"Biz"in "mən"
olmaq mübarizəsi
Yeni dünyanın psixoloji xəstəliklərindən
biri də introvertlikdir, yəni özünə qapanmaq,
asosiallaşmaq. Bəlkə də on il qabaq buna sadəcə əhvalsızlıq,
bədbinlik deyirdik, indisə psixoloji xəstəlik kimi dəyərləndirilir.
İntrovertliyin altında bir çox mətləb
yatır. Travmalar, sürətli vaxt axışı, həddindən
artıq bir-birinə bənzəyən günlər, süni
rəngarənglik, karnaval içində matəm və əlbəttə,
sosial şəbəkələrin gərəksiz məişət
rəqabəti. Şəxsi dəyərlərin ictimai dəyərlərə
uduzduğu dövrün xəstəliyidir asosiallıq.
Depressiv yorğunluğun yaratdığı situasiyadır.
Pablo Nerudanın bir misrası var: "Gün gələr, bezərəm
insan olmaqdan..."
Hə, təxminən, belə bir vəziyyət. Bəşəri
və milli kimliyinin altında əzilən şəxsiyyətin
yorğunluğu. Təhsil həyatı, iş həyatı,
ailə həyatı, sosial statuslar, ictimai vəzifələr,
hüquqlar, işıq sürəti ilə gözlərimizi və
qulaqlarımızı dolduran informasiya axışı bizi biz
edən arzulardan, istəklərdən, həvəslərdən
qoparıb atır. Bir də gözümüzü yumub
açırıq ki, yaş altmış, geridə qalan
bütün xatirələr isə şəhər qələbəliyinin
içində itib-batan bir-iki xoş gün,
üç-dörd kədər qırıntısı.
İstanbulda bir balıqçı bütün həyatını
bircə cümlə ilə belə ifadə etmişdi:
"Əlli il işlədim ki, beş-altı il burada sakitcə,
qayğısız balıq tuta bilim".
Günah bir az da özümüzdədir. Əsirinə
çevrildik texnologiyanın. Bu, qətiyyən yeni dünyadan
şikayətlənmək deyil. Əlbəttə, inkişaf
da, inkar da mübarəkdir. Modernlik, avanqardlıq, yenilik insan
xislətini ərköyünləşdirən şeylərdir.
Lakin bir gün onların şəxsi həyatımızı
istismar etməyinə icazə verməməliydik. Təbiəti,
buludları, Günəşi tez unutmamalıydıq.
Dostlarımızla danışacağımız bol xatirələr
yığmalıydıq dilimizin altına. Gözlərimiz rənglərin
ən əlasını görməliydi.
Qulaqlarımızın eşitdiyi səslərdən ruhumuz
xumarlanmalıydı. İndi bunları belə xırdaca bir
metal parçasının içinə yığıb
cibimizdə daşıyırdıq. Gördüyümüz mənzərələri
fikrimizə, təxəyyülümüzə yox, telefonumuzun
yaddaş kartına yığırıq. Musiqiləri
axtarmırıq, onları tapmaq üçün həyəcanlanmırıq.
İndi onların hamısı hazır şəkildə
pleylistimizdə bizi gözləyir. Hər şey o qədər
əlçatan oldu ki, qabımızı o qədər
xırda təbəssümlərlə doldurduq ki, böyük
ümidlər, gözlədiyimiz səhərlər
yadımızdan çıxdı. Necə deyərlər,
bağlı qapılara baxa-baxa açıq pəncərələri
unutduq.
Sufilər deyirdi ki, insanı müdrikləşdirən
özünə qayıtmasıdır. Qazali yazırdı:
"Özünə dönənlər varlığı təmsil
edir". İçindəki qeybə çatanlar
aydınlanır. Qərblilər isə toplumu, ictimaiyyəti
müqəddəs hesab edirdi. Keçən əsrin
sosioloqları tələbələri sosiallaşmağa dəvət
edirdi. Siniflər arasındakı əlaqəni qurmağa,
ictimai öhdəlikləri sahiblənməyi, təşkilatlanmağı
məsləhət görürdülər. Zaman keçdikcə
həmin təşkilatlanmalar xüsusi sosial dərnəklərdən
başqa heç bir vəzifəni yetirmədi. İnsan
topluluğundan qurulmuş nəhəng cəmiyyətlərdə
hər kəs tək qaldı. Şərqin tənhalığı
ilə Qərbin tənhalığı burada bir-birindən
ayrılır. Biri unudulmağı, unutmağı faciə
deyil, inkişaf hesab edərkən, digəri unudulmaqdan, yaddan
çıxmaqdan qorxur.
Fərd kütlənin dərdini çəkməyə,
onun qayğıları uğrunda mübarizə aparmağa məcburdurmu?
Hər kəs bir amal üçün döyüşməlidirmi?
Həmrəy olmaq nə qədər önəmlidir?
Şərq deyir ki, belə bir öhdəliyimiz yoxdur.
Arif adam hər şeydən imtina edib özünü tərbiyə
edəndir. Qərb deyir ki, ən böyük öhdəliyimiz
odur ki, hamıya qarışıb kütləvi tərbiyəni
yaradaq. Bu ideoloji dünya görüşü əvvəlcə
cəmiyyətləri, sonra ölkələri, sonra
regionları xüsusi dəyərlər ətrafında
toplayacaq. Şərq isə xüsusi dəyərlərin onsuz
da var olduğunu, bizim sadəcə ona çatmaq
üçün yol tutmalı olduğumuzu tövsiyə edir.
Bu günün asosiallığı, introvertliyi dərrakəli
deyil. Yəni daha çox Qərbin hazırladığı dəyərlərin
xaricində qalanda, cəmiyyətdən ögey övlad
münasibəti görəndə, özümüzü
artıq hiss edəndə düşdüyümüz əhvaldır.
Bunu avantaja çevirmək, öz lehimizə istifadə etmək
keçmişin qalın kitabları arasında qalan gözəl
bir nəsihət kimi unuduldu. İndi asosiallıq fərqindəlik
yox, artıqlığın yaratdığı xəstəlikdir.
Yuxarıda Şərq haqqında yazdıqlarım elə
təsəvvür yaratmasın ki, qədim sivilizasiya kütləviliyi,
kollektivliyi qınayır. Belə olsaydı, dinlər bu
torpaqlardan yoğrulmazdı. Ən böyük kollektivlərdən
biri olan din və inanc sinifləri məhz Şərqin
icadı idi. Bəs elədirsə, Qərbin "biz"
anlayışı ilə Şərqin "biz"
anlayışını fərqləndirən nədir?
Mövzuya uyğun olaraq belə şərh etmək
olar ki, Şərq "biz" olmağı "mən"
olmağı xatırlamaq üçün seçir. Fərdiyyəçi
dünya görüşüdür bu. Şəxs ona görə
kollektivin içindədir ki, özünə gedən yolu
rahat tapsın. Qərb isə "biz" olmağı
güclü olmaq üçün seçir. Şəxsi fəaliyyətin
potensialını cəmiyyətin sinifləndirilməsinə
xərcləmək üçün. İkisi arasındakı
seçim həmin toplumun mədəni təfəkkürünü
formalaşdırır. Təəssüf ki, bu gün Şərqin
mədəni təfəkkürü bir o qədər
maraqlı görünmür. İndi əvvəlcə sosial
mühit yaradılır, zəif olanlar ictimai çevrənin
kənarında qalır. Dərdi də bizdən, dərmanı
da bizdən deyib, asosial fərdlərə çarə tapmaq
istəyirik. Bu yazı kimi. Bütün məsələ isə
baxış bucağında və faydalılıqda imiş.
Otağında günlərlə kitab oxuyan iki kəs
var. Biri bunu xoşbəxt olduğu üçün edir. Digəri
yorğun olduğu üçün. Xoşbəxt olanın
qurduğu toplum sakit, səmirsiz, yolunu tapan, idrak edən,
yüksələn olur. Yorulan toplumlar isə bataqlıqda
çabalayan adam misalı qaranlığa batır. Yorğun
toplumların bir dərdi də nihilist düşüncə tərzidir.
Mənaya arxa çevirməkdir. Mənanı itirmək
"biz"in, mənanı tapmaq "mən"in
missiyasıdır. Sosial düşüncəni dəyərlər
yaratdığı üçün onların seçimində
diqqətli olan cəmiyyətlər aydın olmağı
bacarır.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.-6
aprel,№ 60.- S.21.