Üzeyir Hacıbəyli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə  

 

"Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarından elmi məqalələr" kitabının aprelin 3-də gerçəkləşən təqdimatı mədəniyyətimiz və musiqi ictimaiyyətimiz üçün önəmli hadisə oldu. İttifaqın Üzeyir Hacıbəyli adına konsert salonunda təşkil edilmiş tədbiri Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açaraq hazırkı dövrdə Azərbaycanda bir sıra beynəlxalq səviyyəli musiqi festivallarının uğurla keçirildiyini önə çəkdi: "Ənənəyə çevrilən bu festivallar Azərbaycanla dünya ölkələri arasında mədəni əlaqələrin genişlənməsinə də təkan verir. Bunların içərisində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etməliyik".

F.Əlizadə bildirdi ki, 2009-cu ilin 18 sentyabrından, hər il bir neçə gün davam etməklə təşkil olunan bu festivalda Bəstəkarlar İttifaqı da fəal iştirak edir: "Artıq bu da bir ənənəyə çevrilib ki, festival çərçivəsində bir neçə tədbir məhz Bəstəkarlar İttifaqında təşkil olunur. Kamera musiqisi konsertləri, xaricdən gələn musiqiçilərlə görüşlər, elmi konfranslar buna misaldır. Təqdim olunan bu kitab məhz Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarında keçirilən elmi konfransların materialları əsasında tərtib edilib. Qeyd edək ki, 18 sentyabr həm də Üzeyir bəyin yaxın silahdaşı, görkəmli sənətkarımız bəstəkar Müslüm Maqomayevin də doğum günüdür. Ü.Hacıbəyli Beynəlxalq Musiqi festivalı çərçivəsində M.Maqomayev də ehtiramla yad olunur və onunla bağlı da tədqiqatlar aparılır. Odur ki, təqdimatı keçirilən topluya daxil olan maraqlı məqalələr həm sırf Üzeyir bəy irsinin elmi tədqiqinə, həm də Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin birgə fəaliyyətlərinin öyrənilməsinə həsr edilib. Əsasən çıxış formasında olan bu araşdırmaları biz məqalə şəklində oxucularımıza təqdim edirik".

Kitaba akademik Zemfira Səfərovanın "Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqisi müstəvisində", professor Rəna Məmmədovanın "Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin operalarının ilk tamaşalarında", professor Zemfira Qafarovanın "Azərbaycan opera incəsənətində "Koroğlu" ənənələri", professor Fəttah Xalıqzadənin "Üzeyir Hacıbəyli yaradıcılığının etnomusiqişünaslıq elminin inkişafında rolu", sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin "Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında" məqalələri və digər materiallar daxil edilib. Nəşrdə Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, professor Könül Nəsirova, Xalq artisti, Üzeyir Hacıbəyli Ev-muzeyinin direktoru Sərdar Fərəcov, professor Kamilə Dadaşzadə, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dosent Güllü İsmayılova, dosent Leyla Zöhrabova, professor Aytac Rəhimova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, professor Jalə Qulamova, dosentlər Həbibə Məmmədova və Rauf Bəhmənlinin də məqalələri layiqli yer tutur.

Kitabda məqalələri dərc edilən müəlliflərin əksəriyyəti təqdimata təşrif buyurmuşdular və onlar bir daha Üzeyir Hacıbəylinin işıqlı, mənalı ömür yolundan, zəngin yaradıcılığından bəhs etdilər. Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə elmlər doktoru Kamilə Dadaşzadə, dosentlər -nəşrin elmi redaktoru Günay Məmmədova və redaktor Aytən Babayeva da çıxış edərək bu kitabın Üzeyir bəy irsinin tədqiqinə növbəti töhfə olduğunu vurğuladılar. Təqdimat mərasimində Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev və pianoçular Günel Rəhimova, Gülnaz Eldarlının ifasında Üzeyir Hacıbəylinin əsərləri səsləndirildi. Tədbirin aparıcısı isə Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova idi.

Fikrimcə, keyfiyyətli musiqi əsl sərvətdir. Əbədi xatirəsi daima əziz tutulan Üzeyir Hacıbəyli musiqi mədəniyyəti tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi əvəzsiz yer tutur. Ü.Hacıbəylinin yaradıcılığından, əsərlərindən, milli üslubundan, yeniliklərindən, musiqi tarixindəki mövqeyindən və xidmətlərindən bir ömür boyu danışmaq olar. Ü.Hacıbəyli irsinə yüksək ehtiramımız əslində millət olaraq mənəvi borcumuzdur.

Ümummilli liderimiz Heydər Əliyev "Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir", "Mən Üzeyir Hacıbəylinin xatirəsi qarşısında baş əyirəm", "Sizi Üzeyir Hacıbəylinin irsinin yaşaması naminə birliyə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm" kəlamları ilə ölməz sənətkarımızı ən ali məqama ucaldıb.

Məncə, şanslıyıq ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqına Xalq artisti, professor Firəngiz Əlizadənin şəxsində dahi Üzeyir bəyin sənət yolunun parlaq davamçısı, musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, dünyaşöhrətli bir musiqi xadimi rəhbərlik edir.

İştirakımdan böyük zövq duyduğum təqdimat mərasimində Firəngiz xanımın Üzeyir bəy şəxsiyyəti və yaradıcılığı barədə söylədikləri bu mövzuda dinlədiyim ən əhatəli və dəyərli fikirlər kimi yaddaşıma həkk olundu. Firəngiz xanın Əlizadə bu barədə bildirdi: "Doğma torpağın ən dəyərli yetirməsi, vətənpərvər, fədakar, fitri istedada malik olan, sözün əsl mənasında, böyük, ziyalı - Şərq musiqisinin sönməz günəşi - Üzeyir Hacıbəylidir. Siz müxtəlif zövqlü ola bilərsiniz, musiqinin fərqli növlərini sevə bilərsiniz, klassik və ya romantik əsərləri dinləyə bilərsiniz. Amma Üzeyir bəyin musiqisi elə bir gözəlliyə malikdir ki, onu sevməmək mümkün deyil. Çünki onun ölməz əsərləri bütün zövqləri oxşayır və könülləri ram edir. Odur ki, Azərbaycan musiqisi məhz Üzeyir bəyin xidmətləri sayəsində dünyada şöhrət qazanıb".

F.Əlizadə bunu da qeyd etdi ki, Azərbaycan bəstəkarlıq məktəbinin yaranması və inkişafı məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. O, Şərqdə ilk bəstəkarlıq məktəbinin təməlini qoyaraq Azərbaycanda klassik musiqi janrlarının ilk nümunələrini yaradıb. Bu dahi şəxsiyyətin xidmətləri yalnız bəstəkarlıqla məhdudlaşmır. Üzeyir bəy pedaqoq, dramaturq, tərcüməçi, ictimai xadim və akademik kimi xalqımızın elm və mədəniyyət tarixinə dəyərli töhfələr verib: "Bu mənada Üzeyir bəyin qələmə aldığı ölməz musiqisini, elmi və publisistik əsərlərini qeyd edə bilərik. Məhz bu əsərlərin sayəsində Azərbaycan mədəniyyəti zənginləşib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf yollarında Üzeyir bəyin tələbələrinin də mühüm xidmətləri var. Çünki onlar məhz Üzeyir bəydən bəhrələnib, ondan dərs alıb, öz istedadları sayəsində professional musiqi nümunələrindən istifadə edərək, dəyərli əsərlər yaratdılar. Bununla da dahi Üzeyir bəyin varisləri - Qara Qarayev, Fikrət Əmirov və digər bəstəkarlarımızın əsərləri, ümumbəşəri sənət inciləri kimi, Azərbaycan musiqisini və musiqiçilərini dünyaya tanıtmağa nail oldular".

Firəngiz xanım qürurla vurğuladı ki, bu gün milli və professional musiqimiz dünya musiqiçilərinin diqqətindədir. "Bu yerdə, musiqi mənəvi körpüdür desək, yanılmarıq. Bu mənəvi körpünün müasir əsasını da respublikamızda keçirilən beynəlxalq musiqi festivalları təşkil edir".

Mən də, öz növbəmdə, bu önəmli layihənin uğurlu icrasına görə, başda Firəngiz xanım Əlizadə olmaqla, bəstəkarlarımızı, musiqişünas alimlərimizi, bütün yaradıcı kollektivi bir daha ürəkdən təbrik edirəm.

 

Aysel KƏRİM

"Accel" Groupun baş direktoru

525-ci qəzet .- 2024.- 16 aprel,№64.- S.8.