Quran-i Kərim haqqında əsas məlumatlar və zəruri qeydlər

 

Quran-i Kərim insanların həyatında dərin iz buraxmış nadir kitablardandır. İslam dünyasında Quranın təsiri cəmiyyət həyatına total şəkildə nüfuz etmiş, siyasət, mədəniyyət, incəsənət, hüquq sistemi, məişət və həyatın digər sahələri birbaşa Quranla bağlanmışdır. Quran, demək olar ki, hər bir müsəlmanı dünyaya göz açdığı andan qəbir evinədək müşayiət edir: İnsanlar övlad arzusu ilə Quran ayələrindən kömək umur, bismillahla və Quran ayələri ilə dünyaya gələn körpənin adını da çox zaman Qurandan seçirlər. Onun beşiyinə Quran ayələri asılır, o, Quran öyrənə-öyrənə yazib-oxumağı öyrənir, Quran ayələri ilə yaşayır, onları bir tilsim kimi üzərində gəzdirir, binaların divarlarında, ev əşyalarının və parçaların üzərində Quran ayələrini görür. Onun hər gün minarələrdən, minbərlərdən eşitdiyi də Quran olur. Hər bir müsəlman gündəlik namazında Quran ayələrini təkrarlayır, sevinəndə sevincini, kədərlənəndə kədərini, qorxanda qorxusunu Quranla dilinə gətirir. Müsəlman can verərkən belə onun ruhunun fani dünyadan üzülüşməsini asanlaşdırmaq üçün başı üzərində oxunan Yasinin sədalarını eşidir. Onun cəsədi üzərində Fatihə səslənir, bəzən onun qəbir daşına da Quran ayələri həkk olunur.

Quranın özündən qaynaqlanan dini elmlərdən başqa İslam dünyasının dilçilik, ədəbiyyatşünaslıq, hüquq kimi elm sahələri, təhsil sistemi, məhkəmələr, əsas incəsənət növü sayılan xəttatlıq, hətta memarlıq belə ilk növbədə Quranla bağlı idi.

Əsas ideyasını tövhid təşkil edən Quran insanları Qiyamət gününə, axirət dünyasına inanmağa səsləyir, cənnət və cəhənnəmin təsvirini verir, amma axirətə inamı təbliğ etsə də insanların fani dünyadakı həyatını nizamlamaq missiyasını da həyata keçirir, bəşər tarixini peyğəmbərlər tarixi kimi təqdim edir, haqq yolunu tutmayan qövmlərin acı taleyini göstərir. Quran həm də müsəlmanın həyat tərzini, əxlaq normalarını müəyyənləşdirən bir kitabdır.

VII əsrdə Ərəbistan yarımadasında nazil olan bu kitab ərəblərin savaş tarixinə yeni ideoloji don geyindirdi; indiyədək bir-biri ilə su, otlaq davası edən ərəb qəbilələri bir ideya ətranda birləşib cihada – Allah yolunda müqəddəs müharibəyə yönəldilər. İnsanların yeni birliyi -- eyni dinə tapınanların ümmət olaraq birləşməsi qəbilə təəssübkeşliyi olan əsəbiyyəyə qarşı qoyuldu.

Söz sənəti baxımından Quran müxtəlif surələrdə fərqli üslüb nümayış etdirir. Xronoloji baxımdan ilk surələrin - Məkkədə nazil olmuş surələrin qısa və emosional olduğunu görürük. Qafiyəli və bəzən hətta vəznli Quran ayələrini eşidən müşriklər onları kahin səcinə çox bənzədirdilər. İlk surələrdə dil gözəlliyinə, Quran nitqinin insanlara təsir gücünə xüsusi önəm verilir. Bununla belə, ayələr arasında məntiqi əlaqə gözlənilmir. Sanki Peyğəmbər şüurunda tək Allahın qüdrəti ilə bağlı yaranmış ideya və obrazlar axınını məntiqi ardıcıllığı gözləmədən insanlara çatdırır. Bu surələr Allahın qüdrəti və Qiyamət günü barədə nazil olan hökmlər qarşısında Peyğəmbərin hiss etdiyi çaşqınlıq və xofu, həyəcan, inamsızlıq və acıları, insanları öz dininə yönəltməyin ümidsizliyini və inamsızlığı əks etdirir. Məkkə dövrünün sonrakı surələrində və Mədinə surələrində bir qədər fərqli üslub nəzərə çarpır; burada uzun-uzadı, monoton ruh hakimdir. Quran-i Kərimdə dialoqlar, bədii təsvir və ifadə vasitələri, xüsusilə məcaz və təkrirlər mühüm yer tutur.

Bir ədəbi abidə, söz sənəti nümunəsi kimi, Quran-i Kərim öz ideya və məzmunu, yüksək bədii üslubu və fəsahəti ilə ərəb ədəbiyyatının sonrakı inkişafında dərin iz buraxmışdır. Quran-i Kərimin dil və ədəbiyyata təsiri ilk növbədə onun ərəbləri tamamilə Qureyş ləhcəsinə yönəltməsi idi. Cahiliyyət dövründə bu ləhcə Ərəbistan yarımadasının şimal regionlarındakı ərəblər qəbilələri arasında poeziya dili kimi geniş yayılsa da, hər bir qəbilə öz ləhcəsində danışırdı. Quran-i Kərim hətta cənub ərəblərinin əsas ləhcəsi sayılan himyər dilini də sıxışdırıb aradan çıxardı. Qureyş ləhcəsi əsasında yaranmış ərəb ədəbi dili Orta Asiyadan tutmuş Atlantik okeanı sahillərinədək böyük bir ərazidə yayıldı.

 

Quran-i Kərimin adları

Quranın bir sıra adları var. Təfsir kitablarından hər bir adın özünəxas cəhətlərə malik olub öz aralarında fərqləndikləri anlaşılır. Müfəssirlər bəzən Quranın bir sıra xüsusiyyətlərini bildirən məcid, kərim, əziz və sair sifətlərini də adlar cərgəsinə qoşaraq onun doxsan doqquz adı olmasını bildirirlər. Bu adlar içərisində ən geniş yayılmışları Quranla yanaşı Mushəf, Furqan, Lövh-i məhfuz (Lauhun mahfuzun), Zikr, Tənzil, Nur, Kitab və Hudadır.

Quran adı “qaraə” sözündən alınmışdır. Bu sözün iki mənası vardır: oxumaq və bir yerə toplamaq. Quran-i Kərimin ilk ayələri – əl-Alaq surəsinin ilk beş ayəsi ıqra (oxu!) sözü ilə başlayır. Ancaq Quran sözünün mənası ilə bağlı başqa fikirlər də vardır. Məsələn, əşərilərin fikrincə Quran qaranə (birləşdirmək, bir-birinə bağlamaq) sözündəndir. İmam Şafii isə Quranı heç bir kökə bağlanmayan xüsusi ad kimi həmzəsiz oxumuşdu. “Quran”sözünün siryani dilidəki “keryanə” (kitab oxuma) sözündən alınması barədə də fikirlər səslənir, amma ən düzgün olanı sözün qaraə (oxumaq) kökündən alınmasıdır.

Mushəfdə kitabın özü, səhifələri, tərtib olunmuş bir nüsxəsi nəzərdə tutulur. Quranda Mushəf sözünə deyil, ona yaxın suhuf sözünə rast gəlinir (Taha,133; əl-Ə‘lə, 18 və s.). Əgər Quran deyərkən, Kəlamullah – Allahın sözü anlaşılır, ilk öncə onun qiraəti, yadda saxlanılması düşünülürsə, Mushəf deyərkən vərəqləri, yazısı, üz qabığı və s. olan konkret bir kitab nəzərimizdə canlanır. Quran daha ümumi, daha abstrakt, daha səmavi olub Lövh-i məhfuza və metafizik anlamlara daha yaxındır. Quran adı daha səmavi olmaqla, Mütləq Ağıla, Ruha, Loqosa bənzər bir məfhumdur. Beləliklə, Quran daha mücərrəd və səmavi bir anlamdır. Mushəf isə daha maddi, daha konkret bir kitabdır. Bu səbəbdən Füzuli deyirdi:

 

Müshəf demək xətadır ol səfheyi-cəmalə,

Bu, bir kitab sözdür, fəhm edən əhli-halə.

 

Bəzən alimlər Quranın xristianlıq dinindəki qarşılığının Hz. İsa olduğunu söyləyirlər. Hər ikisi – Quran da, hz. İsa da Allahın kəlamıdır və hər ikisi bakirə bir zəmində yarandı: Hz. İsanı bakirə Məryəm ana dünyaya gətirdi. Quran isə ümmi peyğəmbər Məhəmmədə nazil oldu.

Arami kökündən olan Furqan (əl-Baqara,185; əl-Furqan,1 və s.) sözünün mənası “fərqləndirib ayırmaq” deməkdir. O, haqqı batildən ayıran kitab olaraq dəyərləndirilir. Bəzən Furqanı Quranla yanaşı müqəddəs kitabın ən mühüm adlarından sayırlar. Quran-i Kərimdə bu söz yalnız Quranın adı kimi deyil, həm də Tövratın adı (əl-Baqara, 53; əl-Ənbiya, 48) kimi işlənir. İnsanlara haqqı batildən ayırmağı öyrədən Furqanın aydın, hökmü bəlli ayələrə aid işləndiyini zənn edənlər də var. Ayrıca olaraq, sufilər bu ada önəm verirdilər. Onların fikrincə, Quran elmləri bütöv, cəm halında ehtiva edir, Furqan isə onları bir-birindən ayırıb fərqləndirir.

Lövh-i məhfuz bütün müqəddəs kitabların əsasında dayanan meta-kitab, arxetipdir. Əl-Buruc surəsinin 21-22-ci ayələrində Quran barədə deyilir:

O, Lövh-i məhfuzda (Qorunan lövhədə) saxlanan şanlı Qurandır.

Bir çox sami dillərində işlənən lauh-lövh sözü “yazı taxtası”nı, “lövhə”ni bildirir. “Lövh” sözünün ərəb dilindəki məna qatlarında həm bədən, həm də hava, səma, göylərlə bağlı çalarlara rast gəlinir. Quranda bəzən “lövh” sözü ilə arxetipik kitab deyil, peyğəmbərlərə nazil olan konkret kitab başa düşülür (əl-Əraf, 145). Əl-Qamər surəsində (ayə 13) sözün fərqli bir mənası ilə rastlaşırıq: burada Nuhun gəmisinin lövhələrdən hazırlandığı bildirilir.

Quran-i Kərimdə kitab arxetipi yalnız Lövh-i məhfuzla məhdudlaşmır. Əl-Vaqiə surəsinin 78-ci ayəsində Quran-i Kərimin gizli saxlanılan kitabda (kitəb məknun) hifz olunduğu göstərilir və müqəddəs kitabımızın əbədi və əzəli bir kitabın bir növ surəti olduğuna işarələr edilir. Bəzən “umm əl-kitəb” (Kitabın anası) da əbədi və əzəli bir kitab mənasında işlənir (məsələn, Əl İmran, 7).Əl-Hadid surəsinin 22-ci ayəsində deyilir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o bir kitabda (lövh-i məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır.

Umm əl-kitəb kitab arxetipi olmaqla bərabər, həm də Fatihə surəsini bildirir.

Tənzil isə Quranın nazil olmasını, özü də bir dəfəyə deyil, hissə-hissə nazil olmasını bildirir (əş-Şuara, 192; əl-Kəhf, 106).

Həm də surələrin birinin adı olan Nur müqəddəs kəlamın nurla, işıqla əlaqələndirilməsindən doğur.

Ümumiyyətlə, Huda, Nur, Bəyan Quranın funksiyası, insanları Haqq yoluna çıxarması ilə bağlı adlardır. Ayrıca olaraq Kitəb (əl-Baqara, 213; Əl İmran, 81) isə yazmaq (kətəbə) ilə bağlı olub Quranın yazılı abidə olmasını vurğulayır, bununla da, şifahi oxu ilə yazılı qeydləri fərqləndirir.

Vəhy

Quranın mahiyyətini anlamaq üçün ilk növbədə vəhy anlamını başa düşməliyik. Çünki Quran-i Kərim Allahın Məhəmməd peyğəmbərə vəhylə göndərdiyi bir kitabdır. İslamın zühurundan sonra bu dinə qarşı düşmən mövqedə olan müşriklər vəhylə nazil olan Quranı kahin səci və şeir hesab etmiş, Avropanın bir sıra ateist alimləri isə, Məhəmməd peyğəmbərin yaşadığı vəhy prosesini bir ruhi patologiya, xəstəlik kimi təqdim etmişlər. Ancaq XX əsrdə bir çox alimlər bu prosesi sağlam bir insan olan peyğəmbərimizin şüurunun intensivləşməsi, dəyişmiş forması kimi təqdim edir (Bu barədə Y. Rezvanın “Quran və onun dünyası” kitabında ətraflı məlumat var).

Vəhyin ağır bir proses olması Quranın özündə də əks olunub:

Əgər biz bu Quranı bir dağa nazil etsəydik, sən dağın (Allahın) qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin (əl-Həşr, 21).

Vəhyin növləri çoxdur. Peyğəmbərimizə vəhy çox vaxt mələk vasitəsilə nazil olub. Vəhy mələyi bəzən insan görkəmində görünür. Peyğəmbər demişdir: “Bəzən mələk mənim yanıma insan surətində gəlib mənimlə danışır, mən də onun söylədiklərini öyrənirəm. Bu mənim üçün vəhyin ən asan gəlişidir”. Bəzən də vəhyin gəlişi zamanı peyğəmbəri titrəmə tutar, o, ağır bir vəziyyətə düşərdi. Onun qulaqlarında uğultu eşidilər, o, başını aşağı endirər, alnından tər axar, nəfəsi təngiyərdi. Vəhy daha çox gecəyarısı, səhərin açılmasına yaxın nazil olurdu.

Vəhyin başqa bir növü gerçək yuxudur. 23 illik vəhy prosesinin altı ayında Peyğəmbərimiz vəhyi gerçək yuxu şəklində qəbul edib. Buna görə də yuxu peyğəmbərliyin qırx altıda bir hissəsi sayılır. Bir sıra hədislərdə peyğəmbərlərin yalnız gözlərinin yatdığını, qəlblərinin isə oyaq qaldığı bildirilmişdir. Peyğəmbərlərin röyaları da əslində bir vəhydir. Belə ki, İbrahim əleyhissəlama oğlu İsmailin (ə.) qurban kəsilməsi barəsində göstəriş ona yuxusunda agah olmuşdur. Eləcə də Yusif peyğəmbər öz gələcək taleyini yuxuda görmüşdür. Bir hədisdə deyilir: “Mənə: “Ey Məhəmməd, gözlərin uyusun, qulaqların eşitsin, qəlbin əzbərləsin” – deyilib.

Peyğəmbərimizin iki dəfə arada vəhy mələyi olmadan Allah Təala ilə ünsiyyətdə olması göstərilir. Buna ən-Nəcm surəsində (ayə 9) işarə edilib. Burada Peyğəmbəin Allah Təaladan (və yaxud vəhy mələyi Cəbraildən) iki yay uzunluğunda məsafədə olması bildirilir (qabə-qövseyn). Mütləq varlığa yaxınlığı bildirən qabə-qövseyn klassik ədəbiyyatda tez-tez rast gəlinən məcazi ifadələrdən birinə çevrilib. Əl-Baqara surəsinin son iki ayəsinin birbaşa vəhylə nazil olması bildirilir.

Vəhy əksər vaxt eşitmə hissi ilə reallaşırdı, amma bəzən görüntülü də olurdu. Bəzən Allah Təala ilə birbaşa əlaqənin yuxuda da baş verdiyi söylənilir. Məhəmməd peyğəmbərdən söylənilən bir hədisdə deyilir: “Mən yuxuda ikən Rəbbimi ən gözəl surətində ikən gördüm”. Ümumiyyətlə, Peyğəmbərin Allah Təalanı görməsi barədə müxtəlif hədislər mövcuddur. Bir hədisdə deyilir:“ Ey Rəsulullah, Rəbbini görmüsənmi? Peyğəmbər dedi: mən bir nur görmüşəm”. Başqa bir hədisdə isə deyilir ki, Peyğəmbər Allahı gözləri ilə deyil, qəlbi ilə iki dəfə gördüyünü söyləmişdir. Peyğəmbərin Allahı merac zamanı insan – yeniyetmə oğlan şəklində görməsi ilə bağlı deyim də klassik ədəbiyyatda, xüsusilə sufi ədəbiyyatında tez-tez rast gəlinən motivlərdəndir. Hadis-i ruyə adlanan bu deyim, mötəbər hədis toplularında yer almır. Bununla belə, ibn Hənbəldən söylənilən bəzi xəbərlər həmin hədisin mövcudluğu və ibn Abbasa istinadən söylənilməsi barədə deyimlərə rəvac vermişdir.

Quran-i Kərimdə başqa peyğəmbərlərin vəhyi qəbul etməsi də əks olunub. Allah Musa peyğəmbərlə yanar ağac arxasından danışıb. İsaya gəlincə, Allah onun dili ilə insanlara müraciət edib. Ona görə də İsa “kəlimətullah” (Allahın kəlamı) adlanıb (Əl İmran, 45).

Quranın quruluşu

Quran-i Kərim peyğəmbərimizə 23 il müddətində nazil olmuşdur. Onun ilk ayələri əl-Alaq surəsinin ilk beş ayəsidir. Quranın ən son ayəsi isə əl-Məidə surəsinin 3-cü ayəsi sayılır ki, Vida həcci zamanı nazil olub.

Quran 30 cüz, 60 hizb, 114 surə, təxminən 6236 ayədən ibarətdir. Quranda tərtib baxımından ilk olaraq yeddi ayədən ibarət əl-Fatihə surəsi gəlir. Namaz zamanı təkrarlandığından buna “təkrarlanan yeddi” (səb əl-məsəni) deyilir. Fatihədən sonra surələr həcm etibarilə bəzi istisnalarla böyükdən-kiçiyə doğru düzülür.

Qurandakı hökmlər 3 qrupa bölünür: hamının anladığı hökmlər; ancaq Peyğəmbərin anladığı hökmlər; sirri ancaq Allaha aid olan hökmlər.

Ayə sözünün hərfi mənası “gizli işarə”, “möcüzə” anlamlarına gəlir. Bu sözün etimologiyasını müəyyənləşdirməlk çətindir. Ərəb dilində müvafiq kök olmadığı kimi, digər sami dillərində də eyni şəkildə olan müvafiq söz nəzərə çarpmır. Quranın özündə bu söz təxminən 400 dəfə işlənir. Quranın bəzi ayələri – ayət əl-kürsi (əl-Baqara, 255), ayət ən-nur (ən-Nur, 35) xüsusilə uca tutulur və dua kimi işlənir. Eləcə də əl-Baqara surəsinin son iki ayəsinin insanlara xoşbəxtlik gətirəcəyinə inam var.

Bəzi Quran ayələrinin hökmü yeni bir ayə ilə əvəz olunur (əl-Baqara 106; ən-Nəhl, 101). Bu cür ayələr mənsux ayələr adlanır. Onları əvəz edən ayələrə isə nəsix ayə deyilir. Mənsux ayələr üç qrupa bölünür.

Hökmü ləğv edilib mətni qalan ayələr. Buna misal olaraq, şərab barədə bəzi ayələri (əl-Baqara, 219; ən-Nisə, 43; əl-Məidə, 90) göstərə bilərik. Əl-Baqara surəsində şərabda həm ziyan, həm də xeyir olduğu bildirilir, ən-Nisədəki ayə sərxoş halda namaz qılmağı qadağan edir, əl-Məidə surəsi isə şərabı şeytan əməli sayır. Əl-Məidə surəsindəki hökm şərabda həm də mənfəət olması barədəki hökmü (əl-Baqara, 219) ləğv edir.

Hökmü saxlanılıb ləfzi pozulan ayələr. Adətən, buna rəcmlə, yəni zinakarlıq yapanların daşqalaq edilməsi ilə bağlı ayəni aid edirlər. Quranda zina barədə deyilir ki, zinakarları yüz qamçı zərbəsi ilə cəzalandırmaq lazımdır (ən-Nur, 2). Hz. Ömər bu ayədə ləfzi-mənsux olduğunu iddia edib. Yəni, zinakarları daş-qalaq etmək barədə hökm qalıb, ancaq onun ləfzi pozulub. Bu məsələdə müxtəlif məzhəblər və hüquq sistemləri arasında fərq var. Amma bir məsələ nəzərə alınmalıdır ki, Ömər kimi bir nüfuz sahibi belə bu ayəni Quranda yazdıra bilməyib. Bu, Quranın ilkin nüsxəsinin nə dərəcədə mükəmməl və təhriflərsiz olmasına dəlalət edir.

Həm ləfzi, həm də hökmü mənsux ayələr. Buna misal olaraq, aşağıdakı mətn göstərilir və onun guya ayə olması bildirilir:

 İnsan övladının iki vadi sərvəti olsa, o üçüncüsünü də istəyər. Onun qarnını ancaq torpaqla doyuzdurmaq olar.

Qeyd etmək lazımdır ki, yuxarıdakı mətn mənbələrdə ibn Abbasdan söylənilən hədis kimi yer alır.

Nəsix-mənsux məsələsi İslamda həmişə mübahisə obyekti olub. Mübahisəyə mənsux ayələrin tilavəti, Quran ayəsinin hədisi, hədislərin isə ayəni nəsx etməsi və s. məsələlər də daxildir. Bu məsələdə çoxsaylı məzhəb və təriqətlərin öz yolu olub. Məsələn, sufilərin çox sevdiyi və Allahla bağlı sufiyanə mülahizələrə geniş meydan açan aşağıdakı ayə bəzi mühafizəkar üləma tərəfindən mənsux sayılır: Şərq də, Qərb də Allahındır. Hansi tərəfə yönəlsəniz (üz tutsaniz), Allah oradadır (əl-Baqara, 115). Bu ayənin müsəlmanlara üzlərini Kəbə məscidinə çevirmək buyurulan ayə ilə əvəz edildiyi bildirilir (əl-Baqara, 144).

Quran ayələrinin başqa bir təsnifatı onların nə dərəcədə anlaşıqlı olması ilə bağlıdır. Hökmü bəlli ayələr muhkəmət adlanır. Hökmü qaranlıq olub bir çox şərhlərə yol açan ayələr mutəşəbihət adlanır. Ən-Nur surəsinin 35-ci ayəsi buna misal ola bilər:

Quran-i Kərimin 29 surəsinin önündə huruf muqattaa (ayrılmış hərflər) adlanan hərflər vardır. Bu bir (nun və qaf), iki (ya sin, ta ha), üç (əlif, ləm, mim və s.) və daha çox ola bilər. Tilavət zamanı bunlar hərflərin adı ilə oxunur. Bəzi surələr (Yasin, Taha, Qaf, Nun, Sad) bu hərflərin adı ilə adlanır. Qeyd edək ki, bu hərf qruplarından ən çox işlənəni əlif, ləm, mim (əl-Baqara, Əl İmran, əl-Ənkəbut, ər-Rum, Loğman, əs-Səcdə surələri) və ha mimdir (əl-Ğafir, Fussilət, əş-Şura, əz-Zuxruf, əd-Duxən, əl-Cəsiyə, əl-Əhqaf surələri). Şiə ədəbiyyatında ha mimlə başlayan surələrin şiə imamları ilə bağlılığına inam var.

“İşıq hərfləri” adlanan huruf muqattaanın mənası müxtəlif cür izah edilir. Bəzən hər hərfin bir söz bildirdiyi, xüsusilə Allahın gözəl adlarını ifadə etdiyi söylənilir. Bu fikir, xüsusilə, sufilər arasında geniş yayılıb. Bəzən də bu hərflərin Quran yazıya alınarkən xəttatların qeydləri olmasını və bu qeydlərdə bu və ya diğər surəni hafizəsində saxlayan səhabənin adının nəzərdə tutulması zənn edilir. Həmin hərflərin surələrin digər adlarının baş hərflərini bildirməsini söyləyənlər də var.

 

Aida QASIMOVA

Professor, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi

aidagasimova@bsu.edu.az

525-ci qəzet .- 2024.- 16 aprel,¹64.- S.10;11.