KEÇİLDİKCƏ
KEÇİLMƏLİ KÖRPÜ
Qaynaşan qarışqa topasını kim
görüb heyran qalmayıb ki?! Baxırsan, qatarlanıb gedirlər,
səliqə və tam ciddiyyətlə, ilk baxışdanca
sezilən məxsusi sahmanla öz işləri ilə məşğuldurlar.
Ancaq insanı onları görəndə təəccübləndirən
yalnız bu olmur ki! Hansısa qarışqa öz boyundan və
çəkisindən qat-qat ağır olan yükü
çiyninə alıb aparır. Ancaq bundan da daha artıq mat
qoyan qarışqaların arasındakı birlikdir. Sanki
hamısı eyni mərkəzdən tapşırıq
alıb, sanki hamısı əslində ortaq bir
tapşırıq almalarının, vahid işi görmələrinin
fərqindədirlər.
Və 1877-ci ilin 17 martı idi,
"Əkinçi"nin növbəti sayı işıq
üzü görmüşdü, orada tələbə Nəcəf
Vəzirzadənin Moskvadan göndərdiyi məqalə də
dərc edilmişdi. Və yazı qarışqalardan
başlayırdı. Nəcəf bəy gənc bir insandı,
ancaq yaşına uyğun olmayan ağsaqqalyanalıqla nəsihət
verirdi və nəsihəti də özündən kiçiklərə,
tay-tuşlarına vermirdi, öyüdləri millətə
ünvanlanmışdı. Nəcəf bəy belə
başlayırdı ki, qarışqalar bir yerdə cəmlənərək,
həmzəhmət olaraq özləri üçün gözəl
yuvalar tikirlər, elə insanlar da həmzəhmət olub bir
yerdə çalışanda yaxşı işlər ortaya
çıxara bilirlər. Nəcəf bəy
avropalıları misal çəkirdi. Deyirdi ki, avropalılar
həmzəhmət olub "politekonomiya" elmini
yaradıblar. Biz həmin elm sahəsinə bu gün "siyasi
iqtisad" deyirik, amma Nəcəf bəy o məqaləsində
bunu "elm-i qənaət" adlandırırdı.
Yazırdı ki, bu elmi yaradan avropalılar onu həyatın ən
müxtəlif sahələrinə tətbiq ediblər və
faydasını da görüblər. Həmzəhmət
olmağın, yəni çox adamın
yığışıb nəticəsi eyni olacaq bir işi
görməsinin faydalarından bəhs edən Nəcəf bəy
misal çəkirdi ki, bir saatın düzəlib ortaya
çıxması üçün 102 peşə sahibinin
ortaq əməyinə ehtiyac var, adicə sancağı düzəltmək
üçün 10 müxtəlif peşə sahibinin əməyinin
bir yerdə qovuşması zəruridir ki, bu 10 müxtəlif peşə
sahibi hərəsi həmin sancağa aid olan bir hissəciyi
düzəldir və 10 nəfər bir gün ərzində
4.700 sancaq hazırlayır, ancaq bir insan təkbaşına
bircə günə heç bir sancaq da düzəldə bilməz.
Bu nümunələri gətirərək Nəcəf
bəy o həqiqəti çatdırırdı ki, insanlar əl-ələ,
işbir olanda, yekunu ortaq olacaq bir əmələ qatılanda
bəhrəsi könül sevindirir. Və məsləhət
görürdü ki, gərək biz də bu xətti tutub gedək.
Çünki insan həmzəhmət olanda, ortaq iş görəndə
hərənin boynuna işin hansısa hissəsi
düşür və həmin həcmcə az işi dəfələrlə
icra elədiyindən adam o işə adət eləyir, ona
görə aldığı nəticə də,
gördüyü iş də faydalı olur.
O mətləbə ki gənc Nəcəf bəy bu məqaləsində
diqqət yönəldirdi, həmin gerçəyi
atalarımız yüzillər, bəlkə minillər qabaq
söyləmişdilər: "El gücü, sel
gücü". Ancaq Nəcəf bəy bu cavan yaşında
ağsaqqal müdrikliyi ilə o el sözündə gizlənən
fəlsəfəni əyaniliyi ilə açırdı.
Anladırdı ki, çiyin-çiyinə olaq, həmməslək,
həməqidə olaq, çəkici eyni zindana vuraq ki, millətə
verəcəyimiz xeyir də çox olsun.
İyirminci əsr başlanırdı, 1901-ci il idi,
milli teatrımızın yolunu başlamasından zahirən 30
ilə yaxın vaxt ötürdüsə də, sanki elə təzə
əsrin gəlişiylə teatrımızın da əsl
doğuşu başlanırdı. Həm də indi başlanan
illər səhnəmizin taleyi baxımından elə dolu, elə
sürətli, elə çoxhadisəli və uğurlu
olacaqdı ki, vur-tut iki onillik sonra teatrımız 50
yaşına çataraq artıq başını dik tuta
bildiyi çağlarda sanki ikiqat, üçqat uzun məsafənin
qət edildiyi təsəvvürü oyanacaqdı.
Elə həmin 1901-ci ildə Nəcəf bəy də
teatr həyatımızın ən fəallarından biri kimi
meydanda idi və "Yağışdan çıxdıq,
yağmura düşdük" pyesini bir rejissor kimi
nümayişə hazırlamışdı. Xeyli vaxt itirsə
də, əziyyəti çox olsa da, usanmadan hər aktyorla
bircə-bircə işləmişdi və həftələrlə
sürən gərgin əməyin nəticəsində
hansı bəhrənin ortaya çıxmasının
cavabı isə tarixin səhifələrində əbədiləşib.
Çox da ki, olub-keçənləri kinolentə çəkən
yox idi, qəzet ki vardı. Tamaşadan iki gün sonra, 1901-ci
il martın 20-də "Kaspi" qəzeti belə
yazırdı: "Bütün oynayanlar pyesin mənasını
yaxşı başa düşmüşdülər". Elə
bircə bu cümlə Nəcəf bəy üçün nəyə
desən dəyərdi. Pyesin mənasını yaxşı
başa düşmüşdülər, ona görə ki, Vəzirov
onlara hər cümlənin, hər hərəkətin, hər
mizanın mənasını anlatmışdı. Oynayanlara mətni
elə mənimsətmişdi ki, o dövrlərdə
tamaşaları mütləq müşayiət eləyən
suflyora belə ehtiyac qalmamışdı. Hər kəs öz
rolunu sözbəsöz qavramışdı. Lap sözlər
yadlarından çıxsa belə, mətləbi öz dilləri
ilə, öz sözləri ilə izhar etməyə hazır
idilər.
"Kaspi" qəzeti davam edirdi:
"İfaçılar müasir müsəlman ailəsinin
nöqsanlarını təsvir eləyən yerləri
xüsusilə yaxşı oynayırdılar. Bu göstərir
ki, onlar teatrın ictimai həyatımızdakı yüksək
əhəmiyyətini dərk etmişlər. Bunun müqabilində
əksərən müsəlmanlardan ibarət olan
tamaşaçılar pyesin dörd pərdəsinin
dördünə də dərin bir diqqət və fərəh
hissi ilə baxdılar. Bu, sübut edir ki, teatr müsəlman
cəmiyyətinin rəğbətini getdikcə daha çox
qazanır. Həm ümumi heyət, həm də pyesdə
çıxış edən ayrı-ayrı şəxslər
öz mükəmməl və təbii oyunlarıyla olduqca
xoş təsir bağışladılar. O qədər təbii,
inandırıcı oynayırlar ki, tamaşaçı
bütün hadisələri həyatda deyil, səhnədə
gördüyünü unutmağa məcbur olur".
Tamaşa günü pərdə axırıncı dəfə
bağlanandan sonra qopan kəsilməyən alqış
yağmuru altında iki dost - Hacı Qəmbəri oynayan
Cahangir Zeynalovla əsərin müəllifi və
tamaşanın rejissoru Nəcəf bəy Vəzirov səhnəyə
çıxmışdı.
Qəzet ayrıca vurğulayırdı ki, məhz belə
ürəklə oynanılan pyeslər
tamaşaçılarda teatra rəğbətin getdikcə
artmasına səbəb olur.
O vaxt səhnəmizin hələ 28 yaşı
vardı və əgər 1923-cü ildə artıq xalqın
teatra sadəcə rəğbəti yox, dərin məhəbbət
hissinin varlığından danışmaq mümkün idisə,
bu yüksəlişə çatmanın yükünü
çəkmişlərin ən əsaslarından biri məhz
Nəcəf bəy Vəzirov idi.
Nəcəf bəy yolun əvvəlindən teatrın
Azərbaycan gerçəkliyinə gəlişinə
yalnız bir əyləncə vasitəsi kimi
baxmamışdı, teatrın, səhnənin də bir məktəb
olduğuna inanmış, səhnənin verdiyi dərslərin
böyük gücünə əmin olmuşdu.
On doqquzuncu yüzilin ortalarına doğru əvvəlcə
əl altdan məkrli siyasətini yürütməyə
başlayan fitnəkar qüvvə 1905-ci ildən azərbaycanlılarla
erməniləri artıq birbaşa silahlı nifaqa sövq
etmişdi, yarası dərinlərə işləyəcək
və sonra oxşar ssenarilərlə zaman-zaman təkrarlanacaq
qanlı qarşıdurmalar baş vermişdi, hər iki tərəfdən
itkilər də az olmamışdı. Münaqişə
silahlı idi və bu gedişata gücü çatan qədər
təsir göstərmək istəyən Nəcəf bəyin
topu-tüfəngi yox idi, tək yarağı qələmi və
daşıdığı ziyalı işığı idi və
bunlar da elə silahlardır ki, həmişə savaşa yox,
barışa yönəlib. Həmin səksəkəli əyyamlarda
Nəcəf bəy azərbaycanlıların qətlə
yetirilməsini də, ev-eşiklərinə od
vurulmasını da görmüşdü, amma bütün
bunları görə-görə yenə həm o, həm bu tərəfə
müraciət edərək sülhə
çağırmış, özü şəxsi nümunə
göstərmişdi, neçə erməni ailəsini
ölümdən xilas etmişdi, həmin qəmli əhvalatlardan
onillərlə sonra qızı Sara xanımın təsdiqlədiyi
kimi, iki erməni uşağını qucağında oddan
çıxarmışdı.
Dərbənddə Nəcəf bəyin təşviqi
ilə bir dəstə Azərbaycan və erməni
ziyalısı toplaşaraq yeni açılan qiraətxananın
xeyrinə "Yağışdan çıxdıq,
yağmura düşdük" pyesini tamaşaya qoymuşdu.
Zala toplaşanların əksəri azərbaycanlılarla ermənilər
imiş. Elə həyəcanlı, elə nigaran dövr idi
ki, ermənilərlə azərbaycanlıların Çar
imperiyası ərazisində birgə olduqları istənilən
yığnaqda mütləq ikitirəlik düşəcəyi,
bu toplaşmanın ən azı dava-dalaşla bitəcəyi
qaçılmazmış. Ancaq o gün büsbütün fərqli
mənzərə imiş. "Dəvət-Qoç" qəzeti
1906-cı il 22 iyun sayında yazırdı ki, "Bu bir
şadnuma yığıncaq idi. Arzu və xahiş edirik ki,
bütün şəhərlər və yerlər onlardan məşq
alsınlar. Tamam iki ildir ki, Qafqazda iki qonşu xalqın
qızıl qanı tökülür. Tam iki ildir ki,
insafsız, vicdansız şeytanın fitnəkarlığı
ilə adamlar vəhşiləşərək bir-birini
qırırlar. Lakin burada həmin azərbaycanlılarla ermənilər
əl-ələ verib birgə fəaliyyət göstərirlər.
Biz, hər iki xalq nə vaxtdan bəri demişik və yenə
deyirik: uzaqlaş bizdən, provokator şeytan!"
"Dəvət-Qoç"un ağı ağ,
qaranı qara olaraq açıqca yazdığı, o vaxt da,
ondan sonrakı bir əsrdən artıq müddətdə də
münaqişənin necə körükləndiyi, əsl
baisin kimliyi hər kəsə bəlli olsa da, iblis qara əməlini
törətməkdə davam etmişdi və ocağı təzədən
alovlandırmaqçün bu gün də marığa
yatıb.
Hər idbar üzü hamıya gözəlcə bəlli
olan şeytandan qəti imtina edərək düyünlü
münasibətlərin birdəfəlik çözülməsi,
hərəkətə keçməyə çağıran
inamlı səslər artıq ən yüksək səviyyədə
münaqişə tərəflərinin öz içərisindəm
(və rəhbərliyindən) gəldiyi bizim günlərdə
Dərbənddə Nəcəf bəy Vəzirovun
"Yağışdan çıxdıq, yağmura
düşdük" pyesini azərbaycanlılarla ermənilərin
birlikdə tamaşaya qoymasından sonra "Dəvət-Qoç"
qəzetinin 1906-cı ildə yazdığı köhnəlməz,
qızıl kimi sözləri adamın tərcümə eləyib
Rusiyaya, Fransaya göndərməyi, başqa şeytan xislətlilərə
oxutdurmağı gəlir.
...Bir qələm adamı üçün
yazdığının kitaba çevrildiyini, əl-əl gəzdiyini,
oxunduğunu görməkdən artıq sevinc olmaz. İllah da
ki, bu, Nəcəf bəyin gəncliyinin təsadüf etdiyi
XIX yüzilliyin sonları, XX əsrin əvvəllərində
baş verəydi. O çağlarda ki, nəşriyyat işi
bizlərdə təzə-təzə yaranırdı, hər
yeni kitabın işıq üzü görməsi
özlüyündə bir hadisə idi. Nəcəf bəyin
ilk kitabı 1893-cü ildə Şuşada
basılmışdı - "Daldan atılan daş topuğa dəyər".
Müəllifin adı kitabın sərlövhəsinin
üstündə yox, altında belə göstərilmişdi:
"İnşa-yi dərviş Nəcəf bəy Vəzirzadə".
Orada tərtibçinin də adı vardı - Mirzə Abbas bəy
Vəlizadə. Nəcəf bəy tərcümeyi-halında
qeyd edib ki, həmin pyesini 1890-cı ildə yazıb, amma o
kitabda əsərin "təvəllüdü"
gününə qədər dəqiqliklə göstərilir:
12 aprel 1891-ci il. Olsun ki, Nəcəf bəy əsərini elə
1890-cı ildə yazıbmış, ancaq sonra əl gəzdirərək
məhz növbəti ilin aprelində ürəyi istəyən
bitkin hala çatdırıb. Nəcəf bəyin birinci
kitabında yazıçının "Sonrakı
peşmançılıq fayda verməz" pyesi də yer
alırdı. Bu kitabın bütün başqa məziyyətlərindən
savayı, bir əhəmiyyəti də onda idi ki, teatr işinə
baş qatanların daha dağa-daşa düşərək
bu pyeslərin mətnlərini aramağa ehtiyacı
qalmırdı. Əllərində hazır, təhrifsiz mətn
vardı, bununla da cəlb etdikləri özləri kimi teatr həvəsli
cavanları hazırlayaraq burada - Azərbaycanda da, Orta Asiyada da
hər iki pyesi tamaşaya qoymaq imkanları artırdı. Kitab
Qarabağda məhdud sayda nəşr edilmişdisə də,
artıq Türkmənistana qədər gedib
çatmışdı və fayda dalğası genişlənməkdə
davam edirdi. Bu kitabın 1893-cü ildə Şuşada bir
ruhaninin basmaxanasında buraxılmasını və tərtibçisinin
Mirzə Abbas bəy olmasını ayrıca
xatırlatmağımız boşuna deyil. Bunlar tariximizin
maarif işığına boyanmış səhifələridir
ki, zamanında o yolda zəhmət çəkmişlərin gərək
heç biri unudulmaya.
Nəcəf bəyə vur-tut iki kitabının fərəhini
yaşamaq nəsib olacaq. İkinci kitabı artıq Bakıda
doğulacaq - 1901-ci ildə. Adı "Təmsilat" idi və
burada Nəcəf bəyin o vaxtacan yazdığı dörd
pyesi cəmlənmişdi. Ancaq "Nəcəf bəy"
imzalı üçüncü - "Müsibət-i Fəxrəddin"
adlı növbəti kitab nəşr ediləndə 1929-cu il
idi və artıq üç il idi ki, görkəmli ədib həyatda
yox idi. Təəccüblənir və heyifsilənirəm ki,
necə olub həyatının son 25 ilində, artıq nəşriyyat
işinin də nisbətən qaydaya düşdüyü, Azərbaycan
dilində xeyli bədii kitabın buraxıldığı və
Nəcəf bəyin də üzdə olduğu, hörmətinin
də saxlandığı belə iri zaman kəsiyində bir
neçə dəfə dəyişən hakimiyyətlərin
heç birinin vaxtında ədibin bircə kitabı da
buraxılmayıb.
...Hər böyük qələm adamının ona
övlad məhəbbəti bəsləyən sədaqətli
araşdırıcılarına ehtiyacı var. Kimin payına,
taleyinə belələrindən biri deyil, bir neçəsi
düşürsə, o, xoşbəxtlərin xoşbəxti
olur və daha uzun yaşamaq, daha çox yeni sevənlərini
qazanmaq imkanını da əldə edir. Nəcəf bəy
haqqında ilk kitabı 1954-cü də, onun 100
yaşının tamam olduğu ildə görkəmli ədəbiyyatşünasımız
Feyzulla Qasımzadə buraxdı. Ancaq Nəcəf bəyi
xalqa, elmimizə bütün yönləri və genişliyi
ilə gərəyincə çatdıran
araşdırmalarıyla XIX yüzil ədəbiyyatımızın
xeyli açılmamış qatlarına işıq tutan
unudulmaz Kamran Məmmədov oldu. Ədibin haqqında Kamran
müəllim özünə xas elmi səliqə ilə
1963-cü ildə sanballı bir kitab yazdı, Nəcəf bəyin
əldə olan əsərlərinin hamısını
toplayaraq külliyyatını da ayrıca nəşr etdirdi. Vəzirov
əsərlərinin ortadakı bütün nüsxələrini
bircə-bircə tutuşdurmuşdu, hansı söz və ifadələr
hansı nəşrdə fərqli gedib, hamısını dəqiqləşdirərək
hər birini öz yerinə qoymuş, Nəcəf bəy
özü həyatda olardısa, elə onun şəxsən
göstərə biləcəyi həssaslıq, şövq və
can yandırmaqla həmin ağır işi başa
çatdırmışdı. Ancaq nədirsə, sonralar Nəcəf
bəyin əsərlərinin hər yeni nəşrində
Kamran Məmmədovun zəhmətinin bəhrələrindən
asudəcə yararlananlar, yəqin ki, hər belə mükəmməl
işin arxasında gərgin alim zəhmətinin olmasından
bixəbərlikləri ucbatından çox vaxt onun
adını çəkməyi unutdular.
Nəcəf bəyin 1875-ci ildə İrəvanda
yazdığı ilk pyesinin - birinci dəfə 1901-ci ildə
buraxılan kitabında oxucu ilə görüşmüş
"Ev tərbiyəsinin bir şəkli" əsərinin
heç məzmununa keçməmiş adında ibrət var.
Hər əməl hökmən hansısa tərbiyənin
şəkli, bəhrəsi kimi ortaya çıxır, həmin
əməlin sahibinin mənəviyyatı haqqında xəbər
çatdırır. Bizdən əvvəl savab əməklər
sərf etmişlərin yaxşı işlərindən
istifadə edəndə "rəhmət", "sağ
ol" deməyə dilimiz dönməyəndə, ən
azı onların adlarını ehtiramla xatırlamağa
insafınız çatsın. Çünki mütləq
üç nəfər, beş nəfər həmişə
tapılacaq ki, kimin hansı xidmətinə göz
yumulduğunu görəcək, biləcək. Elə həmin
"Ev tərbiyəsinin bir şəkli"nin mətnini
Kamran Məmmədov nəşrindən götürüb bizim
günlərdə də buraxırlar və unudulmaz alimin bir
vaxtlar kitabın sonunda verdiyi aydınlaşdırmalar, dəqiqləşdirmələr
bu təzə zamanın xam naşirlərinə artıq gəldiyindən
onları qoyurlar bir qırağa. Həmin zahirən qısa
qeyd və izahlarsa mahiyyətcə böyük idi, Nəcəf
bəyə və onun irsinə bala məhəbbəti ilə
yanaşan Kamran Məmmədovun uzunmüddətli tədqiqat nəticəsində
əldə etdiyi vacib qənaətlər, mütləq yerinə
qoyulmalı olan tarixi məlumatlardı. Mətnşünaslığın
oturuşmuş şərtlərini ülgü, nəşr ayəsi
kimi qəbul edən Kamran Məmmədov baxmışdı ki,
"Ev tərbiyəsinin bir şəkli"nin XX əsrin lap əvvəlindəki
nəşrində pərdənin örtülməsindən
sonra Nəcəf bəy bir bənd şeir də veribmiş, fəqət
sonralar o misralar sanki yaddan çıxıb, yeni nəşrlərə
də əlavə edilməyib. Ustadın yazdığı bu
dörd sətir də itib-batmasın deyə Kamran Məmmədov
onları Nəcəf bəy əsərlərinin toplusuna
qoşma olaraq yazdığı "İzahlar, qeydlər, əlavələr"
bölməsində lap axırda vermişdi:
Şadlıq mənə üz verməz
qəmkeşlər arasında,
Rahat ola bilməm heç naxoşlar arasında.
Yoxdur mən üçün dövlət,
həm şövkət ü həm izzət,
Kimdir, görəsən,
xoşbəxt bədbəxtlər arasında?
Bu misraları elə Nəcəf
bəyin özünə bənzəyirdi. O, özünü
yalnız millət bəxtiyar olacağı təqdirdə məsud
saya bilərdi. Ona görə də ömrü uzunu
bütün çalışmalarının başlıca məramı
bu oldu ki, millətini daha irəligetmiş, daha bəxtəvər,
daxilən daha zəngin etməyə töhfələrini
versin, xalqının gününü ağ gördükcə,
o da qəlbən məmnun qala bilsin.
Nəcəf bəy Vəzirov 1854-cü ildə anadan
olmuş və həyatının əsas hissəsi -
üçdəikisi XIX yüzildə keçmişdi. Amma XX əsrdə
də yaşadı və bu əsrin
başlanğıcında yazdığı pyeslərindən
biri "Təzə əsrin ibtidası" adlanırdı.
Yeni yüzilliyin başlanğıcında - ibtidasında
dayanan, yeni günü quranlardan biri də elə Nəcəf
bəy Vəzirovun özü idi. O, yarısını Azərbaycanda
və Azərbaycandan kənarda yaşamış olduğu XIX əsrin
çöhrəsinə yaxşı bələddi - bu
yüzillikdəki tərəqqidən də agahdı, ayaqdan
tutub geriyə dartan cəhalətdən, avamlıqdan, ətalətdən
də bixəbər deyildi. İstəyirdi ki, yeni əsrin
qoynunda onun həmvətənləri daha açıq
düşüncəli, milləti daha azad olsun. Bu hamar olmayan
ağır mübarizəli yolu Nəcəf bəylə
yanaşı addımlayan, onun bir çox əsərlərində
baş rollarda oynamış Hüseynqulu Sarabski Nəcəf bəysiz
illərdə keçmiş günləri və ağsaqqal
dostunu xatırlayarkən yazırdı ki, axşamlardan birində
İçəri şəhərdə "Krepostnaya"
küçəsi ilə gedirdim, qabağıma bir
şişpapaq çıxdı, salamsız-kəlamsız məndən
soruşdu ki, keçən gecə teatrda Hacı Qəmbər
sən idin? "Bəli" dedim və ürəyimdə
sevindim ki, nə yaxşı, camaat tamaşalarımıza
baxır, məni üzdən tanıyır. Ancaq mənim təsdiqedici
cavabımı eşidincə həmin adamın sifəti dəyişdi,
qeyzlə dilləndi ki, bəs teatr oynamağınız
azmış, bizim mollanın da adını çəkirsiz?
Çünki pyesdə həqiqətən belə bir
yer var ki, Hacı Qəmbər nökəri Cəbiyə
üz tutaraq deyir: "Gədə, Cəbi get, o Molla Səfini
çağır gəlsin".
Hüseynqulu Sarabski davam edirdi ki, həmin
şişpapaq qəzəblə bu sözləri deyəndən
sonra qəfilcə mənə bir şapalaq çəkdi və
qaçdı.
Sarabski özü də içərişəhərli
idi, bu məhəllələrdə
böyümüşdü, oğlu Azərin mənə
söylədiklərindən bilirəm ki,
cavanlığında qabağından yeyən də
deyilmiş. Həmin gün də, öz yazmasınca, ona
şapalaq çəkənin ardınca yüyürür,
lakin qaçan qaranlıqda itir.
Bu, gözucu oxuyub keçiləsi sadə hekayət
deyil, bu xatirədə ibrət var, tale var, bu mənzərə
o dövrdə qaragüruh və avamlıqla
qarşı-qarşıya yol gedib mübarizə aparanların
aqibətidir. Nəcəf bəy Vəzirovun pyeslərində
rol ifa edənlər belə sıxıntılarla üzbəüz
idisə, düşünün, onun özü hansı çətinliklərlə
qarşı-qarşıya gəlirdi. Ancaq Nəcəf bəy
Vəzirov və silahdaşları məslək adamı idilər
və belə həmlələr onları ülvi məqsədindən
azacıq olsa belə çəkindirmək, sapındırmaq
gücündə deyildi. Onlarçün işin
böyüyü-kiçiyi, yaxşısı-yamanı,
ağırı-yüngülü yoxdu. Onlar bütün
işlərə vacib kimi baxırdılar. O işlər ki
niyyəti xalqın ziyalanması idi, onlar bu yolda hər fədakar
xidmətə hazırdılar. Nəcəf bəy dövlət
qulluqçusu olanda da, müəllimlik edəndə də,
yazıçı kimi məşhurlaşandan sonra da lazım
gələndə səhnəyə çıxırdı,
aktyorluq eləyirdi, yoldaşlarına qoşularaq
boşluqları doldururdu. Onlar məhz olmalı olub
olmayanları yaratmaq, boş qalmamalı yerləri
doldurmaqçün gələnlərdilər. Əslində Nəcəf
bəyin səhnəyə gələn yolu elə aktyorluqdan
başlamışdı.
1911-ci ildə Mirzə Fətəlinin 100 illiyi qeyd
edilirkən Əbdürrəhim bəy Haqverdiyev
yazdığı "Xəyalat" pyesində Axundzadənin
qəhrəmanlarını eyni müstəvidə
görüşdürmüşdü. Həmin rolları ifa
edənlərin arasında aktyorlar da vardı, o
çağın tanınan ziyalıları da. 1911-ci ildə
Nəcəf bəy Vəzirov yaşı altmışa
çatan, cəmiyyət içərisində sanbalı olan
şöhrətli ədib idi. Ancaq həmin axşam o da səhnəyə
çıxmışdı, Mirzə Fətəlinin qəhrəmanlarından
biri idi, Hatəmxan ağanın surətini yaradırdı.
Nəcəf bəyin artistlik fəaliyyəti ilə
bağlı ayrı bir söhbətsə bizlərə
böyük aktyorumuz Mirzağa Əliyevin diliylə
çatıb. Onillər boyu Azərbaycan səhnəsində
təkrarsız sənətkarlıqla yüzlərlə surət
yaratmış, özü də ustada çevrilmiş
Mirzağa Əliyev ömründən keçənlər
arasında iki nəfəri özünə ustad sayırdı
və yazırdı ki, teatrda mənim birinci ustadım Nəcəf
bəy Vəzirov, ikinci ustadım, ikinci müəllimim isə
Cahangir Zeynalov olub.
Mirzağa Əliyev səliqəli adam olub. Xatirələrini,
çıxış etdiyi tamaşaları, ən müxtəlif
görüşləri ilinə, ayına, gününə qədər
dəqiqliklə təsvir edib. Nəcəf bəy Vəzirovla
ilk görüşünü də yada salaraq nağıl edir
ki, birinci dəfə Nəcəf bəy Vəzirovla mən
1901-ci ildə aktyor Murad Muradovun evində
görüşdüm, "Bakı Teatr həvəskarlarının
dəstəsi" deyilən bir qrup vardı, Nəcəf bəy
də həmin qrupda idi, Muradovun evində
toplaşmışdıq, yeni bir tamaşaya hazırlıq
işləri görülürdü, həmin gün mənim
teatr aləminə varid olduğum gün idi, təbii ki,
xoşbəxt idim, ancaq məni daha çox xoşbəxt eləyən
o idi ki, həmin gün ilk dəfə canlı olaraq Nəcəf
bəy Vəzirovla görüşmüşdüm.
Bunun ardınca isə Mirzağa Əliyev Nəcəf
bəyin aktyorluğu ilə bağlı bir sərgüzəşti
çatdırmaqçün bizi aparır 1916-cı ilin
noyabrına.
"Müsibət-i Fəxrəddin"i tamaşaya
qoymağa hazırlaşırmışlar, işlər
yolundaymış, bütün rolların ifaçıları
müəyyənləşdirilibmiş, məşqlər də
başlanıbmış, yeganə kəsirləri Hürü
nənəymiş, bu surəti oynayacaq aktyoru tapa bilmirlərmiş.
Yəni qadın onsuz da yoxdu, rolu ifa edən istənilən
halda kişi olasıydı, ancaq kişi aktyorlar arasında da qadın
rolunu qənaətbəxş canlandıracaq namizədi tapmaq
müşkülə dönmüşdü. Mirzağa
Əliyev yada salırdı ki, elə bu fikrin
narahatlığıyla Vəzirova dedim ki, ay Nəcəf bəy,
qələm öz əlinizdədir, olmazmı ki, bu pyesləri
elə yazasınız ki, onlarda bu qədər qadın surəti
olmasın, biz də belə çətinliklərlə
qarşılaşmayaq?
Nəcəf bəy gülümsünür ki,
Mirzağa, bu əsərləri biz yalnız bugün
üçün yazmamışıq ki, bu əsərlər gələcəkdə
də oynanacaq, onda səhnədəki Azərbaycan
qadınlarının sayı bəlkə kişilərdən
də çox olacaq, ona görə bu əsərlərdə
bu surətlər də olmalıdır, qaldı Hürü nənə
surəti, sən qəm yemə, mənim adamım var, gətirəcəm,
oynayacaq.
Mirzağa Əliyev yazır ki, Nəcəf bəyin bu
sözlərindən sonra mən təskinlik tapdım, nəhayət,
tamaşa günü gəlib yetişdi, lakin səhnəyə
çıxmağımıza yarım saat qalmış digər
aktyorların ardınca Nəcəf bəy gəlib
çıxsa da, dalağım sancdı, çünki tək
idi, axı boyun olmuşdu Hürü nənə surətini
oynamalı adamını da özü ilə gətirəcək,
dözmədim, soruşdum ki, Nəcəf əmi, bəs
Hürü nənəni oynayacaq tanışınız harada
qaldı?
Nəcəf bəy qayıdır ki, narahat olma, bu saat
hamısı düzələr. Aktyorlar səhnə
libaslarını geyinməyə başlayanda Nəcəf bəy
əsasını qoyur bir qırağa, başlayır
soyunmağa və Hürü nənənin paltarını
geyinməyə. Mirzağa Əliyev dəqiqləşdirirdi:
"Nəcəf bəy saqqalı və bığı
görünməsin deyə burnunun üstündən tərəkəmə
arvadları kimi yaşmaq bağladı, müəyyən
vaxtda səhnəyə girdi, tamaşanın axırınadək
bütün sözlərini bir aktyor kimi deyib qurtardı, yenə
öz paltarını geyib, əsasını əlinə
aldı, aktyorlarla vidalaşıb gedəndə: "Adətdir,
qız qarıyıb qocalanda güc dayısına düşər
deyərlər", - söyləyərək əsasını
yerə döyə-döyə çıxıb getdi".
...Azərbaycan səhnəsinə çox Hacı Qəmbərlər
gəlib-gedib, ancaq "Yağışdan çıxdıq,
yağmura düşdük"dəki bu baş surəti
yaratmışların siyahısının başında
yazılmalı olan Cahangir Zeynalovdur ki, onu elə Nəcəf
bəy özü də çox bəyənirmiş. Cahangir
Zeynalov yaradıcı aktyormuş, tamaşalar əsnasında
bədahətən əlavələr etməyi
xoşlarmış. Zövcəsi ilə üz-üzə
qalıb deyinən Hacı Qəmbərin dilinə Cahangir Zeynalov
improvizə edərək pyesdə olmayan, Nəcəf bəy Vəzirovun
yazmadığı iri bir parçanı artırır və
həmin əlavəni sonralar elə həqiqətən əsərin
müəllif yazan cümlələri kimi qavrayaraq başqa
ifaçılar da təkrarlamağa başlayır. Cahangir
Zeynalov "arvadına" üz tutaraq ikrahla
çımxırır ki, axı məndən nə istəyirsən,
on il yaşayıram, yaşayırsan, iyirmi il yaşayıram,
yaşayırsan, otuz il yaşayıram, yaşayırsan,
qırx il yaşayıram, yaşayırsan. Mənimlə o
dünyaya getmək istəyirsən? Mən səninlə o
dünyaya getmək istəmirəm.
Hacı Qəmbərin bu sözləri
tamaşaçıların döşünə yatır,
gülüşürlər, alqışlayırlar və Nəcəf
bəy də tamaşadan sonra Cahangirə yaxınlaşaraq
deyir ki, əsəri yazanda bu sözlər ağlıma gəlmiş
olsaydı, mütləq onları əlavə edərdim.
Teatr, səhnə bu insanlar üçün həyatları
demək idi, onların ömrü teatrsız, səhnəsiz
natamam olardı, amma bu insanlarsız teatrımız, səhnəmiz
sadəcə natamam olmazdı, ümumiyyətlə, bildiyimiz
möhtəşəmliyində baş tutmazdı. Həmin səbəbdən
də bu fədakarlar yeri gələndə, fürsət
düşəndə, ehtiyac yarananda bir-birlərini
tamamlayırdılar, bir-birlərini inkişaf etdirirdilər və
həmmüəlliflik höcətinə
qalxışmırdılar ki, bu mənim payımdır,
filanı mən artırdım, beşməkanı mən əlavə
elədim. Onlar ümumi bir iş görürdülər. Bu,
millət işi idi. Millət işi isə onların
hamısını bir yumruğa çevirmişdi.
...Əski əyyamların dərvişlərinin
ozanlar kimi bəydən-bəyə, aşıqlar kimi eldən-elə
gəzib-dolaşmaları bir adət idi. Gəncliyindən
özünə "Dərviş" təxəllüsü
seçmiş Nəcəf bəy öz təxəllüsünə
bu cəhətdən də sadiq qaldı ki, o da daim yollara
çıxanlardan oldu. Həm də yalnız həyatda
olduğu vaxtlarda deyil, dünyadan köçəndən sonra
da. XX yüzilin 50, 60, 70-ci illərində Nəcəf bəyin
ayağı xüsusən yüyrək idi: Bakı
teatrları hər tamaşa mövsümünü sona
çatdırıb istirahətə çıxınca dinclik
nədir bilməzdilər, baş alardılar Azərbaycanın
müxtəlif rayonlarına və bu qastrol səfərlərində
Nəcəf bəy Vəzirovun pyesləri onların
ayrılmaz yol yoldaşı olardı. Gənc
Tamaşaçılar Teatrı xüsusən seçilərdi.
O çağlar Akademik Teatrla rəqabətə girmək təpərində
olan bu teatr çox güclü idi - tamaşaları bir-birindən
baxımlı, heyəti "ulduzlar bürcü". Qastrollar
bir girəvə idi ki, Azərbaycanın dörd
bucağındakı tamaşaçılar adlarını
uzaqdan-uzağa eşitdiklərini, simalarını
uzaqbaşı televiziya ekranlarında gördükləri
görkəmli aktyorları - Yusif Vəliyevi, Hüseynağa
Sadıqovu, Firəngiz Şərifovanı, Süleyman Ələsgərovu
və neçə-neçə başqalarını
yaxından görsünlər.
Özüm şahidəm - məktəbliykən
onların hamısını Kürdəmirdəki yay klubunun səhnəsində
görüb məftun olmuşam.
Böyük maarifçi Nəcəf bəy Vəzirov,
köhnə Dərviş haçandı ki, həyatda yox idi,
amma yaratdıqlarıyla, yadigar qoyduqlarıyla teatrı xalqa
yaxınlaşdırmaqda, insanları çatdığı
söz ocağının başına yığmaqda davam
edirdi.
...1926-cı ilin saxlancı olan, Bakıda keçirilən
I Türkoloji qurultay günlərində çəkilmiş
bir kollektiv fotoya baxanda elə zənn edirsən bu dəqiqə
gözlərin qamaşacaq. Üzlərdə nə qədər
işıq olar?! Əli bəy Hüseynzadə burada, Mirzə
Əbdülxaliq Yusif burada, Əhməd Cavad, Mikayıl Rəfili,
Mirzə Rəhim Fəna, Əbdülxalıq Cənnəti, Səməd
Mənsur, Məşədi Azər Buzovnalı, Şəfiqə
xanım Əfəndizadə, Məhəmməd Fuad
Köprülüzadə, Böyükağa Talıblı, Bəkir
Çobanzadə, Cəlil Məmmədquluzadə,
Ağadadaş Muniri... burada.
Nəcəf bəy Vəzirov da bu qatardadır.
Əbdürrəhim bəy Haqverdiyevlə yanaşı əyləşib.
1937-nin bu dəstədəkilərin bir çoxunun canına qəsd
edəcək qara səmumları hələ uzaqdadır. Hələ
1926-cı ilin yazıdır. Nəcəf bəy Vəzirov da
şad-xürrəm, deyə-gülə dostlarının,
simsarlarının arasındadır. Ancaq onunla əbədi
ayrılığa da lap az qalıb. Nəcəf bəy Vəzirov
ömrünün bu parçasında yazı-pozusuyla
yanaşı müəllimlik də edirdi, Kənd Təsərrüfatı
Texnikumunda meşəçilikdən dərs deyirdi.
Petrovski-Razumovski Akademiyasından aldığı bilikləri,
meşəbəyi işləyərkən
yığdığı zəngin təcrübələri gənclərə
ötürürdü. O dövrdə artıq bir az xəstəhal
idi, həkimlər ona məsləhət
görmüşdülər ki, uzaq yola səfərlərə
çıxmasın, bədənini artıq əziyyətə
salmasın. Ancaq 1926-cı ilin iyul günlərində tələbələrini
yığaraq Şamaxıya yola düşür. İstəyirdi
ki, yalnız sinif otaqlarında deyil, təbiətin qoynunda da əyani
olaraq tələbələrinə bildiklərini öyrətsin,
təcrübələrini bölüşsün. Ancaq gəlib
çatırlar Şamaxıya, qalxırlar Çuxuryurda, qəfildən
Nəcəf bəyin təzyiqi kəskin qalxır, ürəyi
tutur və elə orada - Şamaxıda, Çuxuryurd
yaylağında 1926-cı ilin 12 iyulunda həyatının son
saatı gəlir.
Onun Bakı küçələrindən son
keçişi izdihamlı oldu, ümumxalq matəminə
çevrildi. Həmin günlərdə Azərbaycanda
çıxan qəzet və dərgilərin hamısı kədərli
yazılar dərc etdi, "Kommunist"də, "Bakinskiy
raboçiy"də, "Yeni yol"da, "Kəndli" qəzetində,
"Maarif və mədəniyyət" jurnalında Nəcəf
bəylə bağlı göynəkli məqalələr yer
aldı. Bu yazılarda o, sadəcə müasir görkəmli
ədib yox, canlı heykəl adlandırılırdı. Hərarətli
vida sözlərində yazılırdı ki, Nəcəf bəy
Vəzirov getdi, ancaq ondan bizə yadigar qalan bu gün Şərqdə
aparıcı mövqe tutan teatrımız oldu.
"Maarif və mədəniyyət" xalqa təsəlli
verirdi ki, Nəcəf bəy Vəzirov getdi, ancaq o, sağlam
ruh, sağlam fikirli bir gənc nəsil yetişdirərək
getdi.
Hər gələn bir gün gedir. Nəcəf bəy
Vəzirov da gedib, ancaq onun sağlam ruh, sağlam fikir
ötürücüsü olaraq vəzifəsi yalnız
yaşadığı illərə sığmayıb,
vaxtın sərhədlərini də aşıb. Bu gün Nəcəf
bəy Vəzirov yoxdur, ancaq yazdıqları diridir,
düşüncəsi, duyğuları bizimlədir və
ölməz ədib əsərlərindəki sağlam ruhu
bugünə və sabaha ötürməkdə davam edir.
...Nəcəf bəy Vəzirov kimi böyük şəxsiyyətlərin
bir vacib keyfiyyəti də onların körpü
olmasıdır. Xalqlar arasında, ölkələr
arasında, mədəniyyətlər arasında. Amma həm də
elə öz millətinin üçində - cəmiyyətin
fərqli təbəqələrini bir-birinə daha yaxın
etməkçün, ümid verən soydaşların bu
körpüləri keçərək layiq oduqları ucalara
çata bilməsini asanlaşdırmaqdan ötrü.
Nəcəf bəyin körpülüyündəki
xeyirxah bir səmt də yalnız əsərləri ilə
deyil, şəxsiyyəti, işığı və bilavasitə
təsirləri ilə də Azərbaycanın bir silsilə
istedadlı cavanının səhnəyə, ədəbiyyata,
mədəniyyətə bağlanmasına və bu səmti
tutub getməsinə təkançıya çevrilməsi
idi. Qısa ömür yaşamış Hüseyn Ərəblinskinin
adı tariximizə yalnız zirvə sənətçi kimi
deyil, həm də ideal aktyor rəmzi kimi həmişəlik
düşübdür. Onun da səhnəyə gəlməsinin,
teatra bağlanmasının və sənətin "Məcnun"una
çevrilməsinin təməlində dayanan da Nəcəf bəydir.
1905-ci ildir, Lənkəranda Nəcəf bəyin
"Müsibət-i Fəxrəddin"i oynanacaq, Əbülfət
Vəli baş rolda çıxış etməlidir, ancaq
soyuqlayıb, səsi tutulub, səhnəyə
çıxası halda deyil, Fəxrəddini əvəz eləyəcək
aktyorsa yoxdur. Hüseyn Xələfov hələ Ərəblinski
olmayıb, aktyorluğa yeni başlayanlardandır, bu
tamaşada da ona kiçik surətlərdən birini
tapşırmağı nəzərdə tutublar. Vəziyyəti
belə çıxılmaz görəndə Hüseyn dillənir
ki, izin versəniz, Fəxrəddini mən oynardım, pyesi
başdan-axıradək əzbər bilirəm. Tərəddüdlə
olsa da, başqa çıxış yolu görmədiklərindən
razılıq verməli olurlar. Oynayır və görürlər
ki, bu gənc ikinci dərəcəli yox, elə daim baş
rolları oynamağa layiqdir. Beləcə, Nəcəf bəyin
"Müsibət-i Fəxrəddin"i sabahın
böyük Ərəblinskisinə geniş fəzalara
uçmaqçün qanadlar bağışlayır.
Ya digər klassikimiz Sidqi Ruhulla ki, onun da səhnəyə
gəlməsinin, teatrın vurğununa çevrilməsinin təməlində
dayanan yenə Nəcəf bəyin işığıdır.
Bunu Sidqi Ruhulla özü xatirələrində etiraf edib.
1906-cı ildir. Nəcəf bəyin "Adı var,
özü yox"u oynanır və Sidqiyə etibar edilmiş
balaca rol, böyük aktyorlarla eyni səhnəyə
çıxması, teatrın bihuşedici havası onu necə
məftun edirsə, elə həmin axşamdan teatra
bütün varlığıyla bağlanır və illər
sonra, artıq tanınmış aktyorlar cərgəsində
yer aldığı çağlarda yada salırdı ki, o
gündən mən anladım ki, gərək bütün
başqa işlərimi bir kənara qoyub yalnız teatrla məşğul
olam, çünki bundan sonra həyatımın mənası
bu səhnədir. Və Nəcəf bəy Vəzirov kimi
körpülərin bütün başqa körpülərdən
mühüm bir fərqi də var.
Körpülər adətən o sahillə bu sahili
birləşdirir. Nəcəf bəy - onun irsi və şəxsiyyəti
isə yalnız iki sahili birləşdirən körpü
deyil. O, yaşayıb-çalışdığı günlərdə
də çox sahilləri birləşdirirdi, bu gün də
həmin körpülüyünü davam etdirməkdədir,
indi artıq həm də dünənimizlə
bugünümüz arasındakı ən canlı rabitəçi,
keçdiyimiz yolun tarixini nişan verən körpüdür.
Amma Nəcəf bəy Vəzirovun işığı elə
parlaqdır ki, həmin körpü bugündən də
sabahlara uzanır.
12 aprel 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.-17
aprel,№ 65.- S.10-11.