Aktrisanın şirin-acı həyat
hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Ərimin Fərhada yaxşılıq etməsi barədə
söhbətlər yas yerindən mənim qulağıma gəlib
çatırdı, bilirdim ki, artistlər öz
dostlarını və tanıdıqlarını qeybət
süzgəcindən keçirməmiş
ötüşmürlər. Səhnə onları virtual aləmdə
məskunlaşdırdıqları kimi, başqası
haqqında həqiqətdən uzaq olsa da, söhbət
açmaq, uydurulmuş detallar bolluğu yaratmaqla, baş verənləri
və verməyənləri qarışdırıb
şişirtmək bizim dünyamızın əsas paralelləri
idi. Mən özüm də bu mühitdə
böyümüşdüm, belə söhbətlərə
qulaq asmışdım və heç vaxt özüm barəmdə
deyilənlərdən də o qədər inciməmişdim,
axı mən öz seximizə yaxşı bələd idim.
Mən artıq artistlər üçün baş verən
qəddar metamorfozanın ikinci mərhələsinə
yaxınlaşırdım. İkinci mərhələni birinci
ilə, əslində, keçilməz sədd ayırır.
Biz uşaq rollarını da, yeniyetmə obrazlarını da
yaradırdıq, lakin təbiəti aldatmaq mümkün
deyildir.
Hələ cavan olmağıma, Rafiqin əvvəlki tək
qızğın sevdiyi arvadı olmağıma baxmayaraq, mən
öz nisbətən xoş keçən, məni şikayətlənməyə,
gileylənməyə qoymayan gəncliyimlə
vidalaşmağa hazırlaşıram. Xoşbəxtlikdən,
mən fiquramı, iri gözlərimi qoruyub saxlamışam. Səhnə
boyası da onları kölgə altına sala bilməmişdir.
Yaxşı ki, bizdə səhnədə Çin artistləri
kimi üzü belillə boyamaq dəbi yoxdur, yoxsa onun da
özünəməxsus fəsadı ilə üzləşərdik.
Rafiqin alicənablığının həddi
yoxmuş
Mən çox sayda sınaqlardan keçmişəm,
14 yaşım olanda yaşlı kişi mənə evlənmək
təklifi etmişdi, aktrisa kimi şöhrət zirvəsinin
yamacına ayaq basanda Fərhadla qısa ömürlü
eşq macərası yaşamışdım, o bədbəxt
sonralar fəlakətli ömür sürmüş,
dünyadan vaxtsız köçmüşdü. Mənim həyatımı
rövnəqləndirən bir coşğunluqla Rafiqlə
sevişmiş və bu sevgi də xoşbəxt izdivacla nəticələnmişdi.
Rafiq Fərhada hər cür qayğı göstərmişdi,
onu işə düzəltmiş, özü də lap
yaxın nəzarəti altında. Onu öz yaxın dostu olan
nevropatoloqa da göstərərək, xahiş etmişdi ki,
onun müalicəsinin boynuna götürsün. Lakin bunlar Fərhadı
təbiətin ağır hökmündən xilas edə bilmədi.
Mən ərimin Fərhadın bədbəxtliyi barədəki
söhbətimə və təklifimə pis münasibət
göstərəcəyinə inanmırdım, lakin
özünün keçmiş rəqibinə belə mərhəmət
və qayğıkeşliklə yanaşacağı
variantı da ağlıma gəlmirdi. Mən bir daha hiss etdim
ki, o, mənim düşündüyümdən də alicənab
insan olmaqla, mənim hisslərimi də anlaya və
düzgün qiymətləndirə bilir. Mən bir daha söz
verdim ki, bu ləyaqət xəzinəsi olan insanı ölənə
qədər ən ali məhəbbətlə sevəcək,
bütün dünyamı ən əziz sevdiyim bu adama həsr
edəcəyəm.
Oxumuşdum ki, Culyetta Drue öz gəncliyini və xərçəngdən
ölənə qədər bütün həyatını
böyük Viktor Hüqoya həsr etmişdi və bu ilahi
sevgiyə görə özü də dahi
yazıçıya qismət olan bir ölməzliyə şərik
olmuşdu. Cülyetta Hüqonun məşuqəsi, sonda isə
onunla bir yerdə yaşayıb, mülki arvadı olmuşdu. Mən
isə Rafiqin qanuni arvadıyam və bu, mənim üzərimə
əlavə məsuliyyət qoyur. Elonza Abelyardan sonra bir saat da
artıq yaşamayacağını vəd etdiyi kimi, mən də
özümü Rafiqsiz görə bilmirəm, onun yoxluğu
ilə mənim də həyatıma son qoyulacaqdır, mən
də onun arxasınca dünyanı, bir an da olsun ləngimədən
tərk edərdim.
Fərhadı müayinə
edən həkim ərimə demişdi ki, onun vəziyyəti
o qədər də yüngül deyildir və beynindəki fəsad
onu sürətlə qocaldır, bir andaca onun ölümünə
səbəb ola bilər. Mən əlimdən gələni
etmişdim, ağır xəstəni isə sağaltmaq, mənim
nə qədər istəyim və arzum olsa da, imkanımdan kənardadır.
Ona görə Fərhadı bir gün itirəcəyimizi qorxu
içində gözləyirdim və bu faciə tezliklə
baş verdi. O, öz könlünü mehrab etməyə də
çalışmadı, bu mehrab onu yalnız Allahda təskinlik
tapmağa vadar edərdi. İdeyalarının
qarmaqarışıqlığı onu çox şeydən,
hətta Allaha ünvanlanan sədaqətdən də məhrum
etmişdi.
Rafiq Fərhadın dəfn və yas mərasiminin xərclərinin
öz üzərinə götürdü, axı onun yaxın
qohumları da yox idi. Mərasimdə əsasən
keçmiş səhnə yoldaşları iştirak edir, bu qəribə
adam haqqında xoş xatirələrini
danışırdılar. Onun ən böyük həyat
uğurunu isə ən gözəl aktrisaya vurulması və
ondan qarşılıqlı hisslərdən ibarət cavab
almasını hesab edirdilər. Onu da qeyd edirdilər ki, bundan
sonra aktrisanın yeni sevgilisi
olan ərinə daha qızğın sevgisi bizim aləmdə
möcüzə kimi görünür.
Mən Fərhadın vaxtsız ölümünə
kədərlənirdim, bunda azacıq da olsa özümü də
günahlandırırdım. Lakin bu barədə çox
düşündükdən sonra onun belə faciəli sonluqla
həyatını başa vuracağı ehtimalına səbəb
olan amilləri dərindən təhlil etdikdə, belə nəticənin
qanunauyğun olduğu qərarına gəlirdim. O, həyatın
irəli sürdüyü şərtləri, obyektiv şəraiti
nəzərə almağı bacarmırdı. Çünki
onun ambitsiyaları gücündən və imkanlarından
yuxarı idi. Az-çox biliyini də özünün parlaq
istedadı hesab edirdi, real həyatdan baş çıxara
bilmirdi. Konfutsinin sözü yadıma düşdü -
"Mühiti dəyişə bilmirsənsə,
özünü dəyiş". O isə dəyişə
bilməzdi, fantastik ideyalar aləmində yaşayırdı və
özünün dahi olmasına onda möhkəm inam var idi. O,
reallığın irəli sürdüyü şərtləri
qəbul etmək istəmirdi, əsl müasir nihilist idi.
İstedadı və gücü çatmadığı məsələlərdə
ağılsız qərarlar qəbul edir, enerjisini boş
mübahisələrə və yuxarı orqanlarla mənasız
mübarizələrə sərf edirdi. Ona təsir göstərmək
də çətin idi, özünü ən
ağıllı, bəlkə də daha müdrik adam hesab
edirdi. İnsaf xatirinə demək lazımdır ki, təbiət
onu heç də səfeh bir adam kimi yaratmamışdı,
yalnız özü haqqındakı yüksək və əsassız
fikiri onu sonralar ağır vəziyyətə
salmışdı.
Mənim gələcəyim barədə çoxlu
planlar cızırdı, inkar edə bilmərəm ki,
onların mənə müsbət təsiri
olmamışdır, o, məndə özümə,
istedadıma, qüvvələrimə böyük inam
yaratmışdı. Əslində özünün nail ola
bilmədiklərini mənim tərəfimdən
qazanılacağını arzulayırdı. Məni zirvələri
fəth etməyə qızışdırırdı. Mənimlə
evlənməyini təxirə salmaqda heç bir səbəb
göstərmirdi. İstəyirdi ki, mən daha böyük
şöhrət sahibi olum, hamı mənim qarşımda
baş əysin, yalnız bu mümkün olduqda, o, mənə
evlənməyi özünə rəva bilərdi. Bunda da onun
eqoistik məqsədləri özünü büruzə
verirdi. O, anlayırdı ki, özü heç nəyə
nail olmayacaqdır, əvəzində artıq yaşı
keçmiş arvadının kölgəsinə
sığınmaq, heç olmasa bununla öz istəklərinin
reallaşmasına çatmaq istəyirdi. Almaz barədəki nəzəriyyəsində
də birinci növbədə özünün almaz sahibliyinə
yiyələnəcəyi perspektivini
düşünürdü. Mən onu şöhrət alfonsu
adlandıra bilərdim, çalışardı ki, öz istədiklərinə,
gizlin niyyətlərinə məşhurluq qazanmış arvadı vasitəsilə nail olsun.
Mən şükür edirəm ki, biz evlənmədik, o, məni
və uşaqlarımızı atıb, öz ağlında
quraşdırdığı səadətini axtarmağın
arxasına düşəcəkdi, buddizm kahini kimi özünə
arzuladığı aşram axtaracaqdı. Bu Don Kixot mənə
xoşbəxtlik gətirə bilməzdi, özü isə məndən
bir ər kimi yaxşı fayda götürməyi umacaqdı.
Mənim bəxtim onda gətirdi ki, Rafiqlə tanış oldum
və ona qızğın məhəbbətim naminə mənə
xəyanət etməkdə suçladığım həmin
xəyalpərəst adamı birdəfəlik unutmağı
bacardım.
Fərhad barədə fikirləşəndə,
yadıma qocalmış şirin taleyi düşdü.
Praydın başçısı olan şir getdikcə
qocalmağa, taqətdən düşməyə
başlayır. Onun dəstənin başçısı kimi
qalması da böyük sual altındadır. Prayda rəhbərlik
etmək arzusunda olan cavan şir onunla vuruşub, qocanı məğlub
edir. Üstəlik, o, ağır yara alır və praydı tərk
etməli olur. O, tənha yaşamaqla, ölümünü
gözləyəcəkdir və tezliklə öləcəkdir,
axı onu dişi şir timsalında ovu ilə qidalandıran
olmayacaqdı. Rafiq cavan şir rolunda mənim həyatıma
daxil oldu, doğma şəhərini öz ambisiyası naminə
tərk etmiş, tənha və səfil qalmış Fərhad
isə qoca şir kimi sərgərdan həyata və şərəfsiz
ölümə məhkum oldu. Əslində, mən xilas oldum,
əvvəlki sevgilimin boş sözlərinə inanıb, əsəbi
gərginlikdən xəstələnsəm, çox güman
ki, sınıq təknə yanında qalacaqdım. Fərhad əslində
bədbəxt insan idi, eləsindən yaxşı ər
olacağı və ailəsini bəxtəvər edəcəyi
barədəki ümidin özü də ağılsız
qaydada aldanmaqdır. Özünü dahi kimi görən adam,
xəyallarının əksinə, unudulmuş və
acınacaqlı həyat keçirən bir kimsəsiz insan tək
dünyanı tərk etməli oldu. Mən gec də olsa
başa düşdüm ki, o, çox hallarda heç də mənimlə
səmimi olmamışdı, əsl məqsədi məni
özünün şəxsi piar-mehrabına (ictimayi rəyə
hesablanmış məqsədinə) qurban vermək imiş.
Rafiqə gəldikdə, onun başqa cür insan
olduğunu, alicənablıqda tayı-bərabəri
olmadığını bir daha yəqin etdim. Amerika Birləşmiş
Ştatlarında belə bir qayda vardır ki, əsl
filantropları, başqasının qayğısına
heç nəyi nəzərə almadan qalanları qiymətləndirərkən,
bu yolda əziyyətlərə dözənlərin qəlbinin
böyüklüyünü ştatların ərazisi ilə
müqayisə edirlər. Birinin ürəyini Arizonanın ərazisinə
bənzətmişdilər, sonra səhv etdiklərini
anlayıb, Texas ştatının ərazisi ilə müqayisə
etmişdilər, çünki Texasın ərazisi daha
böyükdür. Belə bir prinsipdən istifadə etsək,
mən Rafiqin ürəyinin böyüklüyünü ən
böyük regionumuz, ən gözəl təbiətə və
iqlimə malik olan, mədəniyyət simfoniyası hesab
etdiyimiz Qarabağla müqayisə edərdim. Axı valideynlərinə
görə o, Qarabağla da sıx bağlıdır, səmimiyyəti
və şirin zarafatı ilə
daim qarabağlıları yada salır.
Fərhadın dəfnindən bir neçə gün
sonra Rafiq üzünü mənə tutub, tam ciddi şəkildə
dedi:
- Mənim Byenvenyum, sən doğrudan da çox sədaqətli
və iradəli adamsan. Səhnədəki
canlandırdığın müsbət qəhrəmanların
sənə ikinci universitet təhsili veriblərmiş, onlar həm
də səni ailə həyatı üçün də
lazımınca hazırlayıblarmış. Səni mən
Şekspirin "Kral Lir"indəki Kordeliyaya bənzədirəm,
Kordeliya nankor bacılarından fərqli olaraq atasına necə
sədaqətli idisə, sən də mənə elə
müqayisə edilməyən bir sədaqət bəsləyirsən.
Mən bir daha səninlə evlənməyimə, ailə
qurmağıma görə çox xoşbəxtəm. Sən
mənə, nəslimə iki gözəl uşaq hədiyyə
vermisən. Vaxtilə sənin namizədliyinə hay-küylə
etiraz edən atam da, anam da, səndən çox
razıdırlar, hətta gəlinləri ilə fəxr etdiklərini
dəfələrlə dillərinə gətiriblər.
Sən sevilməyə, qızğın məhəbbətə
layiqsən, mən bunu ilk tanışlıqdan hiss etmişdim.
Sən mənə də məhəbbət dərsi
keçmisən. Məhəbbət adlı sərvət
heç nə ilə müqayisə oluna bilməz. Dünyada
hər şey qiymətini itirsə də, məhəbbət
nadir iri almaz, qızıl külçəsi kimi öz dəyərini
itirmir. Xoşbəxtəm ki, mən də belə bir məhəbbət
aləmində, onun füsunkar ağuşunda yaşayıram
O ki qaldı Fərhadın acı taleyinə, biz ona
kömək etməyə borcluyduq, əgər o, səni
ölümdən xilas etməsəydi, mən indiki kimi
xoşbəxt ola bilməzdim, iki gül balaya sahib olmazdım.
Mən ərimin Fərhad barədəki alicənablığına
məəttəl qalmışdım. O, özünün
keşmiş rəqibinə, mənimlə bir il ərzində
platonik də olsa, yaxınlıq etmiş adama kömək əlini
uzatmaq istəmişdi. Mən onun mərdliyinə bələd
idim, lakin bu səviyyədə alicənablığını
heç güman da edə bilməzdim. Mərhəmətlilikdə,
başqasının dərdinə yanmaqda və ona köməklik
etməkdə o, özünü də ötüb
keçmişdi. Belələrini adətən altruist
adlandırırlar. Rafiq isə keçmiş rəqibinə
münasibətdə bu şkalanın da ən yüksək
nöqtəsini geridə qoymuşdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.-17
aprel,№ 65.- S.14.