Ədəbi köşk: Nə var, nə yox?
Xalq yazıçısı yenə ssenarilərinə
etinasızlıqdan danışıb
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar Orxan Saffariyə verdiyi
müsahibədə, on iki ildir, heç bir ssenarisinin çəkilməməsi
məsələsinə toxunub. Görünür, bu hal Anar
müəllimin aidiyyəti qurumlardan inciməsinə səbəb
olub: "Siz doğrudanmı elə hesab edirsiniz, Xalq
yazıçısına, ya lap elə AYB sədrinə
bütün qapılar açıqdır? Xalq
yazıçısı olmayanda da, olanda da, AYB sədri
olmayanda da, olanda da mənim, demək olar, əksər kino (və
bəzi səhnə) əsərlərim dava-dalaşla
keçib. Qiymətləri yalnız hazır olandan,
tamaşaçı marağı və rəğbəti
qazanandan sonra verilib. Dəfələrlə dediyim kimi, on iki
ildir, mənim bir ssenarim də çəkilmir. Halbuki bu illərdə
üç tammetrajlı filmin ssenarisini yazmışam, onlardan
ikisi Mədəniyyət Nazirliyi tərəfindən bəyənilib
və qəbul olunub (üçüncüsünü təqdim
etməmişəm), aybaay, ilbəil məni arxayın edirlər
ki, mütləq çəkiləcək, intəhası, hələ
ki vəsait tapılmır. Hər şeyə vəsait
tapılır, amma bu il 125 illik yubileyi qeyd olunacaq böyük
drammaturq Cəfər Cabbarlı haqqında yazdığım
"Azad bir quşdum" ssenarisinin çəkilişinə
pul tapılmır. Bu il də çəkilməsə,
haçan çəkiləcək? Bu sualı mənə yox,
Mədəniyyət Nazirliyinin ünvanına yönəltsəz,
daha düzgün olar".
Anar müəllim sözügedən müsahibədən
başqa, bir neçə tədbirdə də bu məsələyə
toxunub. Lakin Mədəniyyət Nazirliyi və digər qurumlar
heç bir reaksiya vermir...
***
Şairin kitabxanasını niyə
dağıtdılar?
Şair, tərcüməçi Akif Əhmədgil zəhmətkeş
qələm adamlarındandır. Həmişə işıq
gələn yeri bir az da genişləndirmək
üçün çalışıb. Bu dəfə isə,
belə məlum olur, işıq gələn yeri zülmətə
bürüyüblər: "Dünən Yasamal rayonunda həyətdəki
kitabxanamı yerlə-yeksan eləyiblər... Əkdiyim
qızılgül kollarını tapdayıblar, mərhum şair
dostum Eldar Baxışın "Eldar şamı"
şeirinin şərəfinə əkdiyim şam
ağaclarının qol-budağını
sındırıblar. Düzdür, tələm-tələsik
bəzi kitablarımı və Nuru paşanın bir rəssam
dostuma çəkdirdiyim böyük portretini
qırğından xilas edə bildim. Amma nə fayda? Olan
olmuşdu... Həmin kitabxanada hər il sentyabrın 15-də
Bakının qurtuluş günü münasibətilə Nuru
paşanın adını anırdıq, sərgi
keçirirdik, kitab təqdimatı təşkil olunurdu, məktəblilərə
uşaq kitabları paylayırdıq... Təbii ki, mən də
həyətdə təmizlik işləri aparılmasının
tərəfdarıyam. Amma mənim kitabxanamı talan edən məsul
şəxslər, nədənsə həyətdəki bəzi
obyektlərə, market və qaraj yerlərinə əl
vurmayıblar, onları sökməyiblər. Soruşanda deyirlər
ki, həmin obyektlərin sənədi var. İndi mən
Yasamal Rayon İcra Hakimiyyətindən soruşuram, necə
olur ki, həmin obyektlərə, marketlərə, qaraj yerlərinə
sənəd verə bilirirlər, amma mənim kiçik bir
kitabxanama sənəd vermirlər. Görəsən, bunun
üçün nə lazımdır?"
***
Mirzə Ələkbər Sabirin əlyazmalarını
oğurlayan "mollaxanım"
Fərid Hüseyn ədəbiyyat tariximizin
ağrılı səhifələrini vərəqləyir...
Mirzə Ələkbər Sabirin bizlərdən nihan olan qələm
nümunələri barədə müxtəlif fikirlər
yazılıb, deyilib. F.Hüseynin nəql etdiyi hekayətdə
qəribə bir mistika var. Sanki həmin əlyazmalar Sabirin son
nəfəsi ilə buxarlanır: "1911-ci ilin qızmar yay
günündə Mirzə Ələkbər Sabir vəfat
edibmiş və yaxınları dərd-ələm əlindən
canlarını qoymağa yer tapmırlarmış,
doğmalarını başılovlu, qanıqara vaxtlarında
Sabirə şəhərin mollabacılardan biri ağu deməyə
gəlibmiş. Həmin "mollaxanım" öyrədilib
göndərilmiş, fəndgir qadınmış. Yas məclisinin
axtarında hüzr evinin adamlarına təkid edib ki, Sabirin
öz yazdığı mərsiyələrdən gətirin,
birini seçib oxuyum. Kələyə aldanan ailə üzvləri
bu riyakar mollanın "saf niyyəti"nə inanıb
şairin bütün əlyazmalarının cəm olduğu
torbasını gətirib qoyublar bu şeytana papış tikən
qadının önünə. Elə ki, mollabacı
görür ki, şairin ailə üzvlərinin başı
hüzurun qayğılarına qarışıb, həmin bədniyyət
qadın əlyazmalar torbasını götürüb
tüpürür dabanına - asta qaçana imama qənim
olsun, - beləcə aradan çıxır. Sonradan
qadını ha axtarsalar da, gördüm deyən, soraq verən
olmur. Beləcə Sabirin əlyazmaları ömürlük, əbədiyyən
zövqümüzdən itkin düşür..."
***
"Mənim Anarla görüşməyə canatmam
olmayıb"
Murad Köhnəqala ilə Elçin Hüseynbəylinin
şekspirsayağı dilemmasından ötən
sayımızdan xəbərdasınız. M.Köhnəqala
deyir ki, E.Hüseynbəyli məni Xalq yazıçısı
Anarla görüşməyə dəvət edib. E.Hüseynbəyli
isə M.Köhnəqalanın belə bir xahişlə
müraciət etdiyini söyləyir.
M.Köhnəqala E.Hüseynbəyliyə arqumentlərlə
cavab verməyə çalışır: "Birincisi, Kəramətin
mənimlə sözügedən müsahibəsində
"Yazıçılar Birliyinə qayıtmaq istərdinmi?"
sualına belə cavab vermişdim: "Nə AYB-nin mənə
ehtiyacı var, nə də mənim AYB-yə". Yəni mənim
Anarla görüşməyə canatmam olmayıb, sadəcə,
etiraflarımı eləmişdim, vəssalam. İkncisi, AYB-də
"Məni Anarla görüşdür" deyə biləcəyim
adamlar arasında sən təxminən ən axırlarda gəlirsən.
Çünki belə bir təklifdə bulunsaydım, səndən
qabaq o sözü illərlə bir yerdə işlədiyim,
köhnə dostum Rəşad Məcidə deyərdim. Sonra,
burda da dediyim kimi, əziz dostum Əsəd Cahangirə deyərdim
(Yeri gəlmişkən, Əsədlə heç vaxt soyuq
münasibətdə olmamışam).
Üçüncüsü, elə müsahibə
götürən oğlanın atası Qəşəm Nəcəfzadəyə
deyərdim. Sonra, eloğlum, hər gün
görüşdüyüm Elxan Zala, hər gün çay
içdiyim Dayandura deyərdim. Sonra, keçmiş AYO-çu
Səlimə deyərdim. Sadaladığım bu adamlar AYB-də
olmasaydı, yəqin ki, onda sənə deyərdim... Deyəsən,
Həmidnən Rasimdən qurtardım, indi də Elçin
başladı. Əsəd Cahangir mənim üçün
müraciət yazıb imza toplayır, bu da deyir, Əsədlə
küsülü olmusunuz".
E.Hüseynbəylinin cavabı isə lap sərt oldu:
"Sən mənim səviyyəmdə adam deyilsən ki,
mübahisə açım".
Sonra da cavanlara deyirlər ki, mehriban olun...
***
"Artıq onları AYO-çu hesab etmək
olmaz"
Son zamanlar bir çox insan maraqlanır; bir vaxtlar səsli-küylü
üzvləri ilə ədəbi prosesi canlandıran AYO indi
niyə fəaliyyətsizləşib? AYO-nun sədri Rəşad
Səfər bütün suallara aydınlıq gətirib:
"Düzdür, hazırda AYO-da əvvəlki kimi səs-küylü
aktivlik yoxdur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri
var. Amma AYO və ayoçuluq hələ də davam edir. Hər
il yeni üzvlər qoşulur. Üzv olmasalar da, AYO
ideyasına yaxınlığı ilə seçilən
yaradıcı insanlar var. Ümumiyyətlə, AYO standart ədəbi
təşkilat olmadığı kimi, bu ideyanın
özünə də fərqli baxmaq lazımdır. Biz
institusionallaşmış bir təşkilat deyilik. Əsas
ideya yaradıcı azadlığa üstünlük verən
və onu bacardıqca qoruyub saxlayan insanları bir araya gətirməkdir.
Fərqli fikirli, fərqli estetik zövqlü insanlar var sıralarımızda...
Bizdə hesab-kitab, konkret üzv siyahıları, sərt
qaydalar, partiya biletlərinə bənzəyən
üzvlük vəsiqələri, ev-mükafat sırasına
dayanmaq kimi şeylər yoxdur. Kim özünü azad
yaradıcı insan hesab edirsə və bunu
yaradıcılığında göstərirsə, elə
düşüncə olaraq ayoçudur. Nə zamansa AYO-da
olduğunu elan edib, indi bu dəyərlərdən kənarlaşmış
insanlar hətta üzvlükdən
çıxdıqlarını açıq söyləməsələr
də, artıq onları ayoçu hesab etmək olmaz".
***
Çingiz Əlioğlu: "Bundan böyük
şeir?!"
Çingiz
Əlioğlunun Nihat Pirə müsahibəsində ədəbiyyatın Qarabağ müharibəsinə
münasibətindən söz düşüb:
- Qələbədən
sonra sırf Qarabağ Zəfərini özündə əks
etdirən nəsə yazdınızmı?
- Bilirsiniz, mən o cür mövzuların şairi
olmamışam. Mənim deyəcəyimin ən mükəmməl
formasını Azərbaycan əsgəri deyib. O bayraq ki, ora
sancıldı ha... Şuşaya, Xankəndiyə... Vəssalam!..
Bundan böyük şeir?! Buna görə şair niyə
özünü zorlasın ki?!
- Amma sizin bu fikrinizi doğru qəbul etməyənlər
də var. Onlara görə, Zəfər motivi incəsənət
və ədəbiyyat müstəvisində işlənməlidir.
Zəfər motivi, bir növ, bədii həllini
tapmalıdır.
- Mən sizə deyim, bədii həll məsələsi
nə qədər ki o torpaqlar bizdə deyildi, bax onda
yazılmışdı, müzakirəyə çəkilmişdi.
Amma indi, dediyim kimi, ən yaxşısını ordu yazıb.
***
Təzə nə var?
Rasim Qaraca çağırış edir: "Alatoran
jurnalının yeni sayı üçün avanqard üslubda
yazan (şeir, hekayə, esse) gənc istedadları
axtarıram".
Nərgiz İsmayılova yazır ki, axtarmayın.
Nilufər Nil isə daha da bədbinləşib: "Çətin
tapıla".
Xanımlar niyə bu qədər bədgümandırlar?
***
Bədgüman demiş, ədəbiyyatımız ən
yeni simalarından bir nəsil əvvəlki
yazıçı-şairlər (yaşı 30-40 arası
olanlar), vaxtilə, əllərindən zəncir çeynədikləri
qocamanları ötüb-keçiblər. Daha sərt, daha
deyingəndirlər. Özlərindən sonrakılara
dırnaqarası yanaşmaqdan usanmırlar.
Ömər Xəyyam yenə deyinir: "Məsələ
odur ki, indiki nəsil bilikli, savadlı yox, eləcə məlumatlıdır.
Onlarınkı bilik yox, informasiyadır və biliklə
informasiya tamamilə ayrı-ayrı şeylərdir".
Ramil Əhməd isə problemin kökünü
göstərir: "İndiki nəsil haqqında belə bədgüman
olmamalıyıq. Əvvəlki nəsil çoxmu bilikli idi?!
Ümumən, fikirlə razıyam, bu gün informasiya hər
yerdədir, əlçatandır. Vacib olan onu biliyə
çevirməkdir. Müəllimin işi də ənənəvi
şəkildə gəlib danışıb getmək deyil,
mövcud informasiyanı bilgiyə çevirməyin
yollarını göstərməlidi".
***
Həmid Piriyev yazır: "Repressiya dövründə
kitablara redaktorun adını yazmırdılar ki, müəllif
və ya redaktor tutulsa, o biri də onun badına getməsin".
***
Qismət Rüstəmov Bakı Dövlət
Universitetinin Filologiya fakültəsində "Süni zəka
çağında hekayə yazmaq" adlı seminarda
çıxış edib.
***
Ulucay Akif "ölüm" mövzusu ilə
şeirdə piar qazanmaq istəyənlərə səslənib:
"Bir-iki dənə şeirdən müəllifin
ailəsində, qohum-əqrabasında, qonum-qonşusunda vəziyyət
nədir, bilirsən. Kim ölüb, kimin qapısında toy
var, kimə nə qədər borcludur... Gözəl
yazılsa, ağrılı yazılsa, o ağrını hiss
etsəm, müəllifin səmimiliyinə inanaram, amma
görürsən ki, bu misralar ucuz sentimentallıq,
bayağı duyğu istismarından savayı bir şey deyil.
Adamın heç tükü də tərpənmir bu misralara.
Hələ bir adam tanıyıram, 7 arxa dönəm qohum-əqrabası
sağ-salamatdı, amma hər şeirdə birini
öldürür".
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 6
aprel,№ 60.- S.13.