Naxçıvanın
elmi, ədəbi və mədəni mühiti:
aktuallığını itirməyən tədqiqat obyekti
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru,
filologiya elmləri doktoru Fərman Xəlilov 50 ildən
artıq elmi-pedaqoji fəaliyyətini Azərbaycan ədəbiyyatşünaslığının
aktual problemlərinə həsr etmiş dəyərli alim
ziyalımızdır. O, 20-dən çox kitab və
monoqrafiyası, 200-dək elmi-publisistik məqaləsi ilə ədəbiyyatşünaslıq
elminin, xüsusilə də Naxçıvanda elmi, mədəni
və ədəbi mühitin müxtəlif tarixi mərhələlərinin,
elmi ictimaiyyətə yetərincə məlum olmayan görkəmli
nümayəndələrinin həyat və fəaliyyətinin
qaranlıq məqamlarına işıq salıb, elmi yetirmələrinin
də fəaliyyətini bu istiqamətə yönəltməklə
bu gün də elmimizə öz töhfələrini verməkdədir.
Fərman müəllim yüksək təşkilatçılıq,
idarəetmə qabiliyyəti ilə yanaşı, məhsuldar
elmi fəaliyyəti, tükənməz elmi potensialı,
yaradıcılıq enerjisi, tədqiqatçılıq məharəti
ilə də seçilir. O, 2013-cü ilin sonlarından etibarən
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil
və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri kimi şöbənin
Naxçıvanşünaslıq elmi istiqamətində
uğurlu fəaliyyətini təşkil edib ki, bu da ən
müxtəlif aktual mövzularda elmi tədqiqat işlərinin
yerinə yetirilməsi, bir-birindən maraqlı və zəruri
elmi-kütləvi nəşrlərin ərsəyə gəlməsi
ilə nəticələnib. 2016-cı ildə həmin
bölmənin Əlyazmalar Fonduna direktor təyin edilən Fərman
müəllim fondun zənginləşməsi,
Naxçıvanda əlyazmaşünaslıq, mətnşünaslıq
elminin inkişafı istiqamətində də əvəzsiz
xidmətlər göstərir. Onun müstəsna elmi xidmətlərindən
biri də Əlyazmalar Fondunda çoxsaylı nadir əlyazma və
çap kitablarının düzgün komplektləşdirilərək
elmi mühitin səmərəli istifadəsi üçün
qorunub saxlanılmasını təşkil etməklə
yanaşı, həm də milli-mədəni irsimizin bu nadir
incilərini vaxtaşırı qruplaşdırıb dərin
elmi tədqiqata cəlb edərək kütləvi nəşr
etdirib elmi ictimaiyyətə çatdırmasıdır. Bu mənada
alimin "Naxçıvanın elmi, ədəbi və mədəni
mühiti: tədqiqlər" seriyasından olan nəşrlərini
xüsusilə qeyd etmək yerinə düşər. 2017, 2019
və 2021-ci illərdə nəşr edilən
üçcildliyin davamı olaraq bu yaxınlarda işıq
üzü görən dördüncü kitab
aktuallığı ilə diyarşünaslıq,
naxçıvanşünaslıq elminə qiymətli töhfədir.
Müəllifin özünün də məlumat
verdiyi kimi, əvvəlki kitablarla müqayisədə bölmələrin
adlarında çox cüzi fərqlər vardır, O, ənənəyə
uyğun olaraq dördüncü kitabı "Elm",
"Ədəbiyyatşünaslıq və əlyazmaşünaslıq",
"Mətbuat, maarif və mədəniyyət",
"Müsahibə, rəy və təəssüratlar"
adlanan dörd bölməyə ayırıb. Müəllifin
qətiyyətlə yazdığı "Kitabda
Naxçıvanla əlaqəsi olmayan heç bir yazı
yoxdur" fikrinə onu əlavə edə bilərik ki, yeni nəşrdə
toplanan, XX əsr və XXI əsrin ilk onilliklərində
Naxçıvanın elmi, ədəbi və mədəni
mühiti ilə bağlı mühüm elmi-ictimai əhəmiyyəti
olan məsələlər, ümumilikdə, Azərbaycançılıq
ideologiyası konteksində, Azərbaycan elminin, ədəbiyyatının,
mədəniyyətinin ayrılmaz qiymətli parçası,
üzvi vəhdət hissəsi kimi tədqiq və təqdim
edilir.
Kitabın "Elm" adlı birinci bölməsində
müəllifin Naxçıvan elmi mühitində
tarixşünaslığın əsasını qoyan əsər
kimi dəyərləndirdiyi, Naxçıvan Tədqiq və Tətəbbö
Cəmiyyətinin elmi katibi, ölkəşünas Hacı
Mibağır Mirheydərzadənin təxminən 100 il bundan əvvəl
gərgin elmi axtarışlar nəticəsində ərsəyə
gətirdiyi "Naxçıvan tarixi" əsəri
haqqında məqalə xüsusilə maraq doğurur. Müəllif
qeyd edir ki, əsərin zamanında ciddi elmi rezonans
doğurmasına, nəşrinə qərar verilməsinə
baxmayaraq, təəssüf ki, buna müyəssər
olunmamış, yalnız tədqiqatçının uzun gərgin
elmi axtarışlarının nəticəsində kitabın
əlyazması AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda tapılmışdı. Tədqiqatçı
Naxçıvanın təşəkkül tarixi və 1920-ci
ilədək olan dövrünün salnaməsi sayıla biləcək
bu əsərə elmi-yaradıcı münasibət bəsləyərək
Naxçıvanın təşəkkülü ilə
bağlı Mirheydərzadənin istinad etdiyi mənbələrdə
təsadüfi, qeyri-dəqiq məlumatlar, ziddiyyətli faktlar
da olduğunu diqqətə çatdırır. Bununla
yanaşı vurğulayır ki, belə qaynaqların
araşdırılması, onlarda Naxçıvan haqqında
qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr
olunması Azərbaycan tarixinin obyektiv elmi inkişafı
üçün misilsiz əhəmiyyət kəsb edir. Müəllif
təəssüf hissi ilə bildirir ki, müasir
tarixşünaslıq elminin tələblərinə cavab verən
bu tarixi elmi mənbəyə Naxçıvanla bağlı
çoxsaylı elmi tədqiqatlarda isnad olunmamışdır,
Azərbaycan tarixşünaslıq elminin ilk rüşeymlərindən
olan "Naxçıvan tarixi" kitabının indiyədək
çap olunmamasını haqlı olaraq
"tarixşünaslıq elmimizin itkisi" kimi səciyyələndirir.
Bəhs etdiyimiz bölmədəki digər məqalə
tanınmış Azərbaycan şairi Hüseyn Razinin ərsəyə
gətirdiyi, lakin obyektiv və subyektiv səbəblər
üzündən müdafiə edə bilmədiyi "İrəvanda
Azərbaycan ədəbi mühiti" adlı namizədlik
dissertasiyası haqqındadır. Professor Abbas Zamanovun rəhbərliyi
ilə bir vaxt Nizami Gəncəvi adına Ədəbiyyat və
Dil İnstitutunda yerinə yetirilən, 1972-ci ilin yanvarınadək
tamamlanmış dissertasiyanın mövzusu Prezident İlham
Əliyevin Azərbaycanın Qarabağdakı Tarixi Zəfərindən
sonra irəli sürdüyü Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasının
reallaşdırılması, Qərbi Azərbaycana məxsus zəngin
ədəbi-tarixi irsin öyrənilməsi kimi ciddi elmi
problemin həlli istiqamətində çox mühüm
aktuallıq kəsb edir. Rəşid bəy Əfəndiyev,
Mahmud bəy Mahmudbəyov, Həsən bəy Qazıyev, Mirzə
Cabbar Məmmədzadə, İbrahim Səfi, Firidun bəy
Köçərli kimi maarifpərvər
ziyalılarımızın İrəvanda ədəbi-mədəni
mühitin təşəkkülündəki misilsiz xidmətləri,
İrəvan müəllimlər Seminariyasının milli
müəllim kadrlarının hazırlanmasındakı rolu,
İrəvanda Azərbaycan ədəbi mühitinin qoşa
qanadını təşkil edən mətbuat və ədəbiyyatın
paralel inkişafı, bir çox publisistik nümunələrin
ilk dəfə elmi dövriyyəyə daxil edilməsi
dissertasiyanın əhəmiyyətliliyini bir daha təsdiq
edir. İrəvanda Azərbaycan teatrının təşəkkül
və inkişaf tarixi ilə bağlı araşdırmalar isə
daha bir mühüm faktı ortaya qoyur ki, 1886-cı ildə
İrəvan Müəllimlər Seminariyasında M.F.Axundovun
"Müsyo Jordan və Dərviş Məstəli
Şah" komediyasının səhnələşdirilməsi
faktı Azərbaycan teatrının yaranma tarixinin 1896-cı
ilə deyil, 10 il daha əvvələ gedib
çıxdığını təsdiq edir. İrəvanda
Azərbaycan ədəbi mühitinin hansı mənəvi
çətinliklər, mərhumiyyətlər hesabına
formalaşması ilə bağlı faktlar da milli tariximizin, ədəbiyyatımızın,
mədəniyyətimizin keçdiyi inkişaf yolunu öyrənmək
baxımından əhəmiyyətlidir. İlk bölməyə
daxil olan, "filologiya üzrə fəlsəfə
doktoru" elmi dərəcəsi almaq üçün
yazılmış "Mirzə Fətəli Axundzadə
obrazı Azərbaycan ədəbiyyatında" və "Azərbaycan
tarixi poemalarında ədəbi şəxsiyyətlərin bədii
obrazı" dissertasiyalarına rəylər orta və gənc
elmi nəsildə elmi-tədqiqat işinə tələbkar
münasibət, elmi rəhbərlik, opponentlik səriştəsi
formalaşdırmaq baxımından da təqdirəlayiqdir. Məqalələrdə
qeyd olunur ki, ədiblərimizin həyatı, mühiti,
müasirləri, yaradıcılıq taleyi ilə
bütöv şəkildə öyrənilməsində bədii
ədəbiyyatın da rolu inkaredilməzdir. Müəllif ədəbi-tarixi
şəxsiyyətlərin Azərbaycan poeziyasında, bədii
nəsrində və dramaturgiyasında, Azərbaycan səhnəsində
və ekran əsərlərində ən müxtəlif tarixi
mərhələlərdə təsvir edilən bədii
obrazlarını müxtəlif rakurslardan, tarixilik prinsipi və
müəllif təxəyyülü baxımından təhlil
edir, iddiaçıların elmi-nəzəri fikirlərinə
münasibət bildirir. Azərbaycan ədəbiyyatının
görkəmli simalarının bədii obrazlarının Azərbaycançılıq
ideologiyasi baxımından tədqiqat predmetinə çevrilməsi
təqdirəlayiq hesab olunur. Hər üç
dissertasiyadakı elmi-nəzəri mülahizələr, tarixi
hadisələrin bacarıqla ümumiləşdirilməsi,
xalq yaradıcılığından, tarixi faktlardan yerli-yerində
istifadə, tutarlı elmi mənbələrə isnad edilməsi
müsbət dəyərləndirir.
(Ardı var)
Mehriban SULTAN
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.-17
aprel,№ 65.- S.15.