"Səməd
Vurğunun portreti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Şəhanə
Mansırovadır. Onunla rəssam Şostak David
Zelmanoviçin "Səməd Vurğunun portreti" əsərindən
danışmışıq.
Şostak David Zelmanoviç 6 iyul 1923-cü ildə
Ukraynanın Kiyev şəhərində anadan olub. Kiyev Rəssamlıq
İnstitutunu bitirən rəssam öz
yaradıcılığında, öz Aleksey Şovkunenka,
Qeorqiya Melixova, Viktor Puzırkov kimi sənətkarlardan bəhrələnib.
Şostakın yaradıcılığında əsasən dəzgah
rəngkarlığı yer alır. Portret janrlarının isə
onun yaradıcılığında mühüm rolu var. Belə
əsərlərdən biri də Azərbaycan Xalq şairi Səməd
Vurğunun portretidir.
- Şəhanə xanım, Səməd Vurğunun
portretini bir neçə rəssamın
yaradıcılığında görürük.
Zelmanoviçin əsəri digərlərindən hansı
xüsusiyyətlərinə görə fərqlənir?
- Xalq şairi Səməd Vurğunun portretini bir
çox yerli və xarici rəssamlar işləyiblər. Bu
obraza müraciət təkcə rəssamlıqla da məhdudlaşmır.
Məşhur Azərbaycan heykəltaraşı Fuad
Əbdürəhmanov və memar Mikayıl Useyovun birgə
işi olan Səməd Vurğunun Bakıdakı heykəli
şairə diqqət və ehtiramın mücəssiməsidir.
Sovet dövründə Azərbaycan rəhbərliyi tərəfindən
"Azərbaycanın Xalq şairi" adı təsis edilməsi
və bu ada ilk Səməd Vurğunun layiq görülməsi
ona olan diqqəti keçmiş sovet məkanında daha da
artırıb və nəticədə bu obraza müraciət
edənlər arasında yerli olmayan rəssamları da görmək
mümkün olub. Şostak David Zelmanoviçin əsərləri
içərisində sovet dövrü mədəniyyət
xadimlərinin portretləri xüsusi olaraq seçilir. Belə
nümunələr arasında isə "SSRİ Xalq rəssamı
M.Derequsun portreti" (1972) və "Pilotun portreti" (1984)
qeyd etmək olar. Bütün bu əsərlərdə rəssamın
portret janrına özünün baxışını, fərdi
manerasını və dəst-xəttini görmək olar.
Kompozisiya quruluşu baxımından rəssamın Səməd
Vurğunun portretinə oxşar olan 1969-cu ilə aid "Karl
Marksın portreti"ni qeyd edə bilərik. Hər iki
nümunədəki obrazlar tam formada təsvir olunub və
onların statik duruşunda belə daxili dinamika sezilir.
Bütün bu nümunələrin hər birində rəssamın
fərdi üslubuna xas portret janrında təsvir olunan obrazlara
monumental xüsusiyyətlər bəxş etmək meyli
aşkar sezilir. Şəklin süjeti və kompozisiyası sadəcə
hansısa hadisəni nəql etmir, əyani vasitələrlə
baş verənlərin mənasını açır. Burada
həmçinin canlı insan duyğuları yüksək məqsədlərə
doğru yönəlir. Bu isə rəssamlığı
ictimai, siyasi, iqtisadi prosesləri və son nəticədə
insan həyatının mənasını ümumiləşdirmə
və fəlsəfi dərk etmənin yeni səviyyəsinə
çıxarır. Portretlərin dərin psixologizmində,
dramatik zəngin koloritində, sərt materiallığında
keçmişin və müasirliyin böyük
ustadlarının ənənələri bir-birinə
qarışmış kimi görünür.
- Əsərin rəng həlli necədir?
- Əsər üçün seçilən kolorit həlli
daha çox rəssamın aid olduğu bədii ənənələrin
inikasıdır. Təsvir olunan obrazda daha çox tünd rənglərin
ahəngindən istifadə olunub. Burada rəssam rənglər
vasitəsi ilə tamaşaçıda obrazın daxili
dünyasına maraq yaratmaq üçün
düşündürən rəng tonlardan istifadə edib. Rəssam
rəngkarlıqda spektral təmiz rəngdən istifadə nəzəriyyəsini
inkişaf etdirərək artıq mövcud olan bədii hərəkətlər
toplusuna daha birini əlavə etmək istəyib, yəni
"spektralizm"i.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Rəsmda Səməd Vurğun obrazı
vüqarlı və təmkinli təsvir olunub. Bu obraza müəyyən
qədər monumentallıq xasdır. Arxadakı
qarışıqlıq, bu təlatüm Azərbaycan ədəbiyyatının
1937-ci illərini təccəssüm etdirir. Rəssam şairin
obrazında rahatlığı da təsvir edib. Bu
rahatlığı simvolizə edən amillər
sırasında, onun bir əlinin cibində olmasıdır.
Yağışlı yolda gedən şair
addımlarını səngitmir.
- Tablo harada saxlanılır?
- Əsər hazırda Azərbaycan Dövlət Rəsm
Qalereyasının fondunda saxlanılır.
- Bu rəsm bizə nə deyir?
- Əsərdə şairin ömrünün son illəri
əks olunub. Səməd Vurğunun saçındakı bəyaz
tellərin çoxluğu və simasındakı yorğunluq
bunu deməyə əsas verir. Fonda rəssam Bakını təsvir
edib. Əsərə diqqətlə baxsaq, arxada Xəzəri
görə bilərik. Kompozisiyanın yuxarı hissəsindəki
buludların qarışıq təsviri obrazın daxili
dünyası ilə səsləşir. Şairin
düşüncələrindəki
qarışıqlığı rəssam buludlarla simvolizə
edir. Əsər həm də müəyyən qədər
semantik məna daşıyır.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 10 aprel,№63.- S.13.