Bəxtiyar Vahabzadə Oğuzda
Xalq şairi Bəxtiyar Vahabzadə Oğuzun
(keçmiş Vartaşenin) təbiətinə və
insanları ilə görüşə xüsusi maraq göstərirdi.
Oğuzlular da böyük şairin bədii
yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə
yüksək qiymət verirdilər.
Oğuzun Kərimli kəndində anadan olmuş, Şəki
rayon partiya komitəsində II katib vəzifəsində
işləmiş və Şəki
Rayon Sovetinin deputatı olmuş, Bəxtiyar Vahabzadə ilə
şəxsən dostluq edən
20 yanvar şəhidi İzzət Həmidov bu sətirlərin
müəllifinə söyləyirdi ki, şair bir neçə
dəfə Oğuzda onun qonağı olub. Məclisdə
iştirak edənlər onun söhbətlərinə qulaq
asmaqdan yorulmazmışlar. Şairin özü də insanlarla
ünsiyyətdən zövq duyarmış. Söhbət
uzanar və saatlarla çəkərmiş.
Yadımdadır, 1995-ci ilin oktyabr ayı idi (Təəssüf ki, dəqiq
gün yadımda qalmayıb). Rayona xəbər
yayılmışdı ki, Oğuz şəhərində 80
saylı Oğuz-Şəki-Mingəçevir-Yevlax seçki
dairəsindən Milli Məclisə deputatlığa namizədliyi
irəli sürülmüş şair B.Vahabzadə ilə
seçicilərin görüşü keçiriləcək.
Şairlə görüş yerinin müəyyənləşdirilməsi
isə problemə çevrilmişdi. Digər
deputatlığa namizədlərlə görüşlər
80-100 nəfərlik zalda keçirilərdi. Amma B.Vahabzadə
ilə görüşdə iştirak etmək istəyənlərin,
iştirak etməkdə təkid edənlərin sayı o qədər
çox idi ki, görüşün qapalı məkanda
keçirilməsi qeyri-mümkün olmuşdu.
Çox götür-qoydan sonra deputatlığa namizədlə
görüşün açıq havada - Oğuz şəhərindəki
"Azərbaycan" kinoteatrının
qarşısındakı meydanda keçirilməsinə qərar
verilmişdi.
Görüşün başlanmasına bir saatdan
çox vaxt qalmasına baxmayaraq, artıq meydan insanlarla dolmuşdu.
Gələnlərin isə ardı-arası kəsilmirdi.
Şairin gəlməyini gözləyən adamlar dəstə-dəstə
toplaşıb, onun ictimai-siyasi fəaliyyətindən, əsərlərindən
söhbət acır, mübahisə edir, öz fikirlərini
bildirir, əsərlərindən nümunələr söyləyirdilər
(Ədalət naminə deyək ki, toplananların içində
şairdən maddi köməklik umanlar da vardı).
Nəhayət, görüş başladı.
Çıxış edənlər B.Vahabzadənin -
deputatlığa namizədin həyat və fəaliyyəti
haqqında danışır, onun ictimai-siyasi fəaliyyətini
yüksək qiymətləndirir və hamını şairə
səs verməyə çağırırdılar. Əslində
görüş siyasi məcrasını dəyişərək
qüdrətli bir sənətkarla görüşə, el
bayramına çevrilmişdi. Çıxış edənlərin
çoxu öz çıxışını hörmətli
şairimizin şeirlərindən bir parça söyləməklə
başa çatdırırdılar.
Tədbirin sonunda Xalq şairi çıxış
etdi. Həmin görüşün canlı şahidlərindən
biri AYB-nin və Jurnalistlər İttifaqının
üzvü, rayonda çıxan "Oğuz yurdu" qəzetinin
redaktoru N.Hüseynli özünün "Yurdum,
torpağım, əzəl ünvanım - Oğuz" əsərində
şairin çıxışını bu cür qeydə
almışdı: "- Əziz və hörmətli
oğuzlular! Adətən deputat seçiciləri ilə
görüşdə öz platformasından
danışır. Neçənci dəfədir ki, deputat
seçilmək üçün mənim namizədliyim irəi
sürülür. Mən heç vaxt platformam haqqında
danışmamışam. Mənim plarformam mənim şeirlərimdir.
Kim mənim platformamla tanış olmaq istərsə,
kitablarımı vərəqləsin. Mən millətim
üçün necə çalışmışamsa, bundan
sonra da elə çalışacam... Məni deputat seçsəniz
də sağ olun, seçməsəniz də. Mən
xalqıma yenə də əvvəlki kimi xidmət edəcəyəm".
Xalq şairinin sözləri sürəkli
alqışlarla qarşılandı. Sonra seçicilərin
yanına gələn şairlə onların arasında bir
saata yaxın çəkən səmimi söhbətlər
başlandı
Görüşdən ayrılanların
hamısının üzündən görkəmli şairin
deputat seçilməsinə razılıq ifadəsi duyulurdu.
B.Vahabzadə böyük səs çoxluğu ilə
deputat seçildi. Beş il bizim rayonun deputatı oldu. Biz
bundan qürur duyduq, bununla fəxr etdik və
deputatımızdan çox razı qaldıq.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2024.- 10 aprel,№63.- S.13.