Bağışlanma məqamı
Esse
Gözlərimi bağışlanmaq ümidi ilə
tünd səmada şölə saçan çıraqlara -
Onun gözlərinə dikmişdim. Məni zənn ilə izləyən
hələ milyardlarla ulduz vardı ki, Qalaktikada gizlənmişdi.
Uzaqlardan üzərimə zillənən işıqların
şəfqətindən təsəlli tapırdım. Nurlu
baxışlardan mum kimi əriyirdim... Səssizcə, sakitcə
əfvimi gözləyirdim. Bir körpə kimi məsum, bir
quzu kimi möhtac halda. Bilməyərəkdən etdiyim
günahların girdabında, anidən dibinə
düşdüyüm quyunun dərinliyində
çaşıb qalmışdım. Ancaq məni nə
zamansız xətalar yorurdu, nə də ətrafımı
bürümüş zülmətlər qorxudurdu. Mənim
vahiməmin bambaşqa bir səbəbi vardı...
Qəfildən uşaqlığımın
ağlasığmaz xatirələrinə pəncərə
açıldı. Səhnədə ciddi nəzərlərlə
ətrafı süzən qız uşağı
göründü. 3 yaşı olar. Davranışları necə
də cəsurdur. Bu uşaq, ata-anası kədərlənməsin
deyə, ovucunun düz ortasına batmış qırıq iynəni
günlərlə əlində ən müqəddəs sirr
kimi qorumuşdu...
Ötən illərim əsən küləklərə
qarışdı. İçindən iməkləyərək
çıxdığım qasırğalar həssasiyyət
və çılğınlıq ovuntularını ruhumdan
qopara bilmədi. İndi geriyə baxarkən, dərs almaqdan
imtina etdiyim təcrübələrim mənə sanki yelkənsiz
qayığın kürəklərini xatırladır. Təəssüf
ki, gənclik çağlarımı da başıma bəla
xüsusiyyətlərlə dəli-dolu yaşayış tərzimin
quraq sahilinə çevirmişəm. Hərdən elə
bilirəm, bu həyata zərrələrimdən
başqalarına sevinc payı düzəltmək
üçün gəlmişəm. Hər gün
varlığımın bir parçasını kəsib,
üzərinə qırmızı lent bağlayıb kimlərəsə
hədiyyə verirəm. Hər gün ruhumdan bir tikə
itirdiyimin fərqindəyəm. Bəzi səhərlər
özümü o qədər tükənmiş hiss edirəm
ki, yataqdan qalxmağa taqətim olmur. Bu minvalla günlərin
bir günü tamamilə qeybə qarışmaq ehtimalı məni
ürküdür.
Bir anlıq elə hiss edirəm ki, Tanrı daha mənimlə
danışmaq istəmir, qəzəblidir. Amma yox... O hirslənəndə
belə, üzümüzə qapılarını bağlamaz
axı... Gözlərimi yumub, əllərimi böyük mərhəmət
sahibinə haçan açsam, nicatın astanasında
dayanmışam. Bəs onda? Onda əlaqəmiz niyə kəsilib?
Məni dəhşətə gətirən unudulmaq
düşüncəsidir. Kiçildikcə unudulmaq, unudulduqca
kiçilmək...
Bu nədir belə? Getdikcə gurlaşan
işıqlar az qala gözlərimi kor edəcək.
Allahım, nə baş verir?! Deyəsən, bu, sondur. Bu
ümidsizlik bataqlığının içində
cılızlaşmış və Sənin nəzərindən
uzaq düşmüş vücudumla qəhr oluram. Bayaqkı
sözlərim biixtiyar şəkildə yenidən dilimdə
dolaşır: "Kiçildikcə unuduluram, unudulduqca
kiçilirəm". Aha... Ya da, ya da... Tapdım, Allahım!
Tapdım! İndi niyə ayrı
düşdüyümüzü anlayıram!
İlahi, mən bütöv olmadığım
üçün səsim Sənə ucalmırdı. Axı,
o kanalları bir-birinə qarışmış radionun səs-küyündən
məni necə duya bilərdin? Mən minlərlə hissəyə
bölünmüşəm. Bir hissəm anamdadır, biri
atamda, o biri qardaşımda, digərləri də çoxdan
bağlayıb kənara atdığım, adını belə
unutduğum kitabların tozlu vərəqlərində it-bat
olub. Qopmuş hissəciklərim indi məndən özgə
hamının dualarında əllərini göylərə
açır. Məndən qeyri hamının diləklərinə
"Amin" deyir. Zərrələri yellərlə
sovrulmuş bir ruhun nə özünə, nə
başqalarına, nə də Tanrıya xeyiri yoxdur...
Qəfildən işıqlar çəkildi.
Sükutun içində təngnəfəs qalmışdım.
Yenə də xoşbəxt idim. Nəhayət ki, zehnim dupduru
düşüncə məcralarına
açılmışdı. Duyğularıma limanına
yaxınlaşmış gəminin həzin sevinci
yayılmışdı. Tanrının sayrışan nurlu
gözləri mənə bağışlanma müjdəmi
çatdırmışdı. Və ən əsası da O, məni
Özünə, özümə, bu dünyaya yenidən
bağışlamışdı.
Sanki ruhum maqnit gücüylə bütün hüceyrələrini
özünə çəkirdi. Ordan, burdan, ondan, bundan...
Qaranlıq küçələrdən, sönmüş
ocaqlardan, nigaran qəlblərdən, damarlarda hərarətlə
axan al qırmızı qandan, ilıq nəfəslərdən,
məstedici səslərdən, baş gicəlləndirən
qoxulardan, vəcd halında söylənən sözlərdən,
şaqraq gülüşlərdən, cəzb edən gözlərdən,
kənarlardan, uzaqlardan...
Vəfa MÜRŞÜDLÜ
525-ci qəzet.- 2024.-17
aprel,№ 65.- S.13.