Quran-i Kərim haqqında əsas məlumatlar və zəruri qeydlər

 

 Surə sözü Quranda on dəfə işlənir. Siryani mənşəli  “surta” sözündən alınıb, “müqəddəs yazı”, “qiraət” anlamına gəlir. Quran-i Kərimdə 114 surə var. Ən böyük surə əl-Baqara, ən kiçik surə isə əl-Kausər surələridir.

Quran-i Kərimin ilk nüsxələrində surələrin adları olmayıb, mətnlər bir-birindən müəyyən işarələrlə ayrılıb. Çünki sırf Allah kəlamı olan müqəddəs bir kitaba insan övladına xas əlavələr olaraq surə adlarını qeyd etmək məqbul bilinmirdi. Surə adları Qurana sonradan əlavə edilmişdir. Bu adlar əsasən surədə keçən bir ada, məfhuma müvafiq müəyyənləşirdi. Bəzən bir surənin bir neçə adının olması (məsələn, əl-İnsan surəsi həm də əd-Dəhr adlanır. Əl-İxlas surəsinə çox vaxt Qul Huva Allah deyilir) da surə adlarının katib və qarelər tərəfindən seçilməsinə dəlalət edir.

Bəzi surələr yüksək üslubu və bədiiliyi ilə seçilir. Məsələn, ər-Rəhman surəsində “fə bi-eyyi ələi rəbbikumə tukəzzibəni” ifadəsinin surə boyunca dəfələrlə təkrarlanması və qafiyə sisteminin mükəmməlliyi bu surəyə xüsusi harmoniya və axıcılıq verir. Yusif, əl-Fatihə və bəzi kiçik surələr istisna olmaqla, surələrdə vahid süjet xətti gözlənilmir və bir surə bəzən mənaca uyğun gəlməyən, müxtəlif tərzdə söylənilən bir neçə əlaqəsiz hissəni birləşdirir. Yusif surəsi süjetli hekayət təsiri bağışlayır.

Xronologiya baxımından surələr, Məkkə və Mədinə surələri olmaqla, iki qismə bölünür. Bəzi surələrdə həm Məkkə, həm də Mədinədə nazil olan ayələr cəmlənib. Məkkə dövrü 90 surədən ibarətdir. Bu surələr özü üç mərhələni əks etdirir:

I Məkkə dövrü. Bura 48 surə aiddir. Bu surələrdə Allahın təkliyi ideyası dönə-dönə bildirilir, insanlara Qiyamət günü və axirət dünyası barədə xəbərdarlıq edilir, cənnət və cəhənnəmin təsviri verilir. Bu surələrdə səc üslubu (qafiyəli, vəznli nəsr) daha bariz görsənir, qafiyə ilə yanaşı ritmikaya da fikir verilir. Teodor Nöldeke aşağıdakı surələri bu dövrə aid edir. Alim surələri endirilmə xronologiyasına görə düzüb:

96, 74, 111, 106, 108, 104, 107, 102, 105, 92, 90, 94, 93, 97, 86, 91, 80, 68, 87, 95, 103, 85, 73, 101, 99, 82, 81, 53, 84, 100, 79, 77, 78, 88, 89, 75, 83, 69, 51, 52, 56, 70, 55, 112, 109, 113, 114.

II Məkkə dövrü 21 surəni əhatə edir. Bu surələrdə birinci qrupa daxil olan surələrdəki yüksək pafosun yerini sakit mülahizələr tutur. Peyğəmbərlərin qissəsinə, xüsusilə Musa peyğəmbərin hekayətinə yer ayrılır. Bu surələrdə dalğınlıq, fikir və düşüncə hakimdir. Allahın varlığını iddia edən hökmlərdə möcüzə və ilahi ayətlərdən bəhs edilir. Bu surələrdə Allaha “Ər-Rəhman” deyə müraciət edildiyindən, onlar Rəhman surələri adlanır. Teodor Nöldeke aşağıdakı surələri bu qrupa aid edir:

54, 37, 71, 76, 44, 50, 20, 26, 15, 19, 38, 39, 43, 72, 67, 23, 21, 25, 17, 27, 18.

III Məkkə dövrü 21 surəni əhatə edir. Bu surələrdə qısas əl-ənbiyaya əsas yer verilir. Bu qrup surələr həcmcə daha böyükdür və bu surələrdə “eyyuhə n-nəs” (Ey insanlar!) müraciəti daim təkrarlanır. 32, 41, 45, 16, 30, 11, 14, 12, 40, 28, 39, 29, 31, 42, 10, 34, 35, 7, 46, 6 və 13-cü surələr bu qrupa daxildir.

Mədinə dövrü surələri iyirmi dörddür. Bu dövrdə müraciət edilən auditoriya dəyişdiyindən və müsəlman icmasının özəyi yarandığından, nazil olan surələr də fərqli xarakter daşıyır. Dini öhdəliklər, hüquqi məsələlər, ailə, məişət, vərəslik, əxlaq problemləri, başqa icmalara, xüsusilə kitab əhlinə münasibət bu surələrdə əks olunub. Burada poetik ifadə tərzi o qədər də güclü deyil.

Bir sıra surələr müsəlmanın inanc sistemində xüsusi şəfaverici ilahi mərhəmət və yardımla əlaqələndirilir (əl-Fatihə, əl-Vaqiə, əl-İxlas, əl-Falaq, ən-Nəs və s). İslam dünyasında əl-Falaq, ən-Nəs surələrinin tilsimdən və bəd duadan qorumasına, əl-Vaqiə surəsinin isə ruzi gətirməsinə dərin inam var.

Quran-i Kərim yüksək bəlağət və fəsahət nümunəsidir. O, insanların onu yadda saxlaması üçün münasib bir şəkildə nazil olmuşdur. Əl-Qamər surəsinin 17-ci ayəsində deyilir: Biz Quranı zikr üçün asan etdik.

Quran-i Kərimin yazıya alınması

Quran nazil ola-ola (610-632) səhabə onu əzbərləmiş, vəhy katibləri Quranı yazıya almışlar. İlk vaxtlar Quran ayələri perqament, papirus, xurma ağacı yarpaqları, heyvanların kürək sümükləri üzərində yazılırdı. İlk nümunələr kufi, bəzən də hicazi xətti ilə yazılıb.

Xəlifə Əbu Bəkrin dövründə (632-634) Quran Zeyd ibn Səbitin başçılığı ilə katiblər tərəfindən vahid bir kitab halında yazılıb tərtib olunur. Bu zaman həm qarelərin yaddaşında hifz olunan Qurandan, həm də əldə olan yazılardan istifadə edilir. Rəvayət olunur ki, Quranı yaddaşında hifz edən bəzi səhabənin Yəməmə döyüşündə şəhid olması Quranın taleyi ilə bağlı Ömər ibn əl-Xəttabı narahat etmiş, o, xəlifə Əbu Bəkrə Quranın kitab halına salınmasını məsləhət bilmişdir. İlk əvvəl Əbu Bəkr və Zeyd ibn Səbit “Biz peyğəmbərin özünün etmədiyi işi necə edək?” – deyib tərəddüdlərini büruzə vermişlər. Ömər onları Quranı vahid kitabda toplamağın zərurətinə inandırdıqdan sonra bu işi görüb səhabənin yaddaşında, perqament, xurma yarpaqları, kətan parça və sümüklər üzərində olan pərakəndə yazıları ardıcıl tərtibli suhuf (səhifələr) halına salmışlar. Həmin nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərdə qalmış, Ömər dünyasını dəyişərkən onu saxlamağı Peyğəmbərin dul qadını, öz qızı Hafsəyə tapşırmışdır.

Quranın müxtəlif qiraət formaları uzun müddət cəmiyyətdə çaşqınlıq yaradırdı. Azərbaycana olan yürüşlərin birində yarısı Abdulla ibn Məsudun, yarısı Ubeyy ibn Kə‘bin qiraətini üstün tutan əsgərlər arasında çaxnaşma düşür, nəticədə onlarla əsgər tələf olur. Ümmət arasında fikir ayrılığına son qoymaq üçün Quranın vahid bir nüsxəsini yaratmaq zərurəti meydana çıxır. Bu nüsxənin əsasında Əbu Bəkrin vaxtilə Yəməmə döyüşündən sonra tərtib etdirdiyi, Ömərin qızı Hafsədəki nüsxə dayanırdı. Osman müshəfi adlanan bu nüsxə indi əlimizdə olan müqəddəs kitabımızdır. Onun üzü köçürülür, nüsxələri Kufəyə, Bəsrəyə, Dəməşqə və Məkkəyə göndərilir. Bəzən əlyazma nüsxələrinin daha çox hazırlanıb Misir və Orta Asiyaya da göndərilməsi bildirilir. İki nüsxə isə Mədinədə saxlanılır: bunlardan biri Peyğəmbər məscidində hifz olunur, digəri isə xəlifənin şəxsi istifadəsinə verilir.

Görünür, Quranın Osman tərəfindən vahid nüsxədə tərtibi zamanı səhabədə müqəddəs kitabın səhifələr toplusu deyil, kitab (mushəf) olaraq bir çox nüsxələri olmuşdur. Rəvayətə görə, Osman nüsxəsi tərtib edilməzdən əvvəl peyğəmbərin zövcələrindən Aişə, Hafsə və Umm Salamada, eləcə də Əbu Bəkr, Ömər, Osman və Əlidə, müsəlman təfsir elminin banisi sayılan Abdulla ibn Abbasda, bəzi qarelərdə Quran nüsxələri var idi. Vahid nüsxə tərtib olunduqdan sonra bu nüsxələr Osmana verilmiş və onlar yandırılmışdır. Yalnız məşhur Quran qaresi, sonradan şiəliyə rəğbəti ilə tanınan Abdulla ibn Məsud öz nüsxəsini verməkdən imtina etmiş, “ağzından süd iyi gələn” Zeyd ibn Səbitin başçılığı ilə yeni nüsxə tərtib olunmasını bəyənməmişdir.

Deyilənə görə, ibn Məsudun nüsxəsində əl-Fatihə surəsi və muavvızatən adlanan əl-Fəlaq və ən-Nəs surələri olmayıb, çünki Abdulla ibn Məsud bu surələri dua hesab edib. Kanonik nüsxədən fərqli olaraq, Abdulla ibn Məsudun nüsxəsində doqquzuncu surə də bəsmələ ilə başlayır. Ubeyy ibn Kəbin nüsxəsində isə iki əlavə kiçik surə olub. Sonradan yaranmış xarici (xəvaric) təriqəti nümayəndələri isə Yusif surəsini bəyənməyib Qurandan çıxarmışlar.

Quran mushəf olaraq ilk vaxtlar perqament üzərində yazılmışdır. Adətən, üst-üstə beş iri dəri qoyulur, ortadan bərkidilir, on səhifəli iri bir Quran alınırdı. Sonra papirus üzərində ilk dəfə hicazi xətlə şaquli şəkildə yazılıb. Daha sonra isə kufi xətlə üfüqi istiqamətdə yazılmağa başlanıb.

Quran-i Kərim bir çox elmlərin inkişafına təkan verdi. Quranın yazıya alınması ilə ilk öncə ərəb orfoqrafiyası təkamül etdi. Əvvəllər ərəb yazısında nöqtə və hərəkələr yox idi. Bu bir sözün bir neçə oxunuşunu yaradır və Quranın düzgün qiraətini çətinləşdirirdi. Əbu l-Əsvad əd-Duali (v. 688) hərəkələri qırmızı mürəkkəblə nöqtələr şəklində təsvir edir. Fəthəni hərfin üzərində, kəsrəni hərfin altında, dammanı hərfin yanındakı qırmızı nöqtə bildirirdi. Deyilənə görə, ona bu dəyişiklikləri etməyi Əli ibn Əbi Talib (v. 661), başqa bir versiyaya görə Ziyad ibn Əbihi (v. 673) tapşırmışdır. Kufi əlifbası ilə iri hərflərlə yazılan qədim Quran nüsxələrində əd-Dualinin yazı sistemi müşahidə edilir. Ərəb orfoqrafiyasında ikinci böyük dəyişiklik hərflərin nöqtələrlə fərqləndirilməsi oldu. İlk nöqtələrin də əd-Duali tərəfindən tətbiqi göstərilir, amma indiki işlətdiyimiz şəkildə nöqtələmə sisteminin əməvi valisi Həccac ibn Yusifin göstərişi ilə Nasr ibn Asimin ( v.708) tərtib etməsi bildirilir. Üçüncü dəyişiklik Xəlil ibn Əhməd əl-Fərahidi ( v. 791) tərəfindən edildi. O, Əbu l-Əsvad əd-Dualinin nöqtələri əvəzinə indi işlətdiyimiz hərəkələri – fəthə, kəsrə, damma, sukun, şəddə və məddəni, həmçinin həmzəni yaratdı.

Quranın əzəli olub-olmaması barədə İslam dünyasında mübahisələr baş verib. Mötəzililər onu məxluq saymış, yəni onun Allah Təala tərəfindən xəlq edildiyini iddia etmiş, ortodoks sünni üləması isə Quranı Tanrı kəlamı olaraq əbədi bilmişlər. Xəlifə əl-Məmunun dövründə mötəzililik rəsmi ideologiya olduğundan “mihnət xalq əl-Quran” (Quranın xəlq olunması sınağı) adlanan repressiya dalğası başlayır və Quranın Tanrı kəlamı kimi əbədi olmasını bildirən alimlər təqib olunur. Bu hal əl-Mutəvəkkilin hakimiyyətə gəlməsinədək (hak. 847-861) davam edir.

İslam dünyasında Quran Həzrəti Məhəmmədin ən böyük möcüzəsi sayılır. Quranı yamsılamaq, Qurana bənzər kitab yazmaq küfr olsa da, İslam dünyasında, görünür, bu sahədə uğursuz cəhdlər olmuşdur.

Quran bütün zamanların kitabıdır. İslam dünyasında onun təhriflərdən, ixtisar və əlavələrdən uzaq olması birmənalı şəkildə qəbul olunur.

Tilavət

Quran-i Kərimin düzgün qiraətinə həmişə xüsusi önəm verilib. Adətən, Quran qiraəti tilavət sözü ilə ifadə edilir. Xüsusi ahənglə oxunuş təcvid adlanır. Quranda qiraətin aramla oxunması nəzərdə tutulur:  Quranı aramla (ritmlə) oxu! (əl-Muzzəmmil, 4). Ayədə işlənən tərtil Quranın hissələrə bölünüb oxunmasıdır. Təcvid isə, Quran qiraətinə xüsusi gözəllik, musiqi ahəngi verilməsidir. Hədislərdə Peyğəmbərin Quranı fasilə verərək qiraət etməsi, hər ayəni ayrılıqda aydın şəkildə oxuması, qiraət zamanı bəzi sözləri uzatması bildirilir.

Ümumi qəbul olunmuş mülahzə belədir ki, Quran tələsik oxunarsa, insan ayələrin mahiyyətinə varmaz, onun mənasını dərk etməz. Xüsusilə, axirət əzabı barədə xəbərdarlıqla bağlı ayələrdən sonra dayanılmalı, Allahın mərhəmətinə sığınılmalıdır. Qiraət zamanı pauzalara, səsin ucalıb enməsinə xüsusi əhəmiyyət verilir. Tilavət zamanı dil, ürək və beyin vəhdətdə olmalıdır, dildə səslənən hökmlər ağılla dərk edilib qəlblə duyulmalıdır. Qiraət zamanı insan oxuduğu kəlamların ilahi mahiyyətinə varmalıdır. Quran oxuyan kəs ruhən və cismən təmiz olmalı, libaslarının paklığına, oturduğu yerin təmizliyinə diqqət yetirməlidir. Quran oxunarkən üzün qibləyə tutulması məsləhət bilinir.

Quran qiraətini və xətmini asanlaşdırmaq üçün onun ümumi mətni otuz cüzə və altmış hizbə bölünüb. Bundan əlavə, Quranın yeddi və dörd kimi hissələrə də bölünməsi məlumdur.

Quran qiraəti zamanı bəzi ayələrdən sonra səcdə edilir. Bu ayələr aşağıdakılardır:

Əl-Əraf, 206; ər-Rəd, 15; ən-Nəhl, 50; əl-İsra, 109; Məryəm, 58; əl-Həcc, 18; əl-Həcc,77; əl-Furqan, 60; ən-Nəml, 26; əs-Səcdə, 15; Sad, 24; Fussilət, 38; ən-Nəcm, 62; əl-İnşiqaq, 21; əl-Alaq, 19

Təcvid və tilavət ilk növbədə Quranı səhvlərsiz oxumaqdır. Bu səbəbdən İslam dünyasında Quran qiraəti ayrıca bir dərs kimi tədris edilir. Qiraət zamanı Quranın müəyyən musiqi ahəngi ilə oxunması da geniş yayılıb. Bu zaman Quran oxuyanın səsinin gözəlliyinə xüsusi önəm verilir. Səhabədən Əbu Musa əl-Əş‘ərinin ( v. təx. 662) gözəl səsinin olduğu və Peyğəmbərin onun təcvidini çox bəyənməsi məlumdur.

Təfsirlər

Quran-i Kərim nazil olduğu gündən onun şərhinə, təfsirinə ehtiyac duyulub. “Qələmin birinci vəzifəsi xəttatlıqdırsa, ikinci vəzifəsi təfsirdir” - deyilirdi. Təfsirlərdə, adətən, bu və ya diğər ayənin və ya surənin nazil olma səbəbləri, tarixi göstərilıir, arxaik sözlər izah edilir, nəsix-mənsux ayələr barədə məlumat verilir, qısa bir işarə ilə kifayətlənilən əhvalatlar (məsələn, İsra və Merac) geniş şərh edilir, şəriətlə bağlı bir sıra ayələr izah edilirdi. Təfsirlərdə həmçinin qissələrə geniş yer verilirdi. Bəzi təfsirlər qrammatika və leksikoqrafiya məsələlərinə, bəziləri rəvayət və əhvalatlara geniş yer ayırırdı.

Quranın ilk müfəssiri Peyğəmbər özü idi. Quranda (ən-Nəhl, 44) deyilir:

Sənə Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!

Onun bu və ya digər ayə ilə bağlı verdiyi izahlar sonradan sünnə və təfsir ədəbiyyatının əsasında dayandı. Görünür, Quran-i Kərimin bir dəfəyə deyil, hissə-hissə nazil olması onun izahı, təfsiri üçün lazım idi. Peyğəmbərdən sonra onun səhabəsinin Quranın təfsirində böyük rolu olub.

Ümumiyyətlə, müsəlmən eqzegetikasının banisi Peyğəmbərin əmisi oğlu Abdulla ibn Abbas (v. 687) sayılır. Hicrətdən üç il öncə dünyaya gəlmiş Abdulla hələ gənc yaşlarından Quranın bilicisi idi. O bu və ya digər ayənin şərhində ərəb şeirinə müraciət edir, çətin sözləri beytlərlə izah edirdi. Onun bu üsulu sonradan təfsir ədəbiyyatında xüsusi bir ənənənin - şeirlə təfsirin əsasını qoydu və qədim poeziyaya olan marağı artırıb onun toplanmasını zəruri etdi. İbn Abbasın adına bir sıra təfsirlər aid edilsə də, onun orijinal əsəri zəmanəmizədək gəlib çıxmayıb, amma sonrakı təfsirlərdə ona dönə-dönə istinad edilib.

Təfsirlərlə bağlı xəlifə Ömərin orijinal mövqeyi olub. O, ayrı-ayrı məzhəblərin təfsir vasitəsi ilə Quranı istədikləri kimi yozacağından ehtiyatlanaraq təfsirin əleyhinə çıxıb. Bununla belə, mənbələrdən görünür ki, Ömər Quranın leksik səviyyədə şərhini, yəni ancaq arxaik sözlərin mənasının açılmasını bəyənib və bu məqsədlə ərəb şeirinə müraciət etməyi lazım bilib.

Quran təfsirləri İslamda məzhəbçiliklə sıx bağlı olub. İlk təfsirlərin sünni və şiə məzhəbi ilə bağlı olub, iki qismə bölünməsi müşahidə olunur. Bunlar sünni məzhəbli əl-Məkkinin ( v.722) və şiə əl-Cufinin (v.746) təfsirləri idi. Mərkəzi Kufə olan şiə təfsir ədəbiyyatı batiniliyə meyili, sünni şərhlərində yer almayan rəmzi mənalara diqqət yetirilməsi ilə fərqlənirdi. Nəticədə Quranı hərfi mənada qəbul edən zahiri və ayələrdə gizli mənalar axtaran batini təfsir hərəkatları yarandı. Bunlarla yanaşı, təfsir elminə mötəzililər də öz üsulllarını, şəxsi rəyə əsaslanan rasional təfsir metodunu gətirirlər. Bu təfsirlərin ən məşhuru Cərullah əz-Zəməxşərinin (v.1144) digər məzhəblər tərəfindən də qəbul olunan “Kəşşəf” (Kəşşəf an haqaiq ğavamid ət-tənzil - Tənzilin qaranlıq yerlərinin həqiqətlərinin açılması) təfsiri idi.

Quran-i Kərimin məşhur müfəssirlərindən biri Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəridir (v.923). Onun təfsiri Cəmi əl-bəyən fi təfsir əl-Quran (Quranın təfsirində əhatəli izahat) adlanır. Bu təfsirin əhəmiyyəti onunla müəyyən edilir ki, ət-Təbəri bu və ya digər ayəni şərh edərkən, geniş təfsilata varır, hadisələri incəliklərinədək təsvir edir, şərhdə müraciət etdiyi hədis və xəbərlərin müxtəlif istinadlara əsaslanan bir çox variantlarını verir. Bu variantlar, əsasən, bir-birini təkrar etsə də, bəzən kiçicik bir fərq belə mühüm məna daşıyır.

Əbu l-Fida İsmail ibn Kəsir əd-Dəməşqinin (v.1372) Təfsir əl-Quran əl-Azim (Əzəmətli Quranın təfsiri) əsərinin də xüsusi əhəmiyyəti vardır. Bu əsər öz mükəmməlliyi, əhatəliliyi ilə bəzən İbn Cərir ət-Təbərinin təfsiri ilə yanaşı tutulur. Öz əsərində əsas mənbə kimi Təbəri təfsirinə əsaslanan ibn Kəsir, yeri gəldikcə, başqa mənbələrə də istinad edir. İbn Kəsir, öz təfsirinə böyük bir müqəddimə ilə başlamış, burada Quran-i Kərim və onun təfsiri ilə bağlı mülahizələrini söyləmişdir.

Bundan əlavə, Abdulla ibn Ömər əl-Baydavinin (v.1286) Ənvar ət-tənzil va əsrar ət-təvil (Quranın nuru və onun izah edilməsi sirləri), Əbu l-Qasim Mahmud ibn Ömər əz-Zəməxşərinin (1074-1144) yuxarıda adı çəkilən təfsirlərini də bu sahədə mükəmməl əsərlər kimi qeyd edə bilərik. Qeyd edək ki, əl-Baydavi öz təfsirində əz-Zəməxşəridən faydalanmışdır.

Beləliklə, hər bir təfsirin ümumi məzmunu müfəssirin dini məzhəb və baxışı ilə bağlı idi. Sufilər və şiələr daha çox gizli mənaların açılmasına, batini şərhə meyilli idi. Batiniliyə meyilli təfsirlər təvil adlanır. Əl İmran surəsinin 7-ci ayəsində Quran ayələrinin muhkəmət (hökmü bəlli) və mütəşəbihət (hökmü qaranlıq) olduğu, bu cür qaranlıq ayələrin ancaq elmdə möhkəm biliyi olanlara (rasixun) aydın olması göstərilir. Şiələr burada gizli elmlərdən xəbərdar olan imamların nəzərdə tutulduğunu iddia edirlər. Onların nəzərində Quranın hamı üçün məlum zahiri tərəfi ilə yanaşı gizli elm sahibləri üçün batini tərəfi də var. Batinin dərki varlığın ilkin sirlərinin dərkindən (təvil - əvvələ qayıtma) keçir.

Şiə və sufi təfsirlərində alleqorik izahlar, rəmzi mənalar geniş yer tutur. Hürufilik, sufizm, ismaililik və s. təriqətlər Quranın batini şərhini üstün tutur, onu öz fəlsəfi düşüncələrinə uyğun tərzdə təfsir edirlər. Məsələn, Tur surəsində müqəddəs kitabın aşılanmış dəri üzərində yazılması bildirilir: “Aşılanmış dəri üzərində yazılmış kitaba and olsun ki,” – deyilir. (ət-Tur, 2-3). Hürufilər bu ayəni öz təlimlərinə müvafiq bir tərzdə yozub burada aşılanmış dəri ilə üzərində ilahi hikmətlər yazılmış insan simasının nəzərdə tutulduğunu bildirirlər. Ən-Nur surəsi (ən-Nur, 35) də batini təriqətlərdə çoxsaylı yozumlara yol açıb.

Təfsir elmi daim inkişaf edən, zamana müvafiq yeni istiqamətlər doğuran bir elmdir. XX əsrdə İslam dünyasında yaranan maarifçilik və reformasiya hərəkatının təsiri ilə Məhəmməd Abduh və Rəşid Rizanın əl-Manar kimi yeni təfsiri meydana çıxdı. Hal-hazırda İslam dünyasında Misirdə “Müsəlman qardaşlar” təşkilatının və bir çox ekstremist qrupların ideoloqu sayılan Seyyid Qutubun (v. 1966) Fi zılal əl-Quran (Quranın kölgəsində) təfsiri maraqla qarşılanır.

 

525-ci qəzet.-  2024.-17 aprel,¹ 65.- S.12;13.