Dilimiz - milli kimliyimiz
Azərbaycan dili Azərbaycan xalqının
yaratdığı ən möhtəşəm əsərdir.
Xalqımızın ən müqəddəs və ən qiymətli
milli sərvətidir. Hər kəlməsi, hər
sözü, adicə intonasiya və vurğuları minillik
tarixə malikdir.
Dilimizin varlığı xalqımızın milli
varlığının göstəricisidir. Vaxtı ilə
M.Ə.Rəsulzadə "Milli dirilik" məqaləsində
yazırdı: "Milliyyətin
ümdə rüxnünü (simasını - İ.V.) təşkil
edən şey dildir. Dil hər bir heyətin hansı bəşər
dəstəsinə mənsub olduğunu göstərən bir
lövhədir. Çünki dil həmən millət deməkdir".
Milli kimliyimiz olan Azərbaycan dili nənə və
babalarımızın bayatıları, nağıl və
dastanları, Oğuz elinin müşküllərini həll edən
Dədə Qorqudun, dediyindən dönməyən Nəsiminin,
dərdli Füzulinin, məğrur Xətainin, gözəllik
aşiqi Vaqifin, Aşıq Ələsgərin, filosof-dramaturq
M.F.Axundzadənin, böyük demokrat M.Cəlilin,
"ağlar-güləyən" M.Ə.Sabirin,
Ə.Cavadın, M.Müşviqin, S.Vurğunun, M.Arazın, M.H.Şəhriyarın
və onlarla
başqalarının ölməz söz-sənət əsərləri
ilə şərbət kimi şirinləşmiş, göz
yaşı kimi durulmuş, yad təsirlərdən qorunmuş
və kamil bir dilə çevrilmişdir. Ulu öndərimiz
H.Əliyev ana dili haqqında danışarkən, "Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin köklərə
malikdir. Şəxsən mən ana dilimi çox sevir və bu
dildə danışmağımla fəxr edirəm! - deyirdi.
Respublikamızda dil siyasətinin
formalaşdırılması, dilimizin hərtərəfli tərəqqisi
də dahi rəhbər Heydər Əliyevin adı ilə
bağlıdır. Azərbaycan dilinin həm ümumxalq dili, həm
də dövlət dili kimi inkişafında Ulu öndərin
misilsiz xidmətləri olub. Heydər Əliyev ölkəyə
rəhbərlik etdiyi bütün illər ərzində əzəmətli
dövlət işləri ilə yanaşı, Azərbaycan
dilinin inkişafı, tətbiqi sahələrinin genişləndirilməsi
uğrunda mübarizə aparmışdır. Dilimizin həqiqi
mənada, praktiki olaraq dövlət dili statusu qazanması da
Ulu öndərin səyləri nəticəsində
mümkün olmuşdur. Millətin dilinin dövlət dili
statusuna yüksəlməsi isə böyük tarixi hadisə,
milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Heydər Əliyev dühası ilə ana dilimiz həm ölkəmizdə,
həm də xaricdə diplomatik dil səviyyəsində ən
yüksək zirvəyə çatmışdır.
Əsası Ulu öndər tərəfindən
qoyulmuş dil siyasəti bu gün Azərbaycan
Respublikasının Prezidenti İ.Əliyev tərəfindən
uğurla davam etdirilir. Aparılan uğurlu siyasətin nəticəsidir
ki, indi ana dilimiz dünyanın inkişaf etmiş, qədim
yazı ənənələri və sabitləşmiş ədəbi
normaları olan dövlət dili statusuna malik nüfuzlu dillərdəndir.
Azərbaycan dili müxtəlif dövrlərdə
öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə
meydan oxumuşdur. Əsrlər boyu dilimiz nəinki azərbaycanlılar,
bütün Qafqazda yaşayan xalqlar arasında əsas
ünsiyyət vasitəsi olmuşdur. Təsadüfi deyil ki,
böyük rus şairi M.Y.Lermantov XIX əsrdə Qafqazda olarkən
dostu S.A.Rayevskiyə
yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər
vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək bir o qədər
vacibdir.
İndi dünyanın 90-a yaxın ölkəsində
əlli milyondan çox insan Azərbaycan dilində
danışır. Bu dil həm də ölkəmizdə
yaşayan azsaylı xalqların ikinci ana dili kimi işlənir.
Bu isə o deməkdir ki, Azərbaycan dili dünya azərbaycanlılarının
həmrəyliyi və milli birliyinin sarsılmaz təməlinə
və simvoluna çevrilmişdir.
Bu gün Azərbaycan dili sadəcə ünsiyyət
vasitəsi olaraq qalmır. Fəxr etməliyik ki, doğma
dilimiz indi beynəlxalq statusu almış dünya dilləri ilə
bir sırada yüksək diplomatik məclislərdə səslənir,
kompüter sistemində istifadə edilir, internet səhifələrində
oxunur. Dünya ədəbiyyatının inciləri dilimizə
uğurla tərcümə edilir, xarici vətəndaşlar Azərbaycan
dilini öyrənirlər. Bu arada qeyd etmək istərdik ki,
xaricilərin dilimizi öyrənmələrinə kömək
məqsədi ilə "Azərbaycan dilinin qloballaşma
şəratində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nda da qeyd olunduğu kimi, Azərbaycan dilində
daha çox internet resurslarının və onlardan daha
geniş istifadənin təmin edilməsi üçün yeni
internet texnologiyalarının yaradılmasına diqqət daha
artırılmalıdır. Maşın tərcüməsi
sistemlərinin və digər müasir tətbiqi linqvistik
texnologiyaların yaradılması və inkişafı
müntəzəm xarakter daşımalıdır.
Tədqiqatlar göstərir ki, beynəlxalq səviyyəli
dillərin nüfuzunun güclənməsi,
coğrafiyasının genişlənməsi,
funksiyalarının çoxalması; elm, texnologiya, sürətli
iqtisadi inkişaf, siyasi üstünlük və qloballaşma
yerli dillərin tənəzzülünə, inkişafdan qalmasına
səbəb olur, onlar tədricən öz statuslarını
itirirlər. Universal kommunikasiya vasitələrinə və
bütün insanlıq üçün ümumi dilə tələbatın
artması da bu prosesləri gücləndirir. Bu baxımdan
qloballaşmanın dünyanın dil mənzərəsinə
təsiri aydın surətdə müşahidə edilməkdədir.
UNESCO-nun verdiyi məlumata görə, yuxarıda qeyd etdiyimiz səbəblərdən
artıq dünyada mövcud olan dillərin 40 faizi yox olmaq təhlükəsi
altındadır.
Qloballaşma prosesinin təsiri ilə mürəkkəb
dövr yaşayan ana dilimizin bu gün qorunmağa və
möhkəmlənməyə daha çox ehtiyacı var.
Prezident İ.Əliyev 1918-ci ildə Ağdam Muğam Mərkəzinin
açılışı zamanı demişdir: "Bizim zəngin
dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir.
Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər
proseslər istər-istəməz dilimizə də təsir
edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq.
Bizim dilimizə lüzumsüz xarici kəlmələr
lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən
fikri, istənilən məsələni ifadə etmək
mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda
həm kütləvi informasiya vasitələrində, həm də
digər sahələrdə dilimizə yad kəlmələr
daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən
mövcud sözlər yeni sözlərlə əvəzlənir
və mən bunun qəti əleyhinəyəm. Bu gün
fürsətdən istifadə edərək, bir daha bildirmək
istəyirəm ki, hamımız öz dilimizi
qorumalıyıq".
Bəli, indi əsas məsələ milliliyi saxlamaqla,
ana dilinin varlığını qorumaqla dünyaya inteqrasiya
etməkdir. Düzdür, dilimiz dövlət səviyyəsində
prioritet siyasətin tərkib hissəsi olan dil siyasəti
çərçivəsində əhəmiyyətli dərəcədə
qorunur. Azərbaycan Respublikasının Prezidenti
İ.Əliyevin sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan dilinin qloballaşma şəratində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nı və dil siyasəti sahəsində
qəbul olunmuş digər normativ hüquqi aktları
xatırlamaq kifayətdir. Amma Azərbaycan dilinə dövlət
səviyyəsində diqqət və qayğı göstərilməsi
dilin qorunmasının bir tərəfidir. Digər tərəfi
isə, dil daşıyıcılarının özlərinin
dil siyasətinin həyata keçirilməsinə təkan verməsidir.
Dilin qorunması dövlətin dil siyasəti ilə
başlayır və dil daşıyıcılarının
ona riayət etməsi ilə tamamlanır. Dilin qorunması, zənginləşdirilməsi
və inkişaf etdirilməsi mövqeyindən, peşə və
ixtisasından, vəzifəsindən asılı olmayaraq
hamının və hər kəsin işidir.
Ü.Hacıbəyov yazırdı ki, "Ana dilimizə
əhəmiyyət verməsək, ola bilər ki, bir gün
dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili
batdı, o millətin özü də batar, çünki bir
millətin varlığına, yaşamasına isbat vücud
onun dilidir".
Əgər biz dilimizin həmişə var
olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin dediyi kimi, "...onu cameiyyəti -
milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi
amili ədd etməliyik (hesab etməliyik - İ.V.)".
Təəssüf ki, bu gün öz ana dilini bəyənməyən,
yersiz olaraq əcnəbi sözlərlə dilimizi zibilləyənlərin
sayı artmaqdadır (Q.Məhərrəmli son 15-20 ildə təkcə
mediada işlənən, çoxu "gözləmə
rejimi"ndə olan alınma sözlərlə bağlı
yazdığı izahlı lüğətdə ümumilikdə
2200-dən çox xarici leksik vahid qeydə
almışdı). Son illər hətta məişət səviyyəsində
yerli-yersiz əcnəbi dillərdən alınmalara yol verilir.
Vaxtilə "Molla Nəsrəddin"in səhifələrində
amansız tənqid olunan bu "obrazovonlulara" Ulu öndərin
bir öyüdünü xatırlatmaq istərdik: "Öz dilinizi
unutmayın və öz ana dilinizi heç bir başqa dilə
dəyişməyin". Bizim
"obrazovonlular" anlamalıdırlar ki, dil hər bir
kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin
namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə
görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən
anamızın dilidir. Atalar demişdir: "Dilini bilməyən
anasını tanımaz". Böyük Üzeyir bəy ana
dilini bilməyənləri "zavallı", Ulu öndərimiz
isə "şikəst adamlar" adlandırırdı. Nə
qədər haqlı və sərrast deyilmişdir!
Bu da bir həqiqətdir ki, bu gün bəzi vəzifə
sahibləri, imkanlı adamlar ana dilində
danışmağı özlərinə və
övladlarına rəva bilmir, balalarının təlim-tərbiyəsini
hətta xaricdən dəvət olunan əcnəbilərə
etibar edirlər. Uşaqlarının ana dilində yox, ancaq
xarici dillərdə (əsasən ingilis dilində) təhsil
almasını istəyirlər. Zənn edirəm ki, belələrinə
böyük rus pedaqoqu K.D.Uşinskinin aşağıdakı
sözlərini xatırlatmaqda yarar var: "Ana dilində təhsil
almayan bir uşaq böyüdükdən sonra üzünə
nə qədər vətənpərvərlik maskası taxsa
da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə
gördüyü millətə xidmət edəcəkdir!"
M.Ə.Rəsulzadəyə görə də, yad dildə
təlim-tərbiyə verilən məktəblərdə məqsəd
birbaşa olmasa da, dolayısı ilə gənc nəsli
şovinizm ruhunda tərbiyələndirməyə xidmət
edir, gəncləri öz soykökündən
uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini
unutdurur, nəticədə vətəninə, xalqına fayda
verə bilməyən yad əxlaqlı bir insana çevrilir.
Belələri hansı vəzifədə işləməsindən,
harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq,
yad meyllərə uyacaq, öz nicatlarını yad ölkələrdə
axtaracaqlar.
Əlbəttə, xarici dilləri öyrənmək
lazımdır. Artıq qloballaşan dünyada ikidillilik (çoxdillilik) zərurətə
çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac
gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis
dilidir. İngilis dilində, yaxud başqa dillərdə
danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir
neçə dildə danışan insanlar həm şəxsi,
həm də professional həyatda daha geniş ünsiyyət
dairəsinə malik olurlar.
Tədqiqatlar göstərir ki, çoxdilliliyin bir
sıra üstün cəhətləri vardır. Filologiya
üzrə fəlsəfə doktoru, dosent E.Əliyeva
özünün "Ana dili və çoxdillilik problemləri"
məqaləsində bu barədə yazır:
"Çoxdilli insan əmək bazarında
üstünlüyə, dünya ölkələrinə sərbəst
səyahət imkanlarına, texnologiyanın imkanlarından
yüksək səviyyədə istifadə etmək
bacarığına malik olur.
Çoxdillilik beynin inkişafına təkan verir,
düşünmənin çevikliyini artırır.
İnsanda özünəinam hissi artır. Təcrübə
göstərir ki, insan hansısa xarici vətəndaşla onun
öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət
enerji alır, inamlı olur.
Çoxdilli insan tanış olduğu mədəniyyətlərin
təsiri altında daha kreativ düşünür. Ünsiyyət
dairəsinin genişlənməsi ilə insan öz həyatını
rəngarəng edir. Stressi azalır, onun məhsuldarlığı
artır.
Psixoloqlar da hesab edirlər ki, uşaq ana bətnində
eşitdiyi, duyduğu dili daha tez və asan öyrənmiş
olur. Bu səbəbdən də ana dilini öyrəndikdən
sonra, yəni dil inkişafının ikinci mərhələsində
xarici dilə keçid etmək tövsiyə olunur".
Görkəmli dövlət xadimi və şair Şah
İsmayıl Xətai demişdir: "Ərənlərimiz
bizə üç əmanət qoyub getmişlər: dilimiz,
torpağımız və qeyrətimiz". Dilimizi yaşatmaq, inkişaf etdirmək
və onun saflığını qorumaq hər bir vətən
övladının qeyrət və namus borcudur.
Torpağımız kimi ana dilimizi də işğaldan
qorumalı və gələcək nəsillərə ərməğan
etməliyik. Qloballaşma şəraitində ana dilimizdən
zamanın tələblərinə uyğun istifadə etməli,
ədəbi dilin normalarını ciddi surətdə gözləməli,
gənc nəslə milli dil sevgisini təlqin etməliyik.
Çünki dilimizin yaşaması xalqımızın,
tariximizin, milli varlığımızın və milli
kimliyimizin yaşaması deməkdir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2024.- 16 aprel,¹64.- S.13.