Qəfil yada
düşənlər
Nəsr
Qızartı
Deyəsən, dördüncü sinifdə oxuyurdum.
Parta yoldaşım həmyaşıdım olsa da, məndən
iri, boy-buxunlu, canlı-cüssəli idi. Ancaq mən ondan
yaxşı oxuyurdum, sinfin əlaçı şagirdlərindən
biri idim. Bəlkə də elə buna görə parta
yoldaşım müəllimin gözündən yayınan kimi
məni dümsükləyir, incidirdi.
Bir dəfə məni necə bərk yumruqladısa,
dözə bilməyib ağlaya-ağlaya müəllimə
şikayət etdim. Cavan kişi müəllimizin qəfil
şilləsi kök-toppuş parta yoldaşımın totuq
sifətini pis tutdu. Yanağının bir tərəfi
qıpqırmızı qızardı. Müəllimin beş
barmağının da yeri dəcəl dostumun sifətində
qalmışdı.
Mənim də hər iki yanağım elə bil od
tutub yanırdı.
"Günahkar"ın yanağındakı
qızartı az sonra çəkilib getdi.
Mənimsə sifətimin qızartısı, elə
bilirəm ki, indiyəcən çəkilməyib...
İpiqırıq
Dövranını sürmüş,
gördüyünü görmüş, eşitdiyini də
eşitmişdi. Burasını da bilirdi ki, əvvəl-axır
uzun ömrün son ucu ölümdü. Təbabətə də
bələdliyi vardı...
Xəstəxanada yatırdı. Palatada
çarpayısı üstündə durub onu müayinə
edən cavan həkimin əllərindən bərk-bərk
yapışıb, dodaqlarına apardı, öpə-öpə
dil açıb yalvarırdı: "Doktor, amandı, qoyma
ölüb gedim! Dərdimə çarə qıl, sağalt
məni..." Həkimə ağzını açmağa
macal vermir, elə hey ağlayıb sıtqayırdı.
Demə, elə bir ciddi azar-bezarı yox imiş. Həkim
ağciyər xəstəsini sakitləşdirmək
üçün sözlər axtarırdı. Birdən onu
gülmək tutdu. Elə bil xəstə, cənab
Əzrayılın əl-ayağına
düşmüşdü...
Həkim uğundu: - A kişi, hələ səndə
ölümlük bir şey yoxdur, - dedi, - gözlə,
vaxtı gələndə Əzrayıla belə yalvar-yaxar edərsən
ki, canına qıymasın...
Kişi yataqdan quş kimi qalxdı. Elə bil bayaqki
zarıncı xəstə deyildi. Əlbəəl həkimin əllərini
ovcundan buraxıb yana itələdi.
Diligödəklik
Anadangəlmə qüsurlu doğulmuşdu. Dili yekə
idi, ağzına sığmırdı. Əvəllər
bundan sıxılır, utanırdı. İllər
keçdi...
Və o da yekə dilini ağzına sıxıb gizlətməyi
öyrəndi yavaş-yavaş... Sonra... Sonralarsa haqq-nahaq
diliuzunluq etməyə başladı.
...Məhkəmə idi, şahid kimi söz ona
verilmişdi. Ağzını açıb danışa
bilmirdi: dili gödək idi...
Xəsis
Gen-geniş, güllü-çiçəkli
bağ-bağçasında yan-yana düzülmüş
arı pətəklərinin sayı-hesabı yox idi. Beçə
balı kəsmişdi. İş üstünə gəlib
çıxmış yaxın qohumu üzə salıb eşitdirsə
də, simicliyindən qıyıb ona nübar bal vermədi.
Qohumu küsüb getdi.
Gecə atası yuxusuna girmişdi. Xəsisliyinə
görə onu xeyli məzəmmətləyib sonra da dönə-dönə
tapşırdı ki, bəs küsülü qohumun qəlbini
ələ alsın, öz əli ilə bal payını
yollayıb barışsın.
Aradan bir neçə gün keçmişdi. Qohumu ilə
rastlaşanda yuxusu yadına düşdü. Yanladı onu,
açıb yuxusunu danışdı. Sonra da ürəyindən
keçən sözləri dilinə gətirdi. - Bax, ha,
atamın öyüd-nəsihəti ilə sənə indi
müftə bal verəcəyimi ağlına belə gətirmə!
- dedi. - Barışırsansa, əl ver. Küsülü
qalırsansa, öz işindir... Atamdır da, noolsun yuxuma girib.
Gülüb göz vurdu: - Sözdür də deyib...
Əli üzündə quruyub qalmışdı. Birdən
uğunub getdi. Gedə-gedə əlini irəli uzatdı.
Məktub
Məktubu çoxdan yazıb tamamlamaq istəyirdim.
Ancaq qələmi əlimə alan kimi gözlərimin
yaşı yazdıqlarımı pozur.
O göz yaşları axa-axa yaxamı
çürüdüb.
Şərikli dərd
Bəsdir ağladın! Göz yaşlarını silməyə
sənə verəsi quru yaylığım yoxdur.
Təsəlli
Elə bilirsən ki, hayına hay verəcəm? Mənim
səsim çoxdan batıb...
Sənsiz
Niyə indiyəcən xəbərim olmayıb? Sən
demə, qış fəsli soyuq olurmuş.
Tənha
Əsası əlində idi. Dayaq duranı yox idi.
Quyu
Kor idi. Dünyanı gəzib dolaşa-dolaşa
günlərin bir günü noxud boyda qıyıq gözləri
ilə axtarıb siçan deşiyi tapanların
qazdıqları quyuya düşdü.
Döymələr
Əlini tez-tez sinəsinin sol tərəfində gəzdirə-gəzdirə
ovxalayardı. Sinəsinin o yerində bir döymə var idi: ox
sancılmış ürək. Və altında da belə bir
yazı: "Toxunma, yaralıdır..."
Gözlərini qapayanda başqa bir döymə
oxudular: "Oyatmayın, qoyun rahat yatsın!"
lll
Yəqin ki, cənnətdə yalnız Allahın
müqəddəs kəlamları, Quran ayələri oxunur.
Heç şübhəsiz, Rəbbimiz tərəfindən təkcə
Xudayarın izni var ki, şövqlə oxusun: "Vətən
yaxşıdır..."
lll
Didronun dedikləridir: "Xoşbəxtlik
üçün yekə qarnın, əzazil ürəyin
olmalı, vicdanınsa olmamalıdır".
Belə bir qənaətə görə, filosofu beynəlxalq
məhkəməyə verəkmi? Görək
ittihamçı kim olacaq? Bəs vəkilləri kim? Hakim tərəfləri
dinləyib ədalətli, qərəzsiz bir hökm
çıxara biləcəkmi?
Məhkəmə qərarından sonra apellyasiya
şikayəti vermək olacaqmı? Yoxsa hökm qəti və
dəyişilməz qalacaq?
lll
Hamını öz arşını ilə
ölçmüşdü...
İndi inciməyə, umub-küsməyə haqqı
yox idi.
Arşını, demə, uzun imiş...
lll
Əl tutmaq bir yana, gücü
çatdıqlarının əllərindəkiləri vurub
yerə salanlardan idi.
Varlı-hallı o kişi lovğa-lovğa əda ilə
Həcc ziyarətinə yollandı. Ziyarətin növbəti
tələbi şeytana daşatma mərasimi idi.
Əgər tanısaydılar, zəvvarlar elə onu
daşlayacaqdılar.
lll
Dünyaya gələndən bəri əlləri
göydə qalsa da, hələ də ovcu boş idi.
lll
Böyük Pyotr çar üzüyünün
qaşına yazdırmışdı: "Mən hələ
də şagird rütbəsindəyəm, həmişə
özümə müəllim axtarıram".
İşə bax, indi hər birimiz
özümüzü bir müəllim saya-saya
qarşımızdakına "dərs" keçməyə
hazırıq.
lll
...Bir vaxtlar Əzrayılın ocağından od
götürən hünərli-təpərli bir oğul idi...
...Bir gecə hövlnak çarpayısından
qalxdı. Dördgöz olub təlaşla, qorxu-ürkü
içində ətrafa boylanıb dinşək kəsildi...
...Qan-tər içində özünə gəlib
axır ki, rahat nəfəs aldı. Demə,
xışıltı salıb onu qorxudan siçan imiş...
lll
...Qızdırma içində yana-yana
ölüm-zülüm başını yastıqdan
qaldırıb dikəldə bildi. Güclə də olsa,
gözlərini açıb dörd dolandırdı...
Yastığının dibini kəsdirən,
başı üstündə duran yox idi.
Qırışmış sifəti göz yaşlarından
islandı. Köks ötürüb ah çəkdi.
"Kaş üstümdə ağlamağa bir kor anam
olaydı..."
lll
Yuxu görürdü. Yuxusunda da
dolanışığından, gün-güzəranından
yaradanına ah-zar edib şikayətlənir,
yalvarıb-yaxarıb pul-para diləyirdi...
Oyanıb köks ötürdü; ah çəkdi:
"Ya Rəbbim! Barı röyamda da olsa məni sevindirəydin!.."
lll
Deyirlər, cəhənnəmi nə az-nə
çox - on dörd mələk
idarə edir. Bəlkə indi o mələklərin elə
hamısı yerə eniblər. Sayları yenə azlıq
edir...
lll
Dünyanın qədim müdriklərindən Seneka
deyirdi ki, dövlətli ola-ola yenə də sərvət hərisliyində
olmaq dilənçiliyin əlamətidir. Dilənçilərimizin
sayı günü-gündən artır...
lll
Sokrat vacib məsələlərin həllinə cavab
tapmaq üçün qəlbinin səsinə qulaq
asırdı və o səsi "demon" (iblis) hesab edirdi.
Bəs indi biz kimin səsinə qulaq asırıq?
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet .- 2024.- 16 aprel,№64.- S.14.