AMEA-da Füzulinin 530
illiyinə həsr olunmuş konfrans işə başlayıb
Aprelin 15-də AMEA-nın Rəyasət Heyəti,
AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri
və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı
ilə "Dahi Azərbaycan şairi Məhəmməd
Füzuli müştərək müsəlman mədəniyyətinin
yetirməsi kimi" adlı beynəlxalq elmi konfrans öz
işinə başlayıb.
Görkəmli Azərbaycan şairi Məhəmməd
Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransa 20-si
Türkiyə, İraq, Suriya, Özbəkistan, Rusiyadan olmaqla,
ümumilikdə 111 iştirakçı qatılıb.
AMEA-nın Əsas binasının Dairəvi zalında
baş tutan tədbirdə əvvəlcə Ulu öndər
Heydər Əliyevin dahi şairin 500 illik yubileyindəki
çıxışından kadrlar nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq
konfransın ölkə başçısının "Dahi
Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin
qeyd edilməsi haqqında" 25 yanvar 2024-cü il tarixli Sərəncamı
çərçivəsində keçirildiyini diqqətə
çatdırıb. Bildirib ki, sözügedən Sərəncam
dahi şairin irsini müstəqil Azərbaycan dövlətinin
idealları işığında Azərbaycançılıq
ideologiyası və Türk dünyası kontekstində yenidən
tədqiq etməyə imkan vermiş oldu.
Akademiyada Məhəmməd Füzulinin həyat və
yaradıcılığı ilə bağlı geniş tədqiqatlar
aparıldığını qeyd edən akademik İsa Həbibbəyli
hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən
dahi şairə həsr olunmuş 1000 səhifəlik kollektiv
monoqrafiyanın hazırlanmaqda olduğunu vurğulayıb. Həmçinin
ədibin UNESCO-nun "Dünya yaddaşı" beynəlxalq
reyestrinə daxil edilmiş anadilli "Divan"ının
yenidən çapa hazırlanacağını, ölkəmizdə
və beynəlxalq müstəvidə təqdimatlarının
keçiriləcəyini bildirib. Bundan əlavə, AMEA-nın
Əlyazmalar, Şərqşünaslıq, Ədəbiyyat və
digər institutlarında Füzulinin 530 illik yubileyinə həsr
olunmuş konfransların keçirildiyini, nəşrlərin
çapa hazırlandığını və bu prosesin il ərzində
davam edəcəyini söyləyib. Eyni zamanda İraqda da
Füzuliyə həsr olunmuş bir neçə tədbirin
keçirilməsinin nəzərdə tutulduğunu
vurğulayıb.
Tədbirdə çıxış edən
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva
bildirib ki, Azərbaycan ədəbi-bədii fikir tarixində
böyük rol oynayan, bir çox Şərq xalqları ədəbiyyatına
mühüm təsir göstərən böyük şair və
mütəfəkkir Məhəmməd Füzulinin ölməz
bədii-fəlsəfi irsi xalqımızın bəşər
sivilizasiyasına bəxş etdiyi əvəzolunmaz mədəni
sərvətdir. Akademik Gövhər Baxşəliyeva Azərbaycan,
ərəb və fars dillərində 16 irihəcmli əsərin
müəllifi olan dahi şairin
yaradıcılığının həm Qərb, həm də
azərbaycanlı tədqiqatçılarının onun
ecazkar yaradıcılığının
orijinallığını, poetikasının yüksək bədiiliyini
və incəliyini qeyd etdiklərini, onu Azərbaycan-türk ədəbiyyatı
tarixində ən həssas lirik və romantik şair
adlandırdıqlarını qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar
isə çıxışında tədbir
iştirakçılarını AYB-nin adından
salamlayıb, Füzulinin Nizami və Nəvai ilə birlikdə
Türk dünyasının ən böyük şəxsiyyətlərindən
biri olduğunu söyləyib. Füzulinin
yaradıcılığına nəzər salan AYB sədri
dahi şairin yazdığı mükəmməl əsərlərlə
Azərbaycan və dünya ədəbiyyatına təsir
etdiyini, onun hikmətinin əsrlərdir
yaşadığını bildirib.
İraq Strateji Araşdırmalar Mərkəzinin
direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri,
professor Mutaz Muhyi Əbdülhəmid Azərbaycanla İraq
arasında əlaqələrin inkişafına görə,
akademik İsa Həbibbəyliyə, akademik Gövhər
Baxşəliyevaya, Ədəbiyyat İnstitutunun şöbə
müdiri professor İmamverdi Həmidova, Şərqşünaslıq
İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz
Cümşüdlüyə və Şərqşünaslıq
İnstitutunun şöbə müdiri, fəlsəfə
üzrə fəlsəfə doktoru Elnur Mustafayevə İraq
Strateji Araşdırmalar Mərkəzinin və İraq-Azərbaycan
Dostluq Cəmiyyətinin Fəxti fərmanlarını təqdim
edib.
İraq Mədəniyyət Nazirliyi nəzdində
Türkman Mədəniyyət Mərkəzinin sədri,
"Türkman mədəniyyəti" jurnalının
baş redaktoru, doktor Sabah Kərküklü "Füzuli əl-Bağdadi
və tarixçilərin mübahisəsi", Əlişir Nəvai
adına Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri
doktoru, professor Nurboy Cabbarov "Əlişir Nəvai və Məhəmməd
Füzuli", Özbəkistan Respublikası Əndican
Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru
Salimaxon Mirzayevanın "Füzuli
yaradıcılığında şah beytlər", Rusiya
Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun aparıcı elmi işçisi, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun professoru,
filologiya elmləri doktoru Abuzər Bağırov "Məhəmməd
Füzuli və Azərbaycan ədəbiyyatında qəzəl
janrı", AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz
Cümşüdlü "Füzulinin ərəbcə poetik
irsinin tədqiqi haqqında" adlı məruzələrlə
çıxış ediblər.
Konfrans daha sonra Şərqşünaslıq
İnstitutunda bölmə iclasları ilə davam edib.
Konfransın işinə aprelin 16-da yekun vurulacaq.
525-ci qəzet .- 2024.- 16 aprel,№64.- S.11.