Hədiyyə
novella
"Elə zəmanə gəldi ki, adam harasa
çıxmağa qorxur, dərhal ətrafda bir-iki
cızma-qaraçı peyda olur, gözləmədiyin halda belə
yerin deşiyindən də olsa pırtdayıb
çıxırlar, əllərində də qalın cildli
kitablar, adamın üzünə irişə-irişə, bəzən
də təkəbbürlü təbəssümlə - bu, mənim
ədəbi külliyyatımdır - deyib
"külliyyatı" zor-xoş hədiyyə edirlər.
İmtina edə bilmirsən. - Sağ ol, bu dəyərli hədiyyəyə
görə təşəkkür edirəm - deməli
olursan". Bilmirsən, bu qalın cildləri hara aparasan, evdə
kitab qoymağa yer qalmadı. Əsl yazarlar da belələrinin
güdazına gedir, onların gur axınında itib
batırlar".
Bu mənim sözlərim, mənim fikrim, mənim
mövqeyim deyil, ha! Mən belə şey ömrümdə demərəm.
Mən kitab yazanın, həmin adam cızma-qaraçı olsa
belə, ağır zəhmətinə dərin hörmətlə
yanaşıram. Yuxarıda oxuduğunuz fikir isə Vəli
Mütəliyevə məxsusdur. Nöqtəsinə,
vergülünə dəyib-toxunmadan bunu onun xəyalındakı
etiraz soraqlı düşüncələrdən
köçürmüşəm.
Vəli bu səhər qapını açıb
çölə çıxanda günəş üzünə
elə güldü ki, gecə gördüyü
qarışıq yuxuya rəğmən, fikirləşdi ki,
belə havada xoşa gəlməz hər hansı bir hadisə
ehtimal olunsa da, baş verə bilməz.
Amma olacağa çarə yoxdur deyiblər.
Masa arxasına keçib təzəcə yerini
rahatlayan Vəli Mütəlimov arxasınca otağa keçən
köhnə tanışını görəndə, - düz
deyiblər - deyə düşündü, düşünən
kimi yuxu da yadına düşdü.
Yuxuda görmüşdü ki, ayaqlarına zəncirvari
ğır qandallar vurublar, Vəli ha çalışır əvvəlki
yerişini yerisin, yeriyə bilmir. Zənciri açır, durub
getmək istəyəndə zəncir yenidən ayaqlarına
dolaşır.
Otağa daxil olan köhnə tanışının əlində
iri həcmli, çox iri həcmli, qalın cildli, çox
qalın cildli, ağır çəkili, çox ağır
çəkili bir kitab var idi. Vəli Mütəliyev
tanışının son zamanlar yazı-pozu ilə məşğul
olduğunu eşitmişdi, amma onun kitablarını bu günə
qədər görməmişdi.
Tanışı üzündə xoş təbəssüm
salamlaşandan sonra kitabı onun masasının üstünə
qoyub:
- Bu, mənim yek cildimdir! Düşündüm, ilk
nüsxələrindən birini dostuma çatdırmaq
borcumdur. - dedi.
- Çox sağ ol, minnətdaram, - Vəli
üzünə yalançı təbəssüm niqabı
çəkib kitabı götürüb o üzünə, bu
üzünə çevirdi.
Həmin an kitab yazan tanışı Vəlinin
üzündəki təbəssüm-maska arxasında gizlənən
çöhrəsindəki əsl ifadəni görsə, başındakı
fikirləri oxusaydı, baş götürüb
qaçardı, bir də buralara ayaq basmazdı. Amma nə unun
həqiqi üzünü görə bilir, nə də
başındakı fikirləri oxuya bilirdi, buna Vəlinin
çöhrəsindəki təbəssüm və dilindəki
xoş sözlər mane olurdu.
- Mütləq oxuyarsan! Əminəm, həzz alacaqsan!
- Tanışı dedi.
- Əlbəttə oxuyacağam, - Vəli onun
cavabında gülümsünüb əlavə etdi, -
üstünü də yaz.
- Yazmışam! - Kitab yazan bunu deyib qapıya tərəf
boylandı, - Di, sağ ol, mən getməliyəm, bu gün
bir neçə nəfərə də kitab
çatdırmalıyam.
O getdi, lakin Vəli Mütəliyev iri həcmli,
ağır çəkili hədiyyə ilə
üzü-üzə qaldı. Kitaba ikrah hissi ilə baxıb
bilmədi neynəsin, hayana aparsın, hara qoysun. Beləcə
kitaba zillənib başını əllərinin arasına
aldı.
Yenə Vəli Mütəliyevin diqqət çəkən
düşüncələrindən: "Bildim! Axşam dəhlizdə
pəncərənin qabağına qoyub gedərəm. Yox,
işçilərdən götürüb kimsə baxar,
içini oxuyar, mənə yazdığını bilər,
müəllifin qulağına çatar biabır olaram. Zibil
qutusunun yanına qoysam necə? Xadimə aləmə car
çəkər. Yox, tanış yerdə qoymaq olmaz,
üstü açılar, rüsvayçılıq olar. Bəs
necə edim? Aha, bildim! Yaxşısı budur, evə gedəndə
avtobusda qoyub düşərəm, guya təsadüfən
yadımdan çıxdı. Bir Allah bəndəsi
götürüb aparar"...
Fikirləşdiyi kimi də elədi. Axşam işdən
sonra evə qayıdanda kitabı avtobusda dizinin üstünə
qoydu, ətrafa göz gəzdirdi, sərnişinlərin
arasında duyuq düşəcək adam görmədi.
Növbəti dayanacaqda yanında bir nəfər gənc
xanım oturdu. Xanım da şübhəli adama
oxşamırdı, yol boyu gözü öz telefonunun
monitorunda idi. Vəli düşündü, bu telefonu
çıxaranın atasına rəhmət, hərənin
diqqəti əlindəki telefondadır, mənim gizlin
planımı heç kəs bilməz
Avtobus axırıncı dayanacağa
yaxınlaşırdı. Vəli, gözucu yanındakı gənc
xanıma tərəf baxdı, gördü, onun fikri hələ
də öz telefonundadır. O kitabı ehmalca dizinin
üstündən sürşüdərək yanına qoydu,
yəni təsadüfən unutmaq üçün zəruri zəmin
yaratdı. Sonra bu qalın cildi bir az da geri itələdi.
İndi işin əsas mərhələsi
qalırdı: Avtobus dayanan kimi durub düşəcək, daha
doğrusu, aradan çıxacaq. Kitab "təsadüfən"
oturacağın üstündə qalacaq. Başı telefona
qarışan xanım bunu heç görməyəcək.
Əsas məsələ avtobusdan aralanana qədərdir.
Uzaqlaşandan sonra kitabın Vəliyə məxsus olduğunu
heç kəs təsdiq edib boynuna qoya bilməz.
Avtobus dayandı, sərnişinlər qapının
ağzına toplaşdılar. Qapı açılan kimi
bir-birini itələyə-itələyə düşməyə
başladılar.
Vəli də cəld durub qapıya tərəf
yönəldi, adamların arasına qarışıb
düşdü.
"Şükür!" - bu söz Vəli Mütəliyevin
ürəyindən həmin məqamda keçdi.
Məxfi əməliyyatı uğurla başa vurub
kitabdan təzəcə canını qurtaran Vəli bir az
getmişdi ki, - Müəllim! - deyə arxadan səs
eşitdi.
Dönüb qeyri-ixtiyari geri baxdı. Gördü,
avtobusda yanaşı gəldiyi gənc xanım kitabı
götürüb onun arxasınca gəlir.
Vəli çevik çevrilib, qabaqdakı avtobusun
önünə keçdi. O bu cəld hərəkəti edərkən
gənc xanımın səsini yenə kürəyində hiss
etdi - Müəllim!
Bu çağırışı qulaq ardına verib
sürətli addımlarla irəliləyərək
çalışdı tünlüyə baş vurub
adamların arasında görünməz olsun. Bu ara gənc
xanımın səsi onun qulaqlarını bir neçə dəfə
yenə döyəclədi. Çönüb səs gələn
tərəfə boylandı, gördü qız əlində
kitab onu axtarır. Bu ara qənşərində başqa bir
avtobus dayandı. Marşrut onun marşrutu olmasa da, Vəli
avtobusa minib getdi.
Səhər işə gələndə Vəli adəti
üzrə masa arxasına keçib kompüteri açdı.
Bu əsnada qapı da açıldı. Dünən kitab hədiyyə
edən tanışı otağa daxil oldu, əlində həmin
kitab, üzündə həmin təbəssüm. Vəli
gözlərinə inanmadı, fəqət istər inan, istər
inanma, sənin inanıb inanmamağının gerçəkliyə
heç bir dəxili yoxdur. Gerçəkliyi isə bir dedim,
bir də deyim: kitab hədiyyə edən tanışı
otağa daxil oldu, əlində həmin kitab, üzündə
həmin təbəssüm.
- Dünən kitab sənin yadından
çıxıb avtobusda qalıb, - tanışı bunu deyib
kitabı onun əlinə verdi, - Allahdan olan kimi, mənim xalam
qızı da həmin avtobusda olub, hələ üstəlik,
sənin yanında otururmuş. Dalınca qaçıb, amma səni
tapa bilməyib...
Vəli hədiyyə-kitabı masanın üstünə
qoyub udqundu:
- Ay, Allah sənin də köməyin olsun, xalan
qızının da! Biləsən, dünən bu kitabı axtarmadığım
yer qalmadı. Gedib avtobus sürücüsündən də
soruşdum, dedi, burda kitab-mitab yoxdur. - Vəli bu sözləri
deyərək kitabı açıb baxdı, gördü,
doğrudan da, bu, üstü yazılı, dünən "Təsadüfən"
avtobusda qalan həmin kitabdır.
- Sənin qismətində imiş... Sən onu tapa bilmədin,
o səni tapdı, - müəllif gülümsünərək
əlavə etdi, - yaxşı mən getdim, dünən
hamıya kitab verə bilmədim, bəzilərinə bu
gün verməliyəm.
O dönüb getdi.
Vəli Mütəliyev yenə qalın cildli,
ağır çəkili hədiyyə ilə üzbəüz
qaldı.
Səhər Asan xidmətə getməli idi. Kitabı
da qoltuğuna vurub getdi. Oradakı işini bitirdikdən sonra
şüşə arxasında oturan oğlanın
gözünü güddü. Oğlanın başı sənədlərə
qarışdığını görüb, kitabı yenə
"təsadüfən" unudub binanı tərk etdi. Evə
təzəcə çatmışdı ki, telefona zəng gəldi:
- Asan xidmətdəndir. Müəllim,
kitabınızı burada unutmuşunuz. Buyurub gəlib
götürə bilərsiniz.
- Üstünüzə sağlıq, bir az
halsızam, qoy qalsın, sonra götürərəm, - dedi.
- Allah Sizə şəfa versin, müəllim, burada, sənəddə
ünvanınız qeyd olunub, halsızsınızsa, göndərərik,
bir azdan əməkdaşımız gətirər.
- Təşəkkür edirəm, - Vəli ta etiraz edə
bilmədi.
Bir azdan qapının zəngi çalındı,
kitabı gətirib Vəliyə təhvil verdilər.
Vəli hədiyyə-kitabı bir gün sonra
çörək dükanında "unutdu". Növbəti
səhər çörək almağa gedəndə hədiyyəni
qoltuğuna verdilər.
Sonra hüzur yerində "yadından
çıxdı". Mərhumun üç mərasimində
hədiyyəsi özünə qayıtdı.
Elə bil tilsimlənmişdi. Vəli heç vəch
ilə bu iri həcmli, ağır çəkili cilddən
yaxasını qurtara bilmirdi. Get-gedə zavallı kitabdan
qorxmağa başladı. Gözü təsadüfən ona
sataşanda karıxıb qalır, bir müddət
özünə gələ bilmirdi.
Olmadı, Vəli başqa bir çarə
axtarmalı, başqa bir çıxış yolu tapmalı
idi.
Yenə Vəlinin diqqətə layiq düşüncələrindən:
"İndi mən bunu yandırım, külünü
göyə sovurum, sonra qayıtsın, görüm necə
qayıdacaq!
Vəli bu dəfə də fikirləşdiyi kimi elədi.
Cibinə kibrit qutusu qoyub xəlvət bir yerə çəkildi.
Ətrafa boylandı. Həndəvərdə adam-madam yox idi. Nəfəsini
dərib bir az özünü toxtatdı. Sonra kibrit
çöpünü çəkib qır-saqqız kimi ona
yapışan bu qalın cildli hədiyyəyə od vurdu. Kitab
yanıb kül oldu, külünü külək sovurdu.
Vəli rahat nəfəs aldı. Əllərini ciblərinə
qoyub dodaqlarında biveccəsinə fit çala-çala evə
qayıtdı.
Aradan bir həftə keçdi. Bir gün həmin
tanışı zəng edib dedi - evdəsənmi, sizə gəlirəm.
Bu gözlənilməz zəngdən
çaşıb qalan Vəli Mütəliyev başqa bir
söz tapa bilmədi deyə, - gəl, - dedi.
- Siz tərəflərdəyəm, dedim, bura qədər
gəlmiş ikən, bir dostuma da baş çəkim.
Bu zəngdən sonra tanışı on dəqiqəyə
gəlib çıxdı. O, otağa daxil olub əlindəki
diplomatı yerə qoyan kimi kitab rəfinə göz gəzdirdi
- Vəli, mənim kitabım gözümə dəymir.
Hanı? - Karıxmış halda soruşdu.
Vəlinin cavabı hazır idi, tanışı zəng
edib - gəlirəm - deyəndə
düşünmüşdü:
- Qoyarlar ki, sənin kitabın qalsın!? - onun
cavabında əzbərlənmiş mətn kimi dedi, -
Tanış-biliş aparıb oxuyub qaytarırdı. Axırda
biri apardı, qaytarmadı. Dedim qaytar, özümə
lazımdır! Dedi, sən öl, qaytarmarn!
Bu cavabı eşidən müəllif
diplomatını açıb oradan beş ədəd kitab
çıxardı.
- Bilirəm, hamı bəyənir, hərə bir yana
çəkir, aparan qaytarmır, - bunu deyib diplomatdan
çıxardığı kitabları Vəliyə
uzatdı, - götür bu kitabları, biri sənin
özünə, yerdə qalanları da mənim yaradıcılığımın
vurğunlarına verərsən.
Vəli kitabları götürüb dərin, lap dərin
minnətdarlığını bildirərək kitab rəfinin
gözlərinə pərçimlədi.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2024.- 16 aprel,№64.- S.15.