UNEC-də "Elm günləri"nə
uğurla yekun vurulub
Silsilə müzakirələrdə elmi tədqiqatların
hazırkı səviyyəsi, çağdaş iqtisad elminin
aktual məsələləri müzakirə olunub
27 mart - 4 aprel tarixləri Azərbaycan Dövlət
İqtisad Universitetində (UNEC) "Elm günləri" elan
edilib. Bu "Elm günləri"ndə universitetdə elmin
mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual
mövzuları, UNEC tədqiqat mərkəzlərinin
potensialının gücləndirilməsi və sifarişli
elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi
jurnalların, konfrans materiallarının beynəlxalq elmi
bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində
tədqiqatçıların rəqəmsal resurslardan istifadə
imkanlarının genişləndirilməsi müzakirə
olunub. Eyni zamanda UNEC laboratoriyalarının mövcud vəziyyəti
və akkreditasiya imkanları, dissertasiya şuraları və
elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi,
magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin
artırılması yolları müzakirə edilib. Həmçinin
2023-cü il iqtisadiyat üzrə Nobel
mükafatçıları haqqında təqdimatlar olacaq, beynəlxalq
qrant layihələrinə müraciət qaydaları və
onların idarə olunması üzrə təlim
keçirilib.
Yekun tədbirində çıxış edən UNEC
rektoru, professor Ədalət Muradov deyib ki, "Elm günləri"
çərçivəsində UNEC-də elmi fəaliyyətin
müxtəlif istiqamətləri üzrə geniş
müzakirələr təşkil olunub. Müzakirələr
zamanı aşkarlanan zəif tərəflərin aradan
qaldırılması ilə bağlı müvafiq qərarların
verildiyini diqqətə çatdırıb.
Ədalət Muradov elm sahəsində əldə
olunan uğurlardan da danışıb. Rektor UNEC alimlərinin
1975-ci ildən 2024-cü ilədək "Web of Science və
Scopus" platformalarında dərc olunan məqalələrinin
63 faizinin məhz son 5 ilin payına düşdüyünü
qeyd edərək, bu statistikanı çox böyük
uğur adlandırıb: "AMEA-nın tədqiqat
institutları da daxil olmaqla, UNEC Q1 kvartelli jurnallarda dərc
olunan məqalələrinin sayına görə ölkədə
1-ci yerdədir. "Scopus"da çap olunan məqalələrin
sayına görə 2014-cü illə müqayisədə 2023-cü
ildə bu rəqəm 103 dəfə artaraq, 411-ə
çatıb. "Scopus" bazasında istinadların
sayı 46 dəfə artaraq, 693-ə yüksəlib. O qeyd edib
ki, Q1 kvartilli jurnallarda çap olunan məqalələrin
sayına görə UNEC ölkədə liderdir. UNEC alimləri
76 xarici ölkə alimləri ilə birgə məqalələr
yazıblar: "İstinadların sayı 46 dəfə
artıb. Q1-də çap olunan məqalələrin sayı
(Q1-də ilk UNEC məqaləsi 2017-ci ilə aiddir) 35 dəfə,
H indeksi 6 dəfə artıb. 76 xarici ölkə alimlərilə
birgə məqalələr çap olunub. Qeyd edim ki,
hazırda UNEC-də 43 Tədqiqat Mərkəzi fəaliyyət
göstərir. UNEC Tədqiqat Mərkəzlərində 120
xarici tədqiqatçı tədqiqat aparır. Ölkədə
və regionda ilk dəfə yaradılan Elmmetriya şöbəsi
uğurla çalışır: "UNEC-də Elmmetriya
şöbəsinin yaradılması vaxtında verilən ən
düzgün qərarlardan biridir. Bu şöbənin işi
bizim UNEC-də elmi fəaliyyətin nəticələrini hər
an görməyə imkan verir və biz də bu fürsətdən
istifadə edirik. Qeyd edim ki, SCOPUS və "WEB of SCIENSE" və
"Google Scholar"da bütün tədqiqatçıların
profili yaradılıb".
Ədalət Muradovun dediyinə görə, ölkədə
tədqiqat qurumları arasında əməkdaşlığın
qurulması olduqca vacibdir. Bu gün belə əməkdaşlığa
mənfi təsir göstərən və elmi tədqiqatların
təşkilinə zərər verən bir sıra qərarlar
hələ də davam edir. Nəticədə universitet elminin
inkişafı baxımından uzunmüddətli strateji qərarlar
vermək əvəzinə ehtimal olunan və bir sıra
hallarda süni yaradılmış ziyanın
minimallaşdırılması üçün
qısamüddətli taktiki qərarlar verilməsi yeganə
çıxış yolu kimi məcburiyyətə
çevrilir. Eləcə də, elmdə "toplananların
yerini dəyişəndə cəmin dəyişəyəcəyinə"
inandırmaq cəhdləri də əbəsdir. Elmin
inkişafı baxımından bu problemin də ən qısa
vaxtda həlli vacibdir.
Rektor bildirib ki, hazırda elmin genişlənən rəqəmsallaşması
kiçik iqtisadiyyatların tədqiqatçıları ilə
böyük iqtisadiyyatların tədqiqatçıları
arasında elmi əməkdaşlıq imkanlarını olduqca
artırır: "Ölkəmizin üç universitetinin
dünyanın ən yaxşı 800 universitetləri
sırasına daxil olması tapşırığının
icrası buna mane olan, beynəlxalq
elmi əməkdaşlıq baxımından universitetlərin
imkanını "sovetlər sayağı" məhdudlaşdıran
qərarlardan və əsassız qadağalardan imtinanı tələb
edir və müasir tənzimləmə sisteminə
keçidı qaçılmaz edir".
Ədalət Muradov vurğulayıb ki, elmin maliyyələşdirilməsi
ilə bağlı mövcud vəziyyət kökündən
dəyişilməlidir: "Söhbət universitetlərə
tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan
deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik
bu məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi
modelindən öncə isə bütövlükdə elmin təşkili
və idarəedilməsində hələ də mövcud olan
sovet modelindən qısa vaxtda kənarlaşmaq
lazımdır. Başqa sözlə, "əyrini daha təkmil
əyriyə çevirmək" üçün maliyyə
vəsaiti ayırmağa dəyməz".
UNEC-də gənc alimlərin elmi potensialının
reallaşdırılması üçün hələ də
əlavə tədbirlərə və yeni yanaşmalara zərurət
var: "Artıq UNEC-də elmin rəqəmsallaşdırılması
ilə bağlı ciddi işlərə
başlamışıq. Elmi işlər üzrə prorektora
bununla bağlı tapşırıqlar verilib. Təhlillər
artıq yekunlaşır. Düşünürük ki, dərs
ilinin sonuna qədər elmin rəqəmsallaşdırılması
ilə bağlı UNEC-in rəqəmsal platformasının
işə salınması başa çatmalıdır.
Düşünürəm ki, gənc alimlərin
potensialının reallaşdırılması
üçün əlavə tədbirlərə ehtiyac var.
Elmin maliyyələşdirilməsində də ciddi problem
mövcuddur. Elmi tədqiqatlarda, elmi fəaliyyətdə
UNEC-in əldə etdiyi bütün nailiyyətlər
istisnasız olaraq universitetin vəsaiti hesabına maliyyələşdirilib".
UNEC rektorunun dediyinə görə, elm sahəsində
böyük dövlətlərin, güclü
iqtisadiyyatların hakim mövqeyi davam edir və çox ehtimal
ki, ən azından yaxın gələcəkdə də belə
olacaq. Bu şəraitdə Azərbaycan kimi kiçik
iqtisadiyyatlı ölkələrdə beynəlxalq elmi əməkdaşlıq
qaçılmaz zərurətə çevrilir. Həm də
hazırda elmin genişlənən rəqəmsallaşması
kiçik iqtisadiyyatların tədqiqatçıları ilə
böyük iqtisadiyyatların tədqiqatçıları
arasında elmi əməkdaşlıq imkanlarını olduqca
artırır.
Ədalət Muradovun sözlərinə əsasən,
bu gün elmin maliyyələşdirilməsi üçün
mütərəqqi bir modelin, sistemin
formalaşdırılması vacibdir: "Biz belə modelin hazırlanmasında
iştirak etməyə hazırıq və bizim bununla
bağlı baxışımız var. Amma yeni maliyyələşmə
modelini tətbiq etməmişdən öncə ölkədə
bugünə qədər mövcud olan elmin təşkilində
sovet modelindən kənarlaşmaq qaçılmazıdır,
zəruridir. Sovet modelli elmə maliyyə yatırmağın
mənası yoxdur. Bununla da bağlı UNEC-in öz təklifləri,
modeli var. Düşünürük ki, elmi dərəcə
adların verilməsindən başlayaraq islahatı qısa
vaxt ərzində tamamlana biləcək, əlavə vəsait
tələb etməyən islahat mümkündür. UNEC belə
islahat modelini keçirməyə hazırdır. Bizim elə
modelimiz var. Ölkədaxili tədqiqat qurumları arasında əməkdaşlığın
qurulması həyati əhəmiyyət kəsb edir. Bu gün
Azərbaycanda biz bu rəqabəti görə bilmirik.
Verilmiş bəzi yanlış qərarlar bu əməkdaşlığa
mənfi təsir göstərir. Bəzi hallarda verilmiş qərarlar
ali təhsil müəssisələrində elmi tədqiqatların
güclənməsinə fayda yox, zərər verir. Digər tədqiqat
institutunun uğurları sadəcə bu və ya digər
universitetin uğurları kimi göstərilir. Nəticədə
universitet elmin inkişafı baxımından əhəmiyyət
kəsb edən qərarlar vermək əvəzinə ehtimal
olunan ziyanın minimallaşdırılması
üçün qərarlar vermək məcburiyyətində
qalır. Bu, yanlış mühitdir. Bu mühitin qısa vaxt ərzində
ciddi dəyişdirilməsinə ehtiyac var".
Sonra UNEC-in Elm üzrə prorektoru, dosent Fariz Əhmədov
martın 27-dən start verilən və aprelin 4-dək davam edən
"Elm günləri" çərçivəsində
keçirilən müzakirələr və onların nəticələri
barədə yekun hesabatla çıxış edib. O bildirib
ki, Elm günlərində tədqiqatçıların rəqəmsal
resurslardan istifadə imkanlarının genişləndirilməsi,
elmi jurnalların və konfrans materiallarının nüfuzlu
beynəlxalq platformalarda indekslənməsi, tədqiqat mərkəzlərinin
potensialının gücləndirilməsi, magistr və
doktorluq dissertasiya işlərinin keyfiyyətinin
artırılması, beynəlxalq qrant layihələrinə
müraciət qaydaları və onların idarə
olunması, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin
təkmilləşdirilməsi, elmin rəqəmsallaşdırılması,
tələbələrin tədqiqat bacarıqlarının
artırılması yolları ilə bağlı geniş müzakirələr
aparılıb. Eyni zamanda sadalanan sahələr üzrə
mövcud problemlərin aradan qaldırılması ilə
bağlı qərarlar qəbul edilib.
Tədbirdə "2023-cü ilin elmmetrik göstəriciləri.
İnfoqrafik Məlumat" kitabının təqdimatı da
olub.
Sonda elmi fəaliyyəti ilə fərqlənən
UNEC əməkdaşları, tələbə və tədqiqatçıları,
tədqiqat mərkəzləri, kafedraları təşəkkürnamələrlə
təltif olunub.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.-6
aprel,№ 60.- S.23.