BƏDXAHLARINDAN DA
RAZILIQ ETMƏK NƏCİBLİYİ
Hələ bir il də Moskvada qalacaqdı, amma Azərbaycandan
kənarda ötən təhsil illərində ürəyi,
fikri, qələmi həmişə Vətənlə
olmuşdu və bu hündürlükdən yurdu da, xalqı
da bəlkə içərisində olduğu illərdən
daha aydın görmüşdü. Daha aydın və dəqiq
gördükcə, bizi başqalarıyla müqayisə etdikcə
mənəvi zənginliklərimizə sevindiyi olmuşdusa da,
müasir inkişafdakı geriliyimizdən qüssəsi də
artmışdı.
1877-ci ilin 12 mayında "Əkinçi"də dərc
edilən məqaləsində elə həmin nigaran
düşüncələrini bölüşürdü:
"Gələcəkdə bizim tərəqqi tarixini yazan
indiki zəmanəyə baxanda məəttəl qalacaqdır
ki, nə yazsın. Həqiqət, bizim əsbablar və qeyrə
yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi
etməyib.
...Bizim zəmanə tərəqqi zamanıdır və
tərəqqi etməyən tayfa günü-gündən tənəzzül
edib axırda puç olacaq. Ona binaən bizim şüəra
qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözətçiləridirlər,
iltimas edirik, təqaza-yi zəmanəyə müvafiq xalqın
gözünü açmağa səy eyləsinlər".
Çox keçməyəcək, XX yüzilin
başlanğıcında bu ağrını Sabir (1862-1911) də
şeirinə gətirəcək, yan-yörəsinə
göz gəzdirib "Şəhr-i məlumunuzun (oxu: məmləkətinizin
- R.H.) vəz ü qərarı necədir?" soruşunca elə
bir çox sahələrdə gedişatın Nuh
dövründəki sayaq dəyişməz
qaldığına kədərlə istehza edəcək və
daha əvvəl - XIX yüzilin bitər-bitməzində həmin
dərd barədə düşünən gənc Nəcəf
bəy ağır daş olub xalqın ayağından geriyə
dartan bu müşküllərdən qurtulmaq, uğura
çatmaqçün birliyə çağırırdı,
şairlərə üz tutsa da, əslində Azərbaycanın
yeni ziyalılığına həyəcanlı müraciət
edirdi ki, sabah tariximizi yazanlar qarşısında
üzüqara, başıqaxınclı qalmaq istəmiriksə,
başqaları kimi, biz də dirçəlməli, yüksəlməli,
irəliləməliyik, bundan ötrüsə xalqın
gözünü açmaq səmtində zəhmətə
qatlaşmağı vəzifə bilin!
Elə həmin ovqatla, həm də yalnız
başqalarını səsləməyərək özü
də bu mübarizələrin ön cərgəsində
olmaqçün 1878-ci ildə Nəcəf bəy Vəzirov təhsilini
başa vurub Vətənə qayıdırdı.
Yollanmışdı Tiflisə - Baş Qafqaz
Canişinliyinə və oradakı Dövlət Mülkiyyəti
İdarəsindən noyabrın 15-də rəsmi təyinat
kağızı alaraq Gəncə qəzasının Tərtər
nahiyəsinə üçüncü dərəcə ilə
meşəbəyi vəzifəsində işə
başlamışdı. Təsəvvür edin ki, Nəcəf
bəy Vəzirov Petrovski-Razumovski Akademiyasını bitirib
bunca mükəmməl təhsil alandan sonra, bir alimcə dərin
savad sahibiykən sadəcə meşəbəyi işləyəcək.
Zahirən elə də görünə bilər ki, rus və
azərbaycanca artıq bərkimiş qələmi, həm də
universal bilikləri olan bu cavanı daha mühüm işlərdə
istifadə etmək sərfəli olardı. Bu fərzetmə
ona görə ağla ilkin gəlir ki, hər yetəni o
cür vəzifələrə o vaxt da, sonralar da çox
yönəltdiklərindən belə qənaət şəkillənib
ki, elə, doğrudan da, yaxşı-yaman hər kəs o qəbil
işlərin öhəsindən gələ bilərmiş.
Ancaq Nəcəf bəy kimi vəzifəsindən daha
böyük olanlar öz miqyasları ilə tutduqları
kürsünün çəkisini də artırırlar,
şəxsi nümunələri ilə sübut da edirlər
ki, hər sahədə çox gərəkli, örnək
olmaq da, parlaq işlər görmək də
mümkündür - adamına baxır. Dövləti də,
xalqı da daxilən heysiz olmaqdan, qəfildən möhkəm
bir çiyin vurulanda büdrəməkdən məhz belə
ağılla seçilmişlər, yeri səhv düşməyənlər
xilas edir. Əksinə olanda da, elə gec-tez də əksinə
olur!
...Nəcəf bəy Vəzirov Azərbaycan
insanına köhnəlməz bədii miras bəxş edib -
pyeslər, felyetonlar, məqalələr. Lakin bunlardan
savayı, onun çoxlarına bəlli olmayan və elə bədii
yazıları kimi təzəliyini,
lazımlılığını saxlayan elmi əsərləri
də var ki, onlardan ən sanballısını əvvəlcə
Tərtərdə, daha sonra Dilicanda meşəbəyi işlədiyi,
hər gün təbiətlə baş-başa
qaldığı, ağacla, güllə, çiçəklə,
torpaqla, suyla həmsöhbət olduğu çağlarda
yazdı.
3 min il yaşadığını əsatirin təsdiqlədiyi
Süleyman peyğəmbər haqqında rəvayət edilir
ki, o, bütün heyvanların da, quşların da, nəbatatın
da dilini bilir, onlarla söhbətləşməyi, onlardan
söz soruşub cavab almağı bacarırdı və hətta
haçan öləcəyi günün sorağını da
bir otdan öyrənmişdi.
Bunu din kitabları, hədislər bəyan edir, o
söylənənlər məcazdırmı, gerçəkdirmi,
bu da ayrı sualdır. Nəcəf bəy Vəzirovsa nə əsatir
idi, nə də tarixin əlçatmaz uzaqlarında
yaşamış xəyali bir adam. Onun təbiət
lisanına elə insan dili qədər vaqifliyinə müasirlərinin
şahidliyi öz yerində, amma qələmindən
çıxmış və bu qabiliyyətini isbat edən
araşdırmaları da ortadadır. Hamının baxıb
yanından keçdiyi palıddan, qozdan, ağcaqayından,
qarağacdan... bəhs edir və onların hər birinin elə
özəlliklərini açır, o ağacların bir-biri
ilə ünsiyyətlərdə hansı keyfiyyətlərinin
üzə çıxması, bir-biri ilə nə təhər
davranması barədə elə incə mətləblərə
toxunur ki, arif oxucu özü nəticə çıxarır
ki, bütün bunları yazan o ağaclarla müsahib
olmağa qadir biliciymiş; onlarla danışmaq gücündə
olmasaydı, bunları yazması və belə insanca qələmə
alması əsla mümkün olmazdı.
Azərbaycan Əlyazmalar İnstitutunda Nəcəf bəyin
meşələr və meşəçiliklə
bağlı əsəri bir əsrdən çoxdur ki, nəşr
gününü gözləməkdədir və mən o
risalənin elə ədibin bədii əsərləri ilə
eyni cildlərdə çapını tam qanunauyğun hesab
edirəm. Çünki mahiyyətcə elmi olan bu əsərin
mövzusu və mahir yazıçı qələmindən
çıxması artıq elə təməlindən ona bədii
siqlət verib və bir gün Nəcəf bəyin bədii əsərləri
əhatəsində mütaliəsi həmin "meşələr
kitabı"nın ədəbi işığını da
istər-istəməz artıracağı şəksizdir.
"Meşənin həyat qüvvəsi", "Meşələrin
bir cür olmamalarının səbəbləri",
"Meşədə ictimailərin bir-birinə təsiri",
"Cinsbəcins ağacların işığa nisbəti",
"Ağacların torpaqda mədən maddələrinə
nisbəti", "Ağacların cəld böyüklənməsi"
və belə-belə bölmələri oxuduqca görürsən
ki, müəllif yalnız hisslərə arxalanmayaraq, məhz
elmi təhlillərə söykənərək hər
ağacı elə insan kimi canlı varlıq sayır, meşəni
də insan cəmiyyəti kimi onların dünyası olaraq
götürür və həmin mühitdə onların
bir-biri ilə davranışları, hansı ağacın
hansı ağac yanında rahat, hansı ağac böyründə
narahat olduğunu dəlilli-sübutlu açıqlayır, həm
də bunları elə çəkici bir dillə izhar edir ki,
söhbətin gerçəkdən də quruca (yaxud daha dəqiqi
- yaşılca) ağacdan deyil, duyan, düşünən
insandan getdiyi nəticəsini çıxarırsan. Ağacların
da insan sayaq doğub-törəmək, nəsil artırmaq məziyyəti
var. Nəcəf bəy şam meşəsində böyüyən
meyvə ağaclarından söz açır. Yazır ki, təcrübədə
sübuta yetibdir ki, yetişmiş şam meşəsində
yaxşı toxumlu ilə nisbətən zəif
ağacların bar gətirmək qüvvəsi bərabər
deyildir. Dəqiqləşdirir: "Zillətdə olan
ağaclar ölürlər, ancaq qalib gələn ağac, həyat
qüvvəsi olan ağac özündən sonra övlad qoyub
gedir".
"Meşənin zinəti" saydığı
fıstıq haqqında yazır ki, 10 yaşına qədər
gec əmələ gəlir, sonra şah budağı
artır, başlayır uzanıb budaqlanmağa, şiddətli
böyümə başlayır, 40-50 yaşına çatanda
mil kökü qabaqca bir az əmələ gəlir, sonra ancaq
yan kökləri artır və tamam ömründə nazik,
üfüqi qalır, ona görə də bərk küləyə
artıq davam edə bilməyib yıxılır.
Pərvərdigar dünyada nə yaradıbsa,
hamısında bir-birinə bənzərlik var. Nəcəf bəy
ağacların elmini oxumuşdu, hələ gəncdi -
ağacları bildiyi qədər nə insanı, nə insan cəmiyyətini
tanıyırdı. Amma ağaclara və meşəyə ki
belə dərindən bələd idi, elə onların vasitəsilə
insanları da daha yaxşı tanımaq imkanı
qazanmışdı.
Dünənəcən nəzəriyyəsini
oxuduğu ağacların indi səhərdən-axşamacan hər
gün yanında idi və sirayətedici nəzərlərlə
seyr edirdi - o qanunauyğunluqlar ki hər ağacın qismətindədir
və onların bir-birindən yaxın, ya uzaq yaşamasından
asılı olaraq dəyişəndir, elə təqribən o
cür vəziyyət insanların ömründə
görünməkdədir.
Nəcəf bəyin pyeslərində
yaratdığı, münasibətlərin qəliz
dolanbaclarından keçirdiyi surətlərinin hər biri elə
binədən yetərincə dolğunluğa, mükəmməlliyə
malik idisə, bunun başlıca təməllərindən
biri onun elə insanla əkiz olan təbiəti beş
barmağı kimi bilməsi idi.
...Cavan meşəbəyinin səriştəliliyi, iti
zəkası, işə can yandırması nəzərdən
yayınmır, qısa müddətdə rütbəsi də
artır, maaşı da yüksəlir və görəndə
ki, artıq maddi sıxıntıları yoxdur, ailə
dolandıra bilər, evlənmək qərarına gəlir. Bəy
qızı Xurşid xanımla (1868-1913) evlənir və onun həyatının
ən xoşbəxt səhifələrindən biri elə bu
izdivac olur. Xurşid xanım ona təkcə
qayğıkeş, mehriban zövcə deyil,
yaradıcılıqda da vəfalı hami, etibarlı dayaq
oldu. Ömrünün ilhamlı, ruh yüksəkliyi ilə
daşan bu mərhələsində bir-birinin ardınca təzə-təzə
pyeslərini yazdı: "Daldan atılan daş topuğa dəyər",
"Sonrakı peşmançılıq fayda verməz",
"Adı var, özü yox"...
Sıra get-gedə sıxlaşırdı, Nəcəf
bəy Vəzirov məhsuldar idi, bir-birinin ardınca yeni-yeni
pyeslərini təqdim edirdi və 1880-1890-cı illərdə
o, bir məzhəkə ustası, komediyanəvis kimi Azərbaycanda
artıq şöhrət tapmışdı. Ancaq əsərləri
nə qədər çox olsa da, komediyalarının
arasındakı biri daha artıq sevilirdi, daha artıq
şöhrət qazanmışdı. Bu məzhəkənin -
"Yağışdan çıxdıq, yağmura
düşdük" pyesinin baş surəti mənfi qəhrəman
olsa da, hər halda hadisələrin mərkəzində o
dayanırdı və həmin səbəbdən də əsər
daha çox onun adı ilə tanınırdı:
"Hacı Qəmbər".
Mirzə Fətəlinin (1812-1878) "Hacı
Qara"sını səhnəyə gətirməyin ilk təşəbbüsçülərindən
olmuş Nəcəf bəy bu əsəri ilə Azərbaycan
ədəbiyyatına ikinci Hacı Qaranı
bağışlamışdı. Hacı Qəmbər də,
Hacı Qara kimi, xəsisdi, mal-dövlət hərisiydi, ancaq
bu surəti yaratmaqla Nəcəf bəyin hədəf
götürdüyü, açıb-tökmək istədiyi
cəmiyyət və insan qüsurları dairəsi daha
geniş idi. "Yağışdan çıxdıq,
yağmura düşdük"də bir Aşıq Vəli
surəti də vardı ki, sazını çalırdı, nəğmələrini
oxuyurdu, el-obaya öyüd-nəsihətlərini verirdi və əslində
həmin haqq aşığı Nəcəf bəy
özü idi, millətə çatdırmağı
umduğu bir para nazik mətləbləri elə onun sazı ilə
söyləyirdi:
Qəzil eynəkləri fəxr edib taxma,
Mübahat eyləmə zərrin əbayə.
...Aldanma dünyanın mal-dövlətinə,
Nə qədər bol olsa, cəfası çoxdur.
"Yağışdan çıxdıq, yağmura
düşdük" Azərbaycan səhnəsinin ən
sevimli əsərlərindən birinə çevrildi, XIX
yüzilin sonlarından başlayaraq XX yüzilin neçə
onilləri boyu teatrımızda sabit yerini qoruyub saxladı,
epoxalar dəyişəndən sonra Hacı Qəmbərlik təğyir-i
libas olaraq yeni günlərdə pırtlayıb ortaya
çıxınca pyes səhnəmizdə artıq indinin
yağışlarından çıxaraq, bugünün
yağmurlarına düşməkdə davam etdi.
...1895-ci ilin yayı idi, Gürcüstandan Azərbaycan
tərəfə səmt götürmüş Tiflis-Bakı
qatarında gedənlər çox idi və onların
arasında iki məşhur Azərbaycan ədibi də
vardı: Əbdürrəhim bəy Haqverdiyevlə (1870-1933) Nəcəf
bəy Vəzirov (1854-1926). İki qələm sahibi bir yerdədirsə,
təbii ki, söhbət hökmən yazı-pozu, axır
vaxtlarda nə etdiklərinin üstünə də gəlib
çıxmalı idi. Nəcəf bəy bir faciə üzərində
işlədiyindən danışmağa başlayanda
Əbdürrəhim bəy təəccüblənmişdi ki,
axı indiyəcən yazdıqlarının hamısı məzhəkələrdir.
Bu da cavab vermişdi ki, düzdür, səmti dəyişmişəm,
ancaq əslində o məzhəkələrdə dediyim dərdləri
burada bir ayrı şəkildə deyəcəyəm. O, əsərin
məzmununu əvvəldən-sonadək Əbdürrəhim bəyə
söyləyəndə bu da qayıdır ki, axı mən də
faciə yazıram. Və indi o başlayır Nəcəf bəyə
yazdığı faciənin məzmununu bütün təfərrüatı
ilə nağıl eləməyə. Yol uzun idi və hər
ikisinin "hamilə olduqları" təzə əsərlə
bağlı bir-biri ilə məsləhətləşəcəkləri
məqamlar çox idi.
Əbdürrəhim bəy soruşur ki, bəs əsərin
adını nə qoymaq istəyirsən, axı pyesin
adından çox şey asılıdır. Nəcəf bəy
deyir ki, adı artıq tapmışam, "Çəkmə,
çəkə bilməzsən, bərkdir fələyin
yayı" olacaq. Əbdürrəhim bəy
dalğınlaşır: "Yaxşı olmağına
yaxşıdır, amma pyes adı kimi çox uzundur. Sən
yığcam bir ad tap, çünki faciə əsərinə
bu uzunluqda ad yaraşmır. Bir, ya iki söz olsa, daha
münasibdir, sənin əsərində baş qəhrəman
Fəxrəddindir, bəlkə elə pyesin adını da
"Müsibət-i Fəxrəddin" qoyasan?
Nəcəf bəy Əbdürrəhim bəyin bu təklifini
bəyənir və beləcə, növbəti 1896-cı ildə
oxucu, tamaşaçı ilə görüşəcək
ilk Azərbaycan faciəsinin adqoydusu qatarda baş verir.
...1955-ci ildə hələ heç kəsə bəlli
deyildi ki, böyük Səməd Vurğunun (1906-1956) həyatının
bitməsinə vur-tut bircə il qalıb. Cavan insan idi, 49
yaşı vardı və o, bir az xatirələrlə isinən,
bir az da Nəcəf bəy Vəzirovun oxuduğu pyesləri,
gördüyü tamaşalarından aldığı təəssüratlarının
qarışığından tutarlı bir məqalə
yazmışdı. Həmin məqalədə 1920-ci ili
xatırlayaraq öz uşaqlıq illərinə
qayıdırdı və yazırdı ki, o vaxt mən hələ
yazıçılığa başlamamışdım,
Qazaxda həvəskar bir truppanın ifasında "Müsibət-i
Fəxrəddin"i görmüşdüm, valeh olmuşdum,
görməyə-bilməyə içərimdə bu
yazıçının nurani surəti canlanmışdı, əsərdəki
hər epizod da yaddaşıma həkk olunmuşdu və indi həmin
hadisədən 35 il keçsə də, "Müsibət-i
Fəxrəddin"ə ilk baxdığımdakı təəssürat
və həyəcanı qalmaqdadır, həmin pyesə bu
gün də eyni həyəcan və məftunluqla tamaşa
edirəm.
Sıradan olan tamaşaçı, oxucu bir yana,
sözlə ruha təsir etməyin ustası olan şairi belə
onillərcə dəyişməz cazibəsində saxlayan
"Müsibət-i Fəxrəddin"in məzmununu 1895-ci
ilin yayında müəllifin özündən savayı hələ
bircə nəfər bilirdi, Tiflis-Bakı qatarında əvvəldən-axıradək
hali-qəziyyəni Əbdürrəhim bəyə Nəcəf
bəy özü söyləmişdi və ədəbiyyatımızdakı
ilk qoşa faciədən digərinin - "Dağılan
tifaq"ın da məzmununu hələ müəllifin
özündən - Əbdürrəhim bəydən savayı
elə onun öz dilindən eşidib bilən tək adam Nəcəf
bəy idi.
Qatar gedirdi, o öz başladığı pyesdən bəhs
eləyirdi, bu öz yazdığı əsərdən. Bu
qatar bir neçə saat sonra mənzil başına yetişəcək,
o əsərlərin yolu isə heç vaxt bitməyəcək,
yeni nəsilləri heyran düşündürə-düşündürə
sabaha doğru irəliləməkdə davam edəcək...
Çox keçməyəcək ki, o qatarda ilk dinləyicisini
tapmış hər iki əsər səhnəyə də gələcək,
bu iki pyeslə Azərbaycan teatrında faciənin yolu
açılacaq, zaman keçdikcə bir-birindən dərin,
bir-birindən duyğulu yeni faciə əsərləri də
yaranacaq, ancaq birincilik şöhrəti Nəcəf bəy Vəzirovla
həmişəlik qalacaq.
...1913-cü ilin sentyabrında Nəcəf bəy Vəzirov
həyatının ən kədərli günlərini
yaşayırdı. Sevimli həyat yoldaşı Xurşid
xanım yataqdaydı. Sağalıb ayağa qalxacağına
ümid olan mərizlərdən deyildi, ölüm
astanasında idi. Həkimlər hökmünü vermişdi,
bəlli idi ki, bu azar onu lap tezliklə aparacaq.
Ətrafındakılar, doğmaları da bilirdilər,
Xurşid xanım özü də hiss edirdi. Ona görə vəsiyyətini
bəri başdan eləyirdi. Xurşid xanım ərini
heç vaxt "Nəcəf" deyə
çağırmırdı, həmişə "Dərviş"
deyə səsləyirdi. Nəcəf bəy Vəzirov təbiətşünas
idi, yazıçı idi, jurnalist idi, dramaturq idi, lap bəd
ayaqda aktyor idi, ancaq heç vəchlə oxuyan, xanəndə
deyildi. Ancaq Xurşid xanım tək insan idi ki, sevimli həyat
yoldaşını "müğənni"
adlandırırdı və vəsiyyətində elə Dərvişi
- Nəcəf bəyi "müğənni" deyə
nişan verirdi. Labüd gediş ərəfəsində,
dünya ilə vidalaşarkən ömür-gün
yoldaşı haqqında deyirdi ki, mən
cavanlığımdan ömrümü xalq müğənnisi
Dərvişə həsr eləmişəm, illər boyu onun
üstündə əsmişəm, onu qorumuşam.
Nə gözəl ki, canı ilə əlləşən,
an-an taqətdən düşən bu sədaqətli
qadının ölümündən sayılı günlər
öncə etdiyi və Azərbaycan xanımlarının vəfa
ülgüsü kimi yadda saxlaması gərək olan bu riqqətli
sözləri həm də sənədləşib, tarixləşib,
1913-cü il sentyabrın 17-də "Kaspi" qəzetində
də dərc edilib: "Mənim ciddi nəzarətim
olmasaydı, onun əsərləri itib-batardı. Onun
uğursuz əsərlərini belə göz bəbəyim
kimi qoruyub saxlamışam, bəzən də qadın
psixologiyasının cizgilərini ora əlavə etmişəm.
Mən ən ağır dəqiqələrdə Dərvişlə
birlikdə çarpışmışam və mübarizəni
mətanətlə davam etdirmişəm. Heyiflər ki, onun 40
illik yubileyini görmək mənə qismət olmayacaq.
İnana bilmirəm ki, mən, onun ilk senzoru öz işinin nəticəsini
görməyəcək. Ölümün
qarşısını almaq olmaz. Amma məni də
unutmayın. Ona fəaliyyətinə yaraşan təntənə
düzəldin və xatırlayın ki, dağlarda və
meşələrdə o, özünün ölməz
"Hacı Qəmbər" pyesini yazarkən mən də
qaranlıq, darıxdırıcı gecələrdə onunla
birlikdə oturmuşam".
Nəcəf bəyin ömrünə İlahinin
göndərdiyi mələk kimi, pəri kimi gəlmiş,
onun könül sirdaşı, həmdəmi olmuş gözəl
xanım
Nəcəf bəyə o təntənənin düzəldiyi
və artıq dünyaya gözlərinizi əbədilik
yummuş olduğunuz günlərdə də sevgi ilə
anılmışdınız, bu gün də sizi mehrinizə,
vəfanıza baş əyərək məhəbbətlə
yad edirik. Sevginiz və etibarınız gələcəkdəkilərə
görk olsun deyə həmişə də
anılacaqsınız!
Çox keçmədi, Xurşid xanımın vəfatından
az sonra onun axırıncı arzusu da gerçəkləşdi.
1913-cü il noyabr ayının 15-də Tağıyev
teatrı təntənə ilə daşırdı. Burada Nəcəf
bəy Vəzirovun ədəbi-bədii fəaliyyətinin 40
illiyi keçirilirdi. Qəzetlərdə məqalələr dərc
edilmişdi. Onlardan birinin, "İqbal"da dərc edilən
"Milli bayram" başlıqlı məqalənin müəllifi
Hüseyn Sadiq - yazıçı Seyid Hüseyn (1887-1938) idi.
Nəcəf bəy Vəzirovun
yaradıcılığının 40 illiyinin qeyd edilməsi
gününü o, Qafqaz türklərinin milli bayramı
adlandırırdı. Yazırdı ki, əslində elə həmin
təntənəli axşam da Nəcəf bəyin sayəsində
milli gerçəkliyimizdə başlanan büsbütün
yeni bir ənənədir: "50 il bundan irəli yubiley bilməyən
bir millət Nəcəf bəylər kimi mədəniyyət
mücahidlərinin zühuru ilə yubiley yapmaq və bir ədib
və bir dahini təqdir etmək kimi bir məziyyət və
istedad qazanmışlar".
"Səfa" maarif cəmiyyəti 40 illiyə həsr
edilmiş ayrıca kitabça da buraxmışdı. Orada Nəcəf
bəy Vəzirovun ədəbiyyatda keçdiyi yol, millətə
verdiyi töhfələrdən bəhs edilirdi.
Yazırdılar ki, Nəcəf bəy görkəmli rus
yazıçısı Ostrovski (1823-1886) kimi yalnız milli məişətdən
yazmış, öz xalqının simasını ədəbiyyatda
canlandırmağa səy göstərmişdir.
Əbdürrəhim bəy Haqverdiyev o gün Bakıda
yox idi. Ağdama getmişdi, amma ürəyi burada idi və
teleqram da göndərmişdi ki, yubiley gecəsində oxunsun:
"Siz 40 il dərviş kimi ürəklərin
qapısını taqqıldadaraq bizi intibaha
çağırmışsınız. Sizin pyeslərinizə
baxan xalq gülmüşdür. Sizin
gülüşünüzün sayəsində məqsədə
nail olduqlarını görənlər bu gün sevincdən
ağlayırlar".
XX yüzilliyin əvvəllərində ədəbi-mədəni
mühitə qapılarını geniş açan iki cəmiyyət
vardı: "Nicat", "Səfa". Bəzən bir-biri
ilə yola getməsələr də, aralarında ara-sıra
höcətləşmələr baş versə də,
ikisinin yanaşı olması, rəqabətin
varlığı faydasını da verirmiş. Unudulmaz
teatrşünasımız Azər Sarabski (1923-1984) atası
Hüseynqulu Sarabskinin (1879-1945) xatirəsini
bölüşürdü ki, məqsədləri, hədəfləri
təqribən eyni olan bu iki cəmiyyətin yanaşı
varlığı bizə - aktyorlara, musiqiçilərə
ona görə çox münasib idi ki, biri ilə
sözümüz tutmayanda, şərtlərimiz keçməyəndə
digərinə üz tuta bilirdik, sovet dövrü gələndən
sonra bu cür seçə bilmək imkanı da aradan getdi.
1913-cü ilin payızında Nəcəf bəyin
yubileyinə təbrik məktubunda "Nicat" yazırdı
ki, siz müsəlmanların səadəti üçün,
onların hörmətli və mədəni olması
üçün qara qəlbli adamların acı-acı
sözlərini eşitməkdən ehtiyat etməyib, öz məsləkinizlə
bərabər olub mərdanə bir surətdə mübarizə
aparmısınız.
"Nicat"ın məktubu vardısa, təbii ki,
"Səfa"nın da təbriki olmaya bilməzdi. Həm Nəcəf
bəy onların hər ikisi ilə bağlı olmuşdu, həm
də o açıq və örtülü şəkildə
daim var olan bir-birindən geridə qalmamaq yarışı.
"Səfa" maarif cəmiyyətinin
təbrikində yazılmışdı ki, gözəl ehsan
ona deyirlər ki, ruhani acları doydurasan, elm və mərifət
yolunda tərbiyə almaq istəyənləri öz himayənə
götürəsən ki, onlar da gələcəkdə elm və
mərifət sahibi olub öz qaranlıqda qalmış qardaşlarını
işıqlığa çıxarsınlar, bu təriq ilə
ehsan vermək hər bir millət mərdinə vacibdir. Bu
növ ehsanı 40 ildir ki, sən bizim qulaqlarımıza
çırpırsan. 40 ildir ki, sən bizə belə ruhani
ehsan vermənin yolunu öyrətmisən.
Nəcəf bəy Vəzirovun ən sərrast, ən
dəqiq dəyərini verən teleqramı isə Firidun bəy
Köçərli (1879-1945) göndərmişdi. Firidun bəy
yazırdı ki, "Əziz dostum Nəcəf bəy, səni
bərk-bərk öpürəm. Sən öz böyük
müəllimin Mirzə Fətəli Axundzadədən
xoşbəxtsən. Onu lənətlə basdıran dindarlar
bu gün sənin yubileyini bayram edirlər. Belə bir intibaha
sevinməmək olarmı?!"
Bir başqa məktub da vardı ki, altında Üzeyir
Hacıbəylinin (1885-1948), Hüseynqulu Sarabskinin, Hənəfi
Terequlovun (1877-1942) imzası, amma məntiq də
pıçıldayır, yazının üslubu da
açıqca deyir ki, mətni Üzeyir bəy tərtib edib:
"Neçə sənə bundan əqdəm durbin
(uzaqgörən - R.H.) müsəlman cavanları gələcək
günləri düşünüb hərə bir vəzifə
qəbul edib millətinə xidmət etməyə
başladı.
40 il bundan əqdəm siz də onlar ilə bahəm
bir gözəl vəzifə öhdənizə
götürüb səmimiyyətlə faciənəvisliyə
iqdam etdiniz, müsəlman teatro ərsəgahını
işıqlandırmağa başladınız.
Nəcəf bəy Vəzirov cənabları, siz həmi
şə diri qalacaqsınız! Dünyada siz əkdiyiniz
ağacların meyvələrinin toxumlarını külək
müsəlman aləminin səhralarına səpib, göyərdib
minlərcə Nəcəf bəylər yetirib, zinətlərinizi
dəxi də rövnəqləndirəcəklər. Sizin
adınız tarixin vərəqlərində səbt olub dillərdə
zikr olunacaqdır. Yaşa, ey xadim-i millət, yaşa,
atamız, yaşa, ey bizə rahiban (yol keşikçisi - R.H.)
olan Nəcəf bəy!"
...Nəcəf bəy ömrü boyu nəfssiz,
gözütox olmuşdu. O, teatra heç vaxt qazanc,
dolanışıq mənbəyi kimi baxmamışdı, əksinə,
özü olanını teatrçün
qızırqanmamışdı. Əsərləri səhnəyə
qoyulanda biletlər satılmışdı, müəyyən
gəlir götürülmüşdü, bundan
tamaşanı təşkil edənlərin hərəsinə
nəsə düşmüşdü - Nəcəf bəydən
başqa!
Onun bu kübar keyfiyyətini hələ 1913-cü ilin
6 iyununda "Kaspi" qəzeti vurğulayırdı: "Nəcəf
bəyin, ümumən, prinsipi belədir - o, indiyədək
öz əsərlərinə bir qəpik də
almamışdır".
1913-cü ilin 15 noyabrında, ədəbi fəaliyyətinin
40 illiyi bayram ediləndə, Tağıyev teatrına
alqış təlatümləriylə, əllər üstdə
gətiriləndə Nəcəf bəy artıq 60
yaşında idi və onu müasirlərinin çoxu qocaman
kimi qavrayırdı. Bu mərasimi təşkil edənlər
düşünmüşdülər ki, yalnız şirin
sözlərlə, təbrik məktubları və
teleqramlarıyla, silsilə yubiley məqalələri ilə
kifayətlənmək olmaz, yaşlaşmış ədibə
maddi baxımdan da diqqət göstərmək lazımdır.
Üstü brilyantla işlənmiş qızıl portsiqardan
tutmuş irili-xırdalı xeyli qiymətli hədiyyələri
və içərisinə 7 min manat qoyulmuş zərfi gecənin
sonunda səhnədə yubilyara təqdim edəndə o, imtina
edir, "Mən də bunların hamısını"
"Səfa" cəmiyyətinə
bağışlayıram", - deyir.
Varlığını lərzəyə salan bu məhəbbət
dolu gecədə söylədiyi axırıncı sözləri
də bu olur ki: "Mən dərvişəm, qəbrə qədər
də dərviş olaraq qalacağam!"
...Düz 10 il sonra isə başqa bir
ildönümü yaxınlaşırdı - Nəcəf bəyin
bütün qəlbi ilə bağlı olduğu və
beşiyi başında dayandığı millli
teatrımızın yuvarlaq ildönümü. 1923-cü ildə
Azərbaycan səhnəsi birinci dəfə və ilk
böyük yubileyini qeyd edəcəkdi - teatrımızın
50 yaşı tamam olurdu. Bu yarım əsr müddətində
səhnə Azərbaycan insanına elə
doğmalaşmışdı ki, sanki elə şeir kimi,
musiqi sayaq 50 il deyil, əsrlərcə bu xalqlaymış.
Sevginin bunca geniş yayılmasının, artıq
bütün Azərbaycanı əhatə etməsinin səbəbi
elə həmin fədakarlar idi, arxada qalan müddətdə
teatrın ağırlığını çiyinlərində
daşımış dönməzlər. Azərbaycanın
ucqarlarından Bakıya gəlib, ya Gəncəyə gedib
tamaşalara baxmağa hər adamın imkanı yox idi. Ona
görə də Azərbaycan teatr mülkünün
qurucuları, səhnəyə həyatlarının mənası
kimi baxan aktyorlar, rejissorlar, dramnəvislər bu gözəlliyə
ümumxalq məhəbbətini qazandırmağın,
löyün-löyün həmlələri yenməyin yolunu
el içinə getməkdə görmüşdülər.
Yüz cür sıxıntılara tablaşaraq o şəhər
sənin, bu şəhər mənim, o kənd sənin, bu kənd
mənim - zəhmətli yolları qət edərək səfərlərə
çıxmışdılar. Hər dəfə onların
göstərdiyi tamaşalara baxaraq nağıllar aləminə
düşübmüş kimi əfsunlanan insanların
üzündə-gözündəki sevinci, heyrəti,
marağı seyr eləyəndə onlar özləri ikiqat bəxtiyar
olmuşdular, yolların yorğunluğu, üzləşdikləri
ağrı-acı canlarından çıxmışdı.
Yeni ünvanlara, yeni səfərlərə səfərbər
olmuşdular.
Hələ 1922-ci ilin sonlarından növbəti ildə
baş tutacaq möhtəşəm bayrama tədarüklərə
başlanmışdı. Əbdürrəhim bəy
Haqverdiyev, Nəcəf bəy Vəzirov, Tağı Şahbazi
Simurğ (1892-1938), Sultan Məcid Qənizadə (1866-1938), Səməd
Mənsur (1879-1927) və daha neçə millət aşiqi
teatrın 50 yaşına layiqli bir kitab sovqat etməyi qərara
almışdılar. Ağıllı, sabaha baxan
adamlardılar, yaxşı anlayırdılar ki, bayram nə qədər
təntənəli keçsə də, nə qədər atəşli
sözlər söylənsə də, hamısı uçub
gedəcək, ən hərarətli xatirələr də
canlı şahidlər sağ olduğu müddətcə diri
qalacaq. Onlarsa istəyirdilər ki, bu bayramın əks-sədası
vaxtın daha uzaqlarına da çatsın. Bunun yolunu isə
kitabda tapmışdılar.
1923-cü ildə, Azərbaycan səhnəsinin 50
yaşının bayramı ərəfəsində arzulanan
kitab işıq üzü görmüşdü. Əlbəttə
ki, o kitabda Nəcəf bəy Vəzirovun da imzası olmaya
bilməzdi. Bu günlərə qədər
yaşadığını, təməlində
dayandığı Azərbaycan teatrının bunca yüksəlişlərinə
böyüyüb həyatda yerini tapmış oğlunun boyuna
baxıb qürrələnən ata kimi fərəhlənərək
belə yazırdı:
"Azərbaycan teatrının
başlanğıcı mənə səhrada əkilmiş tənha
bir ağacı xatırladır. Bu ağacı əkmiş
olan adam qoca yaşlarında bir daha buraya qayıdır və
qarşısında qəşəng bir bağ görür.
Bu bağda bir çox gözəl bağbanlar öz
ağaclarına səylə qulluq edirlər. Yaşasın
sevgili vətənim Azərbaycan!"
Nəcəf bəy belə
yazsa da, o, əkdiyi ağacı bir düzənlikdə qoyub
gedən bağbanlardan olmamışdı.
Başlanğıcında dayandığı yoldan bir
addım da qırağa çəkilməmişdi. Bu 50 il
boyunca daim əkdiyi sevgili fidanın yanında olmuşdu.
İllərcə onun böyüməsi, daha möhkəm ayaq
tutmasından ötrü gücü çatan nə varsa
etmişdi. Ona görə də bu bayramda şadlanmağa,
iftixar etməyə ən çox haqqı olanların ən
birincilərinin ən əvvəlincisi olmaq Nəcəf bəy
Vəzirovun ana südü kimi haqqıydı. Çünki o,
bu səhnə üçün əsərlər də
yazmışdı, özü aktyor kimi səhnəyə
çıxıb rollar da oynamışdı, rejissorluq edərək
tamaşalar da hazırlamışdı, həm də arxada
qalan illərin hamısında - cavan vaxtlarından
başlayaraq ta indiyəcən - teatrın əllisində,
öz yetmişinə çatarkən də Nəcəf bəy
eyni həvəsdə, eyni şövqdə, eyni qətiyyətdə
idi.
...Nəcəf bəy Vəzirov kitablarını
mütaliə edib qiymətləndirən oxucularına, pyeslərini
səhnələrdə görüb alqışlayan tamaşaçılarına,
onu əhatə edən və həmişə hörmətlə,
məhəbbətlə qarşılayan insanlara daim minnətdar
idi. İçəridən böyük olan, alicənab olan bu
insan nəinki ona məhəbbət göstərən, diqqət
göstərən insanlardan, hətta ona əks gedən,
haçansa olmuşlardan da narazı deyildi. Nəcəf bəy
Vəzirovun vaxtilə təhsil aldığı
Petrovski-Razumovski Akademiyası açıqfikirliliyin mərkəzlərindən
biri idi. Ona görə də geci-tezi vardı. Nəhayət
ki, çar hökumətinin gizli polisi orada araşdırmalara
başladı. Təftişlərin nəticəsi olaraq
Petrovski-Razumovski Akademiyasında çoxları cəzalandırıldı.
Yalnız akademiya çərçivəsi ilə məhdudlaşmadılar.
Vaxtilə bu akademiyada oxumuş, adı başqa cür
düşünənlərin məxfi siyahılarına
düşmüş Nəcəf bəy Vəzirov kimi sabiq məzunları
da aradılar, axtardılar. Harada işləyirdilərsə,
onları da orada işdən çıxartdılar. Nəcəf
bəy Vəzirov da həmin işdən
çıxarılanlardan biri idi.
"Rusiyanın ən birinci məqam-i iftixarı olan
Petrovski Akademiyasının adı çəkiləndə
çoxları qorxardı. O cəhətdən ki, akademiya məzunları
onların nəzərlərində laübalı və ziddməslək
hesab olunurdular. Mən dəxi meşəbəyi olduğum
halda Allah şahiddir ki, günahsız olaraq bu cümləyə
(yəni həmin dəstəyə - R.H.) qurban edildim. Mən həmişə
fəxr edərdim ki, petrovistəm. Ədalətsizliklə məzlum
olmuşam. Buna cəhət bu idi ki, camaat məni sevərdi. Və
onun arasında şöhrətim vardı".
Gizli Çar Polisinin beynində iki şübhə
güvəsi vardı: Vəzirov Petrovski
Akademiyasındandırsa, demək, artıq siyasi tərbiyəsi
pozuqdur, istənilən vaxt buynuz qıcada bilər. O biri tərəfdən
də, xalq arasında hörməti, nüfuzu yüksəkdir.
O cəhəti də pis, bu cəhəti də. Bu iki
xüsusiyyətin birləşməsinə uyğun girəvə
yaranınca üzdən sakit görünən bu adam
böyük təhlükələr verə bilər. Odur ki,
beləsinə dövlət qulluğu vermək özü
özünə quyu qazmağa bərabərdir.
Belə düşünürdülər və ona
görə də qondarma böhtan və bəhanələrlə
Nəcəf bəyi işdən
çıxarmışdılar.
Ancaq öz aləmlərində guya ona pislik etmək
istəyənlər əslində həm ona, həm də millətimizə
böyük yaxşılıq etmiş oldular. Meşəbəyi
vəzifəsi gendən baxana sadə gəlirdi ki, daim təbiətin
qoynundadır, işi-peşəsi asudə gəzib
dolaşmaqdır. Nəcəf bəysə yerində dinc oturan
deyildi axı. İşini nümunəvi aparmaqdan əlavə
qələmi də işləyəcəkdi,
axtarışları, müşahidələri davam edəcəkdi,
bəlkə meşəyə və ağaclara həsr etdiyi
risaləsinin bənzəri daha neçə tədqiqat əsəri
doğuracaqdı, bununla da dəyərli bir təbiətşünas
alimimizi qazanacaqdıq. Ola bilsin, ara-sıra bədii əsərlər
də yazacaqdı, ancaq yazıçı, dramaturq kimi ədəbi
həyatımızın qaynar axarında olmayacaqdı və
yalnız yazdıqlarıyla deyil, şəxsiyyəti ilə
söz mühitimizə, ziyalı gerçəkliyimizə
yaydığı işıqdan, göstərdiyi gücverici,
səmtləndirici təsirdən məhrum qalacaqdıq. Bunu hər
kəsdən öncə Nəcəf bəy özü dərk
edirdi və illər sonra keçmişləri təhlil edərkən
ona qarşı mərdümazarlıqlar törətmiş,
işdən kənarlaşdırılmasına, yolunu dəyişməsinə
bais olmuşları ikrahla, kinlə deyil, ehtiramla yad edirdi ki, əleyhimə
çalışsalar da, nəticə etibarilə özləri
də bilmədən mənə yaxşılıq ediblər.
Dünyanın hər sifətini görəndən, həyatın
bərkindən-boşundan adlayandan sonra ömrün yekunu kimi
qələmə aldığı tərcümeyi-halının
son cümlələrində də həmin səbəbdən
belə müdrik ağsaqqal təmkini vardı: "Qulluqdan
ixrac ediləndən sonra öz milli ədəbiyyatımla məşğul
oldum. Nə qədər gücüm vardısa,
bacardığım qədər yazdım. Ölməyib
sağ qalar isəm, yenə yazacağam. Buna səbəb
olduğu üçün məni təqib edənlərdən
artıq dərəcədə razıyam".
Düşmənindən, bədxahlarından da
razılıq edəcək qədər nəcib, uca ruhlu, azman
ustad! Biz də sizdən artıq dərəcədə
razıyıq! Bu Vətən naminə fədakar xidmətlərinizə,
bu millət üçün açdığınız
yollara, yandırdığınız çıraqlara, yadigar
qoydunuz solmaz əsərlərə görə!
8 aprel 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 10 aprel,№63.- S.10-11.