sən özünü gənc ana hesab edə bilərsən.
Lakin sən təcrübəli aktrisasan, diqqəti yenə də
zahiri əlamətlərə, süni gülüşə və
göz yaşlarına vermək püxtələşmiş sənətkara
yaraşmır. Bəlkə də, mən səhv edirəm,
lakin səhnədə keçirdiyim illər dekadanı da
arxada qoymuşdur. Əslində, sənin səhv etmək
limitin bitmişdir, özünə bəraətlə
yanaşmağın, nöqsanlarına haqq
qazandırmağın sənin nail olduqlarının da üzərindən
xətt çəkir.
Onun tələbkarlığı məni cana doydursa
da, iradının haqlı olduğu qənaətinə gəlir
və səhvlərimi düzəltməyə
çalışırdım. O, mənə güzəştə
getmirdi, başqa teatrda işləyən bir rejissorun isə
aktrisaya, onun varlı hamisinə görə əsas rolları
tapşırması, adama təəccüblü gəlirdi, həmin
aktrisa isə oyunu ilə deyil, səhnədə yarada bilmədiyi,
sadəcə ifaçı kimi oynadığı rolların
siyahısı ilə öyünürdü.
Mənim tələbkar rejissorum - alter egom isə məni
sənətkar kimi yetişdirməyə can atırdı.
Çox saydakı rəylərə görə, deyəsən,
buna da qismən nail olurdu. Bir dəfə böyük sənət
adamı olmağın üstünlüklərini sadalayanda,
onu da qeyd etdi ki, elələri dünyadan köçəndə
matəm az qala milli ölçüyə yiyələnir,
obrazlı qaydada deyirlər ki, böyük gəmimiz
üzüb getdi, bir də qayıtmayacaqdır. Elə sənətkar
olmaq lazımdır ki, sənin yoxluğunu bütün millət
hiss etsin.
Belə xoşbəxt həyatımı bir gün
baş verən, mənə yuxu kimi gələn hadisə
alt-üst etdi. Üz-gözünü tük basmış,
beli bükülmüş, nimdaş paltarda olan keçmiş
sevgilim Fərhad mənim üçün yeni,
üzücü problemə çevrilmişdi
Aktrisalar bir qayda olaraq nə qədər populyar, nə
qədər sevilən olsalar da, onların şəxsi həyatı
qaranlıq zolaqlarsız olmur. Onlar səhnədə varlı
da olsa, daş-qaş gəzdirsələr də, həyatda isə
bunların daim həsrətində olurlar. Mənim ailəm
varlı hesab olunur, ərim şəhərdəki ən fərasətli
biznesmenlərdən biridir və atasının da uğurlu
işini davam etdirir. Lakin mən bahalı paltar, daş-qaş
azarkeşi deyiləm, sadə geyimim məni öz həmkarlarımdan
heç də fərqləndirmir. Bu, məni həm də
paxıl gözlərdən də qoruyur və rəfiqələrimin
məndən uzaqlaşmasına imkan vermir.
Lakin xarici ölkələrə səfərlərimiz
vaxtı Rafiqin zövqlə geyinməyimə tələbkarlığı
artırdı. Mən dəbə uyğun geyinməliydim ki,
xaricdə də bizim zövqümüzün yüksək
olduğuna şübhə etməsinlər. Ona görə də
mənə fiquramı gözə çarpdıran bahalı
paltarlar və tufli alırdı. Parisdə və ya Londonda
küçə ilə gedənlər mənə
heyranlıqla tamaşa edəndə, o, özünü
xoşbəxt hesab edirdi. Mənə o, çox bahalı
paltarı alan vaxt mən etiraz edəndə, narazı
qalırdı və həmişə təkrar edirdi:
"Qadına görə kişiyə qiymət verirlər".
Bu sözlərə mən etiraz edə bilmidim, o, çox istəyirdi
ki, onun arvadı başqalarından daha gözəl
görünsün.
Səhnədə yeni ulduzlar yetişir, onlar çox
vaxt təbii gözəllikləri ilə öyünür,
fiquralarının, sifətinin, mimikasının xoş gələn
cəhətləri onların populyarlıq qazanmasına
kömək etsə də, istedadlarının yüksəlməsinə
fikir vermədiklərindən, həqiqi artist, sənətkar
kimi yetişə bilmirlər. Onlar gənclikdəki gözəgəlimliliklərinə
arxayın olub, səhnəyə əslində xəyanət
edirlər, sənət məbədini gözəllik konkursunun
podiumu hesab edirlər. Mənə heç kəs çirkin
demir, mən özümü gözəl də hesab etmirəm.
Mən daim çalışıram ki, səhnədə
gözəllik atmosferi, aurası yaradım və
çoxlarının qeyd etdiyi kimi, deyəsən, bunu da
bacarıram.
Səhnə amansız idman yarışına bənzəyir,
burada lovğalıq, xudpəsəndlik pis nəticə verir,
tamaşaçını saxta oyunla aldatmaq olmur. Biz daim, səhnədə
də, həyatda da rampanın gur işığı
altındayıq. Sifətimizdə, fiquramızda uğursuz dəyişiklik
bizə xeyir əvəzinə, ziyan verir. Ona görə də
hər bir aktyor və aktrisa döyüşə gedən əsgər,
ölümün baş verəcəyini
düşündüyü kimi, sərt səhnə
sınağında da tamaşaçı diqqətindən
qorxmalıdır. Etiraf edirəm ki, mən həmişə
qorxmuşam, ona görə də indiyədək səhnədəyəm.
Fərhada gəldikdə, o, artıq səfilə
çevrilmişdir, heç yerdə işləmir, onun
hansısa bir qazanc mənbəyi də yox idi.
İllüziyaları onu tam məhv etmişdi. O, tamamilə
başqa bir aləmdə yaşadığını,
ilhamının lazımınca qiymətləndirilmədiyini
güman edirdi. Vəzifəli adamların hamısına nifrət
edirdi, guya onlar ona münasibətdə ədalətsizliyə
yol verirlər. Və özünün heç bir qüsuru
olmadığı qənaətinə gəlmişdi. Fanatizmi
onu məhv etmişdi. Hiddəti hədd tanımırdı,
bunun tam ağılsız və kor olan bir şey olduğunu
anlamırdı. Öz ölçüyə sığmayan
ambisiyası hesabına atasını, anasını qurban verməyə
də hazır idi. Nəticə isə göz qabağında
idi, özünü dahi hesab edən bir adam, dünyanın ən
böyük bədbəxtinə və dilənçi vəziyyətində
olanına çevrilmişdi.
Mən onun bütün səhvlərini anlasam da, ona
yazığım gəlirdi, bu vəziyyətdən onu
qurtarmalı idim və bunu bacardım. Öz xoşbəxtliyimə
zərbə dəysə də belə, mən ərli
qadın və iki uşaq anası olsam da, keçmiş
sevgilimə kömək əli uzatdım və alicənab ərimin
yaxın iştirakı ilə onu işə düzəldə
və ehtiyac girdabından xilas edə bildim. Fərhad
bunları lazımınca duymasa da, çünki onun
ağlında uçurumlar əmələ gəlirdi, yəqin
ki, bu alicənab insanlara daim minnətdar olmalı idi. Lakin o, az
yaşadı, Bakıya dönəndən düz bir il sonra həyatı
tərk etdi. Rafiq onun dəfnini və yasını təşkil
etdi. O dünyada hara düşməyindən asılı
olmayaraq, mən bilirdim ki, onun taleyinə heç yerdə
"ümid" sözü uyğun gəlməyəcəkdir,
çünki bu kəlməni Allah özü lazım bildiyi
yerdə yazmışdı və Dante də onu pozmağa cəsarət
etməmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 10 aprel,№63.- S.14.