"Xarici
görünüşüm vardı, amma adamım yox
idi..."
Xalq artisti Kazım Abdullayev: "Əvvəllər
aktyorlar rol istəyirdilər, indi pul qazanmaq istəyirlər"
Bu gün aktyor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü
Kazım Abdullayevin doğum günüdür. Bu münasibətlə
Kazım müəllimi təbrik edir, cansağlığı
və yaradıcılıq fəaliyyətində uğurlar
arzulayırıq. Onunla müsahibəni təqdim edirik.
- Kazım müəllim,
yetmiş bir ilin əlli beş ili səhnədə
keçdi. Yarım əsrin müqabilində səhnə sizə
nə verdi?
- Əgər bu gün Xalq artistiyəmsə, deməli,
istədiyimi almışam. Əslində, mən sənətə
"Xalq artisti" olmaq üçün yox, səhnəni
sevdiyim üçün gəlmişəm. Özümü
incəsənətə qurban vermişəm deməzdim, bu da
bir işdir də. Aktyoram, işləyib maaşımı
almışam, sən də jurnalistsən, havayı işləmirsən
ki, işləyib pulunu alırsan da. Heç vaxt nə ad
davası eləmişəm, nə ev davası. Mən fəxri
adı ən gec alan aktyorlardanam. "Əməkdar artist"i
qırx doqquz, "Xalq artisti"ni altmış beş
yaşında almışam. İstənilən halda deyə
bilərəm ki, zəhmətim hədər getməyib, gec-tez
məni görüblər.
- Gəlin onda görünmədiyiniz vaxtlardan
danışaq. Lap elə ilk addımlarınızdan.
- Tələbə olanda Adil İsgəndərov
kinostudiyanın direktoru idi. Əvvəlcədən demişdi
ki, kino aktyorluğu fakültəsində oxuyanların təyinatı
kinostudiyaya veriləcək. Elə oldu ki, biz diplom
tamaşası oynayan gün onu işdən azad etdilər.
Qaldıq havada. Çünki təyinat artıq verilmişdi,
dəyişmək mümkün deyildi. Adil müəllim vəziyyətin
belə olmasına çox təəssüfləndi. Hətta
deyirdi ki, bilsəydim belə olacaq, əmrinizi təyinat alan
gündən verərdim. Ondan sonra gələn müdir də
bizi işə götürmədi. Həmin dövrdə Vaqif
Şərifov Sumqayıt Dövlət Dram Teatrına baş
rejissor təyin olumuşdu. Vaqif müəllim məni
Sumqayıta çağırdı. Mən Bakıda
doğulub-böyümüşəm. Elə düşündüm
ki, Sumqayıt yaxındır, gedib-gəlmək rahat olar. Hərbi
xidmətdən qayıdandan sonra Sumqayıt Dövlət Dram
Teatrında çalışmağa başladım. Düz
iyirmi il orada işlədim.
- Bəs niyə çıxdınız?
- Doxsanıncı illər çox ağır idi. Hər
gün Bakıdan Sumqayıta getmək çətinləşmişdi.
Uşaqlar böyüyürdü, onların
qayğılarını qarşılamaq lazım idi. Çox
fikirləşəndən sonra qərara gəldim ki, Bakıya
qayıdım. Onda Amaliya Pənahovanın Bakı Bələdiyyə
Teatrı təzə açılmışdı. On il də
Amaliya xanımın yanında işlədim.
- Ancaq Amaliya xanım ömrünün sonunadək
sizinlə küsülü qaldı, gedişinizi
bağışlamadı.
- Həyatdır da. Bir dövr gəldi, gördüm
ki, artıq Bələdiyyə Teatrı mənim
üçün azdır. Orada qalsaydım, bəlli deyil Xalq
artisti olardım, ya yox. Ordan çıxandan sonra gəldim
Akademik Milli Dram Teatrına.
- Dərhal?
- Dərhal alınsaydı, nə vardı ki?
Əliabbas Qədirov məni məmnuniyyətlə
götürmək istəyirdi, hətta iş
üçün müraciət edəndə dedi ki, gəl
sabah ərizəni yaz, başla. Ancaq sabahı gələndə
gördüm ki, vəziyyət dəyişib. Başa
düşdüm ki, Amaliya xanım zəng edib deyib ki, məni
işə götürməsin. Sonrakı iki ili
"Azdrama" ilə əməkdaşlıq etdim. Demək
olar ki, maaşsız işləyirdim. Ona görə də
dublyaja gedib, pulumu ordan qazanırdım. Ancaq teatrdan əl
çəkə bilmirdim.
"Ölüləri qəbiristanlıqda
basdırın" tamaşasında baş rollardan birini
oynayırdım. O vaxt Polad Bülbüloğlu nazir idi,
tamaşaya müavini ilə birlikdə gəlmişdi.
Tamaşadan sonra Əliabbas müəllimə demişdilər
ki, məni işə götürsün. O gündən bəri
də burada çalışıram. "Azdrama"ya gələndən
əlliyə yaxın rol oynamışam. Heç burada əlli
il işləyənlər o qədər rol oynamayıb. Bu
teatrın kollektivi qəribədir, hər adamı qəbul
etmirlər. Bir neçə nəfər var ki, iyirmi ildir burada
işləyir, xeyirə də gedirlər, şərə də,
ancaq hələ də kollektivə girə bilməyiblər. Mən
nəsə tez uyğunlaşdım.
- Bəlkə "intriqa" sözünü "qəribə"
ilə əvəzləyirsiniz?
- Nə intriqa? Elə hey "Azdrama" haqqında bu
sözü deyirlər. Bəlkə də, nə vaxtsa olub,
ancaq mən bura gələndən intriqa-filan görməmişəm.
İndi o zəmanə deyil. Əvvəllər aktyorlar rol istəyirdilər,
indi pul qazanmaq istəyirlər. Pul da ki, kinolarda,
seriallardadır. Düzdür, "Azdrama"nın
maaşı pis deyil, normaldır, ən azından min manatdan
çoxdur. Amma cavan uşaqlar var ki, ev-eşik yoxdur, onlar
seriallara, kinolara çəkilməlidirlər ki, pul
qazansınlar.
- Kazım müəllim, cavanlıqda yaraşıqlı olmusunuz,
fakturanız baş rollar üçün də uyğun olub.
Bəs nə əcəb biz sizin gəncliyinizi filmlərdə
çox görmürük?
- Ədalət olsaydı, sovet dövründə filmlərə
çox çəkilərdim. Boyum-buxunum, xarici
görünüşüm vardı, amma adamım yox idi. Mən
fəhlə ailəsində doğulmuşam, bizim nəslimizdə
incəsənətlə məşğul olan olmayıb.
- Yəqin ki, itirilən illərə görə təəssüflənirsiniz.
- Niyə təəssüflənmirəm, çox təəssüflənirəm.
Kino aktyorluğu fakültəsini bitirdiyim üçün
kinoya çox həvəsim vardı. Ancaq neyləyə bilərdim?
Əvvəla, bizim ən yaxşı vaxtımız
doxsanıncı illərə düşdü. O dövrdə
kino yox, teatrlar da pis vəziyyətdə idi. Bəxt də
böyük şeydir. Gəncliyimiz getdi. Arxanda bir qüvvənin
olması da çox önəmlidir. İndi filmə çəkilməyə
nə var ki? Həmin vaxt çəkilmək üçün
dörd mərhələdən keçməli idin.
Sumqayıtda işlədiyim üçün Bakıdakı
rejissorlar da tamaşalardakı oyunumu görmürdülər.
O dövrdə filmlərə əsasən,
"Azdrama"nın aktyorları çəkilirdilər.
- Dediniz ki, teatrda əvvəlki kimi intriqa yoxdur, bəlkə,
siz özünüz intriqalardan uzaq dayanırsınız?
- Bir dəfə başım daşa dəydi, ondan
sonra uzaq dayandım. Sumqayıtda konfliktlər çox olurdu.
Qalmaqallardan birində kollektivin yarısı baş rejissorun,
yarısı da müdirin tərəfində durdu. O hadisədə
gördüm ki, insanlar ikiüzlüdürlər. Son anda
çoxusu müdirin yanına qaçdı, biz azlıqda
qaldıq. Arxamda adamım yox idi deyə müdir üç il
dalbadal məni mövsüm bitəndə işdən
çıxardı, mövsüm başlayanda da məcbur olub
qaytardı. Beləcə hirsini çıxırdı.
- Əksər işlərinizdə sizi mənfi rolda
görürük. Bunun səbəbi nədir?
- Yəqin ki, zahiri görünüşə görə.
Həm də səsim bir az qalındır deyə mənfi
obrazlara daha çox uyğun gəlir.
- Kazım müəllim, gözünüz qalan rol
varmı?
- Var. Sumqayıt Dövlət Dram Teatrında rəhmətlik
Oruc Qurbanov "Antoni və Kleopatra" tamaşasını
hazırlayırdı. Mən orda "Antoni"ni
oynayırdım. Məşqlər də çox yaxşı
gedirdi. Çox təəssüf ki, axırda müdriyyət
qısqanclıq elədi, tamaşanı oynamağa
qoymadılar. Daha sonra "Komsomol" tamaşasında Cəlal
obrazına xeyli hazırlaşmışdım.
Yadımdadır, teatra təzə gəldiyim vaxtlar idi, 22-23
yaşım olardı. Onda da imkan vermədilər ki, o rolu
oynayım. Görürsünüz, indi də kökəlməmişəm,
özümü formada saxlamışam. Təəssüf ki,
elə bir tarixi obraz olmadı ki, mən özümü
göstərə bilim.
- O qədər xan rolu oynamısınız ki...
- Bədii filmi nəzərdə tuturam. Teatrın da,
kinonun da öz yeri var. Teatr olmasa, kinoda da işləyə bilməzsən.
Aktyor hər gün məşq etməlidir. Çünki
aktyor da idmançı kimidir, gündəlik məşğul
olmasa, diksiya korlanır, səhnədə yeriyə bilmir.
- Adil İsgəndərovun tələbəsi olmusunuz.
Çox güman müəlliminiz haqqında danışacaq
maraqlı xatirələriniz var.
- Deməli, məşq gedəndə Adil müəllim
gözübağlı otururdu, hamı elə bilirdi ki,
yatıb. Sonra gözünü açıb deyirdi ki, sən
filan şeyi eləmə ha. Təsəvvür edin,
sözsüz etüdlər göstərirdik, Ədil müəllim
onlara da gözübağlı baxırdı, səhnədə
nə baş verdiyini hiss edirdi. Bir dəfə samovarda guya
çay dəmləyirəm, səhnədə samovar belə
yoxdur. Birdən gözünü açıb dedi ki, ordan mənə
də bir stəkan çay ver. Onun dövründə Akademik
Milli Dram Teatrı haralarda idi.
Onda zəhm vardı, onda rejissorluq vardı, onda
insanlıq vardı. Adil müəllim heç kimi işdən
qovmurdu, şikayət olan adamı yanına
çağırıb deyirdi ki, sabahdan qapıya de, səni
teatra buraxmasınlar. Sənəti olan adama isə hörmət
edirdi. Teatrdan çıxarandan sonra onu kinostudiyaya göndərdilər.
Orada direktor olanda "Əhməd haradadır?"ı
çəkdi. Dedilər ki, sən kino yox, teatr rejissorusan.
Özü də baxıb gördü ki, alınmayıb, ondan
sonra bir dənə də film çəkmədi. Ancaq arzusu
var idi ki, Molla Pənah Vaqif haqqında film çəksin.
Deyirdi ki, hələ Vaqifi oynayacaq aktyoru tapmamışam, tapa
bilmədi, ömür vəfa etmədi. O, bəy balası
idi, hər adama baş əymirdi. Siqaret çəkən
adamlardan zəhləsi gedirdi, kinostudiyanın həyətinə
maşın girdiyi andan kabinetinin qapısı açılana
kimi bir nəfər siqaret çəkməzdi. Bu, qorxu deyildi,
hörmət idi. Ona çox pisliklər etdilər. Otuz yeddinci
ildə onu neçə dəfə tutmaq istəyiblər.
- Bəs niyə tutmurdular?
- Həyat yoldaşı rus olduğuna görə.
- Kazım müəllim, sizin də həyatınızda
çətinlikləriniz az olmayıb. Ancaq yenə də
yolunuzdan dönməmisiniz. Çox güman ailəniz də
sizə dəstək olub.
- Ailəm məni başa düşürdü.
Uşaqlarım balaca olanda başqa uşaqlar kimi "onu istəyirəm,
bunu istəyirəm" deməyiblər. Əvvəlcə
soruşublar ki, "Ata, pulun var?", sonra istədiklərinə
əl uzadıblar. Altı yaşından hər ikisini ingilis
dilindən hazırlığa qoymuşam. Bir neçə dil
bilirlər. İkisi də ali təhsillidir. Qızım Xarici
Dillər Universitetini bitirib. On beş il stüardessa işlədi,
indi ailəlidir, Türkiyədə yaşayır. Oğlum
iqtisadiyyat üzrə oxuyub, ancaq o sahədə davam etmədi,
indi rejissor işləyir.
Çətinliklərə gəldikdə isə deyim
ki, asan olmayıb. Ancaq teatrdan heç vaxt əl çəkməmişəm.
Təsəvvür edin, o vaxt hər səhər tezdən Sumqayıta
gedirdim, ikidə Bakıya kinostudiyaya gəlirdim, sonra axşam
yenidən tamaşa üçün Sumqayıta
qayıdırdım.
- Səhnə ilə hələ neçə il
haqq-hesabınız var?
- Qoy səksən illiyimi keçirim, sonrasına
baxarıq.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 6
aprel,№ 60.- S.17.