"Ədəbiyyata daş kimi
düşməyin tərəfdarıyam"
Şair, "Ulduz" jurnalının baş redaktoru Qulu
Ağsəslə müsahibə
- Qulu Ağsəs üçün sevgi nədir?
- Sevgi... Yaş keçdikcə sevgiyə münasibət
dəyişir. Mənə qəribə gəlir yaşlı
adamların 17, 20, 30 yaşa uyğun sevgi şeirləri
yazmağı. Çünki o cür sevgi şeirləri
yaradıcılıqda bir mərhələdir. Sevgi də elə
insan həyatında bir mərhələdir. Ona görə də
mənim yaradıcılığımda sevgi şeirləri
zaman-zaman dəyişib (şeirindən misranı misal çəkir):
"Əvvəl alına sürtərdi əlini, indi alın
yazısına". Bilirsinizmi, indi mənim üçün
alın yazısı alından daha şirindir. Bir var,
insanı sevmək, bir də var, sevginin özünü sevmək.
Mən insandan çox, sevginin özünü sevirəm. Mənim
üçün aşiq olmağın özünə
aşiq olmaq daha gözəldir. Aşiqləri də sevirəm,
eşqi də. Bir vaxt elə bilirdim ki, mən özüm
aşiq olmalıyam. Özüm aşiq deyiləmsə,
dünyada eşq yoxdur. Amma belə deyilmiş. Dünyada daha
böyük eşqlər var.
Zamanla bu nəticəyə gəldim ki, sevgidə, sən
demə, üçüncü yox, ikinci adam artıqdır. Mənim
üçün indi bütövlükdə dünya
ikiadamlıq, sevginin özü isə biradamlıqdır.
Hamının əzbər bildiyi bir deyim var:
"Üçüncü adam artıqdır!" Baxın,
ilk adamlar Adəm və Həvva olub. Mənə elə gəlir
ki, onların ilk cümləsi elə
"üçüncü adam artıqdır" olub. Və
ona görə də mənim nəzərimdə Allah Yer
kürəsini elə ikinəfərlik yaradıb. Amma adam
sayı artan kimi fəsad yaranıb. Dünyada ilk savaş iki
qardaş - Habil və Qabil arasında baş verib. Və elə
dünyada ilk ölüm, ilk qətl də ondan sonra
başlayıb. Qabil Habili, ehtimal olunur ki, heyvanın çənə
sümüyü ilə öldürüb. Ukrayna-Rusiya
müharibəsini mən həmin o iki qardaş arasında olan
savaşa bənzədirəm. Volodimir və Vladimir, Habil və
Qabil - hər iki nümunədə
adlarda bir hərf fərqi var. Burada da insanların öz
çənəsi işə düşməsə (yəni
danışıqlar aparılmasa), heyvan çənəsi -
silah işə düşsə, bu, sonsuza qədər davam edəcək.
Yəni Habillə Qabil arasında da silah işə
düşməsəydi, özləri danışıb bir
razılığa gəlsəydilər, müharibələr,
qətllər olmazdı. Bunu da deyim ki, mənə elə gəlir,
qardaşlıq münasibətinə Azərbaycan və
Türkiyə əsl nümunədir.
- Bəs sevgi niyə biradamlıqdır?
- Bir adam digərini sevirsə, o da onu sevirsə,
çevrilir ona dönür və onlar nəticədə bir
adam olurlar.
- "Səni sevməkdən də vacib işlərim
var əlimdə, amma yenə səni sevirəm..." deyirsiniz
şeirinizdə. Sevməkdən başqa nə vacib işiniz
var ki?
- İnsan niyə sevir? Bunun çoxlu cavabları var.
Onlardan ən ağlagəlməz variantını işlətmişəm
- tənbəlliyi. İnsan sevəndə heç nəyə
baxmır. Sevgiyə hər cür bəhanə tapır. Mənim
də variantım tənbəllikdir. Sadəcə, sevməyimə
bəraət qazandırmışam tənbəlliyimlə.
Dünya evinin son mərtəbəsi həqiqətdir.
Addım-addım çıxırsan oraya. Əgər
çıxa bilsən... Dünya evinin damı isə sevgidir.
Oraya birinci mərtəbədən qalxmırlar, göydən
enirlər. O hündürlükdən aşağı
görünmür. Ona görə sevənlərin gözləri
ayaqlarının altını görmür.
Görürsünüz, "tənbələm" deməkdə
haqlıyam. Mən bu dünya evinin damına birinci mərtəbədən
qalxmıram, göydən enirəm. Sevənlər oraya
yuxarıdan - göydən enirlər.
- Dünyada yeddi not, yeddi rəng var. Bəs söz?
- Mənə elə gəlir ki, bizə qədər
bütün sözlər artıq deyilib. Sözün təmiz,
bakir vaxtlarında biz olmamışıq. Klassiklər isə
onların hamısından orta, ali və ən ali dərəcədə,
hər cür formada istifadə ediblər. Bizim payımıza
düşən isə istismar müddəti bitmiş sözləri
təzədən istismara buraxmaqdır. İnanmıram ki, bizə
qədər istifadə olunmayan söz qalmış olsun. Bizim
işimiz əvvəlkilərdən qat-qat ağırdır.
Bir var, həmin o mədənə birinci sən girəsən,
görəsən ki, hər yer qızıldır. Ürəyin
istəyən qədər və necə istəyirsən, ondan
yararlanasan. Bir də var ki, həmin o qızıl mədəni
artıq sənə qədər talan olunub. Harada isə
küncdə-bucaqda, orada-burada talançıların əli
çatmayan yerlərdə qızıl qalıb. Sən gedib
onu tapmalısan. Ondan istifadə edib üzə nə isə
çıxarmalısan. Əlbəttə ki, bizim işimiz
daha çətindir.
- Müasir şeirlərdə yeni sözlərə
çox rast gəlirik. Bəzən qulağa yatır, bəzən
isə elə yamaq kimi səslənir və sanki şeiri rəvanlıqdan
çıxarır.
- Bəli, elə nümunələr var ki, o müasir
sözlər, sadəcə, öz yerini orada düzgün
tutmur. Ona görə də şeirə oturmur, yamaq kimi
görünür. Məncə, dünyada elə söz yoxdur
ki, şeirə yatmasın. "Metronun yaylı
qapıları..." - görün Əli Kərim metro
sözünü nə gözəl işlədib şeirdə.
Mən instaqram, karantin, votsap, baxış sayı kimi
müasir sözləri şeirlərimdə istifadə
etmişəm. Məktub olur, SMS olmur? Məktub bugünkü
SMS-dir də. Niyə istifadə olunmasın ki?! İstənilən
sözü ədəbiyyata gətirmək olar. Çünki ədəbiyyat
mənbəyini həyatdan götürür. Bugünkü həyatımızda
baş verən proseslər kimi, istifadə olunan sözlər
də ədəbiyyata birbaşa sirayət etməlidir. Obraz, əgər
söyüş söyürsə, qaba danışırsa, təbii
ki, ədəbiyyatçı onu elə göstərməlidir.
Xüsusən də müharibə mövzularında
yazırsa. Real müharibədə heç kim "zəhmət
olmasa, kənara durun, sizə "Qrad" atıram" demir.
Bütün hirsi, qəzəbi və hikkəsi ilə
ağzına gələn ifadəni deyir, söyür, təhqir
edir, bombasını da atır. Ernest Heminquey deyirdi ki, rus dilində
fit çalmağın və söyüş söyməyin əvəzi
yoxdur. Adam müharibələr görüb, hərbi jurnalist
olub. O da bunu deyir. Amma məqamında və yerində işlədilməlidir
bütün sözlər. Ədəbiyyat ustalıq tələb
edən bir sahədir. Söz əldə silahdır, istənilən
anda partlada bilərik. Təəssüf ki, sözdən
qorxmayan adamlar var, ondan necə gəldi istifadə edirlər.
Düşünürəm ki, sözə qarşı
çox diqqətli və ehtiyatlı olmaq lazımdır.
- Ədəbi tənqiddən indi çox
danışırlar. Əsasən, şair və
yazıçılar narazılıq edirlər. Sizcə, bu nə
ilə əlaqədardır?
- Tənqidi indi çox tənqid edirlər. Mənə
elə gəlir ki, tənqidi bu qədər tənqid etmək
lazım deyil. Tənqidin günahı varsa, bu, qəzet, jurnal
redaktorlarının günahıdır. Biz tənqidçiyə
elə qonorar verməliyik ki, o prosesi incələməkdə
maraqlı olsun. Həmin qonorarı verməyəndə belə
olacaq da. Tənqidçiyə naşir normal qonorar verməlidir
ki, al, bu kitabı çöz. Çox təəssüf ki,
naşirlər tənqidçilərlə işləmirlər.
Onlara o qədər az qonorar verilir ki... Tənqidçilər
də (təbii ki, hamısından söhbət getmir) pul xətrinə
kimisə tərifləyir, kimisə pisləyirlər.
Bilirsiniz, mən nə tənqidçiləri
qınayıram, nə də pul verib onlara tənqid adı
altında tərif yazdıranları. Tənqidçi
çörəkpulu qazanır. Haqqında yazılanlar da belə
xoşbəxt olurlar. Durduğumuz yerdən baxanda bizə
gülməli gəlir. Amma bəlkə də qarşı tərəfdə
olanlar bizə baxır və gülürlər. Deyirlər ki,
bunlardan yazı yazan da yoxdur, pulları da yoxdur, hələ bir
bizi də bəyənmirlər. Onlardan biri söhbət
zamanı dedi ki, məni gözləri götürmür. Yəni
onlar əgər bununla xoşbəxt olurlarsa, buraxaq, xoşbəxt
olsunlar. Adamın illərlə yazdığı şeirlərin
içində bir dənəsi pasportuna çevrilməyibsə,
bir obraz, bir xarakter yarada bilməyibsə, nə deyəsən?!
Amma sevinirlər ki, "sonuncu kitabım 347 səhifədir".
Adamlar hələ də vəzifəli adamları kök,
istedadlı adamların kitabını qalın görürlər.
Adam kökdürsə, vəzifə ona yaraşır.
Kitabı qalındırsa, deməli, istedadlıdır da,
yazıb.
Düşünürəm ki, Azərbaycanda
istedadlı-istedadsız yazıçı yoxdur. Pullu və
pulsuz yazıçı var. Kitab çıxarmaq, PR işləri,
xarici dillərə tərcümə, tənqid və sair
üçün pul lazımdır. Amma tənqidçiyə
pul verib özünü təriflətməyin mənası
yoxdur. Bilirsinizmi, ədəbiyyat Xəzər dənizi kimi bir
yerdir. Ona zibil atsan, mütləq çıxaracaq sahilə.
Ədəbiyyatda gərək daş kimi olasan. Atasan
özünü dənizə, batasan dibə və bir də
çıxmayasan. Üstünü də yosun bassın. Mən
ədəbiyyata daş kimi düşməyin tərəfdarıyam.
- Bu gün ədəbiyyatda olmaq üçün
istedada ehtiyac varmı?
- Akademik Azad Mirzəcanzadənin bir yaxşı
sözü vardı: "Bir qaşıq istedad və bir vedrə
həyasızlıq: çağdaş populyarlığın
formulu budur". Azad müəllim bunu deyəndə hələ
istedad bir qaşıq idi. Amma indi nəinki istedad, heç
qaşığın özü də yoxdur. Ancaq bir vedrə
həyasızlıq var.
- Deyirlər, indi oxucu sayı çox azdır.
- Mən oxucumdan şikayətçi deyiləm. Bəli,
onlar azdırlar. Amma mənim üçün hər
şeydirlər. Mənim oxucularım həm şairdir, həm
yazıçıdır, həm redaktordur, həm korrektordur, həm
tənqidçidir. Mən, ümumiyyətlə, bütün
çoxluqların əleyhinəyəm. Düşünürəm
ki, oxucunun azlığı-çoxluğu problem deyil. Əsas
məsələ - keyfiyyətli oxucu qazanmaqdır. Bəzən
bunu özümə təsəllim kimi qiymətləndirirlər.
Qoy elə düşünsünlər. Amma bu, belə deyil.
Yutubda 400 milyon baxışı olan azərbaycanlı
"ifaçı" var. Amma mən Rəşid Behbudovun
"Payız" mahnısını dinləyirəm. Həmin
platformada baxış sayı min yüz nəfərdir. Həmin
o min yüz adamın əlindən öpmək olar. Çox
az da şərh yazılıb. Bilirsiniz nəyə görə?
Mən özüm də istədim şərh yazım, amma
yaza bilmədim. O qədər gözəldir ki, adam yazmağa
söz də tapmır. Yəni o azlıq qorxulu deyil. Burada əsas
keyfiyyətdir.
- Nəyi gözləyirsiniz?
- Bir dəfə Qarabağa gedirdik. Mən də
çəkiliş qrupunun rəhbəri idim. Yevlax-Bərdə
yolunda ət satırdılar. Dedim, elə buradan alım,
çatdığımız yerdə bişirtdirib yeyərik.
Əti alanda satıcı dedi ki, olar, bir az artıq ödəyəsiniz,
bu ətdən mən də götürüm?! Mənə qəribə
gəldi. Dedim, heyvan sənin qabağındadır, onu sən
satırsan. Dedi ki, mən günə min manat (1990-cı illərin
məzənnəsi ilə) alıram, onu da çörəyə
verirəm. Nədənsə mənə elə gəldi ki, o,
məni aldadır. Vermədim. Bir gecə gözümə yuxu
getmədi. Fikirləşdim ki, öləndən sonra deyirlər,
əlimiz-ayağımız, yəni sümüklərimiz
bizim üzümüzə dirənəcək - etdiklərimizə
görə. Ətimiz çürüyəcək axı. Elə
bilirəm ki, qiyamət günü dünyada bütün ətlər
çürüyəcək, amma o Bərdə yolundakı ət
çürüməyəcək. O, mənim üzümə
dirənəcək ki, sən məni alıb o adama vermədin.
Düşündüm ki, doğrudan da, bu, min manat pul
alırsa, nə etsə də, evinə ət ala bilməz.
Amma mənə orada elə gəlmişdi ki, o adam məni hərifləmək
istəyir. İndi də oturmuşam, hesab gününü
gözləyirəm.
- Adamları tanıya bilirsiniz?
- Mən adamları əllərindən
tanıyıram. Görüşüb salamlaşanda, əl verəndə
mənfi və ya müsbət enerjini hiss edirəm. O enerji mənə
əldən gəlir. Və deyim ki, mənim bütün
günümə bəs edir.
- Bilirəm ki, futbola marağınız var. Futbolla
bağlı arzunuz varmı heç?
- İspaniyada, Madridin "Santyaqo-Bernabeu" stadionunda
qapıya top vurmaq istəyərdim. Çox ürəyimdən
keçir. Amma boş qapı olsun ki, qol vura bilim.
Qapıçı olsa, yüz faiz tutacaq, qol vura bilməyəcəyəm.
Xanım AYDIN
Oxu.az
525-ci qəzet .- 2024.- 10 aprel,№63.- S.12.